Страницы

03.01.2012

İşıldaböcək


Gülzar İbrahimova. Nağıl


Biri varmış, biri yoxmuş, qədim zamanlarda bir şirəçi Qulam varmış. Şirəçi Qulam hər gün gedərmiş kəndin qurtaracağından şirə gətirər, onu satıb dolanarmış. Kənd camaatı da şirəni ondan alıb, evlərinin divarlarına, yerinə sürtərlərmiş. Şirə palçığa oxşayırdı. Ancaq palçıq deyildi. Onu divara, ya yerə sürtən kimi quruyar, həm təmiz olardı, həm də yaraşıqlı görünərdi.

Amma şirəçi Qulamın böyük dərdi var idi. Onun uşağı olmurdu. Arvadını nə qədər təbibə göstərmişdi, dərdinə heç bir çarə tapılmamışdı.
Günlərin bir günü şirəçi Qulam kəndin qurtaracağında şirə torpağı yığmaq üçün yer qazırmış. Bu vaxt bel yumşaq bir şeyə toxunur. Beli bir tərəfə atıb həmin yeri əli ilə qazmağa başlayır.
Qazır, qazır bir də görür ki, torpağın altında dəriyə oxşar bir şey var. Əvvəlcə istəmir dəysin ona. Fikirləşir ki, bu yəqin hansısa naxoş bir heyvandır, basdırıblar ki, o biri heyvanlara naxoşluq keçməsin. Beli götürür əlinə istəyir torpağı təzədən töksün dərinin üstünə. Görür dərinin arasında nəsə tərpənir. Kişi qorxusundan əlindəki beli atır, götürülür evə.
Ərini rəngi qaçmış tez qayıdan görən arvadı onu sorğu-suala tutur:
-Ay kişi, nə oldu sənə, getməyinlə qayıtmağın bir oldu? Bəlkə canavara-zada rast oldun? Rəngin niyə ölü rənginə dönüb?
-Heeçç sooruşşma, aay aarvvad! Ttorrpağğı qaazandaa əcaib bbir şşey ggöörmüüşəm. Ttez eelə, məənə bbir qqurrtuum ssu vverr, - deyə, şirəçi Qulam kəkələyə-kəkələyə danışmağa başladı.
Arvadı ərinin bu halından qorxdu. Ona tez bir qurtum su içirtdi. Sonra isə bir əsgi parçası yandırıb onun oynaqlarına vurub, qorxusunu aldı. Kişi bir az özünə gəldi, dili açıldı:
-Arvad, başıma oyun gəlib, yeri qazırdım ki, şirə torpağı çıxardım, bir də gördüm bel yumşaq bir şeyə dəydi. Beli bir tərəfə atıb başladım əlimlə qazmağa.
Arvadı dözə bilmədi:
-Nə gördün, a kişi?
Qulam kişi sudan bir qurtum da içib, gerisini danışdı:
-Kiri, danışım. Torpağın altında qoyun dərisinə oxşar bir şey gördüm, içərisində də nə var idisə, tərpəşirdi. Qorxudan apardığım qabları da atıb qaçdım.
Arvad da qorxdu:
-Bəlkə cin, ya şeytana rast olmusan? Allahu-əkbər, biz kimə pislik eləmişik ki, qabağımıza belə şeylər çıxsın, a kişi, gəl gedək molla Mahmudun yanına, görək gördüyün nə imiş?
Qulam kişi hirsini arvadının üstünə tökdü:
-Sən də bir şey olmamış molla Mahmudu axtarırsan, avam qızı, avam!
Beləcənə ər-arvad axşama qədər deyişdilər, amma qorxularından gedib qablarını gətirmədilər. Gecə isə hər ikisi yuxuya gedən kimi qəribə bir yuxu görüb, yatdıqları yerdən dik qalxdılar. Yuxularını bir-birlərinə danışdılar. Məətəl qaldılar. Yuxu eyni yuxu idi. Yuxuda görmüşdülər ki, dərinin içərisində körpə bir qızcığaz var. Onlara yalvarır ki, üstümün torpağını açmısınız, soyuqdan donuram, gəlin üstümü örtün.
