Страницы

02.12.2011

Rafiq Tağı faciəsi

Rafiq Tağının 7 bıçaq zərbəsi ilə yaralanaraq sonra dünyasını dəyişməsi mətbuatın gündəmindən düşmür. İqtidar qəzetləri sussa da, müstəqil və müxalifət qəzetləri az qala son nömrələrinin yarısını ona həsr ediblər.
Rafiq Tağı kim idi? 


O, 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbini, sonra ADTİ-nin müalicə-profilaktika fakültəsini bitirib. Əvvəl Sabirabadda həkim, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasında baş həkim vəzifələrində çalışıb. Daha sonra 11 il Rusiyada işləyib. 



Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri-ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub. Üç övlad atası idi.
Rafiq Tağı çox istedadlı insan olsa da, hamı tərəfindən sevilən şəxs deyildi. Onun klassiklər və din haqqında fərqli fikirləri nəinki onu tanımayanların, eləcə də, tanıyanların da ciddi qəzəbinə, bəzilərinin nifrətinə səbəb olmuşdu. İranın 2 ayətullahı peyğəmbər haqqında qeyri-etik ifadəsinə görə onun ölümünə fitva vermişdi.
Lakin onu bir yazıçı, bir insan kimi sevənlər də az deyildi. Onun qəddarcasına bıçaqlanaraq öldürülməsi isə söz sahiblərini olduqca qəzəbləndirdi.

Tanınmışların onun haqqındakı bəzi fikirlərini diqqətinizə çatdırırıq: 

Tanınmış jurnalist Zamin Hacı: “Rafiq Tağı bizim cəmiyyətin simvolik ağ qarğası idi. Bizim qarıltımız arasında onun qarıldaması fərqlənirdi, o üzdən bədəninə 7 bıçaq vurub o dünyaya yola saldılar. İndi rahatlıqla, qara xorda istədiyimiz kimi qarıldaya bilərik. Üstəlik, iqlim şəraiti də yaranıb - qar yağır. 
...Rafiq Tağı Azərbaycan ədəbiyyatında hekayə janrının böyük ustası idi. ...Bir növ, bizim milli “Çexov” idi”


“”Mediforum” saytının direktoru Azər Qaraçənli: “...Rafiq Tağının ölümü çox yeni hadisədi: 21-ci əsrdə ilk dəfədi Azərbaycan cəmiyyəti söz adamına qarşı aparılan sui-qəsd kampaniyasına əvvəldən şərik çıxır... Azərbaycanda söz adamını təkcə öz hakimiyyəti, xarici dövlət yox, öz cəmiyyəti də öldürə bilər....Oxuyan deyəcək, balam, Azərbaycan cəmiyyətinin Rafiq Tağının ölümünə nə aidiyyəti var?! Var! Elə var, heç olmayan kimi! Bəs kimiydi Rafiq Tağını dindən yazdığı yazılara görə daşqalaq eləyən? Dindarlarmı? Hakimiyyətmi? Xeyr. Müxalifətmi? Xeyr. Onlar hakimiyyət deyillər, onlar müxalifət də deyillər, onlar cəmiyyətdirlər. Bizik onlar.. Bizik bu cəmiyyət....Qaldırın Rafiq Tağının cənazəsini, keçirin bu cəmiyyətin, bu hakimiyyətin, bu xaricin arasından, basdırın Vətən torpağına... Görün, siz bu dövləti nə günə qoymusunuz. Qaldırın Rafiq Tağının cənazəsini, Axundovun cənazəsini yerdə qoymuşdunuz, qaldırın Rafiq Tağının cənazəsini, heç olmasa inanaq ki, bu 150 ildə bir cənazəni yerdən qaldıra biləcək qədər irəli gedə bilmişik.


“Qafqazinfo” saytının direktoru Elburus Ərud: “Mən Rafiqi qiyabi olaraq çoxdan tanısam da, heç vaxt onun oxucusuna çevrilə bilmirdim. Yazdılqarını başa düşmürdüm. Haradasa, bir il əvvəl təsadüfən məclislərin birində yaxından tanış olduq. Cəmi bir görüşlə onun əsirinə çevirildim. Rafiq Tağı nə qədər çətin yazıçı olsa da, bir o qədər asan adam idi. Onu başdan-ayağa oxumaq üçün mənə iki dəqiqə lazım oldu... Mən onun qədər yumşaq, həlim, mehriban yazıçı tanımıram. 
...Mən təkcə öz tərəfimdən elan edirəm: Rafiq Tağını biz öldürmüşük! Uzun izahat verməyəcəm. Bu hadisədən sonra qabağıma çıxan hər kəsə Rafiq Tağının qatili kim baxıram... Mənə görə bu qətlin üstündə Azərbaycan cəmiyyəti həbs olunmalı və ona bütün dəyərləri müsadirə olunmaqla ömürlük həbs cəzası verilməlidir”


Tanınmış jurnalist Ceyhun Musaoğlu isə Rafiq Tağının hüzr məclisindən hazırladığı “Əclaflığa çağırış” yazısında isə aşağıdakı təəssüratlarını qeydə alıb: ”Çadır boşalmaq bilmirdi. Beşinci dəstə dördüncünün içəridən çıxmasını gözləyirdi. Yadımdadı o, içəridən -həbsxanadan çıxanda 4-5 nəfər idik. Ölüsünün dirisindən hörmətli olduğu məmləkət. Başda üç molla oturmuşdu. Adətən bir olur. Anidən onların başı üzərində asılan dostumun şəklinə baxıb, göz vurdum. O, arif adamdı, vurduğum gözdən oxudu: “Bunlar səni nə yaman çox istəyirmiş...”. Ardın da özü əlavə etdi: “Mollalar ölüləri sevər”. Heç yandan oxumadım, səsini eşitdim”.

