Страницы

27.01.2012

BAYQUŞ


древний храмLevon Xeçoyan

(hekayə)

Beno davadan 5 günlük məzuniyyətə gəlib, Qarnikin evinə yollananda biz də onun dalınca getdik: bütün məhəllə bu fikirdəydi ki, Qarnikin ilk işi Valeri Melkumovu öldürtmək olacaq.

Valeri Melkumov danüzü «Jiquli»sini qarajdan çıxarıb, Alislə birlikdə şəhərdən tez-tələsik gedəndə biz əmindik ki, öz motosikletinə minib onlara çatmaq xüsusi təyinatlı döyüşçü Benonun əlində heç bir şeydi.

Biz onunla birlikdə Qarnikin evinə girməyib, həyətdə gözlədik.

Məhəllənin ən gözəl qızı, onuncu sinif şagirdi zəhər içmişdi, kimya müəllimi özünü asmışdı, amma biz oraya getməmişdik.

İndi gilas ağaclarının altında durub gözləsək də, Qarniklə Benonun arasında gedən söhbət bizə sözbəsöz məlum idi:

«…Qurşaqdan aşağı iflic vəziyyətdə əlil arabasında mıxlanıb qalmaqdan pis nə ola bilər?!... Köməksizlik lap ağırdır. Elə ki, üstünə qüssə çökür, adamı dəhşət bürüyür. Ancaq ən dözülməzi odur ki, heç qüssə-filan da olmaya, gecələrsə bayquş ulaya... Bilirsən, qadınsız evdə vahiməli səslər dolaşır. Ağartı qabının içinə milçək düşüb qalır. Şkafda asılan köynəyin düyməsi qopub düşür. Xoruzun ilk  banından qorxub gizlənmək istəyən sirli quşların kölgəsi qanadlarını çırpanda şam sönür...»

Beno çıxdı. Evinə tərəf yeridi, biz də onun ardınca. Arxadan onun gödək qırxılmış başındakı qoşa düyünə baxa-baxa gedəndə qəfil nəyəsə ilişdik, amma o an tam əmindik ki, Beno indicə gedib silahını götürəcək, motosikletini çıxarıb işə salacaq...

Zibil atmağa çıxmış qadınlar onun üzünün ifadəsindən kövrələrək, önlüklərini ağızlarına aparıb dinməzcə yumub-tökürdülər.

Üzbəüz gələn kişilər, onun gözlərinə baxmadan, başlarını tərpədərək salam verir, cavab gözləmədən, ötüb keçirdilər.

Beş dəqiqə sonra artıq bütün şəhər bilirdi ki, Beno gəlib və indi Qarnikin yanından çıxıb öz evinə gedir.

O, evə keçdi, biz yenə həyətdə gözlədik. Xeyli dayandıq, amma Beno motosikletini çıxarmadı.

Bacıoğlusu Saakı göndərdik ki, get gör, orda neyləyir o. Saak qayıdıb belə bir xəbər gətirdi:

«Bayquşu öldürmək fikrinə düşüb».

Biz çaşıb qaldıq, ötəri sükutdan sonra mən soruşdum: «Nə bayquşdu o elə?» O birilər də sual verməyə başladılar:

«Nə bayquş? O hansı bayquşdu ki, indiyə qədər bizim xəbərimiz olmayıb?!»

Cavabında Saak bunları dedi:

«Ağacda olur. Ağcaqayınlıqda. Gecələr ulayır». Ha istədik yada salaq, amma heç birimiz onun səsini eşitməmişdik.

Ağlımızdan keçdi ki, axı, Beno bayquşu öldürüb sonra motosikletini minib tərpənincə Valeri Melkumov Alislə birgə çox uzağa gedə bilər, onda onlara çatmaq xeyli çətin olar.

Amma bir yandan da, Benonun düşmən arxasında nə cür igidliklər göstərdiyi qəzetlərdən, televiziyadan bizə bəlliydi, inanırdıq ki, Valeri Melkumov qaçıb harda gizlənsə də, Beno mütləq onu tapar.

