Страницы

01.02.2012

552 milyon manatı daha gizlətmək mümkün deyil

552 milyon manatı daha gizlətmək mümkün deyil
Azərbaycanda 44 bank fəaliyyət göstərir. Onların arasında müəyyən rəqabət olsa da, kredit bazarında sözün əsl mənasında bahaçılıqdır.


Azərbaycanda 44 bank fəaliyyət göstərir. Onların arasında müəyyən rəqabət olsa da, kredit bazarında sözün əsl mənasında bahaçılıqdır. Kredit bazarında qiymətlər əl yandırır. Rusiya ilə müqayisədə ölkəmizdə kredit faizləri 2 dəfə yüksəkdir.Ölkə bankları iş adamlarına və əhaliyə kreditləri illik 18-30 % arasında təklif edirlər. Orta rəqəm 24 %-dir. Hətta hər ay üçün 3 %-lə mikrokreditlər təklif edənlər də var.
Bura kreditlərin əvəzində bank məmurlarının rüşvət kimi aldıqları müəyyən faiz məbləğini (red. M.H. - adətən 10 %) də əlavə etsək, kreditlər müştəriyə 30-35 %-ə başa gəlir. Bu dünya kredit bazarında ən yüksək rəqəm sayıla bilər. Qonşu Rusiyada banklar kiçik və orta biznesə kreditləri 13-17 % arasında təklif edirlər.

