Страницы

26.01.2012

Ən qısa əsərdir insan həyatı...


Könül Səid

Yusif Məhəmmədoğlu yaradıcılığı haqqında düşüncələrim

Sinəndə ağrılar zaman-zaman sən
Çox dərdlər çəkmisən, Azərbaycanım.
Qəmli günlərini ağır olsa da
Canda gizlətmisən, Azərbaycanım.


Yaradiciliq insanla birgə doğulur , gözlərini bu geniş dünyaya açır və qol-qanad salıb inkişaf edir. İldən -ilə də öz inkişafının kamil zirvəsini fəth etməyə çalışır. Əslində yaradıcılıq onu yaradanın ruh əkizinə bənzəyir . Sanki hər addımında onun yaradanına dayaq olmaq üçün , dəstək olmaq üçün var olur. Bu ruh əkizinin olması da yazıçını bir fərqli dünyanın insanı olmasına səsləyə bilər. Öz dünyası , öz yaradlcı ruhu ilə fərqlənən yazıçılarımızdan bir də Yusif Məhəmmədoğludur.


O, öz dünyasının rəngarəngliyini yaradıcılığında da əks etdirməyi bacarır. Oxuduqca ani bir baxışla öz ömür yoluna da nəzər sala bilirsən. Fərqliliyi və dolğunluğu hər misrasından oxunur. Onun şeirlərində hər birimiz az da olsa bir yer tuturuq. Öz dünyamızı görə bilirik.
“Məni belə tanı sən” kitabı müəllifin “Qocalmışam demə, ata” (2008) , “Dəniz də dağlar kimidir” ( 2009), “Ömrün otuz yarpağı” (2010) və “Ocaq yeri” (2010) şeir və nəşr kitablarından sonra oxucuları ilə beşinci görüşüdür. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb. “Məni belə tanı sən” kitabını əlimə aldığım andan etibarən onun fərqli bir aurası olduğunu kəşf etdim. Sanki bu kitab mənə yeni və yaşanmamış duyğulardan söz açacaqdı.

Ömür bir cümlədir, ölüm bir nöqtə,
Ən qısa əsərdir, insan həyatı.
Ya yaxşı söylənir, ya pis söylənir,
Dillərdə əzbərdir, insan həyatı.
 


“İnsan həyatı” şeirindən olan bu dörd misrada şair sanki bir insanın ömür yolunu yarada bilib. İnsanın həyat yolunun hər iki fəslindən söz aça bilib . Əslində bir insan ömrünü dörd misraya sığışdırmaq və bunu ustalıqla yaratmaq şairin istedadından bizi xəbərdar edir.
Vətən sevgisi, Vətən yanğısı hər şairin şeirlərinin baş mövzusu ola bilər , amma şeirlərinin döyünən, vuran ürəyinə çevrilə bilməz. “Məni belə tanı sən” kitabının elə ilk səhifəsindən Vətənin doğma qoxusu gəlir. Sanki şeirlərindən hər misrası Vətənin tər çiçəklərinin ətrinə bürünüb. Sanki hər an bu misralar , bu şeirlər canlana bilər. Əslində şairin böyüklüyünü də elə burdan duymaq olar . Onun yaratdığı Vətən adlı tablo insanın üçün həmişə doğma və əzizdir. Şairin ustalıqla çəkdiyi tablodan tam olaraq Vətənin , onun çöllərinin , düzlərinin, vüqarlı dağlarının , bağlarının, fəsillərinin belə gözəlliklərini duya və görə bilirik. Sanki Vətən sözü belə canlanır və səni ən əziz insanı kimi öz qoynuna alır. Belə bir tablonu yaratmaq mirvariləri incə sapa düzməyə bənzəyir. Bu da ki , asan bir iş deyil və zəhmət tələb edir. Şairin həm iti dərrakəsi , həm güclü təxəyyülü və istedadı olmalıdır. “Vətən”, “Azərbaycanım”, “Dağlar”, “Torpaq” və s. şeirlərində Vətənin tablosunu fəqli boyalarla əks etdirə bilmişdi.

