Страницы

03.01.2012

Biz xoşbəxt millətik…


Rövşən Yerfi

Yaxın ötən həftənin söhbətidir. Şimali Koreyada, yəni Koreya Xalq Demokratik Respublikasında dövlət başçısının ölümünə axıdılan Koreya camaatının göz yaşları günlərlə dünya mətbuatının maraq dairəsində olan mövzulardan birinə çevrildi. İnsanların elliklə zarıyıb ağlaması, hələ azmış kimi yerə sərilib asfaltı yumruqları ilə döyəcləmələri, özlərini isterik həddə çatdırmaları heyrətləndirici, müdhiş bir mənzərə yaratmışdı. Bu biçarələr, bəlkə də, öz əzizlərini, doğmalarını itirəndə özlərini belə didib dağıtmamışdılar. Təəccüblənməyə bilmirsən. Doğrudanmı xalq öz istəkli diktatorunu bu dərəcədə böyük məhəbbətlə sevir? İnanmaq olmur ki, ölkə rəhbərini də bu sayaq sevmək olarmış…

Doğrudanmı sevgini nümayiş etdirmək üçün səs-səsə verib zarımaq lazımdır? (Ölənə hamıdan yaxın olan varis isə heç ağlayana oxşamırdı.)
Başqasını bilmirəm, o kadrlara baxanda mən kədərləndim, ürəyim ağrıdı. Az qaldım mən də onlara qoşulub zarıyaraq ağlayam. (Hər nəmənədə özgəsinə oxşamaq istəmək, yamsılamaq qanımızda var…) Hərgah mənim ölən diktatora qarşı qəlbimdə bir zərrə də olsa rəğbətim yoxdur. Amma, xalqın bu şəkildə kütləvi ağlaşmasına etinasız dura bilmədiyimdən istər-istəməz kövrəlməli oldum. Həqiqətən ağlamalıdır... O bədbəxtlərin, zavallıların halına yanmaya bilmirsən. Özü-özünün sahibi olmayan, taleyi daim bir nəfərin ixtiyarına qalan millət ağlamasın, bəs neyləsin? Bilirmi ki, gələcək diktator başına nə oyunlar açacaq? Yox.. Bir də ki, həddi nədir ağlamasın? Tapşırılıb ki, hamı ağlasın. Hamı da ağlayır. Kimsə istəmir ki, adı qara dəftərə düşsün. Belə ağlamaq istəməyəcək, başqa cür ağladacaqlar. Vəssalam…
Ağlaşan adamların qəmli çöhrələrində, ürkək baxışlarında qəribə də olsa, bizə yaxınlıq, oxşarlıq hiss etdim. Biz də onlar kimi yarıya bölünmüş xalqıq. Biz də onlar kimi başçı sevən, şah sevənik. Onlar kimi təntənəli yas məclisi qurmağa, kədərli görünməyə aludəyik, fəalıq. On dörd əsr əvvəl baş verən faciənin hər il yasını saxlamaq hər millətin əlindən gələn iş deyil…
Nə qədər oxşarlığımız olsa da, bircə şeydə əminəm ki,biz heç zaman onlar sayaq xorla, ahənglə ağlamağı bacarmayacayıq. Çünki, bizdə eqoistlik hissi güclü olduğundan  heç vaxt birgə hərəkət etmək, bir olmaq əlimizdən gəlmir. Təsəvvür edin ki, Allah eləməsin bizdə hamılıqla ağlaşma lazım gəlsə, seçilmək üçün kimsə çığıracaq, kimsə yaxasını cıracaq, yumruqları əvəzinə başını döyəcləyəcək. həngamə qopacaq. Qısası alınmayacaq. Ona görə ki, hər işdə gözə girmək, seçilmək “alnımıza yazılıb”. Bax, ola bilsin, elə bu səbəbdən biz şimallı azərbaycan türkləri, şimallı koreyalılardan  fərqliyik, xoşbəxtik. Heç də bədbin, ümidsiz deyilik…
Yenə ona görə ki, bizlərdə hərə özünü düşünəndə, kimsənin xalq üçün düşünməyinə ehtiyac qalmır. Kim kimə sırıq gəldi, kim kimə atdı, bir-birimizi birtəhər yola verib, bir az pis - bir az yaxşı dolanırıq. Görən bizim kimi fərasətli, belə üsul və qaydalarla yaşamağı bacaran başqa millət var, əlini döysün sinəsinə çıxsın irəli?.. Yoxdu!..
Şükürlər olsun, nə yaxşı ki, şimallı koreyalı yox, şimallı azərbaycan türküyük. İlahi, biz necə də xoşbəxt millətik!...

Комментариев нет:

Отправить комментарий