Bu haqda qəzetlərdən, televiziyadan öyrəndiklərimizi təkrar xatırlamağa başlamışdıq ki, kimsə söyləndi: «Axı o niyə evdən çıxmır? Allah bilir, indi həkimlə Alis hardadırlar». Saakı yenidən evə yolladıq. Qayıdanda sözü bu oldu: «Gözləyir ki, Gün bir az da qalxsın, hava lap çox işıqlaşsın. Biz mat qaldıq. «Niyə ki?» - mən xəbər aldım. «Qayda beləymiş, bu da belə bir üsuldur». Daha Saakdan bir söz soruşmadıq, heç öz aramızda da kəlmə kəsmədik. Bizi bu çaşqınlıqdan çıxarmaq üçün Saak özü dilə gəldi: «Bayquşun görməsinin sirri işığa bağlıdır. Günəş nə qədər güclü parlasa, bayquşun gözlərini bir elə çox qamaşdırır, ta kor kimi düşüb qalana qədər...» Çəkmələrimizin burnuyla yeri cızır, baxışlarımızı ora-bura yayındırırdıq. Saak yenidən dilləndi: «Günün birinci yarısı bayquşun qulağı çox iti eşidir, səslərə görə ətrafı diqqətdə saxlaya bilir, amma isti onun qulaqlarını batırandan sonra daha dünyadan xəbəri olmur. Onda bircə çıxış yolu qalır ki, qəti tərpənməsin, caynaqları ilə budaqlardan yapışıb gecənin düşməsini gözləsin...» Biz belə başa düşdük ki, Beno parlaq şüalardan bayquşun kor qalmasını, qulaqlarına dolan istidən beyninin kütləşməsini, titrətmə-qızdırmanın da onu içəridən iflic eləməsini gözləyir. Zoologiya müəllimi bu düşüncənin elmi əsaslılığını təsdiqləyəndə Benoya hörmətimiz daha da artdı; axı eşitmişdik ki, xüsusi təyinatlılar, ilk baxışdan ikinci dərəcəli görünən, əslində isə çox vacib sayılmalı bəzi mətləblərdən xəbərdar olurlar.

Günəş zenitdəydi, ona baxmaq olmurdu, hava qaynayır, bizi tər aparırdı. Beno evdən çıxmışdı, indi bizdən irəlidə addımlayırdı. Arxadan baxanda onun qısa saçlarının arasından başındakı qoşa düyün görünürdü. Biz arı topalarını hürküdüb perikdirərək günəbaxan sahəsini keçdik, ağcaqayınlığa yaxınlaşanda Razmik yüyürüb gəldi: «İndicə öz gözlərimlə gördüm, bax, o ağacdadır...» O əsnada biz keçisaqqalı yeyirdik. Beno Razmikin sözünü bircə kəlməylə kəsdi: «Bilirəm!» Yenə yoluna davam elədi. Arşak bizə pıçıldadı: «İndi görərsiniz: ikicə dəfə, part, part, vəssalam! Onun üslubu belədir - ikisindən artıq atmaz. Cəmi iki atəş… Bayquşun işi bitəcək...» Biz buna sözsüz inanırdıq. Axı, Benonun gözləri yaşıldı, yaşıl göz isə hamısından sərrast olur.

Atıcının diqqətini dağıtmamaq üçün biz ondan bir az da geri qaldıq. Aramızdan kimsə dedi: «Bu cür bürkü, Günün parlaqlığı Benoya mane olacaq, gözlərinin qabağında qara kölgələr oynaşacaq». Biz dedik: «Səndə elə olar, Benoda isə, qətiyyən. O öz işini bilir!»

