Страницы

07.12.2011

Sən günəşim olardın

Şəkil
Afaq Şıxlı

MƏN Kİ SƏNDƏN İSTƏMƏDIM...

Mən ki, səndən istəmədim
göylərdəki kəhkəşanı,
Mən ki səndən istəmədim
Yeri, göyü - bu cahanı.
İstəmədim mənim üçün
Göydən ulduz qoparasan,
İstəmədim qollarında
nağıllara aparasan...
İstədiyim – ürəyimi isidəcək bir od oldu,
Sevə-sevə,
nəvazişlə deyəcəyin bir ad oldu.
İstədim ki,
sən də məni “ay sevgilim” çağırasan,
Yeri gəlsə, bulaq kimi nəğmə deyib,
yeri gəlsə, çaylar kimi
haray salıb bağırasan... 



Məni necə sevdiyini bildirəsən
axşam-sabah,

gündüz-gecə...
Oxşayasan hər gün məni
bax beləcə...
İstədim ki,
unudasan küsüləri, yalanları.
İstədim ki,
unudasan məndən öncə olanları.
Hardan əsdi qəfil külək?
Hara getdi arzularım?
Sənsiz dünya nəyə gərək?!
Solub bitdi arzularım...
İnanmırdım,
həyatıma sən də həsrət gətirəsən...
Səndən çoxmu şey istədim mən, görəsən?..

ƏGƏR, SƏN İSTƏSƏYDIN...

Əgər, sən istəsəydin,
Yanağimı gecələr göz yaşları yumazdı,
Bu talenin oyunu bizi ayrı salmazdı,
Soyuq baxışlarından ürəyim soyumazdı,
Eşqimiz də solmazdı
Əgər, sən istəsəydin.

Saçına çələng düzüb, tellərini hörərdim,
Qabağında diz çöküb əllərini öpərdim,
Bir körpə uşaq kimi mən arxanca gəzərdim,
Ta ölüncə sevərdim
Əgər, sən istəsəydin.

Sən günəşim olardın,
çəkilərdi zülmətim,
Gündən-günə daha da artardı məhəbbətim,
Bircə xoş gülüşündən keçərdi hər bir qəmim,
Sən, ey könül həmdəmim,
Əgər, sən istəsəydin!
Əgər, sən istəsəydin!
Şəkil

Комментариев нет:

Отправить комментарий