Страницы

27.01.2012

Yazmaq - yüksək səviyyədə şahmat oyunudur

Cavanşir Yusifli


(Hörmətli Əsgər Rəsulova)


Hər bir insanın, xüsusi halda hər bir yazı adamının arxasında bir səs var. Bu adamlarda həmişə geri dönmək, çevrilib “onu çağıran adama” hay vermək “qorxusu” var. Yazı bu “çağrılmaq” qorxusu yarananda baş verir, ancaq hər dəfə eşidilən səs yazıya səbəb olmaya da bilər.


İndi bizim ədəbi aləmdəki xaosun əsas səbəblərindən biri bu səsin dərinliyə batmasıdır. İndi yazılan mətnlərdə “ştampın qara ləkəsi” üzdədir, istisnasız olaraq bütün şeirlər hansısa sxemdən, yazan adamın içini zəbt edən qəlibdən doğur.

Bəlkə bütün zamanlarda belə olub, xalis qızıl külçəsi elə zir-zibilin altında gizlənir ki, onu axtarıb tapanda olur ki, ömrünü itirirsən. Bu mənada yazmaq dəhşətli məşəqqətdir. Qədim vazaların birinin üstündəki freskada Heraklın şiri parçaladığı səhnə təsvir edilib. Bu məqamda fransız yazıçısı Olivye Rolənin suallarımdan birinə verdiyi cavabdan sitat gətirmək istərdim: yazmaq adamı tükədir, çox ağır fiziki iş kimi cismi yorğun salır. Bu, nə qədər qəribə olsa da, həm də çox yüksək səviyyədə şahmat oyununa bənzəyir, üzdə hansısa fiziki güc sərfi bilinmir, ancaq tərəflər bir neçə kilo itirirlər. Yazmaq axtarmaqdır, yorulmadan nəyisə axtarmaqdır, eni-uzunu bilinməyən söz dükanında o baş-bu başa var-gəl etməkdir, tər-qan içində heykəl tökməkdir, söz daşına işləyən iskənədir, onları söz formasına düşməyə məcbur etməkdir, bütün formalarda görünə bilmək üçün sözləri əyib-qatlamaqdır, vəhşi bir heyvanı ram etməkdir, sadəcə : çox böyük enerji sərf etməkdir...

Bunların hamısı məlumdur, onları bizimkilər də, elə fransız ədibləri də dəfələrlə deyiblər, söhbət əməldən gedir. Bundan da gözəl, parlaq... sözləri deyib ortaya çox sönük əsər qoymaq olar. Yəni deməklə eləmək ayrı-ayrı şeylərdir. Bizdə bu sözləri (... üstəgəl dünya nəzəri-estetik irsindən milyon çeşid həftəbecəri) həm də ona görə deyirlər ki, ortaya qoyulan mətnin yerini bərkitsinlər. Ancaq evin özülünü elə qazmaq olar ki, içinə girən kimi, adi pıçıltıdan silkələnib yerə çöksün.

Bir də necə yazmaq, nə yazmaq...

Ədəbi-tənqidi və xüsusən də ədəbiyyatşünaslıq yazılarında şantaj stixiyası o qədər qabarıqdır ki, az qalır...gözün üstündə qaşın olsun. Filan əsər ona görə zəifdir ki, filan-filan mətnlərə istinad edilməyib. Məncə nə vaxtsa İndoneziyada qopan sunaminin də səbəbini elə bu incə məqamda axtarmaq lazımdır. Bir az da dəqiqləşdirək: ideoloji baxımdan bütün ziyanlı əsərlər sonra ya sunamiyə, ya da başqa bir təbii fəlakətə səbəb olur. Yaxud: Aqil Abbasın romanı ona görə zəifdir ki, XXX Seymur Baycanın əsəri ondan bir çimdik güclüdür, belə şeyləri görəndə adamı öyümə tutur, yəni bu məqamda dərhal, vaxt itirmədən Sartrı vərəqləmək lazımdır, bir az geciksən müqayisəli əruzşünaslıq haqqında traktatları oxumalı olacaqsan. Dostoyevskinin başına da oxşar vaqeə gəlmişdi, ölümə aparılırkən, son anda hökmü dəyişdirdilər: bir müddət yarıqaranlıq otaqda “Yoxuşlar” romanını oxumalısan.

Lui Araqon 50-ci illərdə sovetlər birliyinə gələndə yazıçıların qurultayında çıxış etmişdi. Fransız ədəbiyyatının mənbələrindən və bunun ədəbiyyat tarixində necə əks edilməsindən danışarkən demişdi ki, Molyerin adının fransız poeziyası tarixinə salınmaması ədalətsizlikdir. XVII əsrin bu qüdrətli sənətkarı milli ədəbiyyat kontekstində bir növ müəyyənləşdirici rola malikdir. Özündən əvvəlkilərə və sonrakılara münasibətdə. Bildiklərimə görə, Molyer ədəbiyyata gəlişiylə çox şeyi dəyişdi, onun gəlişinin əvvəlində Kornel və Rasin artıq heç nə yaza bilmirdilər, ədəbiyyat stilizasiya üstündə sürüşürdü... Molyerin komediyaları ədəbi prosesə can verdi (fikrimizcə, hər janrın daxilində millətin taleyi ilə bağlı bir mistik mətləb var), bu janr gələcək üçün çox geniş ədəbi müstəvi hazırladı, XVIII əsrdə roman janrındakı nailiyyətlər də onların sayəsində əldə edildi. Qoqolun bir fikri var: Molyerin personajlarının kölgəsi də sirlə doludur. Qoqola çox inandığımdan bu sözləri eynilə bizim Mirzə Fətəli Axundova da aid edirəm. Axundov nəsr də yazdı, ancaq bu əsər sadəcə bir model idi, gələcəyə işarə idi. Əslində komediya janrının bətnində bütün digər janrlar da özlərinin təyinedici xüsusiyyətləri ilə, olsun ki, rüşeym halında iştirak edir. Bir janr kimi, komediyanın bətnində keçmişdən ayrılmağın, keçmişlə haqq-hesab çürütməyin nəticəsi var.

... Səs...

Olur ki, bir insanı çağıran səs başqa bir insanın taleyində üzə çıxsın...

Ya da heç çıxmasın, belə də olur...

Комментариев нет:

Отправить комментарий