Beno ağacın altında dayandı, tapançasını çıxarıb iki güllə atdı. Deyəsən, heç nişan almadan, eləcə haragəldi atəş açdı – cəld, bir anda... Ağacın başından, budaqlara çırpıla-çırpıla, yerə bir quş düşdü. Zoologiya müəllimi başladı: «Arıquşudur, respublika ərazisində oturaq yaşayan quşdur, qanadları və quyruğu göy-boz, beli yaşılımtıl rəngdə, çəkisi 18-21 qram, qanadlarının uzunluğu...» Beno dilləndi: «O, yerini dəyişib...»

Geri qayıdırdıq, odlu hava evlərin Günün istisindən az qala əriyən qırmızı-yaşıl tənəkə damlarının üstündə burulurdu. Qabaqda gedən Benoya baxıb düşünürdük: bir halda ki, bayquş uçub gedib, yəqin o indi motosikletini minib çıxacaq. Beno evinə girdi, biz də tez Saakı içəri yolladıq ki, bir xəbər gətirsin. Saak gəlib bunları dedi: «Motosikleti çıxarmayacaq, gecə düşəndə bayquşun yerini şəxsən özü dəqiqləşdirəcək». «Başa düşmürük, - dedik, - bayquş vacibdir, yoxsa Valeri Melkumov? Əgər Beno bu gün də onların dalınca getməsə, yəqin ki, aradan çıxacaqlar». Kimsə əlavə elədi: «Alis çox qəşəngdi...»

Qaranlıq düşdü, pərvanələr uçuşmağa başladı. Toylarından 15 il sonra, birinci dəfəydi, Vardanın arvadı hamilə qalmışdı. Biz onlara gözaydınlığına, vurmağa getdik.
Səhər yenə də Benonun həyətinə yığışanda aramızda elə bir adam yox idi ki, gecə bayquşun səsini eşitməmiş olsun. Mənasız çək-çevirdən yayınmaq üçün belə qərara gəldik ki, bayquşun hansı ağacda olduğunu dəqiqləşdirməyə evlərimizin və pəncərələrimizin yerindəki fərqlər, bir də küləyin səmtinin tez-tez dəyişməsi imkan vermir. Razmikin evinin damındakı samanlıqda mişovul vardı. Gecədən söz düşəndə Razmik dedi: «Əgər it gəlmiş olsaydı, bunu o dəqiqə anlayardım, axı bilirəm, it necə nəfəs alır, oranı-buranı nə cür iyləyir, necə ləhləyib fınxırır. Bu nəydisə, başqa şeydi. Evdən çıxdım, nə görsəm yaxşıdır – üç dənə ulduz göydə qövs cıza-cıza axdı. Birinin-ikisinin eyni anda axdığını görmüşəm, az yaşım yoxdur, amma üç ulduz birdən... Həm də nədənsə qəfil elə sevincək oldum ki, ürəyim bərk çırpındı, az qala sinəmi yırtıb çıxacaqdı. Birtəhər özümə gəldim, bir də baxıb görürəm ki, uşağa bişirdiyimiz süd daşıb...»

«Hamısı cəfəngiyyatdır, - birağızdan söyləndik. – Bu iş bizlik deyil. Təkcə Beno bilir bayquşun harda gizləndiyini. Axı Beno bütün gecə güdükdə durub, onu izləyib». Saak evdən çıxıb gəldi: «Beno bayquşun yerini dəqiq bilir, ancaq isti düşməsini, Günün odundan onun gözlərinə qan sağılmasını gözləyir».