İntiqam Əliev, “Hüquq maarifçiliyi” cəmiyyətinin prezidenti: “Rafiq Tağı bu ölkənin düşmənlərindən deyildi. O, sadəcə, bəzən bizdən fərqli düşünürdü və bizdən fərqli olaraq düşündüklərini deyirdi, yazırdı. Onunla razılaşmaya bilərik, onu sevməyə bilərik, ona hətta nifrət də edə bilərik, ancaq onun ürəyinə saplanan bıçağa sevinməyin adı nə?

Redaksiyadan:
Axına qarşı üzmək Rafiqin həyatına son qoydu. Hamı Səməd Vurğunu ilahiləşdirəndə o yazırdı ki, “Səməd Vurğun tanrının ona verdiyi ilham atını kommunizm yolunda eşşək kimi işlətdi”. Yaxud, Səməd Vurğunun “Xalq düşməni Hüsyn Cavid” poemasını, xalqımızın qəddar düşməni Stepan Şaumyanı “Qafqazın qartalı” adlandıraraq şərəfinə yazdığı şerini yada salırdı. Buna görə Yazıçılar Birliyindən qovulub.
Rafiq ziddiyyətli adam idi. Buna görə bəzən ən yaxın dostları da ona qəzəblənir, bəzən nifrət edirdi. İnsanlar çox şeyə sussa da - baş dindarın kişmişdən tutmuş xalçayadək hər şeyi monopoliyaya almasına, narkotik alverçilərinin hacı olmasına, arabir məscidlərdə ehsan verməklə xalqın milyonlarını çırpışdıranların əməllərinə, minləri-milyonları əsir-yesir edənlərə göz yumsa da - amma Rafiqin ziddiyyətli fikirlərini bağışlamırdı. 
Lakin Rafiq ziddiyyətli olduğu qədər həm də çox həssas insan idi. Bir epizodu xatırlayaq. Həkim kimi bir qaçqın ailəsinə gedir. Ailə olduqca kasıb olur. Görür ki, ailədəki uşaqlardan biri yemək olmadığından çörəyi suya batırıb nahar edir. Səhəri gün özü çox imkanlı olmasa da, toyuqdan, yağdan alıb həmin evə bazarlıqla gedir. Ailə üzvləri etiraz etsə də, müalicə dövründə bu bazarlıq bir neçə dəfə təkrarlanır. Tale elə gətirir ki, sonra bu ailənin övladları xeyli pullanır. Həmin toyuğun əvəzini birə-beş çıxırlar. Rafiq danışır ki, həbsdən çıxandan sonra həmin ailə Rafiqə dəymək istədiyini bildirib. Razılaşıblar. “Bir də gördüm zənbil-zənbil dalınca, ərzaqdan tutmuş müxtəlif əşyalara qədər evə daşıyırlar. Bir neçə gün sonra isə vazın altından 500 dollar pul gördük. Bunu da onlar etmişdi ki, həbsdən çıxmışam, ehtiyacım çox olar, deyə”.
Rafiq yaradıcı olmayan adamı ölü sayırdı. Yaradıcı isə onun üçün təkcə qələm sahibi deyildi. Pinəçi də, süpürgəçi də, aşpaz da öz işində peşəkardırsa, yenilikçidirsə, o, Rafiq üçün yaradıcıdır.
Hər şeyə diqqət yetirməyə vaxt tapırdı. Bəzən işlətdiyimiz yaxşı ifadəyə görə zəng edib təbrik söyləyərdi, bəzən də zəng edib deyərdi ki, qəzetin bu sayında oxumağa heç nə tapmadım, apar tulla. 
Arada inciməyi də vardı. Qəzetimizə müsahibə verəndə çox xatalı ifadələr işlətmişdi. Onları ixtisar etdim. Yaman incidi.
Rafiq öldü. Hələ də qaranlıq suallar qalır. O sağalmamışdısa, niyə dərhal reanimasiyadan palatya köçürdülər? Bıçaqlanan gün keçdiyi yollardakı 7 kameranın heç biri niyə işləməyib?
Rafiqi öldürdülər. Elmarı öldürən kimi, Nəsimini soyan kimi, Mirzə Fətəlini, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri çərlədən kimi.
Rafiqi öldürdülər. Görəsən, növbə kimindir?

Zahir Əmənov, "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий