Страницы

31.12.2011

Qarabağdan Yeni il məktubu!


Əvvəla hamıya məndən salam olsun,
Yeni il bayramınız da haram olsun.
Üzünüz ağ,
Canınız sağ dolanırsız,
Hərəniz bir işə məşğul
Kef içində yaşayıb qurdalanırsız,
Məni dar gündə qoyub
Eyş ilə işrət dolu
Yerlərdə gəzib daldalanırsız.
Ayaq altında qalan mən, dikələn siz,
Kiçilib xırdalanan mən, yekələn siz,
Dağılıb parçalanan mən, tikilən siz.
Sizə mən gözdağı olmaqdan isə adi göz oldum,
Dilinizdə neçə illərdi ki növbətçi söz oldum.

Adıma gör nə qədər mahnı qoşublar,
Mənim uğrumda şeirlə yarışıblar,
Nə qədər arzu deyib boş danışıblar,
Buna artıq alışıblar,
Yoxluğumla barışıblar.
Bu saraylar, uca evlər ki tikirsiz, ona cənnət deməyin,
Hər qarış torpağı zər cənnətiniz mən deyiləm?
Papağa, şalvara, bilməm nəyə qeyrət deməyin,
Yağı əllərdə qalan qeyrətiniz mən deyiləm?
De, necə şad yaşayırsız?
Necə azad yaşayırsız
Mən olarkən yada məxsus?
Necə mümkün ola bir can
Yarı azad, yarı məhbus?
Əlim olsaydı əlimlə vuruşardım,
Dilim olsaydı dilimlə vuruşardım.
Nəyəsə cəhd eləyərdim, çalışardım.
Daha üstümdə yağı rəqs eləməzdi,
...Əzdi məni düşmən ayağı, dost sözü əzdi...
Dünən axşamçağı köksümdə bitən bir gülü gördüm,
O da ətrafda şəhid gülləri görmüş
Elə qorxmuş ki ləçəklər də büzülmüş,
Elə bil ki o da ölmüş.
Səhərin incə mehində ləçəyi oynamalıykən,
Çiçəyi bir gözəlin incə əlin oxşamalıykən,
Gecə keçsin,
Səhər üstündə onun qansız ayaqlar gəzəcəklər,
Başını süngü ilə məsum uşaq başın əzən tək əzəcəklər.
Əzilən gül, talanan yurd, dağılan köhnə hasarlar,
Sinə daşları oğurlanmış əsilzadə məzarlar,
Eşidin və olun agah,
Oların da yaşamaq haqqı
Sizin boynunuzun haqqıdı, billah.
Sizi imdada çağırmaqdan usandım,
Özümə yanmağa vaxt olmadı,
Mən sizdəki laqeydliyə yandım.
Deyirəm son dəfə hər bir kəsə, mənsiz Vətən olmaz,
Hec vaxt Vətənsiz Vətən olmaz.
Döyünən hər ürək eşqimlə döyünsün,
Öyünən,
Qoy məni azad eləsin, sonra öyünsün.
Özümə sizləri mən bilmişəm övlad,
Məni mənsiz eləyib yad
Bəs edər qəlbimə çəkdiz bu qədər dağ,
Yeni il məktubu yazdım sizə.


Комментариев нет:

Отправить комментарий