Bürkünün qarsdığı ağacdan yerə bir armud düşüb dığırlandı. Beno həyətə çıxdı. O da, bizim kimi, tər içindəydi. Dabanlarına bulaşıb şalvarının balaqlarına yayılmış qırmızımtıl torpaqdan, bir də kədərli gözlərindən bildik ki, bütün gecə var-gəl eləyib, yatmayıb. Amma bizdən irəlidə inamla yeriməyindən belə məlum olurdu ki, gecə bayquşu izləyib, yerini tam dəqiqləşdirə bilib. Yanıb-sönən rəngbərəng dəmiryol işıqlarının yanından ötüb, qovaqların, küknarların ucaldığı ağaclığa girdik. Günün bu vaxtınacan Günəşin və bürkünün artıq öz işini gördüyünə, bayquşun bizim yaxınlaşmağımızdan duyuq düşməyəcəyinə, səsimizi almayacağına əmin olsaq da, hər ehtimala qarşı, yenə də Benodan bir qədər geri qalmışdıq. Beno ayaqlarını bir-birindən aralı qoyub qovağın altında dayandı və şimşəkvari baxışla nişan aldığı hədəfə, öz üslubunca, dalbadal iki güllə atdı. Ağacdan yerə bir quş cəsədi düşdü, dalımızca gəlmiş it ona doğru cumanda biz də yüyürdük. Zoologiya müəllimi baxıb dedi: «Qaratoyuq. Xoruzu zil qara, fərəsi boz olur. Əsasən sıx meşələrdə yuva qurur. Çəkisi 75-100 qram, qanadlarının uzunluğu...» Qaratoyuq bayaqdan yerdəydi, amma lələklərindən biri, ahəstəcə aşağı enə-enə, hələ də havada hərlənirdi. Beno dilləndi: «O, yerini dəyişib...»

Yenə Beno bizdən qabaqda gedirdi. Arxadan onun gödəkboğaz çəkmələrinə bulaşmış qırmızımtıl torpağa, gödək qırxılmış başının qoşa düyününə baxıb fikirləşirdik ki, bayquş yoxa çıxıbsa, qoy cəhənnəm olsun. İndi yəqin, Beno motosikletini çıxarıb, həkimin -  Valeri Melkumovun dalınca götürüləcək.
Saakı yenə xəbər gətirməyə göndərdik. Razmik öz aramızda dedi: «Beno elə adam deyil, qətiyyən yol verməz ki, həkim onun dostunun arvadını aparsın». Saak şaxlardan hörülmüş hasardan həyətə boylanıb qayıtdı: «Gördüm, Beno motosikletə yanacaq tökür, indicə sürüb çıxaracaq». Həmin anda bu kəlmələri eşitdik: «Qarnikin qurşaqdan aşağısı işləmir, nəinki Alis, onun yerinə hansı birimizin arvadı olsaydı, həkimə qoşulub gedərdi. Güllə Qarnikin onurğasına elə pərçimlənib ki...» Dero demişdi bu sözləri. Biz ona cavab vermədik, amma Deronu istehzayla süzdük. Ürəyimdən bunları onun üzünə çırpmaq keçdi: «Sən hələ bir özündən bəri bax! Gör, arvadın həftənin üç günü hara yoxa çıxır?! Ya bəlkə biz bu üç gün məsələsini Valoddan xəbər alaq?!»

Uşaqlardan kimsə bərkdən dedi: «Dero, yeri get burdan, səndən pis iy gəlir.
Get, özü də geri boylanma». Dero dinmədi, amma getmədi də. Divarın dibinə çəkilib daşın üstündə oturdu, papiros yandırmaq istədi. Biz onun barmaqları arasındakı kibriti üfürüb söndürdük: «Çəkmə burda, çıx get!» O isə dedi: «Bayquşun ulartısını mən də eşitmişəm. Hələ üstəlik, görmüşəm də onu».

Bayaqdan getmiş Saak qayıdıb bu xəbəri gətirdi: «Motosikleti çıxarmayacaq, bu gecə də bayquşun dalınca düşəcək. Gecəgörmə durbiniylə izləyib, sabah haqq-hesabı çürüdəcək». Biz indi artıq ona da razıydıq ki, Beno, heç olmasa, sabah bu bayquşun məsələsini xətm eləyib, tərpənsin həkimin dalınca. Qarniki müalicə eləməli olan həkimin indi onun arvadını götürüb getməsi bizə ağır gəlirdi. Benonun kədərli gözlərindən görürdük ki, o da bizim kimi düşünür, həm də qətiyyən dəxli yoxdur, qaçanlar uzaqdadırlar, yoxsa yaxında: harda gizlənmiş olsalar da, Beno mütləq başlarının üstünü alacaq.

