Страницы

30.12.2011

Yarasa siyasəti


Ayəndə Mürsəliyeva
Cəmiyyət bir parça tort uğrunda mübarizədən imtina etdikcə, yarasa siyasəti daha tez-tez üzə çıxacaq
Psixoloqlarin fikrincə, bir olkənin gəlirlərinin çoxunun bir qrup tərəfindən mənimsənilməsi və nəzarətə götürülməsi rahatsızlıq yaradan məsələdir. Əslində, bu vəziyyətdə o qrup özünü ən azı psixoloji baxımdan narahat və ya günahkar hiss etməlidir.
Azərbaycanda ölkənin sərvətlərini nəzarət altına alan həmin qrup hakimiyyətin simasında mövcuddur, amma o özünü qətiyyən narahat hiss etmir, ölkəni çapıb talamaqda davam edir.
 
Bir məmləkətin müəllimi, həkimi, hakimi, tələbəsi, fəhləsi ehtiyac içində yaşayırsa, orada 50 metrlik tort bişirmək həmin psixoloji uyğunsuzluğun nəticəsi ola bilər. Həmin tortun ətrafında yığışaraq öz parçasını əldə etmək üçün mübarizə aparan vətəndaşların həyəcanlı görüntüləri ölkə adamının vəziyyətini parlaq şəkildə göstərirdi. Bunlar çox rəzil görüntülərdir və hakimiyyətin özünü narahat hiss etməməsi həmin rəzilliyin müqabilində mümkün olur.
Xüsusi sosial fəlakət həddində mübarizə bir parça tort uğrunda aparılır. Böyük dəyərlər ictimai şüuru məşğul edəndə isə mübarizənin predmeti dəyişir. Xeyirlə Şər arasında mübarizə əbədi olduğu kimi, azad fikirli insanlarla diktatorlar arasında mübarizə də əbədi olaraq var. Bu mübarizə heç zaman bitmir. Diktatorlara qalib gəlməyin yollarından ən əhəmiyyətlisi də budur ki, cəmiyyət bir parça azadlığın bir parça tortdan daha dəyərli olduğunu mübahisəsiz olaraq dərk edir.
İndi Azərbaycanda “bir parça tortmu, bir parça azadlıqmı” sualı cəmiyyəti ciddi şəkildə məşğul edir. Tort ətrafında aparılan mübarizənin ictimai tənə ilə qınanması da pozitivdir. Cəmiyyət diktaturanın işığı qaranlığa çevirmək cəhdlərini daha çox müzakirə və ittiham etməkdədir.
Dekabrın 25-də diktaturanın qaranlıq sevgisi çox aydın şəkildə ortalığa qoyuldu. “Azadlıq”  qəzetinin ad gününə toplaşan ziyalıların məclisində işıqların söndürülməsi də cəmiyyətin bir sıravi elementinin əli ilə həyata keçirilmişdi. Bu adam tort parçası uğrunda mübarizə aparanlardan biri idi. Avtoritar hakimiyyət belələrini səfərbər edə bilir. Hakimiyyət belə hesab etdi ki, azadlıq uğrunda mübarizə aparan insanlar padşahın “Qızıl Tac”ına təcavüz ediblər və bu məclisi dağıtmaq üçün avtoritarizmə xas olan namərdliklə davrandı.
Əslində “Qızıl Tac” adlı ünvanda “Azadlıq”ın təntənəsinin qeyd ediləcəyini eşidəndə şübhələnmişdim ki, burada nəsə anormal bir olay çıxacaq. Qızıl da, taxt-tac da totalitarizmin atributlarıdır və burada “Azadlıq” sədaları diktaturanın sütunlarını silkələyə bilərdi.
Ev yıxmaq, işıq söndürmək kimi mərdiməzar əməllərdə tayı-bərabəri olmayan Azərbaycan hükuməti bu məclisin dəbdəbəsinə açıq ürəklə tamaşa edə bilməzdi. Və “belə qəzetin işığını da söndürərlər, hələ bir o yana da keçərlər”…
Bundan o yanası nədir ki? Bura qədər olan bütün mərdiməzarlıq və faciə istehsalatı gerçəkdirsə, bundan o yanası da rahat təsəvvür edilməlidir. Həm də çox rahat.
Özünü çox da gözlətmədi. Növbəti qaranlıq hücum “Ziyalılar Forumu”nun üzərinə təşkil edildi. “Hyatt Regensy” adlı beynəlxalq bir şirkət də Azərbaycan avtoritarizminin rüsvayçı taktikasının məsuliyyətini bölüşdü.
Bu şirkət özünün Azərbaycanda göstərdiyi rüsvayçı davranışa görə cavab verməlidir.
***
Diktatura, elə qaranlıq, cəhalətin özü deməkdir. Bunu təsdiq etmək üçün fiziki mənada, işıqları söndürməyə ehtiyac yox idi. Amma bu adamlar özlərini bir daha bu cür tanıtmaq istəyirlərsə, onlara mane olmaq gərək deyil.
Qoy, bütün ölkədə işıqları söndürsünlər. Əgər bacarırlarsa, Azərbaycanın üzərinə qara bir pərdə də çəksinlər. Bu, çarədirmi? O zaman bütün dünya xəritədəki bu qara ləkəni daha aydın görəcək.
O zaman bunların qızıl taxt-tacları da həmin qara ləkənin altında qalmayacaqmı? Heç indi də bu taxt-tacın qara niyyətlərin altında olduğunu gizlətmək mümkün deyil.
Azadlıq sədaları qulaqlarını dəldikcə, bunlar qaranlığı tərcih edirlər. Yarasa kimi…
***
Diktatorlar qaranlığı sevərlər. Azadlıq isə işıq deməkdir. Qaranlıq işığa meydan oxuya biməz. İşıq gəldiyi zaman qaranlıq çəkilər. Heç, olmayıbmış kimi...

Комментариев нет:

Отправить комментарий