Страницы

31.01.2012

Pərvizin ad gününə


Qənimət Zahid
12 il əvvəlki səni niyə öldürmədim ki?
12 il əvvəl mən sənin bütün gələcək iztirablarına son qoymaq imkanının bir addımlığında idim. Daha doğrusu, bircə barmaqlığında. Bu bir barmaq məsafəni də qət eləyə bilsəydim, sən çox ağrıları yaşamayacaqdın.
2000-də naxələf Yer qayğılarını bitirib yeni minilliyin saxta təntənələrinin arxasında gizlənən yaramazlıqların insanlara verdiyi dərdlərin heç birini daşımayacaqdın.
İrticanın hər bir hücum dalğası onlarla sınan, əzilən, məhv edilən insan taleyi deməkdir və sən bunların heç birini görmədən, duymadan, için göynəmədən həyatını bitirəcəkdin.
Biz də nələrisə itirərdik. O zaman hələ “Öləngi” çap edilməmişdi, amma yazılıb qurtarmışdı. Əlini-ayağını yığışdırıb onu çap etdirmək olardı. “Yad dildə” yazılmazdı. Biz bir roman itirərdik. Səni itirməyəcəkdik. Xatirələrimizdə yaşadardıq səni. Bir az daha gənc, bir az daha canı sulu.
Amma sən də xeyli şey itirdin. Əsəblərini, sağlamlığını, hansısa adamlara olan ümidini. Nə qədər inam dəfn elədin. Kəfənsiz-filansız.
Köşə yazıların qanlı göz yaşları ilə doludur. Bu qədər qan-yaşın bir adamın içindən gəldiyinə inanmaq olmur. Allah insanı nə boyda dərdləri daşımaq üçün yaradıbmış! Dünyanın ən güclü canlısının qarışqa olduğunu deyirlər: çəkisindən yeddi dəfə artıq yük daşıya bilir, deyə. Amma gəl, bu qarışqanın qarşısına lap balaca bir adamın həyatı uzunu çəkib qəbrinə qədər sürüdüyü ən xırda bir dərdi qoy, ürəyi partlar: ürəyi olmaz qarışqanın, amma özü yeddi yerə çatlar. Bu 12 ildə sənin yaşadığın, içindən keçdiyin və hələ də içində yaşatdığın bu qədər dərdlər olmazdı. Daha yüngül, qov kimi olardın. Səni çiynimizə qaldırıb onlarla kilometr aparardıq, məzara doğru, “uf” da deməzdik. Amma indi o qədər dərd-sərlə həll olub ağırlaşmış, çəkilməz-daşınmaz olmuş özlüyünü daşımaq da zor işdi. Məzar cəhənnəmə, bir çayxana stoluna qədər səninlə yan-yana  addımlamaq belə zülümdü. Çox ağır söhbətdi.  O qədər yazı-pozunu, oxunan-yazılan bu qədər kitab-dəftəri, yazılmayan, yazıla bilməyən bu qədər haqq-hesabı böyrünə alıb da nə var-nə var, “bunları daşıyan əziz bir adamdır”, deyə kimdir səninlə yan-yana gedən?..
Amma 12 il əvvəl bu qədər ağır deyildi. Və o küdrüdə, hələ göl ola bilməmiş o nohurların yanında, taxılı biçilib samanı qalmış o zəminin böyründə barmağımı tərpədib səni bu qədər zülümlərdən azad edə bilsəydim, nə verərdin mənə? Nə verə bilərdin ki? Əlindən nə gələrdi ki? Elə 12 il verərdilər mənə də. Bu 12 ili mən də gedib bir hücrənin kənarında oturub səni xatırlardım. 12 il əvvəl bu dünyadan gedən sənin dərdini çəkməyə nə vardı ki?..
12 il əvvəl barmağımı br qədər də sıxıb o güllənin o lülədən çıxıb havaya uçmaq imkanı olmadan gicgahına dirənən yerdən beyninin içinə girməyini görsəydim, nələri görmək imkanını itirəcəkdin? Özün üçün fikirləş, çünki sənin gördüklərini mən görmürəm.
Bir barmaq və bir saniyə. Atan 40-50 metr uzaqlıqdan bağırıb: “Tüfəng doludur!!!”, deməsəydi, ikimizin də həyatımız çox fərqli olacaqdı. Sən o dünyadan məni lənətləyə bilməyəcəkdin, çünki bu bir təsadüf olacaqdı. Amma özünü  bu dünyada özünü sənin yerində qalan sayanlar məni yamanlayacaqdılar ki, guya qəsdən olub.  Sən o dünyada azad, qayğısız, asudə hərlənərdin özün üçün. Mən sənin əvəzində bu dünyanın dərdlərini qaşıyardım. Bir insana bundan artıq nə yaxşılıq eləmək olardı ki? Sənin əvəzinə bu dünyanın bütün əziyyətlərini çəkəcəkdim, sən də məsuliyyətsizcəsinə o dünyadan məni izləyəcəkdin. Tam mənada məsuliyyətsizcə, çünki o dünyada yerləşib də bu dünyanın məsuliyyətini çəkməyə davam etmək olmaz. Ölçülər fərqlidir, çünki. Heç, burdan-bura Aydakı ölçüləri Yerlə uyğunlaşdırmaq olmur. Ayda da çəkisizlikdir, atmosfer–filan yoxdur.
12 il əvvəl bu söhbət baş tutmadı. Çək əzabını. Hələ 50-60 il də bu əzabı yaşayacaqsan. Özün seçdin. Və bu seçimə görə səni təbrik edirəm.

Комментариев нет:

Отправить комментарий