Страницы

23.02.2012

“Ay camaat! Mən öz yerimdə ölürəm eeyy...”


konQəşəm Nəcəfzadə

XOCALI MÖVSÜMÜ FEVRAL

Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri...
Qan fışqırır televizorlar...
Məhkəmələr təzədən işə düşür...
Xocalını göstərirlər...

Oğlum deyir ki, mənə keçən ilki lentdi...
Həmin uşaqdı yanında potu...
Mən ondan kiçik idim,
Böyüyüb keçdim onu - deyir oğlum.

Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır...
Bir də göstərilməyi qaldı gələn ilə .

Xocalını göstərirlər...
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.

Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.

Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı-təkrar.

Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Güya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır
Onun da ayrıdı lentləri
Ölümləri ayrıdı
Ayrıdı dərdləri.
Sonra Zəngilanın ildönümü
Sonra Qubadlının, Ağdamın...

Xocalı mövsümüdü bu ay...
Kişiliyin qısır ayı...

Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini.


Qara günün çəkilişi

26 fevralda qalın geyinin
yaxşıca yeyin.
Video kameraları sazlayın
senarilər yazın,
Adamları Xocalıdan xatirə
danışmağa çağırın
Palto geyinsinlər
Yan-yana düzülsünlər.
Hümay arvadı tapın
O danışsın, camaat ağlasın,
Axırda bir dənə bayatı desin
Sabaha ümidli olduğunu
söyləsin.
İşıqlı evdə yaşadığını desin
İcra başcısından
razılıq eləsin.
Qoca kişiləri gətirin
saqqallarındakı ağ işığı
çəkin,
Bir az başıaşağı çəkin
Qəmli-qüssəli çəkin.
İmişlidə dəmiryolu
vaqonunda yaşayan
Gülgəz arvadı axtarın,
tapmasanız keçən ilki lenti
təkrar göstərin.
-Necəsən, xala?
-Yaxşıyam, bala
-Bəs kişi hanı?
-Xocavənddə öldürdülər
başına dönüm.
-Bəs oğlun hanı?
-Şuşada öldürdülər
başına dönüm.
-Bəs qızın hanı?
-Xocalıda əsir düşdü
başına dönüm.
-İndi özünü necə
hiss eləyirsən?
-Çox yaxşıyam
başına dönüm.
Bu səhnəni televiziyanın
qızıl fonduna salın.
Adamlara danışmaq öyrədin,
Xocalıdan xatirə danışdırın
Günahgarı söydürün.
Kadrlara meyid şəkilləri salın,
Şəhid analarına söz verin.
İşğal olunmuş rayonların
icra başcıları ilə məsləhətləşin,
Yaxşı danışa bilənlərin
siyahısını onlardan alın.
Deputaları qabağa verin,
Yanlarına qaçqınları düzün.

lap axırda soyuqdan
donmuş bir uşaq ayağı çəkin!
 

Realist

Qəflətən
Azdramanın səhnəsinə çıxıb
Bütün qəhrəman obrazları
Güllələmək keçir könlümdən.
Baş rolda Əlabbas Qədirov
oynasa belə,
rejissoru Bəhrəm Osmanov
olsa belə.
Bu ildə yenə
Xocalının ad günündə
Azdramaya getdik.
Xocalı faciəsinə
tamaşa elədik.
Oğlum səhnəyə baxıb dedi:
-Ata, bura televizorun içidi?
Xocalı uşaqlarının soyuqdan
donduğunu görəndə
uşağımızın poltosunu
yaxşıca düymələdik.
Əlinə peçeniye verdik,
Üzündən öpdük
Başını sığalladıq.

Əgər tapançam olsaydı
səhnəni tamaşaçı salonuna
salonu səhnəyə çevirərdim bu saat.
Ən birinci özümü güllələyərdim.
Mənim içim Xocalıdı,
Səhnədəki xocalılar
oyunlarını yarımçıq
qoyub zala baxardılar.
Mənim gözlərim uşaq gözləri
kimi ölür,
Ayaqlarım uşaq ayaqları kimi
donur,
Bax sinəm uşaq sinəsi kimi balacadı.
Yanımdakı tamaşaçıların
daz başları
Ağdamın balaca təpələri kimi
qoymur məni
o üzə aşım.
Başlarındakı tək-tək tüklər
tikan kimi əlimə batır.
Icra başçısı çiynimdən
tutub bərk - bərk məni basır aşağı:
Mən sənin icra başcınam
Sən burda ölməlisən.
Çölə çıxsan
Prezident deyər
Xocalını kim buraxıb şəhərə,
Məni işdən çıxardar.
Xocalı gərək öz yerində
Şəhid olsun...

Ay camaat
Mən öz yerimdə ölürəm eeyy...


Комментариев нет:

Отправить комментарий