Страницы

27.02.2012

Azərbaycan vətənpervertlərinin təsnifatı

(Pervert - sapıq deməkdir, ruscası извращенец)

Kateqoriya 1: Dolma vətənpervertləri. Dolmadan, kəlağayıdan doldururlar çemodanlarına, düşürlər yola. Kimi görsələr, deyirlər, bizim qədim və böyük mədəniyyətimiz var. Soruşanda ki, bəs niyə böyük mədəniyyəti olan ölkədə təmiz tualet yoxdur, iki cavab variantı olur: a) sən vətən xainisən. b) söhbəti siyasiləşdirməyin.
Kateqoriya 2: (Natiq dilinə sağlıq). Dəvəquşu vətənpervertləri. Azərbaycan haqqında ölülərdən danışan kimi, ancaq yaxşı şeylər danışırlar. Natiq Cəfərli demişkən, yəqin evdə də zibili xalçanın altına süpürənlərdir. 

Kimsə yanlarında təsadüfən, ölkədəki problemlərdən danışsa, məsələn, desə ki, kəndlərdə qızları məktəbə göndərmirlər, əvvəl göz ağardırlar, sonra açıqca deyirlər ki, bizi biabır eləmə. Etiraz edəndə ki, biabır edən mən deyiləm, bu problemlərə yol verənlərdir, iki variantdan biri, yaxud ikisi səslənir: 1. Sən müxalifətsən, hər şeyi siyasiləşdirirsən. 2. Sənin kimi vətən xainləri ölkəni biabır edir.
Kateqoriya 3: Çarəsiz vətənpervertlər. Bu kateqoriya ən zərərsiz kateqoriyadır. Onlar adətən bütün tədbirlərdə massovka kimi iştirak edir. Niyə və nə üçün gəldiyini bilmir - diasporadırsa, icmadan geri qalmamaq və səfirliyin qəzəbinə gəlməmək, Bakıda büdcə təşkilatının işçisidirsə, hər ay onun 120 manatlıq maaşından zorla "orduya yardım fondu" adıyla 10 manat kəsən direktorunun tapşırığıyla gəlir tədbirlərə, hamı əl çalanda əl çalır, hamı urra deyəndə urra deyir. Bu kateqoriyanın heç kimi heç nədə ittiham etməyə gücü çatmır, amma iştirak etdiyi tədbirlər, maaşından kəsilən pulların təyinatı və effekti ilə bağlı da sual vermir. Çünki qorxur ona da bu damğalardan birini, ya da elə hər ikisini yapışdırarlar: 1. Sən siyasiləşdirirsən. Deyəsən, müxalifətə qoşulmusan haaa. 2.Sən vətən xainisən. 
Kateqoriya 4: Opportunist vətənpervertlər. Bu o vətənpervertlərdir ki, Azərbaycanın Hollandiyadan, Norveçdən, Almaniyadan və s. yaxşı ölkə olduğunu sübut etməyə çalışır, amma Hollandiyada, Norveçdə, Almaniyada və s. oturum almaq üçün əllərindən gələni edirlər.
Azərbaycandakı haqsızlıqlardan söz düşəndə "guya Almaniya burdan yaxşıdır?" kimi suallar verir, Amerikanın İraqda nə qədər məscid dağıtdığı barədə danışır, Azərbaycanda dağıdılan məscidlərdən danışanda isə deyir ki: a) siz müxalifətsiz, Qərbdən maliyyə alıb hər şeyi siyasiləşdirməyə çalışırsız, b) siz vətən xainisiz, pul alıb, Azərbaycanı satırsız. Belələrinə qarşı ən yaxşı vasitə onların Avropada yaşamaq haqqı verən green kart üçün müraciətini tapıb üzə çıxarmaqdır. Hökumət teleproyektlərində işləyib xarici qüvvələrdən danışan propaqandistlərin, müxalifəti xarici qüvvələrə işləməkdə suçlayan deputatların və s. sevdikləri vətənlərində saxlamayıb xaricə köçürdükləri bizneslər, oturum hüququ verən daşınmaz əmlak yatırımları və s. haqda faktlar bir gün üzə çıxsa, bunların propaqanda maşınları çarxsız qalacaq.
