Страницы

25.01.2012

Anarın ədəbi və ictimai fəaliyyəti barədə


Sayman Aruz

Xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası bu gözəl yazıçımızın fitrətindədir

Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür

 Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazların zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi cəlb edir.


Bir qism sənətkarlarda süjet qurmaq bacarığı, başqa bir qismində isə xarakterlər yaratmaq məharəti, bəzilərində hadisələrlə xarakterləri bağlamaq tərzi, digərlərində insan psixologiyasına dərindən nüfuz etmək qabiliyyəti bizi heyran qoyur. Bütün bunlar və yaradıcı şəxsiyyətin digər fərdi xüsusiyyətləri bir yerə toplananda biz böyük istedadla üz-üzə gəlirik. Məhz belə hallarda hər bir istedad öz çaları ilə ortaya çıxanda, bədii yaradıcılıq tarixində rəngarənglik yaranır, ədəbiyyatın nəfəsində həyatın ətri duyulur, ictimai varlığın bir səhifəsi canlanır, insan şəxsiyyətinin, ayrı-ayrı fərdlərin, qrupların və ya zümrələrin cəmiyyətdəki yeri, mövqeyi görünür. Həyatın dialektikasının bədii fikirdəki təzahürü mədəniyyətimizin inkişafı ilə müşahidə olunur. Sevindirici hal odur ki, məhz bu səviyyədə olan ensiklopedik yazıçılardan Azərbaycanda da var. Azərbaycan nəsrini dünya səviyyəsində tanıdaraq ona yeni imic və nəfəs gətirən yazıçılarımızdan biri də Anardır. O, böyük istedadların cərgəsindədir, amma onun bu cərgədə tutduğu yerin də öz xüsusiyyəti var. Onun əsərlərini oxuyanda bilmirsən nəyə çox diqqət edəsən: müəllifin yüksək bədii istedadınamı, oxunaqlı yazı üslubunamı, yoxsa təsvir rəngarəngliyinə? Yazıçı mədəniyyəti vacib məsələdir və böyük istedad sahibinin yaradıcılıq işində bu məsələ həmişə ön planda dayanır. Çünki fitri istedad nə qədər böyük nemət olsa da, onun parlaması, tələb olunan istiqamətdə hərəkətə gəlib inkişaf etməsi yazıçının mədəniyyətindən, onun həyatla qarşılaşmaq və onu əks etdirmək üçün nə dərəcədə hazır olub-olmamasından asılıdır. Bu hazırlıq onun mədəni səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır. Məhz Anar kimi böyük sənətkarlarda istedad, yüksək yazıçı mədəniyyəti ilə birləşdiyinə görədir ki, onlar öz zəmanlərinin bədii aynasına çevrilə biliblər.
 Mövzu rəngarəngliyinə baxmayaraq, Anarın demək olar ki bütün əsərlərində insanın daxili aləmi əsas diqqət mərkəzindədir. Həm də Anar psixoloji halın təsvirini məqsədə çevirmir, onun vasitəsilə insana müraciət edir, şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətlərindəki bir sıra ziddiyyətləri göstərir.
 Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür. Hekayə, povest, romanları ilə Azərbaycan nəsrini zənginləşdirən, ona yeni ruh, məzmun, əhval-ruhiyyə gətirən görkəmli yazıçıdır. “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Evləri köndələn yar”, “Sizsiz”, “Ağ qoç, Qara qoç”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon” kimi əks-səda yaratmış, adı Azərbaycan Ədəbiyyatı Tarixinə düşmüş dəyərli əsərlərin müəllifidir. “Anlamaq dərdi”, “Dədə Qorqud” kimi dərin elmi-publisistik araşdırmaları da maraqla qarşılanıb. Həmçinin o, Azərbaycan publisistikasının inkişafında xüsusi rola malik olan “Qobustan” jurnalının yaradıcısı və baş redaktoru olmuşdur. Əsərləri dünyanın ən aparıcı dillərinə tərcümə edilərək, sevə-sevə oxunur. Doğrudan da bu, bir azərbaycanlı kimi şəxsən məni qürurlandırmaya bilməz.