Sabahısı biz Benonun həyətinə toplaşanda oraya başqa məhlələrdən də adamlar gəldi, qəbristan tərəfdən gələn bayquş ulartısı onları yatmağa qoymamışdı. Bayquşu görənlər də vardı. Arşak deyirdi: «Bayquş siçovulu, mişovulu xoşlayır axı. Gecənin bir aləmi, saat üçdümü, dörddümü, qəfil eşidirəm ki, evin üstündə dövrə vuran quş qanadlarının xışıltısı gəlir. Hələ keçən ildən bizim bağçada siçovular var, çovdar əkəndən bəri peyda olublar. Dedim, ola bilsin, o bayquş siçovul tutmaq üçün aşağı enib. Elə həmin vaxtdan da Zabel yuxuda sayıqlamağa başlayıb. Dayanmadan sayıqlayır, guya itkin anasıyla danışır. Həyətə çıxdım, bir tikə ət götürüb, ov tələsini bağda qurdum, fikirləşdim ki, bu uçub gələn hər nədirsə, tutmalıyam onu».
Biz Benonun çıxmasını gözləyirdik. Şiddətli, nəfəskəsən isti vardı. Açıq, boz səma Günün alovunda qovrulurdu. Daşlı yolu cəld sürünüb keçən kərtənkələlər hasarlardakı yarıqlarda gizlənirdilər. Nədənsə bu kərtənkələlər qəbristandakı torpaq kimi qara-qırmızı gil rəngindəydilər. Saak gəlib xəbər verdi: «Beno evdə yoxdur, gecəni meşədə keçirib. Gecəgörmə durbiniylə müşahidə aparıb, odur ki, bayquş bu gün canını heç cür qurtara bilməz». Biz hay-küylə meşəyə tərəf yüyürdük, yarğanın kənarına çatanda, siqaret çəkənlərə və səs eləyənlərə xəbərdarlıq elədik: «Vəssalam! Qəti səs çıxmasın ha! İsti yeni düşüb, ətrafdakı səslər, iylər bayquşa çatır hələ...» Yuxarı məhlələrdən gələnlərə, məsələdən hali olmayanlara danışıb izah elədik ki, əvvəlcə gərək Günün odlu şüaları bayquşu kor eləsin, qaynar bürkü onun beynini kütləşdirsin, bundan sonrası Benonun işidir.

Beno pusqudan çıxdı, gözləri ifadəsizdi, qızarmışdı. Səs çıxarmadan, əliylə bizə işarə elədi ki, tərpənmək olmaz. Aydın məsələydi: o bütün gecəni bayquşu izləmişdi, hansı ağacda olduğunu gecəgörmə durbiniylə dəqiqləşdirmişdi, bu dəfə məsələni bitirəcəkdi. Yanımızda kimsə – sonra baxdıq ki, Derodur, onun bura gəldiyini görən olmamışdı – pıçıldadı: «Benonun gözlərindən kədər yağır, birdən bu yuxusuz gecədən sonra onun əlləri əssə, dəqiq atmasa...» Vəziyyəti yaxşı bilən biz, elə Saak özü də, tez dilləndik: «Yox, mümkün deyil! Bu ondan ötrü adi bir işdi. Heç nişan almağına da lüzum yoxdur, elə bir balaca yönünü tapdısa, vəssalam! Bax, görərsən indi!...»

Biz gözlədik, bir azdan odlu kürə qalxıb səmanın ortasında qərar tutdu. Otlar buruşdu, torpaqdan yanıq iyi qalxdı. Biz haldan düşmüşdük, yəqin ki, bayquş da artıq kor olmuşdu. Qatı bürkü onun qulaqlarını batırmış, dünya başına daralmış, gərilib heysizləşmiş, caynaqlarını budağa keçirib hərəkətsiz qalmış, təngnəfəs olmuş, daralan damarlarında qanı qıjıldamağa başlamışdı. Yəqin, indi onun ciyərləri köpüb qabarır, genəldikcə genəlir, sinəsi şişib boğazına qədər qalxır, dimdiyini aralayıb tövşəyirdi. Taqətdən düşdükcə huşu da qarışır, kəskin üşütmə ayaqlarından yuxarı qalxıb bütün bədənini bürüyür, ölümcül soyuq, zülmət, titrətmə onu cənginə alırdı.

