Страницы

30.01.2012

Latviyanı fəth etmiş azərbaycanlı


10 il əvvəl, 2002-ci ildə 70 yaşı tamam olanda 40 ildən artıq gəmi kapitanı olduğu üçün Ginnesin rekordlar kitabına düşmüşdü

Komandiri olduğu gəmi 300 min tondan çox balıq ovlayıb və bu göstəriciyə görə 2-ci dəfə Ginnesin rekordlar kitabına düşüb

Artıq yarım əsrdir ki, o, yubileylərini balıqçı gəmilərində, son 40 ili isə bu gəmilərdəki kapitan körpücüyündə keçirir

Masallının tanınmış, yaddaqalan kişilərindən biri də Talışxanovlar nəslindən olan Hacı Mirsadıq bəydir. Ərdəbildən Cəlilabadın indiki ərazisinədək xeyli mülkləri olan (həmin mülklərin çoxu indi dağıdılıb, yerində binalar tikilib, hansı ki, bu mülklərdən biri də rayonun şəhərətrafı Digah kəndindəki MTS adlanan ərazisində yerləşirdi.)

Sadıq bəy Talışxanovun oğlanları – Bəhmən və Sahib bəy nəslindən olduqlarından ciddi təzyiqlərə məruz qaldıqları üçün 30-cu illərdə Bakıya köçürlər. Sadıq bəyin kiçik oğlu Sahibin 2 oğlunun - bu il 80 yaşını bayram etməyə hazırlaşan Zaur Sadıqzadənin və 46 yaşında dünyasını dəyişən Natiq Sadıqzadənin maraqlı həyat tarixçələri var.
Onların yaxın qohumlarından, eləcə də onlar haqqında yazılmış məqalələrdən əldə etdiyimiz məlumatları sizə təqdim edirik.
Mirsadıq bəy olduqca imkanlı və səxavətli adam olmuşdur. Hətta XIX əsrdə Şamaxı zəlzələsində yerli əhaliyə yaxından kömək etdiyi üçün Seyid Əzim Şirvanı ona şeir həsr etmişdir. Onun oğlanları Sovet hakimiyyəti dövründə bəy övladları olduqlarına görə təzyiqlərdən yayınmaq üçün “Talışxanov” soyadını dəyişərək atasının adına uyğun “Sadıqzadə” soyadını götürmüş, sonradan övladları da bu soyadı daşımışlar.
Sahib Sadıqzadə neftçi peşəsini sevdiyindən bu sahədə ustalığını tez göstərdi. Yaxşı neftçi olduğundan qısa müddətdə ona Bakının Bayıl ərazisində ev də vermişdilər.
Bakıya köçdükdən bir qədər sonra 1932-ci ildə, mayın 25-də onun ilk oğlu dünyaya gəlir. Adını Zaur qoyurlar. Sahib Zauru davamçısı kimi neftçi görmək istəyirdi. Zaurun da bu peşəyə marağı az deyildi. Dəniz sahilində yaşaması, hər gün yaxınlıqdan keçən matros dəstələrinə tamaşa etməsi onu bu peşəyə səsləyirdi. Ona görə də 7-ci sinfi bitirdikdən sonra neft texnikumuna daxil olur. Oranı bitirdikdən sonra isə Neft və Kimya İnstitutuna qəbul olunur. Burada oxuduğu müddətdə MK-dan gələn bir təklif onun taleyində həlledici rol oynayır. Mircəfər Bağırov təklif edir ki, bir qrup bacarıqlı tələbə sualtı qayıqlarda hərb sənətini öyrənmək Latviyaya göndərilsin. Beləliklə, Zaur da 2-ci kursdan Riqadakı Ali Sualtı Üzgüçülük Hərbi Dənizçilik Məktəbinə qəbul olunur. Buna görə Zaur Sadıqzadə 1951-ci ildən, 19 yaşından taleyini Latviya ilə bağlamalı olur. 5 il sonra, 1956-cı ildə o, Latviyada bu məktəbi uğurla bitirir.
Zaur Sadıqzadə ilk dəfə 1957-ci ildə dənizə gəmi heyətinin rəhbərlərindən biri - 2-ci şturman kimi çıxır. Məlumat üçün bildirək ki, bu rütbəyə yüksəlmək üçün mütləq 4-cü və 3-cü şturman mərhələsi keçilməli idi. Lakin onun ustalığı və peşəkarlığı nəzərə alınaraq Zaura birbaşa 2-ci şturman vəzifəsi etibar edilmişdi. 2 ildən sonra o, artıq gəmidə səlahiyyət etibarı ilə 2-ci vəzifəyə - kapitan köməkçisi vəzifəsinə təyin olundu. 3 ildən sonra, 1962-ci ildə isə 30 yaşında Zaur Sadıqzadə ilk dəfə olaraq dənizə gəmi kapitan kimi çıxdı.
Zaur hələ 10 il əvvəl, 2002-ci ildə, 70 yaşı tamam olanda 40 ildən artıq gəmi kapitanı olduğu üçün Ginnesin rekordlar kitabına düşmüşdü. Sonralar digər bir göstəriciyə görə, o, 2-ci dəfə Ginnesin rekordlar kitabına yol tapacaq. Bu barədə isə bir qədər sonra.
Bu illər ərzində isə Zaur Sadıqzadə dənizçilik sahəsində çoxlu uğurlar qazanmış, Latviyanın Əməkdar Balıqçısı adını qazanmış . Lenin ordeni ilə yanaşı onlarla digər orden və medala layiq görülmüşdü.