 Anar əsərlərində öz dövrünün ən aktual problemlərini qabardıb, onun həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki əhatəli ədəbi-tənqidi münasibətlərə, diskussiyalara hədəf olur, estetik qavrayış çevrəsini formalaşdırır. Onun yaradıcılığı haqqında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yazılan çoxsaylı məqalələr, aparılan tədqiqatlar yəqin ki bu zərurətin bəhrəsidir. Anarın qələmindən çıxan əsərləri oxuyub başa çatdırandan sonra həmin əsərlər haqqında yazılmışları göz önünə gətirdikcə, belə bir qanunauyğunluq meydana çıxır: Azərbaycanın klassik və çağdaş mədəniyyəti, xüsusilə ədəbiyyatı küll halında Anar yaradıcılığında bu və ya digər formada öz əksini tapıb. Ortaya qoyduğu ictimai problemləri, əxlaqi-mənəvi dəyərləri, bədii-estetik zövqü və yönləri ilə.
 Çağdaş ədəbiyyatımızın, tənqidimizin və mədəniyyətimizin elə seçkin nümayəndəsi yoxdur ki, Anar yaradıcılığına bu və ya digər formada, səviyyədə müraciət etməmiş olsun. Anar yaradıcılığı Azərbaycan mədəniyyətinə tarixilik və müasirlik baxımından elə oturuşub ki bu vəhdətdəki harmoniyadan yalnız heyrətə gəlmək olar.
 Məhz Anarın vaxtında AYB professionallaşaraq sivil ölkələrdəki tipli yazıçı qurumuna çevrilmişdir. Bu gün AYB tənqid edənlər bir çox mühüm məsələlərin üstündən nədənsə sükutla keçirlər. Onlar unudurlar ki, 1500-ün içində İlqar Fəhmi kimi yazıçılar da var. İlqar kimi yazıçılar hər bir xalq üçün böyük nailiyyətdir. Rusca yazan yazıçılar vardır ki bütün dünya onların istedadını təsdiqləmiş və təqdir etmişdir. Təkrarçılıq olmasın, mən çox istərdim ki, 1500 nəfərin içərisində rusca yazanlar öz yerində, qoy fransızca, ingiliscə, ispan və ya alman dilində yazanlar da olsun. Nəyi pisdir ki?! Natiq Rəsulzadə Rusiyada Ostrovski adına mükafata layiq görüləndə tanınmış yazıçı Valentin Katayev ona ünvanladığı məktubda “Siz rus dilində bizim yazıçılardan qat-qat yaxşı yazırsınız və bu dili onlardan yaxşı bilirsiniz”- deyə yazmışdı. Dəfələrlə qeyd olunduğu kimi, əgər ermənilərin Çingiz Abdullayev kimi yazıçısı olsaydı, onu qaldırıb dağın başına qoyardılar. Ancaq bizdə Çingizə, eləcə də ümumən AYB-yə tez-tez hücumlar çəkilir, hər yerindən duran məntiqə sığmayan pafosçuluğa baş vurur. AYB-də elə gözəl nəzm nümunələri yaradanlar var ki, mən deyərdim, yer üzündə tayı-bərabəri yoxdur. Əlbəttə, mən bütün bunları oxumuşam və dünya ədəbiyyatına yaxından bələd olan birisi kimi deyə bilərəm ki bizim bir çox şairlər marka kimi tanınmış, titullu dünya şairlərindən heç də geri qalmırlar.
 Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyası fəaliyyəti ilə uzlaşdıra bilən tək-tük sənətkarlardandır. Onun istər Sovet illərindəki, istərsə də müstəqillik çağındakı bütün yaradıcı fəaliyyətinin başlıca məqsədi milli-mənəvi tərəqqiyə yönəlmişdir. Azərbaycan Yazıçılıar Birliyinə rəhbərlik etdiyi dönəmlərdə bu təşkilatın nəzdində “Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”, “Dədə Qorqud Ensiklopediyası” kimi mədəniyyət tariximizdə iz qoymuş layihələr həyata keçirilmişdir. “Ədəbiyyat və İncəsənət” qəzeti Mədəniyyət Nazirliyi ilə şərikli nəşr olunmaqdan çıxarılaraq “Ədəbiyyat qəzeti” adıyla Yazıçılar Birliyinin orqanı olmuş, “Qobustan” toplusu işıq üzü