Orta rəqəm 14 %-dir. Türkiyə və İranda kredit faizləri bundan da ucuzdur. Deməli, qonşu ölkələrlə müqayisədə kredit faizləri Azərbaycandakından ən azı iki dəfə aşağıdır. Biz hələ Avropanı demirik, orada söhbət 8-12 %-dən gedir. Hətta bir ara maliyyə mənbələri tapmayan Azərbaycanın yerli bankları Avropa banklarından kredit götürərək onu daxili bazarda satmaqla pul qazanırdılar. Hecə deyərlər, verəcəkləri faizin üstünə alacaqları faizi də gəlirdilər, nəticədə 24-36 %rəqəmi alınırdı. Hələ 2008-ci ilin sonlarında bir sıra özəl banklar hökumətə müraciət edərək maliyyə böhranı ilə üzləşməmək və vəziyyətdən çıxmaq üçün Neft Fondundan onlara 1,5 milyard manat vəsait ayrılmasını istəmişdilər. Bu məsələ hökumətdə müzakirə olunsa da, onların bu arzusu reallaşdırılmadı. Yalnız Azərbaycan Beynəlxalq Bankına böhranla üzləşməmək üçün Mərkəzi Bank tərəfindən maliyyə yardımı göstərildi. Həticədə hökumətdən və Mərkəzi Bankdan əlləri üzülən banklar xarici banklara üz tutmaqla onlardan üst-üstə 2 milyard dollar borc götürdülər. Yaxşı ki, böhran dövründə olsa da belə, onlar borclarını geri qaytara bildilər. 2011-ci il iyunun 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına ümumilikdə 8,75 mlrd. manatlıq kredit vəsaitləri yönəldilib. Kredit qoyuluşunun 35,5%-i dövlət, 62%-i özəl banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 5,858 milyard manatını uzunmüddətli kreditlər, 2,892 milyard manatını qısamüddətli kreditlər, 552 milyon manatını isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 8,3% azalıb, qısamüddətli kreditlərin həcmi 23,3%, problemli kreditlərin həcmi isə 43,8% artıb. Hazırda bank sektorunda ciddi problemlər qabarmağa başlayıb. Birincisi, vaxtilə əhaliyə bahalı kreditlər satan özəl banklar pullarını geri almaqda çətinlik çəkirlər. İnsanlar vaxtilə aldıqları yüksək faizli kreditləri qaytara bilmədiklərindən bankların onlardan 550 milyon manat alacağı var. Hansı ki, ötən il sentyabrın 1-ə bu rəqəm 424 milyon manat idi. Bir il ərzində bu kreditlər 128 milyon manata yaxın artıb ki, bu da narahatlığa əsas verir. Görünür, sadə adamlar da kredit götürərkən gəlirlərini və kreditləri qaytarmaq imkanlarını düzgün hesablamayıblar. Əhalinin banklardan aldığı kreditləri qaytara bilməməsi sırf iqtisadi böhranla və əhalinin xərclərinin gəlirlərini qarşılaya bilməməsiylə bağlıdır. Gəlirlər yerində saydığı halda qiymətlər və xərclər o qədər artıb ki, insanlar borclarının girovuna çevriliblər. İkinci problem isə istehlak kreditləri və "abnaliçka" hesabına pul qazanmağa öyrəşmiş Azərbaycanın özəl banklarının kritik duruma düşmə təhlükəsi ilə üz-üzə olmasıdır. Hətta banklardan bir neçəsinin iflasa uğrayacağı gözləniləndir. Ölkənin hər beş başkından biri zərərlə işləyir. Əslində bu, Azərbaycan bank sistemi üçün heç də kiçik rəqəm deyil. Biz nə qədər də böhranın ölkəyə ciddi təsir göstərmədiyini desək də, reallıqlar ortalıqdadır. Bankların likvidlik problemi yaranıb. Bir ara Mərkəzi Bank (MB) banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaratmaq istədi. Amma çox gecikmiş addım atdı. Çünki vaxtında yerli bankların möhkəmlənməsi, real sektorla işləməsi üçün şərait yaradılmamışdı. Banklar daha çox asan sahələrə, o cümlədən istehlak kreditlərinə can atıblar ki, bu da indi onların öz başında çatlaya bilər. Bir qədər əvvəl isə Mərkəzi Bank uçot dərəcəsini yüksəltməklə kreditləri yenidən bahalaşdırdı (5,2 faiz). Bu yolla kredit alış-verişini azaltmaq istəyirlər ki, borclanmanın həcmi aşağı düşsün. Ancaq deyəsən, bizim insanlar artıq banklardan borc götürməyə alışıblar. Bankların zərərində də artım müşahidə edilir. Azərbaycan banklarının vəziyyəti getdikcə kritik duruma düşür. Bankların mənfəəti azalır, zərəri isə artır. Ölkənin bir sıra özəl bankları müflisləşmə ərəfəsindədir və hər han bağlana bilər. Bu isə onlarda pulu olan əmanətçilərin əmanətlərinin də risk altında olması və batmaq ehtimalının mövcudluğu deməkdir. Bəzi xəbərlərə görə, bir neçə özəl bankın vəziyyəti daha kritikdir. MB nə qədər optimist bəyanatlarla çıxış etsə də, müflisləşən banklara birləşməyi məsləhət görsə də, bu, baş tutmadı. Çünki Azərbaycanda bir kimsə başqası ilə ortaq biznesə və banka sahib olmağa həvəs göstərmir. Hətta bankın bağlanmasına razı olarlar, nəinki şərikli bankirliyə. Artıq ölkənin bank kapitalı bazarının 40%-i xaricilərin payına düşür. Hətta xarici bankların yerli bank kapitalındakı ümumi iştirak payına qoyulmuş məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Bəs bu proseslərin sonu necə ola bilər? Hər halda vaxtı keçmiş kreditlərin həcminin bir qədər də artacağı gözləniləndir. Reallıqda belə problemli kreditlərin həcmi daha çoxdur. Sadəcə olaraq, 552 milyon manat rəqəmini daha gizlətmək mümkün deyil. Hətta o da artmağa meyillidir. Unutmaq olmaz ki, ABŞ-da da maliyyə böhranı məhz kreditlərin vaxtında qaytarılmaması üzündən baş verib. Əlbəttə, Azərbaycanda bu, hələlik təhlükəli həddə olmasa da, problemin getdikcə ciddiləşməsi faktdır...

Mahir Həmzəoğlu

Комментариев нет:

Отправить комментарий