Ər-arvad yuxularının eyni olduğunu eşidəndə lap qorxdular. Qorxularını qovmaq üçün durub hərəsi bir qurtum su içdi. Sonra təzədən yatdılar. Elə təzəcə gözlərini yummuşdular ki, bu dəfə yuxuda gördülər həmin qız titrədir və onlardan küsüb, üzünü yana çevirib, daha heç nə danışmır. Bu yuxunu görən kimi arvad oyanıb ərinə dedi:
-Kişi burda sirr var. Sənin qazdığın yerə gedib sirri açmalıyıq. Bəlkə elə doğrudan da bir allah bəndəsinə bizim köməyimiz lazımdır?
Qulam kişi arvadının cəsarətini görüb qorxmağı yadından çıxartdı:
-Düz deyirsən arvad, indicənə həmin yerə getməliyik.
Ər-arvad geyinib qaranlıqda qazılan yerə getdilər. Uzaqdan elə bil orada məşəl yanırdı. Yaxınlaşanda gördülər ki, qazılan yerə çoxlu işıldaböcəklər yığılıb. İşıldaböcəklər o qədər idilər ki, elə bil məşəl yanırdı. Böcəkləri qovdular. Qazılmış yerdə motala oxşar bir dəri vardı. Dərinin içərisində nə isə tərpənirdi. Ondan da uşaq ağlamağının səsi gəlirdi.
Qulam kişi dərini çıxartdı. Cibindən bıçağını da çıxardıb onu cırdı. Ər-arvad gözlərinə inanmadılar. Dərinin içərisindən iki-üç yaşlı göyçək bir qız uşağı çıxdı. Qızcığaz soyuqdan titrəyirdi.
Arvad ondan soruşdu:
-Ay uşaq, səni kim bura basdırıb? Anan kimdir? Atan hardadır?
Uşaqdan səs çıxmadı. Kişi ağlamsına-ağlamsına soruşdu:
-Hansı insafsız səni torpağın altına basdırıb, kim sənin körpə canına qıyıb?
Qız danışmırdı. Soyuqdan titrəyirdi. Arvad belindən şalını açıb uşağı bükdü.
Uşağı komalarına apardılar. Yolda daha onlara məşəl lazım olmadı. Çünki qızın gözləri elə parıldayırdı ki, hər yana nur verirdi.
Evlərinə çatan kimi onu sobanın yanına qoydular. Çay verdilər. İsinəndən sonra qızın elə bil dili açıldı. Üzünü Qulam kişiyə tutub böyük qız səsi ilə dedi:
-Mənim üstümün torpağını açandan sonra niyə məni atıb getdin? Mən az qala soyuqdan öləcəkdim.
Qulam kişi qızın danışmağına sevindi:
-Danışa bilirdin, bəs bayaqdan səni danışdırırdıq, niyə dinmirdin?
-Mən səndən küsmüşdüm, məni soyuqda qoymuşdun. İndi isindim, səninlə barışdım, - qızcığaz bunu deyib əvvəlcə kişinin boynuna sarıldı, - sən bu gündən mənim dədəm olarsan,- sonra arvadın boynuna sarıldı, - sən də bu gündən mənim nənəm olarsan, - dedi və onların üz-gözündən öpdü.
Qulam kişinin və arvadının sevincləri yerə-göyə sığmadı. Onlar neçə illərdi övlad həsrətindəydilər. İndi də Allah onlara övlad vermişdi.
Qulam kişi qızdan soruşanda kim səni torpağa basdırıb, qız bircə onu dedi ki, mənə süd verən arvad. Onun daha heç nə yadında qalmamışdı.
Ər-arvad danışdılar ki, hələlik bu sirri bir kəsə deməsinlər. Qızın da gözləri qaranlıqda par-par yandığına görə adını İşıldaböcək qoydular.
Gecəni yatdılar. Sübh tezdən oyananda gördülər ki, İşıldaböcək elə bil bir yaş böyüyüb, özü də gözəlləşib. Bu minvalla on iki gün keçdi. İşıldaböcək hər gün bir yaş böyüdü və bir az gözəlləşdi. Elə ki, on dörd, on beş yaşlı qız oldu, böyüməyini dayandırdı.
Qulam kişi bundan çox sevindi:
-Ay arvad, yaxşı ki, qızımız böyüməyini dayandırdı. Yoxsa qorxurdum ki, hər gün böyüyə, sonra da qocala.
-Düz deyirsən, a kişi, mən də bundan çox nigaran idim, - dedi arvadı.
