Страницы

07.12.2011

Əvəz Qurbanlı: “Azərbaycan yazarlarının əsərlərinin əksəriyyəti “Nobel”ə layiqdir”


“Mənim özümdən götürdüyüm müsahibə bitməyəcək, ömrümün sonuna qədər sual-cavab davam edəcək…”
Elə şairlərimiz var ki, onların yaradıcılığı ilə tanış olarkən, həqiqi poeziyanını necəliyini dərk edir, şairin fikirləşdiklərini yaşayır və onunla həmsöhbət olursan. Dövrün, zamanın nəbzini tutan, hadisələrə çevik münasibət bəsləyən, xalqın düşüncələrini, yaşamını qələmə alan yazarlar elə xalqın da sevdikləri yaradıcıların sırasında olanlardır. Bu baxımdan yazarlarımızın xalqın gün-güzəranını da qələmə almaqla özlərini xalqdan ayırmır, əksinə, yaradıcılıqları ilə onlarla birlikdə olmalarını göstərirlər. Belə şairlərimizdən biri də, gənc olmasına baxmayaraq, kifayət qədər populyarlaşan, yaradıcılığı ilə qələm dostları arasında sayılıb-seçilən, satirik şairimiz Əvəz Qurbanlıdır. Şeirlərində zamanın eybəcərliklərini qamçılayan, eybəcərlikləri özünəməxsus şəkildə tənqid atəşinə tutan şairə ilk sualımız da elə bununla bağlı oldu:

- Yazdıqlarınıza görə sizi qınayan olubmu?
- Qınayan çox olub, ancaq əhəmiyyət verməmişəm, bundan sonra da verməyəcəyəm. Çünki yaradıcılıq insana İlahi tərəfindən bəxş olunan nemətdir. Yaradıcı insan, özündən asılı olmayaraq, əsər yaradır və bundan sonra rahatlaşır. Bu, elə bir zövq verir ki, onu heç nə ilə müqayisə etmək olmur.

- İlham nədir?
- İlham – enerjidir, şairin ruhuna daxil olanda, şeir şəklində təzahür edir. İlham – iç aləm ilə dış aləmin toqquşmasından yaranan ildırımdır. İlham – şeirin cövhəridir, mayasıdır.
- Yazar konteksində əxlaq məsələsinə münasibətiniz necədir?
- Əxlaq – insanlığın əsas ölçü meyarıdır. İnsan – əxlaqı və mənəviyyatı ilə insandır. İnsanı başqa bioloji varlıqlardan fərqləndirən də onun əxlaqıdır. Yazar isə əxlaq məsələsində öz cəmiyyətinin insanlarına nümunə olmalıdır. Çünki yazar – xalqının, millətinin ideoloqudur. Yazar ziyalı olmalıdır, ziyalı da əxlaq sahibi.
- Son günlər ədəbiyyatımızda bir “Nobel” qovğası yaşanmaqdadır. Siz Azərbaycanda hansısa alimi, ziyalını “Nobel”ə layiq görürsünüzmü?
- Hamı bilir ki, “Nobel” kimlərə və hansı məqsədlə verilir. Siyasiləşən dəyərləri ciddi hesab etməklə özümüzü aldadırıq. Azərbaycan yazarlarının əsərlərinin əksəriyyəti “Nobel”ə layiqdir. Çünki humanizm, sülhsevərlik kimi dəyərlər bizim fitrətimizdədir və yaradıcılığımızda da özünü göstərir.
Digər tərəfdən, adıçəkilən mükafatın mənbəyi Bakı neftidir. Əgər dünyada ədalət olsaydı, indiyə qədər, heç olmasa, bir azərbaycanlıya “Nobel” verərdilər.
- Bəzən mənə elə gəlir ki, hansısa insan, yaradıcı insan özü öz həyatını qurmur, seçmir. Elə bil ona bu həyat tərzini seçən, bu ziddiyyətlimi deyək, hansısa asanmı deyək, necə olursa olsun, ona bu həyat tərzini seçən bir qüvvə var. Yəni bu həyatı o, özü istəmədən yaşayır. Siz öz həyatınızda bu şeylərə rast gəlmisinizmi?
- İnsan həyatda hər şeyə rast gəlir. Həyat – səhnədir, insan – həm tamaşaçıdır, həm də aktyor. Bu səhnənin pərdəsi insana görmədiyi üzləri göstərir, oynamadığı rolları oynadır. Bəli, hərdən elə olur ki, öz həyatını yaşamadığın barədə gümana düşürsən. Bu güman “bəlkə belə olmamalı idi” deyir, qəlbi rahat qoymur, fikri yorur.
Ancaq ümumilikdə, həyat – “A” nöqtəsindən “B” nöqtəsinədək hər bir canlının keçib gedəcəyi yoldur. İstəsən də gedirsən, istəməsən də. Axına düşüb gedirsən…
- Adətən insanlar yaşlaşdıqca daha çox axirət haqqında düşünürlər. Daha çox “hara gedəcəm” sualı üzərində düşünürlər. Bəs siz?
- Bax, elə insanları azdıran da elə o “hara gedəcəm” sualıdır. Bu mövzuda baxışlarımızı ciddi şəkildə dəyişməyə ehtiyac var. İnsanın hara getməsi onun iradəsindən asılı deyil. Yaxşı olar ki, özümüzdən asılı olan şeylər barədə düşünək. Yəni insan “hara gedəcəm” sualının cavabını axtara-axtara qocalmamalıdır. Əksinə, zaman var ikən “necə gedəcəm” sualı barədə düşünməlidir. “Necə gedəcəm” məsələsi insanın özündən asılıdır, vaxtında ehtiyatını götürməlidir. Köçəcəyimiz aləmin maddi olmadığı şəksizdir, yəni o aləmə buradan yalnız ƏMƏL deyilən azuqə götürə bilərik. Cənnət və Cəhənnəm bizə təklif olunan əks qütblü məkanlardır. Onlardan hansını seçməyimiz özümüzdən asılıdır. Dahi Seyyid Əzim necə ki deyib:

Zahid, məni aldatma, Cəhənnəmdə od olmaz,
Onlar ki yanırlar, odu burdan aparırlar…
- Dinlərə münasibətiniz?
- Din – həyat yolumuzun bələdçisi və nəzarətçisidir. Burada bir məqama toxunmaq istərdim: mən “dindar” anlayışının yanlış olduğunu düşünürəm. Bu söz qəsdən uydurulub. Bu sözü uydurmaqla, insanları iki qismə bölmək istəyiblər: dindar və dindar olmayan. Belə bölgü kökündən yanlışdır. Hər birimizi Allah yaradıb, onun qarşısında müəyyən məsuliyyətimiz və borclarımız var. Bir insan olaraq, hər kəs buna qəlbinin dərinliyində əmindir. Bu borclar və məsuliyyətlər əslində insanların yaratdığı hüquqi-demokratik dövlət və cəmiyyət qanunlarının əsasını təşkil edir. Sovet dövləti ateist rejim idi, amma bu dövlətin ən möhkəm dayağı məhz din idi. Sovet dövləti və bu dövlətin hüququnun əsasları, hüquq normaları və əxlaq qaydalarını eyni səviyyədə ciddi idarəedici sistem kimi nəzərdə tuturdu.
Dinə cəmiyyətdən kənarda bir subyekt kimi baxmaq çox gülüncdür, dindən siyasi məqsədlər üçün istifadə etmək isə bağışlanılmazdır.
- Kimdən və nədən xilas olmaq istərdiniz?
- İnsanın fitrəti belədir ki, daim kimdən və nədənsə xilas olmağa can atır. Ancaq əksər hallarda kimdən və nədən xilas olmaq istədiyini insan dərk edə bilmir. Təkcə onu bilir ki, onun istədiyi MÜTLƏQ AZADLIQdır. Ancaq bu azadlıq necə olur, onu necə əldə etmək olar – bunun fərqində deyil. Məncə, ən qorxulu diktator insanın öz NƏFSidir, ən yaxşı azadlıq isə EHTİYACSIZLIQ.
- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Əvvəldən daş olmaq – bəxtin gətirməməsidir. Daşlaşmaq isə sonradan qazanılır. Lakin hər ikisi ətalət bildirir. İnsan isə hərəkətdə olmalıdır, ən azı, daş olmadığını sübut etmək üçün…
- Bu müsahibəni özünüz götürsəydiniz, sonluğu necə bitirərdiniz?
- Mənim özümdən götürdüyüm müsahibə bitməyəcək, ömrümün sonuna qədər sual-cavab davam edəcək…
Tural Türk

Комментариев нет:

Отправить комментарий