görmüşdür. Birliyin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu - Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan bölməsi yaradılmış, Rusiya, Türkiyə, Gürcüstan və Polşanın yazıçı təşkilatları ilə ikitərəfli müqavilələr bağlanmışdır. Beynəlxalq aləmdə maraqla qarşılanmış “Dünya ədəbiyyatı” jurnalı fəaliyyətə başlamış, bu seriyadan onlarla kitab, eləcə də Azərbaycan şair və yazıçılarının saysız-hesabsız publisistikası nəşr olunaraq oxucuların diqqətinə çatdırılmışdır. Anarın nəsri, şübhəsiz, onun çoxşaxəli yaradıcılığının nüvəsini təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümzədək özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçmiş, bu axtarışlarda yeni çalarlar, özəl keyfiyyətlər üzə çıxmışdır. Bu əsərlərdə insan məhəbbəti, ləyaqəti, arzu və istəkləri qələmə alınmışdır. Qəhrəmanların və aparıcı obrazların hamısı öz yüksək daxili ehtirasları, həyat eşqi, azadlıq və ədalət, həqiqət və səadət arzuları ilə çırpınırlar. Və demək olar ki onların hamısı bu yolda böyük sıxıntılara rast gəlir, sınaqlarla, çətinliklərlə üzbəüz qalırlar. Anarın özünəməxsus süjet xətti bəzən hadisələri romantik və estetik mühitə keçirir, Moskvanı, İstanbulu, Kislovodskı təsvir edir, lakin belə hallarda da real həyatdan və həqiqətdən ayrılmır.
 Yazıçı Anarın “Seçilmiş əsərlər”i kitabında toplanmış yazıların demək olar ki hamısında qüdrət, aydınlıq və müdriklik müşahidə olunur. Müəllifin təlatümü, inkar və təsdiqi qabartması söz oyunundan deyil, adi ehtirasdan, əks-sədadan, daxili inamdan doğur. Bizi əhatə edən aləmdəki xırda detallar belə, yazıçını dərindən-dərinə düşündürür; xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası bu gözəl yazıçımızın fitrətindədir. Mütəfəkkir sənətkarımızın, qocaman ağsaqqalımızın başlıca qayəsi, uğuru da məhz bundadır.
 Qadın-kişi ünsiyyətindən doğan ədəbi mövzu onun qələmində təzələnir, sevgilisindən küsənin nisgili, qəribəlikləri və bunun əksinə, əsas obrazların dilindən deyilən sözlərdə yaşayan mərdanə dözüm və vəfalılıq bizi riqqətləndirir, bir az kövrəldir; çünki yazıçı hamıya doğma olan bu acılı-şirinli münasibətlərdə sözə sığışmayan ilahi duyğuları sehrlə “ovlaya” bilir.
 İndiki keşməkeşli zamanımızda tanınmış yazıçı olmaq və eyni zamanda şəxsiyyətini saxlamaq çox çətin bir işdir. Ədəbi dərgiləri vərəqlədikcə, saytlarımıza nəzər yetirdikcə görürsən ki, əsl sənətkar da azdır. Tək-tənha qalanda, bir neçə kəlmə ilə “Həyat nədir?” sualına cavab axtaranda isə yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş Anar kimi həqiqi yazarlar biz professional oxucuların yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir.
 Anarın özü ilə qarşılaşan, onun yaradıcılığı az-çox tanış olan hər bir insan onun necə bir estetik zövqə və intellekt düşüncəyə malik olduğunu, elə ilk cümlələrdən tuta bilir. Hal-hazırda Anar öz möhtəşəm sənət dünyasının ucalığındadır. Hətta bu gün o heç bir şey yaratmasa belə, onun Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsində etdiyi yeniliklər heç vaxt unudulmayacaq və məncə gələcək nəsillər onun layiqincə qiymətini verəcəklər. Bu söz sarayını ucaldan əllər mahir və qüdrətli əllərdir. Əminəm ki, o heç vaxt yorulmayacaq, Azərbaycan ədəbiyyatına yeni-yeni əsərlər bəxş edəcəkdir.

Комментариев нет:

Отправить комментарий