İşıldaböcək həm çox gözəl, həm də çox zirək idi. Onun başının üstündə bütün günü işıldaböcəklər fırlanardılar. Bu nə sirr idi, heç kəs başa düşmürdü. Heç qızın özü də bilmirdi. İşıldaböcəklər heç vaxt onun başının üstündən getmirdilər. Nə gündüz, nə də gecə. Gecələr də onun yan-yörəsini işıqlandırırdılar.
Gözəl İşıldaböcək hər işi özü görər, nənəsinə, dədəsinə əziyyət verməzdi. O hətta bir gün dədəsinin şirə gətirdiyi yerə getdi, orada şirə torpağına su qatıb şirə hazırladı. Sonra evlərinə qədər bir arx düzəltdi. Düzəltdiyi şirə arxla gedib həyətlərində qazdığı quyuya töküldü.
İşıldaböcəklər isə qıza kömək etmək istədilər. Onlar şirə quyusunun üstündə dövrə vurub uçaraq qanad çaldılar. Bu vaxt onların qanadları arasından şirəyə qızılı zərlər töküldü. Şirə qızılı rəngə çaldı.
Bundan sonra şirə almağa gələnlərin sayı çoxaldı. Hətta uzaq məmləkətlərdən zərli şirə alıb, şah saraylarını bəzəməyə aparardılar.
Az vaxtda şirəçi Qulam varlı bir adam oldu. Onun qızının işgüzarlığı, gözəlliyi sorağı isə hər yana yayıldı. Elçilərin sayı günü-gündən artdı. İşıldaböcək isə heç kəsə ərə getmək istəmirdi.
Günlərin bir günü məmləkətdə zalımlığı ilə ad qazanmış dəli Şavəddinin kiçik oğlu Hümmət də qıza elçi göndərdi. Amma Hümmət qızı doğrudan da sevirdi. Bu sevgi belə başlanmışdı.
Bir dəfə Hümmət yatıb yuxuda görmüşdü ki, gözəl bir qız onların divarlarına zərli şirə sürtür. Şirələdikcə də divarlar qızıla dönür. Qızın başının üstündə sehrli böcəklər uçur. Böcəklərin qanadlarının üstündə şam yanır. Böcəklər uça-uça mahnı oxuyurlar:
Vaxt gələr, tilsim qırılar,
Ananın gözü açılar,
Şavəddinin oğlanları
Yenə də göyçək olarlar!
Hümmətgil yeddi qardaş idilər, yeddisi də çirkin. Hümmət ayılan kimi yuxusunu təzədən yadına salıb sevindi. Tez qaçdı şirəçi Qulamın evinə. O, eşitmişdi ki, zərli şirə yalnız onda olur. Həm də şirəçinin dünya gözəli bir qızı var, o da bütün elçilərə rədd cavabı verir.
Hümmət şirəçi Qulamdan şirə almağı bəhanə edib qızı görmək istəyir. Şirəni alır, aparmaq istəyəndə başlayır yalandan öskürməyə. İçməyə su istəyir. Qulam kişi evdəkiləri çağırır:
-Ay uşaq, ordan içməli su gətirin qonağa!
-Gətirirəm dədə, - evdən İşıldaböcəyin səsi gəlir. O, əlində su gətirəndə Hümmət çaşıb qalır. Həm qızın gözəlliyinə, həm də eynən yuxuda gördüyü qız olduğuna.
Su boğazından keçmir. Əlləri əsir, su qabı yerə düşür, çilik-çilik olur. Bir könüldən min könülə qıza aşiq olur.
İşıldaböcək də oğlanı görüb özünü itirir. Boyunun balaca olmağına fikir vermir. Ondan çox xoşu gəlir.
Hümmət evlərinə gedir. Şirəni evlərinin divarlarına çəkir. Divarlar elə bil alışıb yanır. Hər tərəfə işıq saçır. Ondan sonra hər gün Hümmət İşıldaböcəyi görmək bəhanəsilə Qulamkişigilə gəlib şirə alır, amma daha heç vaxt qızı görə bilmir. Oğlan qızın sevgisindən günü-gündən divanəyə dönür.
İşıldaböcək də oğlana bir könüldən min könülə aşiq olur. Amma oğlanın gözünə görünmür. O, ürəyində and içmişdi ki, öz başına gələnləri bilməyincə, öz sirrini açmayınca heç kəsə ərə getməyəcək.
Hümmət qızın həsrətinə dözə bilmir. Ona elçi göndərir.
