Страницы

25.02.2012

NOVRUZ ELEGİYASI

Səlim Babullaoğlu

İbrahim Selə

Sözlər lüğətlərdən qocadı,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdı,
Amma sükutundu son sual, cavab, priz.

Çətində əsilzadədir ümidlər,
Talelər öncəgörən qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər,
Yalnız insanlar ki, bic və yırtıcıdır.

Doğrudu, elin gözü tərəzidir,
Adamların da əli əyridir: bu da bulmaca.
Bəzən olur ki, daşa dəymir,
Ümidlər itir, əriyir, havadaca.

Kafedə taybatay açıqdırsa qapılar,
Dünyada hamımız çıxmazdayıq.
Nə Lələ, nə Kərəm...
yalnız qaraltılar...
Siqaret dumanında boğulasıyıq.

Hələ ki menyüdə hərf səhvləri
Dadını qabaqcadan qaçırır xörəklərin.
Sürüşür ağzıyeməkli səfləri
boşqabın dikindəki böcəklərin.

Yenə müğənni qız oxuyur  yanğıyla,
Sən demə, “həyat yaşamağa dəyər”miş -
İnsan ömrə minnət qoymağıyla
yazıqmış, gülüncmüş, birtəhərmiş.

Hə, biz törəsi qədim şümerlərin,
inklərin, germanların, ulu türklərin,
Ayılıb gördük ki, şulerlərin
çevrəsindəyik: niyə, nədən, neçin?

Ömrün dalı qara tiyanında
Dadsız yeməklərə arzular oldu duz.
Uşaqdıq: ən adi parıltılar da
bir vaxtlar bizimçün ulduzdu, ulduz.

İndisə Ədalət, Xoşbəxt, Səxavət
adı qoymaqdayıq biz uşaqlara.
Bir ömr qədər kiçildirik, bəli, əvət,
Bu əbədi şeyləri dikilib uzaqlara.

Budu, ömrün qırxıncı su çərşənbəsi
21 fevrala düşdü, beşinci dəfə.
Özgədi hər yeni təkrar, kəsəsi
yaşansaydı çəkilməzdi ömür birnəfəsə.

Günahlar çeşid-çeşid masasında
Dünyanın qapısında papaqdı ömrümüz.
Verdilər, götürdük lax yumurtasın da
iztirab rəngiylə günahın hər Novruz…

Комментариев нет:

Отправить комментарий