Страницы

28.01.2012

Xalq yazıçısı Anarın “qızıl toyu” oldu

Yanvarın 27-də Azərbaycanın iki ziyalısı - Xalq yazıçısı Anarın və musiqişünas alim Zemfira xanımın “qızıl toyu” olub.
Modern.az saytının məlumatına görə, Anar və Zemfira xanım evliliklərinin 50 illiyini ailədaxili mərasimdə qeyd ediblər. Bununla da 50 il öncə ailə həyatı quran cütlük birlikdə xoşbəxt olduqlarını bir daha nümayiş etdiriblər.
Qeyd edək ki, Anar və Zemfira Səfərova birinci sinifdən onuncu sinifə qədər bir yerdə oxuyublar. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira xanım konservatoriyaya daxil olsa da, onların yolları ayrılmayıb, nişanlanıb, sonra da evləniblər. Cütlüyün toyu 1962-ci il yanvarın 27-də olub.

2012-ci il yanvarın 27-də Anarla Zemfira xanımın evliliklərinin 50 ili (“qızıl toy”) tamam olub.

Anar və Zemfira xanımın 2 övladı var. Ailənin böyük övladı Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib. Yazıçı-publisist Günel Anarqızı Mədəniyyət və Turizm Nazirliyinin “Pəncərə” jurnalının baş redaktorudur.

Yanvarın 27-də Anarla “qızıl toy”larını qeyd edən Zemfira Səfərova AMEA-nın müx­bi üz­vü, pro­fes­sor, Əmək­dar in­cə­sə­nət  xa­di­mi, əmək­dar elm xa­di­midir.
Anar 1991-ci ilin martından Azərbaycan Yazıçılar Birliyinin sədridir. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatlarının sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə “İstiqlal” ordeni ilə təltif edib.
1938-ci ildə doğulmuş yazıçının bu il martın 14-də 74 yaşı tamam olacaq.

Комментариев нет:

Отправить комментарий