Страницы

30.01.2012

Qədim Azərbaycanda Mitra və Anahit kultu




“Xristianlıq meydana çıxmasa idi, bütün dünya Mitra dinini mənimsəyəcəkdi”- Ernest Renan (fransız düşünürü)
Qədim Azərbaycan ərazisi öz inanc rəngarəngliyi ilə hər zaman tədqiqatçıların maraq obyekti olub. Nəzərə alsaq ki, tarixin ilk özünəməxsus sistem təşkil edən monoteist inancı olan zərdüştiliyin vətəni Midiya xaqanlığı olub, o zaman məsələnin ciddiliyini dərk etmiş olarıq. Doğrudur, müəyyən səbəblərdən dolayı tarixən bizə qonşu olmuş və zamanla torpaqlarımızı və inanclarımızı mənimsəmiş farslar və kürdlər bu məsələdə ev sahibliyi etməyə çalışsalar da, sonuc olaraq hər zaman dəlil və sübutların qarşısında aciz qalmışlar.


Bu gün Türkiyədə əslən kürd olan araşdırmaçılar (başda Sirac Bilgin və Sami Solmaz olmaqla) həm zərdüştiliyi, həm də ki maniçiliyi özlərinə pərçim etməyə çalışsalar da, heç bir halda elmi dairələrdə ciddiyə alınmırlar. Neynəmək olar? Keçmişi olmayanlar, özünəməxsus inancları olmayanlar özgəninkini oğurlamaqda və hətta oğurladıqlarını da eybəcərləşdirməkdə hər zaman mahir olmuşlar. Bizim görəvimiz bizdən oğurlanmağa çalışanlara sahib çıxmaq və onu tarixdə yaşatmaqdır. Bu baxımdan yazımızda ədəbiyyatlarda kifayət qədər tədqiq olunmayan iki qədim inancımıza nəzər yetirəcəyik. Bunlar qədim Azərbaycanda Zərdüşt dinindən öncə olan və sonradan zərdüştiliklə çuğlaşan Mitraçılıq və Anahit kultudur.
Mənbələrdə Mitraizm, Mehrpərəstlik kimi qeyd olunan və müəyyən qədər təktanrılı Zərdüşt dini çərçivəsində izah olunmağa çalışılan Mitra kultu tarixdə tam olaraq özünə dayanaqlı bir yer tutmayıb. Bunun səbəbi tarixin müəyyən dönəmində Mitra kültürünün geniş bir coğrafiyanı əhatə etməsi və sonrakı dinlərə və təlimlərə təsir göstərməsidir. Avestanın Mitraya həsr olunmuş Mihr-Yaşt bölməsində personifikasiya edilmiş Mitranın spesifik xüsusiyyətləri, funksiyaları ətraflı şəkildə qeyd olunub və ən maraqlısı müxtəlif məbədlərdəki freskalarda və tapılan maddi-mədəniyyət nümunələrində bunların bir-birini tamamlamasıdır.
Avestaya görə, Mitra ilahəsi həqiqətin carçısı, bəlağətli, xoşsəsli, geniş otlaqlara malik, minqulaqlı, şux bədənli, xoş nəfəsli, on min gözlü, sayıq, ucaboy, qamətlidir, qaniçən düşmənlərin ordusunun yenən, yalan söyləyən ailə və icma başçısını, hətta iri vilayət və ölkə başçısını cəzalandıran, ona yaxşı davrananlara, dua edənlərə isə çoxlu sürülər və övladlar bəxş edən, yuxunun nə olduğunu bilməyən xarakterə malikdir. Yəni bir növ Mitra döyüşləri idarə edən və haqlı tərəfi, sülhpərvər ölkələri, ailə ocaqlarını müdafiə edən müharibə ilahəsidir, gücün simvoludur. Məhz bu xarakterinə görə sonralar Mitra inancı Roma qoşunları içərisində də özünə yer tutmuşdur. Mitranın simvolları aypara, günəş və ayğır təsvirləridir. İnanca görə o, insanlara ayğır və erkək at şəklində görünərmiş. E.ə I əsrə aid olan və qədim İkiçayarasında yerləşən Dura Evropos şəhərindəki Mitra məbədinin freskalarında Mitra silahdaşları ilə birlikdə düşmənlərinin üstünə hücuma keçərkən təsvir edilib: Mitranın sol əlində ayparaşəkilli kamanı və onunla bir sırada qaçan iki ceyranın başında isə qoşa aypara nişanlı uzun lentlər mövcuddur. Mitra ilə yanaşı gedənlər onun köməkçiləri olan Soruş və Raşnudur. Mihr-Yaştda qeyd olunur ki, Mitra döyüşə gedərkən onun sağında sadiq Soruş, solunda isə uca, güclü, qamətli Raşnu hərəkət edir, eyni zamanda möminlərin ruhu olan Fravaşilər, həmçinin bütün bitkilər və sular da onunla birgə hücuma keçirlər. Onun arabasını isə səma yemləri ilə qidalanan, ağ rəngli, qabaq ayaqları qızıldan, arxa ayaqları gümüşdən nalları olan dörd ölməz ayğır aparmaqdadır. Doğu Midiyanın Təpə Siyalk yaşayış məskənindən tapılmış və dəmir dövrünə (m.ö X-VIII yüzillər) aid olan boyalı gil qabda Mitranın təsviri Avestanın 10-cu Yaştında verilən məlumatla eynilik təşkil edir. Belə ki, qabın qulpunun aşağısında qeyd olunan düzbucaqlılar Mitranın sahibi olduğu geniş otlaqların, üzərində günəş olan at isə Mitranın özünün simvoludur.