Dəli Şavəddinin oğlunun İşıldaböcəyə elçi düşməsini eşitcək Qulam kişi çox bikef oldu və qorxuya düşdü. Bikef oldu ona görə ki, mahalda ən eybəcər oğlanlar dəli Şavəddinin oğlanları idi. Onlardan böyüyü elə zırpı və eybəcər idi ki, görən qorxurdu. Ondan kiçiyi çox pis axsayırdı. Bir başqa oğlanlarının üzü çopur-çopur idi. Başqa birisinin danışanda ağzından tüpürcək tökülürdü. Digərinin başı keçəldi, bir başqasının dili lal idi. Lap kiçikləri Hümmətin isə boyu bapbalaca idi. Elə bil cavan oğlan yox, balaca bir uşaqdı.
Amma Qulam kişi onu da bilirdi ki, bu gələnlər başqa elçilərin tayı deyil, onlara rədd cavabı vermək olmaz. Yoxsa dəli Şavəddin eşitsə ki, onun elçiləri boş qayıdıb, onun külfətinin başına müsibət açar.
Qulam kişinin rəngi qorxudan ağardı. Dili söz tutar-tutmaz gələnləri dilə tutdu:
-Mənim qızım Şavəddin kimi kişinin gəlini olmayacaq, ondan layiqli kimin gəlini olacaq? Amma gün batandan sonra elçi gəlməzlər. Gedin, sübh gələrsiniz, mən də bu işdən külfətimi agah edim.
Elçiləri birtəhər dilə tutub yola salandan sonra Qulam kişi İşıldaböcəyi yanında oturtdu və onu da dilə tutmağa başladı:
-Mənim gözəl qızım, elçilərə cavab verməkdən lap yorulmuşam, indi isə elçi gələnlər səni dəli Şavəddinin oğlu Hümmətə istəyirlər. Həmin oğlan hər gün gəlib bizdən şirə alır. Sən də onu görmüsən. Boyu balaca olsa da deyilənə görə çox yaxşı oğlandır. Dəli Şavəddin də asanlıqla bizdən əl çəkən deyil. Sən də gəl elə bu başdan onun oğluna getməyə razılıq ver.
-Dədə, başıma gələnləri öyrənməyəncə heç kəsə ərə getməyəcəyəm. Mən bilməliyəm ki, körpə vaxtımda məni torpağa diri-diri niyə basdırıblar? Niyə həmişə işıldaböcəklər başımın üstündə fırlanır? Yalnız bu sirr açılandan sonra ərə gedəcəyəm.
Qulam kişi də arvadı da nə qədər qızı yola gətirməyə çalışsalar da, İşıldaböcəyi fikrindən döndərə bilmədilər ki, bilmədilər.
Səhərisi günü kişi naəlac qalıb gələn elçilərə qızının dediklərini çatdırdı.
Elçilər əvvəlcə Qulam kişinin sözlərinə inanmadılar. Qızı çağırıb dədəsindən eşitdiklərini qızın dilindən eşitmək istədilər. Elə bildilər ki, kişi onları başından rədd eləmək üçün belə deyir.
Elə ki, İşıldaböcəyi öz gözləri ilə gördülər, hər şeyə inandılar. Hamının gözü qarşısında qızın başının üstündə dövrələmə işıq saçan işıldaböcəklər uçurdu. Elçilər daha heç nə demədilər. Sakitcə durub getdilər.
Elçilərin qəmgin qayıtmasını görən dəli Şavəddin də, onun yeddi yeddi oğlanları da bikef oldular. Elçilər hər şeyi olduğu kimi onlara danışdılar. Dəli Şavəddin qılıncını çıxarıb hikkə ilə ayağa qalxdı:
-Deyəsən Qulam kişinin başı bədəninə ağırlıq eləyir ki, mənim kimi kişinin sözünü yerə salır!
Hümmət dədəsini sakitləşdirdi:
-Dədə, mən sirri öyrənərəm, sonra yenə elçi gedərik. Qılınc qaldırmağın yeri deyil.
Dədəsi Hümmətin üstünə qışqırdı:
-Sən məni yaxşı tanımırsan, gör mən Qulam kişinin başına nə oyun açacağam!