Kateqoriya 5: "Hökumətin ayıbını Qarabağla örtən" vətənpervertlər. Ölkədəki korrupsiya haqda danışan kimi deyirlər ki, Qarabağdan niyə danışmırsız? Elə ki, insan haqlarından söhbət düşdü, deyirlər, Qarabağ boyda dərdimiz var, siz nədən danışırsınz? Xarici telekanallar ağrılı problemlərdən reportaj verəndə, təşkilatlar, hökumətlər bəyanatlar verəndə bunu hökmən Qarabağla bağlı hansısa tədbirin pozulması istiqamətində diversiya olduğunu söyləyirlər. Bunlara, Qarabağı azad etmək üçün ölkə güclü olmalıdır deyəndə də deyirlər ki:
a. Siz vətən xainisiz. b. Siz ermənilərin sifarişi ilə hər şeyi siyasiləşdirirsiniz. c. Ümumiyyətlə, müxalifətçi olmaq erməni olmaqdan da pisdir. Bu kateqoriyanın nümayəndələri savad və qabiliyyətinə görə müxtəlif cür ola bilər, Deputatdan tutmuş, savadlı diaspora təşkilatı rəhbərinə qədər. Bu da düşüncə tərzinin savadla deyil, hökumətdən alınan pullarla formalaşdığının təzahürüdür. 
Nisbətən savadlı olanları əks-hücum qarşısında geri çəkilir. Məsələn, "bəsdir Xocalıdan oğru hökumətə tuman tikdiniz", "Qarabağ faciəsi ilə hökumətin ayıbını örtüb bizi dünyanın gülüş obyektinə çevirməyin" deyəndə susurlar. Bir çoxlarını isə susdurmaq üçün məntiq də bəs eləmir.
Kateqoriya 6: Vətəni vətəndən qoruyan vətənpervertlər. Bu kateqoriya istənilən dəyişikliyin ölkədə qan tökülməsinə, sonra da mifik xarici qüvvələr tərəfindən işğalına gətirib çıxaracağını bəhanə edib, tənqidçiləri və dəyişiklik tərəfdarlarını ən azı ağılsızlıqda, daha çox isə "vətəni ambisiyalarına qurban verməkdə" günahlandırırlar. Onlar "siyasiləşdirməyin", və vətən xaini kimi ifadələr işlətmirlər, amma hesab edirlər ki, iki addım irəlini hesablamaq qabiliyyətinə eksklüziv hüquq sahibidirlər. "Dərin" politoloji analizlər verən bu vətən "təəssübkeşlərinə deyəndə ki, dinc üsullarla mübarizə apar: korrupsiya aparatının bir hissəsi olma, oğurluğa haqq qazandırma, "paytaxt sakini" rolunda televiziyaya çıxıb oğru hökuməti tərifləmə, seçkiyə get, səsini dinc vasitələrlə qoru cavabı bu olur: a) məni siyasiləşdirməyin b) Düşmən dəyirmanına su tökmək istəmirəm.
Kateqoriya 7: Elə bilməyin ki, müxaliflər arasında vətənpervert yoxdur. Müxalif vətənpervertlər də bir yerə yığışıb türkçülükdən, bozqurddan filan söz açandan sonra ölkədəki problemlərin əsas səbəblərini çoxdan çözdüklərini deyirlər. Səbəbkarlarsa, onların fikrincə belə sıralanır. 1. kürdlər (hökumətdə, hökumətdəkilərin ailələrində). 2. ermənilər (hökumətdə, hökumətdəkilərin ailələrində). 3. masonlar (onların coğrafiyası barədə dəqiq ifadələr işlənmir). Deyəndə ki, bəs siyasi platforma hanı, sizin siyasətiniz nədir? Cavab belə olur: a) Nə siyasət siyasət salmısan? b) Olmaya sən də vətən xainisən? Və başlayırlar sualı verənin yeddi arxa dönənində, FB dostları arasında və s. kürdləri, erməniləri və coğrafiyası bəlli olmayan yaxınlığında masonları axtarmağa.
Kateqoriya 8: Ödənişli vətənpervertlər. Bu vətənpərvərlik tədbirləri adı altında QHT-lərə yardım fondunun vəsaitini sümürənlərdir.
Kateqoriya 9: Karyerist vətənpervertlər Xocalıya ədalət kampaniyası adı altında kiçik biznesdən və büdcə təşkilatlarından pul yığıb özünə siyasi karyera quranlar.


http://eminmilli.posterous.com/

Комментариев нет:

Отправить комментарий