Sənin torpağından, sənin suyundan
Min bir gözəlliyin qoxusu gəlir.
Təbiət min cürə naz-nemətilə
Hər addım başında gülür dirçəlir.

Adın Odlar yurdu, eşqin tükənməz
Adına bağlıdır ürəyim, canım.
Sənin qüdrətinlə yaşayıram mən-
Eşq olsun adına Azərbaycanım!
 

Təbiətin sirrlərini kəşf etmək, anlamaq həmişə yaradıcı insanları düşündürüb. Şair Yusif Məhəmmədoğlu da gücünü və sevgisini təbiətdən alır. Şair öz qəlbində təbiətlə bir vəhdət belə yarada bilir. Bu vəhdətdən göy qurşağının müxtəlif rənglərinin qarışığından belə alınan rəng çalarlarını görmək olar .

Dağlarda qonaq oldum, ümmanlarda gecələdim,
Damlalarda yaşadım, kükrəyən ümmanı sevdim.

Zirvəyə əl uzatdım,buludları qucaqladım,
Qayalar arasında lövbərli dumanı sevdim.


Təbiət qorxusunu ram edə bildiyi andan , insana yaxın olduğunu duyduğu andan etibarən tufanını, boranını qapı ardına qoyub, baharını, çiskinli payızını yaradıcı insanların üzünə açır. Şairlərin hər misrasında belə təbiət öz şıltaqlıqlarını növbələşdirə bilir. Gah bahar , gah da payız insanın gözlərini qamaşdıra , qəlbini isə titrədə bilir. Müəllifin “Məni belə tanı sən” şeirlər kitabında təbiətin ən xoş anlarını , günlərini görə bilirik.
İstənilən mövzuya , istənilən problemə şairin şeirlərində rast gəlmək . Sanki şair illərin ağır yükünü çəkib çiyinlərindən salmaq istəmir. Bilə-bilə bu ağırlığa , bu fədakarlığa güc gəlməyə çalışır. Bəli , bu da bir şair ömrünün, bir yaradıcı insan özrünün şərəfli göstəricisidir. Şair hər an bu yükü daşımağa hazır olduğunu şeirlərində sübut etməyə çalışır. Sanki şair bu ağırlıq bir quş qədər yünğül , ya bir dünya qədər ağır olsa nə fərqi var deməyə çalışır .Şair yüküdü və çəkilməlidi deyir. Fərqli fəlsəfi dünyanın qapılarını bizim üzümüzə açır bu şeirlərində. Bizi , oxucuları belə sual qarşısında qoyur . Bəzən tam olaraq hər şeyi ovucumuza qoyur, bəzən də gizli və sətiraltı məqamlari iri bir sual işarəsi altında gizlədir. Oxucunu düşünməyə vadar edir. 

Çəliyini çəkən ömür,
Gəncliyimi sökən ömür,
Həsrət evi tikən ömür,
Sənə borcum nədi mənim?

Qürub evim ana torpaq
Həmümidsən sən, həm də haqq.
Çox da səninkiyəm bir vaxt
Sənə borcum nədi mənim?


Müəllif kitabda böyük bir hissəni müqəddəs varlıq olan anaya həsr etmişdi. Sanki anası hər şeirdə şairin əllərindən tutur, öz isti və doğma nəfəsində onun əllərini qızıdırır. Ana şair üçün itirdiyi bir cənnətin yenidən şeirlərdə canlanmasıdı. Anasını yenidən şeirlərində dünyaya gətirir , bir insan ömrünü yaşadır və yenidən əbədiyyət dünyasına qaytarır . İstəməzdim kədərli notlara toxunum , amma şair itirdiyi anasının simasını məhz şeirlərində yarada bilir. Onunla şeirlərində görüşür və vidalaşır. Kitabda “Ana laylası”, “Ana”, “Anam üçün”, “Anama”, “Neyləyim, Ana”, “Yaman darıxmışam” və s. şeirlərində ananısının ən gözəl portretini yarada bilmişdi. Əslində anaya həsr olunmayan şeirlərindən belə ananın isti nəfəsini duymaq olur.