Söhbəti o biri evdən eşidən dəli Şavəddinin kor arvadı əllərini divara sürtə-sürtə özünü yetirdi:
-Dayanın, durun, qılıncı yerə qoyun! İşıldaböcəyin sirrini mən bilirəm. Qoyun sizə danışım. Oğul, Hümmət, o qızdan sənə gəlin olmaz, olmaz, olmaz!
Bunları deyib, arvad bayıldı. Nə qədər elədilər özünə gəlmədi ki, gəlmədi. Neçə gün huşsuz qaldı. Nə qədər loğman gəldi, dərdinə çarə edə bilmədi. O vaxta qədər qədər huşsuz qaldı ki...
İndi gəlin görək, kor arvad niyə huşunu itirdi...
Dəli Şavəddin cavan vaxtı bulaq başında bir gözəl qız görür. Qızın gözəlliyi onun dəli başını bir az da çaşdırır. Onu özünə arvad eləmək qərarına gəlir. Elə ordacana da qıza istəyini bildirir.
Bu dəyirmançı Tələtin qızı Almaz idi. Təzəcə on dörd yaşı olmuşdu. Özü də çox gözəl idi. Dəli Şavəddini yaxşı tanıyırdı. Bilirdi ki, bu dəli nə istəyir, onu da eləyir. Ona görə də qızı qorxudan titrətmə tutdu. Amma qorxsa da ürəyindəkini bildirdi:
-Ölsəm də sənə ərə getmərəm. Mənə elçi-zad göndərib eləmə!
Dəli Şavəddinə qızın sözləri çox acıq gəldi. Elə oradacana Almazı atına mindirib çığırda-çığırda evinə gətirdi. Biçarə qız nə qədər qışqırdısa da, harayına çatan olmadı.
Almaz hamilə olduğunu bilənə qədər ağladı, sızıldadı. Sonra naəlac səsini kəsdi. Arvadının hamilə olduğunu bilən dəli Şavəddin dedi:
-Bax, sənə indidən deyirəm, qızın olsa, öz əlimlə qılıncdan keçirəcəyəm.
Almaz ərinin xasiyyətinə bələd idi. Ona görə də gecə-gündüz Allaha yalvarırdı ki, ərinin ürəyinə rəhm salsın, fikrindən dönsün. Özü də hər gün evlərinin yanındakı ocağa gedib, dua edirdi ki, qızı olmasın.
Belə-belə, doqquz ay, doqquz gün, doqquz gecə keçdi. Almazın sancısı tutdu. Uşağı oldu, bədbəxtlikdən də qız uşağı. Özü göbəyini kəsdi. Bələdi. Qız elə gözəl idi ki, elə bil nur saçırdı. Almaz bir xeyli ağlaya-ağlaya balasına tamaşa elədi. Onu doyunca əmizdirəndən sonra yuxu gətirən otun dəmlənmişini verdi balasına. Körpə bərk yuxuya getdi. Almaz onu götürüb qoydu qoyun dərisinin içərisinə. Evlərindən uzaq bir yerə apardı. Dərənin bir yerində çala qazdı. Balasını öpüb çalaya qoydu.
Bu vaxt çalanın yanında bir işıldaböcək var idi. İşıldaböcək həm işıldayırdı, həm də ciy-ciy ciyildəyirdi. Almaz fikirləşdi ki, bu böcəyi körpənin yanına qoysa, heç olmasa binəva balası yuxudan oyananda onun işığını görər, qaranlıqdan qorxmaz, səsini eşidər, tənhalıqda qalmaz. Götürüb işıldaböcəyi balasının yanına qoydu. İşıldaböcək çalanı işıqlandırdı. Almaz gözlərinin yaşını tökə-tökə çalanın üstünə torpaq tökdü.
Dəli Şavəddin səhər yuxudan ayılıb gördü ki, arvadı evdə yoxdur. Hirsindən bağırmaq istəyirdi ki, darvazanın ağzında arvadını gördü:
-Hardan gəlirsən, köpək qızı, məndən izn almamış hara getmisən?
-Qızım oldu deyən, mən də onu özüm öldürüb aparıb basdırdım, - Almaz qorxa-qorxa dedi.
Gözləri hədəqəsindən çıxmış kişi arvadının saçlarından yapışdı:
-Sənə deməmişdim, mənə qız doğmayasan! Qız olmuşdusa, düz eləmisən. Amma mən sənə inanmıram, sən onu aparıb gizlətmisən. Gərək gedəm özüm görəm ki, onu hara basdırmısan.