1980-ci ildə isə “Viktor Xudakov” gəmisinin kapitanı kimi yüksək nəticələr əldə etdiyi üçün o, SSRİ Dövlət Mükafatına layiq bilinmişdi. Latviya mətbuatı isə vaxtaşırı olaraq onu “Dəniz cəngavəri” kimi təqdim edirdi.
...Zaur ağır tonnajlı “Bpyük” gəmisində işlədiyi dövrdə həmişə birincilər sırasında yer almış, onun fəaliyyəti vaxtaşırı olaraq Latviya mətbuatının diqqətində olmuşdur. Onun uğurları barədə Latviyada genişhəcmli kitab yazılmış, Riqada və Bakıda bu kapitanla bağlı bir neçə sənədli film çəkilmişdir.
Əməkdar İncəsənət Xadimi Braun Uldisin çəkdiyi “Kapitan Zaur Sadıqzadə” filmi onun ölkə miqyasında daha yaxşı tanınmasına yardımçı olmuşdur.
1985-ci ildə yazıçı P.F. Mavrenkov Zaur Sadıqzadəyə həsr etdiyi “Reysdən reysə” adlı kitabında isə onun ömür yolu, arzu və düşüncələri daha tutarlı detallarla öz əksini tapmışdır.
Yazıçı həmin kitabında qeyd edir ki, Zaurun komandir olduğu, ən böyük tralerlərdən sayılan “İngeger Yudençev” gəmisi SSRİ miqyasında yüksək göstəricilərinə görə X və XI beşilliklərin qalibi olmuşdu. Yazıçı kitabda Zaurun həyat fəaliyyətinə aid olduqca maraqlı detalları qələmə almışdır.
Yazıçı - jurnalist Oksana Döniçeva isə 2002-ci ildə, onun 70 illik yubileyində aşağıdakıları bildirmişdir: “Dəniz hamıya qarşı sərtdir. Onunla dostluq etməyi, onunla eyni olmağı yalnız cəsarətli dənizçilər bacarır. Onlardan biri də Zaur Sadıqzadədir. O, 70 illik yubileyini də, dənizdəki 50 illik fəaliyyətini də elə dənizdə - Atlantik okeanının cənubunda qeyd edib. Artıq yarım əsrdir ki, o, yubileylərini balıqçı gəmilərində, son 40 ili isə bu gəmilərdəki kapitan körpücüyündə keçirir. O, ilk latış gəmi kapitanlarından biri olur ki, Atlantik okeanından Sakit okeana ən çətin keçid olan Dreyk boğazını və Panama kanalını uğurla keçir. Xəritədə elə su sahəsi yoxdur ki, Zaurun komandir olduğu kəmi orada olmasın. İlin bütün fəsillərində dənizdə olan Zaur tez-tez yeni balıqçılıq rayonları kəşf edir. Çoxlu fırtınalara, çovğunlara, qasırğalara düşsə də, onun rəhbərlik etdiyi gəmi bur dəfə də qəza keçirməyib. Dəniz cəngavəri həmişə təbii fəlakətlərə qalib gəlir”.
“...Təxmini hesablamalara görə, onun komandir olduğu gəmi 300 min tondan çox balıq ovlayıb və bu göstəriciyə görə 2-ci dəfə Ginnesin rekordlar kitabına düşüb. Sovet dövründə 100 min ton balıq ovlayan komandirə Sosialist Əməyə Qəhrəmanı adı verilirdi. Lakin o, latış olmadığı üçün bu ada “layiq bilinmədi”. Sonradan isə məlum olmuşdur ki, ona Sosialist Əməyi Qəhrəmanı adının verilməməsində latış olmaması bəhanə imiş. O vaxt SSRİ-yə rəhbərlik edən M.S Qarbaçovun azərbaycanlılara qarşı rəğbəti olmadığı üçün deyib ki, onun familiyası xoşuma gəlmir”.
Hazırda Zaur Sadıqzadə 80 yaşına yaxınlaşsa da, sahildə oturmaq onun xarakterinə ziddir. Rəhbərlik peşəkarlığına görə Zaurla işləməyə yenə maraqldır. (Yaxşı ki, orada 65 yaş senzi dəbdə deyil.)
Hazırda o, rus-ispan şirkəti ilə əməkdaşlıq edir. “Böyük stend” adlı xüsusi soyuducu gəmisində direktor vəzifəsini daşıyır. Bu gəmi sanki üzən balıqçılıq zavodudur. Burada həm balıq tutulur, təmizlənir, həm də emal edilib hazır məhsul kimi üzən bazalara ötürülür.
Zaur imkan tapan kimi tez-tez Bakıya gəlir, doğmaları ilə görüşür. 70 yaşı tamam olan ərəfədə istəyirdi ki, birdəfəlik Azərbaycana gəlsin. Bu zaman İslandiyadan yeni sifariş aldı. Dəniz yenə onun digər istəklərinə üstün gəldi. Necə deyərlər, yenə qalib gələn dəniz oldu.
Zaur qəlbində həmişə Azərbaycana sadiqdir. Buna görə də, 60 il Azərbaycandan kənarda yaşasa da, nə Rusiya, nə də Latviya vətəndaşlığını qəbul etməyib, elə Azərbaycan vətəndaşı olaraq qalıb. Onun 2 övladı var. Biri ABŞ-da, biri isə Latviyada yaşayır. Yeri gəlmişkən, bildirək ki, bu il mayın 25-də Zaur 80 yaşını qeyd edəcək. Biz Zaur Sadıqzadənin ad gününü indidən təbrik edirik.

 
“Cənub xəbərləri”                                   (Ardı var)

Комментариев нет:

Отправить комментарий