Aypara nişanı Midiyada tapılmış Qızqapan sərdabəsinin sütunları arasında yerləşmiş dairəvi lövhə üzərindəki Mitranın qabarıq təsvirinin altında da çəkilib. Sonralar bu aypara nişanını Sasani hökmdarları gücün simvolu kimi taclarına yerləşdirmişlər. Mitranın əsas simvolu olan ay və günəş şərqdə geniş şöhrət qazanaraq bir çox inanclara təsir göstərir. Bu gün bayrağımızda olan aypara və günəş də Mitranın simvolik təsvirindən başqa bir şey deyildir.
Mitra kültürü həmçinin Quzey Azərbaycanla da bağlı olub. Arxeoloqların Qazaxda, Ağstafa çayın sol sahilində aşkara çıxardıqları Mitra ocağı və Mitranın fiquru tədqiqatçılara görə miladdan öncə II minilliyə aiddir. Fiqurun üzü və burnu uzun, gözləri və ağzı kiçik, qulaqları isə qalın halqalar şəklindədir. Bütün bunlar fiqurun Avestadan bəlli olan Mitranın xarakterinə uyğun olması onun məhz Mitraya aidliyini ortaya qoyur.
Mitraizmin ən böyük tədqiqatçısı olan belçikalı alim Frans Kumonta görə Mitra kultu əvvəlcə şərqdə yaranmış, sonra isə qərbə yönələrək Romada geniş inam qazanmışdır. Bu barədə Avestanın görkəmli tədqiqatçılarından Yusif Vəzir 1929-cu ildə yazır: “Mədəniyyət yayan, həyatın yaradılışının əsasını mübarizədə görən bu din xristianlıqdan 10-15 il əvvəl Yaxın Şərqdə böyük bir mövqe qazanmışdır. Zərdüşt ruhaniləri mağlar qədim zamanlar Muğanda yaşamışlar. Bunu IX-X əsr ərəb coğrafiyaşünasları da qeyd edirlər. Babildə, Kapadosiyada zərdüştliyi yaymağa çalışırdılar. Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu xristianlığa bir əsr qalmış Zərdüştliyə qapılmış və Mitra (Mehr) allahını mənimsəmişdi”. 1925-ci ildə Parisdə nəşr olunmuş, fransız alim Huart tərəfindən yazılmış “Qədim İran” adlı mənbədə isə deyilir: “Pompeydən başlayaraq Konstantin zamanlarına qədər Mehrə pərəstiş etmək romalılar, xüsusilə əsgərlər arasında böyük mövqe qazanmışdı. Bu, hətta xristianlıq üçün təhlükə təşkil edirdi”
“Mitra” adının hərfi mənasının “müqavilə” və “dost” olduğu bildirilir. Mitradan bəhs edən ən qədim yazılı mənbə Anadoluda Boğazköy qazıntıları zamanı aşkar edilib. Miladdan öncə XIV əsrə aid olan və Hett dövləti ilə Mitanni dövləti arasında bağlanan barış sənədində Mitranın şahidliyi və qoruyuculuğu qeyd olunur. Təsadüfi deyil ki, sonralar Anadoluda mövcud olan bir çox krallıqların (Pont, Bosfor və s.) hökmdarları Mitridat (“Tanrının ilham verdiyi” mənasındadır) adını daşıyırdılar. Mitranın doğum günü kimi qeyd olunan dekabrın 25-i tarixi isə xristianlığın qələbəsindən sonra İsaya aid edilməyə başlandı. Özülü miladdan