Almaz qorxa-qorxa dedi:
-Nə deyirəm, gedib görmək istəyirsən, gedək.
Gəlin qorxa-qorxa ərini balasını basdırdığı yerə apardı. Dəli Şavəddin gedib körpəni gözləri ilə torpağın altında gördü. Arvadına dedi:
-Neçə qız doğsan, gətirib burda basdırarsan! Mənə qız lazım deyil!
Körpə hələ yuxudan oyanmamışdı, şirin-şirin yatırdı.
Almaz yenə də körpənin üstünü torpaqladı. Ər deyinə-deyinə, arvad da gözlərinin yaşını tökə-tökə evə qayıtdılar.
Dəli Şavəddin çay-çörəyini yeyəndən sonra meydana getdi. Almaz ərini yola salıb yenə də balasının yanına qaçdı. Torpağı eşib onu çıxartdı. Yuxudan oyadıb əmizdirdi. Sonra yenə dərinin içərisinə qoydu. Qızcığaz yenə yuxuya getdi. İşıldaböcək də elə şirin səslə oxuyurdu ki, elə bil uşağa layla deyirdi. Almaz ağlaya-ağlaya körpəsini yerinə qoyub üstünü torpaqla örtdü.
Bu minvalla bir il keçdi. Bir ildə Almaz hər gecə əri yatandan sonra xəlvətcə gedib körpəsini əmizdirərdi. İkinci uşağı olmağına az qalanda isə onun südü tamam kəsildi. Bədbəxt ananın ağlamaqdan gözləri də kor oldu.
Elə kor-kor da Almaz yazıq yeddi oğlan doğdu. Amma deyəsən dəli Şavəddinin qız istəyi Tanrını qəzəbləndirmişdi. Yeddi doğulan oğlanların yeddisi də hərəsi bir yerindən şikəst idi. Guya, bircə sonbeşik Hümmət şikəst deyildi. O da böyüyəndən sonra gördülər ki, yaşıdları boy-buxunlu oldular, onun isə boyu balaca qaldı.
Mahalda dalaşanlar biri-birlərinə qarğış eləyəndə deyərdilər ki, səni görüm Şavəddinin oğlanlarının gününə düşəsən.
Almaz kor olmuşdu deyə, oğlanlarının eybəcərliyini görmürdü. Oğlanları analarını çox sevərdilər. Onu iş görməyə qoymazdılar. Bütün işləri özləri eləyərdi. Amma ataları görməyəndə. Ataları görən kimi oğlanlarının üstünə qışqırardı:
-Kişi olun, atanıza oxşayın! Kişi də evdə arvad işi görər? Evin arvadı öz evinin işini görməlidir! Birinizi ev yığışdıran görsəm, əllərinizi qıraram!
Oğlanları atalarının qorxusundan ya gecə o yatandan sonra, ya da evdə olmayanda bütün işləri görərdilər. Analarının başına dolanardılar. Amma kor ananın heç vaxt üzü gülməzdi.
Bu minvalla neçə il keçdi. Zaman o zamana çatdı ki, şirəçi Qulam həmin qızı torpağın altından çıxarıb, övladlığa götürdü. Qız da böyüyən kimi qapısına elçi-elçi dalınca gəldi.
Şirəçi Qulam axırıncı dəfə gələn elçilərə, «qızım yalnız onun sirrini açan oğlana ərə gedəcək», demişdi. Elçilər isə neçə gün idi ki, getmişdilər, onlardan səs-səmir yox idi. Dəli Şavəddinin elçilərindən xəbər çıxmırdı. Qulam kişi çox nigaran qaldı. Yadına bir məsəl düşdü. 00000«Bataqlıq sakit duranda, bil ki, ordan hər zaman timsah çıxa bilər».
Ordan-burdan soraqladı, dəli Şavəddinin evində olanlardan xəbər tutdu. İşıldaböcək də çox nigaran idi. Çünki qız da Hümməti sevirdi.
Qulam kişi eşitdiklərini qızına danışdı. İşıldaböcək barmağını dişlədi. Başa düşdü ki, sirr açılır.
Gecəni gözlədi. Gecə yarı olan kimi dəli Şavəddingilin evlərinə getdi. Hamı yatmışdı. Dəli Şavəddinin xorultusu hər yana yayılmışdı.
