Страницы

01.02.2012

Şeir üzlüm


Nuranə Nur

Günəşin batışı

Üzünə baxıram gözlərin hanı ?
Dönüşün gedişinə xəyanətindi.
Bir gün xəyalında xəyalın idim
mənə Günəşim deyirdin.
İndi hətta
bir quşun qanadı altında da gizlənə bilərsən.
Gedirəm,
Üzümə baxa bilməyən  gözlərini aç,
arxamca diqqətlə bax!
Görəcəksən ki,
nə qədər kədərli olsa da,
Günəşin batışı  doğuşundan da  gözəl olur…

Şeir üzlüm

Gedərkən arxanca atdım,
yaz yağışlarından topladığım göz yaşlarımı.
Düsünmək unutmaq cəhdimdi,
qüsurlarını xatırlamaq da sənə toxunmaqdı.
Şeir üzlüm,
Şairlər qısqanar bu adı sənə.
Yağışlar bulutlara qayıdanda gəlimmi?
Bəlkə də söz verdim,gələ bilmədim
Təkcə sevmək azdı günahımdan keç
Gəlib pəncərənə yağa bilmədim
Sizin qapınızı tanımadım heç…

Uça bilmirəm
      
Ən gözəl göründüyüm ayna idi gözlərin
Indi onlara baxa bilməmək təsəllisini
Baxdığın yerlərdən alıram.
Ən sevdiyim ətir idi nəfəsin
qoxun da qoxuma cox yaraşırdı
daha ciyərlərim  dolmur.
Ən sevdiyim azadlığım idi qısqanclığın
Indi qəfəsindən buraxılan quş kimiyəm
Uça bilmirəm.

O, belə deyir…

Könlümə uzaqlara getmək düşür hərdən
Tuta bilməyəcəyimi bildiyim üçün
Söz vermirəm nə vaxt, hara...
Çıxıb getmək bu şəhərdən
Sakitcə, üzr istəyib bir nəfərdən
Getməliyəm.
Belə inanmalıyam həyatın
Su kimi bir qabda dura bilməyəcəyinə
Getməyimlə bunu sübut etməliyəm.
Bir gün getməliyəm deyə,
Dırnağından yaxaladığım ümüdlərim də
sürüşür əlimdən.
Bir gün getməliyəm,
Uzaqlaşmalıyam ondan.
Və hər dəfə onu xatırlayanda,
kiməsə baxıb “yox! bu o deyil!”deyib
unutmağa çalışmalıyam.
Və yurdunu tərk edib gedən köçəri quşlar kimi
mütləq geri dönməliyəm.
O, belə deyir...

Комментариев нет:

Отправить комментарий