Yuxusuz gecəmə yuxu gətirdi
Körpə ürəyimdə sevinc bitirdi.
Həyatı anlayıb duymadığım vaxt
Mənə qol-qanadlı nəğmə yetirdi-
Ana laylası. 

və ya

Sən mənim sevincim, bəxtiyarlığım,
Sən mənim ümidim, vəfadarlığım.
Sən mənim ilk sevgim, düz ilqarlığım
Mən sənin o şirin laylanam, ana. 


- deyən şair insanın qəlbində bir titrəyiş , bir kövrəklik yarada bilir.

Bəzən yaradıcı insan həqiqi sevgisini şeirlərində kəşf edə bilir. Yaratdığı gözəlin surətini reallıqdan tam ayırdıqdan sonra ona yeni bir ruh , can verir və sevməyə başlayır. Və bu sevgidən qəribə duyğular dalğası əmələ gəlir. Bu dalğa o qədər güclü olur ki , oxucu belə bu heyranlığın təsirindən bir müddət çixa bilmir. Sevgi və gözəlliyin tərənnümü müəllifin bu kitabında da öz mövqeyini tapa bilmişdi. Hər an bu sevgi , bu gözəllik gizli qalmaq duyğusundan azad ola bilərəm deyə alçaq səslə pıçıldayır. Şair sevgilisinin əllərinin hərarətindən belə qızınır və olduğu dunyadan ayaqlarını üzüb fərqli bir məkana düşür.

Əlini mənə ver, qoy hərarətin
Keçsin ürəyimə, keçsin qanıma.
Əlini mənə ver, məhəbbətinin
Alovu, istisi qızdırsın məni.
Qayğısız, duyğusuz düşüncələrdən
Çəksin bir kənara azdırsın məni.

və ya,

Əgər sevirsənsə, tut əllərimdən,
Qəlbimi xalı tək yoluna sərim.
Quş olub zirvəyə qonası olsan
Mən də qanad açım yanına gəlim.


Müəllif “Məni belə tanı sən” kitabında fəlsəfi yüklü , sevgi atəşli , Vətən həsrətli , Ana nisgili ilə dolu şeirləri ilə yanaşı doğmalarını da unutmamağa çalışmışdı və yeri gəldikcə onların da könlünü almış , şeirlərinə gətirmişdi. “Eləmi” ( ömür-gün yoldaşına), “Oğluma” ( oğlu İsmayıla), “Ay oğul” (oğlu Məhəmmədə) şeirləri də çox təsirlidir. Əslində müəllif bu şeirlərdə dili ilə deyə bilmədiklərini yaratmışdı. Oxuduqca sevginin gücünü və dərinliyini anlayırsan.
Hər yazıçını, hər şairi müəyyən qədər də olsa onun yazılarında kəşf etmək olarmış. Bu fikirə inanmırdım , amma şahidi oldum. Bu kitabı oxuduqca hörmət etdiyim , yaradıcılığını sevə-sevə oxuduğum yazıçının bu günə kimi mənə qaranlıq və gizli qalan məqamlarını şeirlərində kəşf edə bildim. Kəşf etdiyim dünya çox saf bir sevginin və doğmalığın təcəssümüdür.
“Məni belə tanı sən” kitabında istənilən məqama , istənilən problemə və istənilən mözzuya rast gəlmək olar . Bu da şair qəlbinin dərinliyindən xəbər verir. Şair cəmiyyətimizdə kök salan problemlərdən , sevgidən , Vətən dərdindən , Anadan , övladdan və İnsanı düşündürə biləcək hər bir mözudan söz aça bilib. Şair öz qəlbinin dərinliyini və genişliyini hər misrasında belə bizlərə yaxın edib . “Məni belə tanı sən” kitabı müasir ədəbiyyatımızda öz layiqli yerini alacağına əminəm və şairə yeni yaradıcılıq uğurları diləyirəm.

Комментариев нет:

Отправить комментарий