İşıldaböcək gəlib bihuş ananın başı üstündə dayandı. Ona süd verən anasını tanıdı. Deməli Hümmət də onun qardaşı imiş. Oturub qara sevdasına zülüm-zülüm ağladı. Bir xeyli oturub anasına, qardaşlarına baxdı. Gözlərinin yaşı dayanmadı. Anasının üzündən dönə-dönə öpdü. Saçlarını tumarladı. Başının üstündə uçan işıldaböcəklərdən tutub hər gözünün üstünə birini qoydu. Sonra isə yatmış yeddi qardaşın yeddisinin də başını tumarladı. Üzlərindən öpdü. Hərəsinin üstünə bir işıldaböcək qoydu. Sonra isə ağlaya-ağlaya getdi. Onun daha başının üstündə işıldaböcəklər uçmurdu...
Ana yuxuda dəriyə büküb basdırdığı qızını gördü. Qızı yuxuda ona dedi:
-Gözlərini aç ana, sən mənə ağlamaqdan kor olmuşdun, indi gözlərinə qoyduğum işıldaböcək sənin gözlərinə şəfa verəcək. Sən görəcəksən. Aç gözlərini! Məni isə həmin basdırdığın yerdə bu dəfə həmişəlik basdırarsan. Qardaş-bacının qara sevdasının üstünü yalnız qara torpaq örtməlidir.
Bu vaxt ana gözlərini açdı. Onun qışqırtısına hamı oyandı:
-Mən görürəm, mən daha kor deyiləm!
Ananın hər iki əlində gözlərinin üstündən götürdüyü işıldaböcəklər var idi. Oğlanların da hərəsinin üstündə işıldaböcək var idi. Oğlanlar daha əvvəlki kimi eybəcər deyildilər. Onlar çox sevindilər. Həm analarının gözlərinin açılmağına, həm də özlərinin eybəcərlikdən canlarının qurtarmağına.
Amma dəli Şavəddin çox eybəcərləşmişdi. Oğlanlarının bütün eybəcərlikləri ona keçmişdi. Çox qorxunc olmuşdu.
Hümmət işıldaböcəkləri görən kimi çox sevindi. Başa düşdü ki, İşıldaböcəyin sirri açılır. Anasından sirri açmağı xahiş elədi. Ana dedi:
-Oğlum, məni tez həmin qıza çatdır, onun yanında hər şeyi sizə danışaram.
Onlar şirəçi Qulamın həyətinə gəldilər, İşıldaböcəyi soruşdular.
Şirəçi Qulam arvadı ilə həyətdə oturmuşdu. Qızı soruşanlara bikef-bikef dedi:
-Biz də səhər durandan onu axtarırıq. Qız elə bil yoxa çıxıb, tapa bilmirik. Bizə deməmiş heç yana getməzdi.
Bu vaxt Hümmət fikir verib gördü ki, həyətdəki şirə quyusunun üstünə çoxlu işıldaböcəklər yığışıblar. Quyunun üstünə o qədər böcək yığılmışdı ki, elə bil quyuda gün işığı var idi.
Hümmət quyuya yaxınlaşdı. Əlini yelləyib böcəkləri dağıtdı. Nə gördüsə huşunu itirib quyuya yıxıldı. Yaxınlaşanda gördülər ki, İşıldaböcək də quyudadır. Hər ikisini quyudan çıxartdılar.
Hümmət gözlərini açdı, amma İşıldaböcək işıq saçan gözlərini heç vaxt açmadı.
Ana qızının saçlarını oxşaya-oxşaya başına gələnləri oğlanlarına danışdı. Qulam kişi də qızı haradan tapdığını onlara dedi.
Oğlanlar başa düşdülər ki, İşıldaböcək onların bacısı imiş. İşıldaböcəkdən ötrü çox ağladılar. Amma nə xeyri ki...
Ananın istəyi ilə aparıb onu neçə illər qaldığı çalada basdırdılar. Azca gəlmişdilər ki, gördülər qəbrin üstü işıldaböcəklərlə doludur.
Bununla da İşıldaböcəyin sirri açıldı.
Nağılımız burda qurtardı. Göydən üç sehrli işıldaböcək uçub gəldi. Qoy onlardan biri sənin başına qonsun, biri mənim, biri də nağılı eşidənin. Sehrli işıldaböcəklər yolumuzu həmişə işıqlandırsınlar, bizə xoşbəxtlik gətirsinlər.

Комментариев нет:

Отправить комментарий