Beno uzandığı yerdən sıçradı, nişan almadan atdığı iki güllə dalbadal hədəfə doğru uçdu. Biz yüyürdük. Yuxarı məhəllələrdən gələnlərin biri qalın, quru qanqal topasına ilişib səndələyərək söyləndi: «Tapançayla quş vurmaq o qədər də asan deyil, yenə ov tüfəngi olsaydı, başqa məsələ...» Biz onu cavabsız qoymadıq: «Görəcəksən indi...»

Çatanda gördük ki, ağacın altına qara uzunqanad düşüb, qanadlarını yerə çırpıb çabalayır. Beno dilləndi: «O, yerini dəyişib».

Beno evə üz tutdu, biz də onun dalınca gedə-gedə qırxıq başındakı qoşa düyünə, qısaboğaz çəkmələrinin dabanlarına bulaşmış qırmızımtıl torpağa baxırdıq. Bizdə indi tam əminlik vardı ki, o bu dəfə mütləq motosikleti çıxaracaq. Artyom dedi: «Aradan artıq üç gün keçib, bu müddətdə həkim respublikadan çıxmış olar». «Belə bilirsən? Hər nə cür olsa da, Beno onları yaxalayacaq» - bizim cavabımız belə oldu.
Küçədə gözləyir, tez-tez saata baxırdıq, onun çarxları nəbzimizlə birləşib sümüklərimizdə vururdu. Uşaqların gətirdiyi butulkaları bir-birimizə ötürə-ötürə su içib, Saakın bu dəfə nə xəbər gətirəcəyini gözləyirdik. Saak darvazadakı deşikdən içəri boylandı, başının üstündə hərlənən arını öldürmək isəyəndə əli boşa çıxdı, nəhayət, qayıdıb yanımıza gəldi: «Benik motosikletə yanacaq tökür». Bizə belə də bilirdik: Beno ilə Qarnik bir dəstədə xidmət ediblər, axı, ola bilməzdi ki, indi kimsə Alisi qoltuğuna vurub aradan çıxsın. Beno buna yol verməzdi. Biz istəyirdik ki, o, həkimi mümkün qədər tez tutub gətirsin.

Qara-qırmızı gili xatırladan kərtənkələlər hasarların yarıqlarından çıxıb öz yerlərinə qayıdırdı, rənglər alatoranda itməkdə, səmanı güllə kimi yaran qaranquşlar özlərini damların kənarına toxuyaraq uçmaqdaydı. Amma Beno hələ də evdən çıxmaq bilmirdi. Kimsə hasardan içəriyə boylanıb dedi: «Beno motosikletə yanacaq tökür».

Axşam düşür, mavi dağlardan enib gələn sərinlik havadakı rayihələrin bürküdən bağlanan yollarını açır, dirriklərdən cəfərinin, sarımsağın tünd qoxusu gəlirdi. İşıqla qaranlıq növbələşir, el hamamının arxasındakı gölmədə qurbağalar quruldayırdı.

Səmada zülmət qaranlığı gümüşü ox kimi yarıb süzən bir ulduz axdı.

Saak gəldi, bizimlə birlikdə siqaret yandırıb dilləndi: «Beno motosikleti çıxarmayacaq...»


(Seyfəddin HÜSEYNLİ ruscadan tərcümə edib. Azadlıq Radiosunun "Oxu zalı" hekayəsinin Azərbaycan dilinə çevrilib çap edilməsi üçün müəllifdən icazə alıb).

Комментариев нет:

Отправить комментарий