öncə II minillikdə doğuda qoyulan Mitra inancı miladın IV əsrinə qədər öz varlığını sürdürmüş və Romada xristianlığın rəsmi şəkildə tanınmasına qədər hakim mövqe tutmuşdur. İmperator Neron özünü Mitranın sadiq qullarından hesab edirdi. Mark Avreli isə indiki Altenburq ərazisində Mitra məbədi (Mithreum) tikdirmişdi. Məbədlərdəki əsas freska Mitranın kosmik buğanı öldürməsi motividir.
Bu motiv sonralar ezoterik məktəblərin inancında öz varlığını qoruyub saxlamışdır.
Qədim Azərbaycanda və Orta Asiyada geniş yayılmış inanclardan biri də Anahit kultudur. Bu inanc da eynilə Mitra inancı kimi Zərdüştilikdən öncə mövcud olmuş, sonralar Zərdüşt dini ilə çuğlaşaraq varlığını sürdürmüşdür. Avestanınn Yaştlar kitabının V fəsli olan “Anahit Ardvisura öygü” məhz Anahit ilahəsinə həsr olunub. Anahit xeyir və bərəkət, bütün heyvanların hamisi, həmçinin su ilahəsidir. O, təsvirlərdə əllərində və qollarında bilərzik, boynunda sinəbənd olduğu halda, çılpaq vəziyyətdə şir, qoyun və s. heyvanların üstündə dayanmış formadadır. Avestaya görə, Anahitin ən əsas görəvi ər kişilərdə toxum yaratmaq, qadınlarda isə analıq bətnini hazırlamaqdır. “Anahit” sözünün türkcə izahı da məhz bu anlamı ifadə edir: Anahit “ana (ənə)” və “hit (sıt)” –“müqəddəs” sözlərindəndir. İlahənin funksiyası demək olar ki, Altay türklərindəki Humay (Umay) ilahəsi ilə eynidir. Anahitin ləqəbi olan Ardvisur isə türkcədə bu şəkildə izah olunur:
Ard-Art-dağ, dağ keçidi, dağlık sahə, “Vi”- Altay türkcəsində “mənim”, “Sur” -əzəmət, qüdrət anlamındadır. Ümumilikdə ləqəb “Dağ zirvəsi mənim qüdrətimdir” mənasındadır.
Anahitin digər mühüm funksiyası hökmdarlara güc bəxş etməkdir. Belə ki, Ardvisur Yaştın əsas mövzusu hökmdarların Anahitə qurban gətirməsi və ondan kömək istəmələridir.
Anahit kultu orta əsrlər dönəmində də Orta Asiyada öz varlığını sürdürmüşdür. Altay Məmmədov “Kəngərlər” əsərində yazır: “Xarəzmdə tapılan heykəlciklərin çoxu Anahit fiqurlarıdır. Belə  fiqurlar Əfrasiyabda, qədim Soğd ərazisində də aşkar edilmişdir. Avestadakı məlum Anahit ilahəsinin adının qədim türkcə olması və bu ilahə heykəllərinin Orta Asiyada qədim türklərə məxsus mərkəzlərdə tapılması çox şey deyir. Quteybənin əritdirdiyi heykəllər içərisində qədim türklərin Anahit və Umay ilahələrinin heykəlləri də vardı”.
Beləliklə, aydın olur ki, doğuda yaranmış Mitra inancı öz varlığını IV əsrədək sürdürsə də, Anahitə olan inam İslamın Orta Asiyaya gəlişinədək xalq arasında hələ də yaşamaqda idi.

Dilqəm Əhməd

Комментариев нет:

Отправить комментарий