Страницы

26.12.2011

Roman yaz, yazıçı ol!


Cavid Zeynallı

Təxminən, bir il öncə mətbuatda “roman epidemiyası”, “roman bumu” kimi düşük ifadələr əlindən tərpənmək olmurdu. Nə xoş, yaxamızı qurtara bildik! Şükür, şükür!

Ədəbiyyat səhifəsi olan hansı qəzeti açırdın, bəli, ağıllı görünmək istəyən adam mütləq gənclərin roman yazmasına ağız büzməliydi. Lap doğrusu, buna ağız büzmək yox, ədəbi taleyin uğursuzluğundan gələn qısqanclıq da demək olar.



Günü bu günəcən cik-cik qafiyəli qatar-qatar şeirlər, “Nanəcib oğul” “Kababçı Hüsü” adlı (tipli) hekayələr dərc etdirən əliqələmli, çənəsiboş adamların münasibətlərini açıb oxuyun, öz döşümdən yazdığım bu cümlələrdən fərqli nəsə deyiblərsə, başımı edam kötüyünə qoyaram:

“Bilirsinizmi, əslində bu yaxşı haldır. Gənclər roman kimi ağır bir janrda qələmlərini sınamağa cəhd edirlərsə, buna sevinməliyik. Amma bu işin başqa tərəflərinə diqqət etməliyik: yazılan romanların bədii keyfiyyəti hansı səviyyədədir? Gəlin razılaşaq ki, indi romana üz tutan gənclərin həyat təcrübəsi yoxdur. Roman yazmaq istəyən adam dünyanın hər üzünü görüb-götürməli, istiyə-soyuğa düşməlidir.

Həyat adama böyük ideyalar, amallar uğrunda mübarizə aparmağı öyrədir. Bağışlayın məni, hamı yataq həyatından, qızla tanış olmağından yazır. Başqa tərəfdən, mütaliə zənginliyi vacibdir. Bizim gənclərin içində 35 yaşınacan 4-5 roman yazanları var. Gəlin sual-cavab edək, üst-üstə 10 roman oxumayıblar. Mən düşünürəm ki, insan ən yaxşı romanı 40 yaşından sonra yaza bilər.”

Kimsə yuxarıda verilən düşüncələri bölüşürsə, xub, bu halal haqqa etirazımız yox. Amma gəlin, yuxarıdakı sitatı cümləbəcümlə incələyək. Söhbət romanların bədii keyfiyyətindən gedirsə, bəzən ədəbiyyata az-çox bələd olan biri adamı qaçılmaz faktlar qarşısında qoyur. Rayona gedəndə vaxtilə Biləsuvarın Yuxarı Cürəli kəndində ədəbiyyat müəllimi işləyən yazıçı-şair-publisist Səmədağa Günəşliyə romançı dostlar barədə uzun-uzadı mühazirə oxumağa girişmişdim ki, kişi ədəb-ərkanla sözümü kəsdi:

Elə bilmə kənddə yaşayıram, təzə romanlardan xəbərim yoxdur. Sənin təriflədiyin Şərif də, Seymur da, Nərmin də oxucunu arxasınca çəkib aparan süjet qura bilmirlər; buna cəhd edirlər, amma bəsit, üzdən, dayaz bir şey alınır. Aristotel yazmışdır ki, hər bir kamil süjetin başlanğıcı, ortası və sonu olmalıdır. Süjet istədiyin yerdə başlamamalı, istədiyin yerdə tamam olmamalıdır. Get, Maksim Qorkinin, Çingiz Aytmatovun roman haqqında fikirlərini oxu, gör nələr yazıblar. Sənin tərifli dostların heç surət də yarada bilmirlər. Məsələn, Fadeyev Oleq Koşevoy, Dostoyevski Roskolnikov, elə bizim İsmayıl Şıxlı Cahandar Ağa kimi parlaq surətlər yaradıb.

Soruşsam, sənin dostların Ələviyyə Babayevaya, Salam Qədirzadəyə, Əlibala Hacızadəyə ağız büzəcəklər, guya ciddi ədəbiyyat deyil. Yalan deyirəm, qardaşoğlu?

Uqunub dillənmədim. Səmədağa müəllim bir hekayələr, iki şeirlər kitabını mənə hədiyyə etdi. Elə yerindəcə vərəqlədim. Yenə cik-cik qafiyəli şeirlər... Hekayələrdən biri bu cümlə ilə başlayırdı: “Get-gedə Mərdanla Səriyyənin görüşləri kəhrizli arxın başında mütəmadi xarakter daşımağa başlamışdı”. Dodaqaltı qımışıb tez də özümü yığışdırıram. İstəyirəm deyəm, Səmədağa müəllim, dediklərinizdə az-çox həqiqət var, amma bu nə biabırçı cümlədi, heç utanırsan? Niyə hüdüləyib tökdüyün kriteriyalarda özün yaza bilmirsən, hə? Adam kişi olar, qoy işimizi görək, xunxarlıq eləmə!


Həyat təcrübəsi məsələsi... Ədəbi taleyi gətirməyən yazarın gənclərin boğazına tıxamaq istədiyi ən absurd iddia! Yeri gəlmişkən, bizdə bir-iki sığallı cümlədən sonra içinin kirini-pasını tökən qaragüruhlar çoxdur. Öz təcrübəmdən deyirəm, adamı beşcə dəqiqə çənəsinin altına salmağı bəsdi ki, yazı-pozudan iyrənəsən. Cavan vaxtlarımda mütaliəsinə heyran olduğum bir yazarı simsar bilib demişdim, roman yazıram.

Pahoo, it kimi peşman oldum, başımı divara döydüm! Qardaş başladı nə başladı: Oxumursunuz da, oxumursunuz! Şervud Andersonu tanıyırsan? Yox, hardan tanıyasan! Matevosyandan nə oxumusan? Heç nə! Şarl De Koster kimdi? Bilmirsən! Hardan biləsən! Oxumursunuz da, oxumursunuz! Hələ bu mütaliə ilə roman da yazmaq istəyirsiz!

Başımı götürüb qaçdım. Bir də sənin gözünə görünsəm, kişi deyiləm! Matevosyanın da var-yoxunu, Andersonun da! Düzdür, olur ki, adam qaragüruhun təsirinə uyub qorxu-hürkü keçirir, amma öhdəsindən gələ biləcəyin işə günü bu gün başlamadınsa, deməli iradəsiz, zəif və məğmun adamsan, vəssalam!

Bir var yazı vərdişi, bir var həyat təcrübəsi. “Təcrübə” sözünün Azərbaycan dilinin izahlı lüğətindəki mənası belədir: həyatdan, praktiki fəaliyyətdən və s-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. Məsələn, 25-30 yaşlarında istedadlı biri qocalar evindəki 60 yaşlı tənha qadının psixoloji durumundan yox, uşaqlığından, tələbəlik illərindən, həyatındakı qadınlardan, kirayənişin həyatından, gün-güzaranının məşəqqətindən yazmaq istəyirsə, mütləq 40 yaşı gözləməlidir? Beş cümləni yan-yana düzə bilməyən enerji vampirləri bizi ruhdan salıb roman yazmaqdan çəkindirmək istəyirlər, amma özündənmüştəbehlik olmasın, Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi. Uilyam Pitt 24 yaşında İngiltərənin baş naziri olub. Bill Qeyts qarşısında böyük uğurlar açan şirkətini qurarkən 19 yaşındaydı.

P.S. Yazının adına görə, mənə Çexovu, Borxesi misal çəkməyin! 

Комментариев нет:

Отправить комментарий