Страницы

24.02.2012

Sel səni basdı!


İbrahim  Sel
Professional Oxucu Liqası

Əlzada Nurinin “Şeirlə dolu yəhər”i üzərində ədəbiyyat söhbətləri

II söhbət: Bu bir neçə ay ərzində Əlzadaya bir neçə qəzet oxutdurub savaba batmışıq

 Mövzu ilə bağlı tez-tez diskussiyalar yapdığımız ziyalılarımızin bir fikri ilə tam razıyam ki, Əlzada zəmanəmizin şeir yazmaq dəbinə uymuş da iflasa uğramışdır. Çünki onun təfəkkür arealında kolxozçuluq və ibtidai icma quruluşu bir müstəvidə, hətta bir-birinə girmiş hadisələrdir.


 Bu qafiyə, heca-meca xalqımızın evini yıxdı. O başıxarablıq anında bu aləmdən ayrılıb öz aləmlərində nə hisslər keçirirlər, Allah bilir. Mənə həmişə maraqlı gəlib əlzadanurilər qayifə axtaranda, heca sayanda nə fikirləşirlər? Çalış səmimi hislərini köçürt kağıza. Naxırçı feyzullalar çox gəlib-gedəcək bu gidi dünyada, onlara çox baş qoşma, şair. Qasid demişkən, sənli də, sənsiz də bu dünya vardı. “Göy elə göy idi, qar belə qardı,/ Su belə su idi, yar elə yardı”. Sonra? Xəbərin yoxdur ki, sənin çuğundur şeirlərin intellektual adamları acı-acı uğundurur. Vaxtın ola, arada bir cəmiyyətə də qatılasan. Sən yaşa və bunları yaz! Əslinə qalsa, mənim sənə bu “necəgəldi” yazıları yazmağa heç vaxtım da yoxdu. Amma necə təsir elədisə, görürsən, yazıram. Ədəbi dil ilə desəm, ekspromt! İndi bunları oxuya-oxuya gah riqqətə gəlib coşursan, gah alnını, qaşlarını yarımsıxma ilə oynadırsan, amma... düşünmürsən. Düşünmək sənə yaddı.
 Poeziya çöldə dəryazla yonca biçmək deyil, Əlzada! Poeziya şairdən ümumi bədii narahatlıq- həyəcanla yanaşı, müəyyən hazırlıq: düşünülmüş platforma-konsepsiya-dünyadərki, üstəlik bu uzun məsafəni qət eləmək üçün nəfəs istəyir. “Şeirlə dolu yəhər”dəki şeirlərdən sonra Əlzadanını dəryazla necə biçdiyini təsəvvür edirəm, amma ruçka ilə yazmasını nə billah edirəmsə, təsəvvürümdə canlandıra bilmirəm. Alınmır. Onun qələmi nəinki poeziyaya, ədəbiyyatın ən ölü sahəsinə belə ölçüyə gəlmir. Lirika mövzusunda o, məlum olduğu kimi bir qayda olaraq uğursuzdur, altına girdiyi mövzu və ideyaların ağırlığına tablamayıb, 60-cı illəri yamsılamağa çalışır, bir az da Salam Sarvana çəkir. Dahi Füzuli deyirdi, “Artıran söz qədrini sidq ilə qədrin artırar,/ Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”- hər bir söz ustasının yaradıcılığının məhsulu olan misralar onun düşüncəsindən, ağlının, qəlbinin süzgəcindən süzülüb gələn, yaşantılarından keçən fik
irlərdir. Oxucu bir şeiri oxuyarkən şüuraltısının önə çıxardığı ilk sual- şeirdə ifadə olunan şairin öz səsidirmi, başqalarına çatdırmaq istədiyi onun həqiqi hissləridirmi?- sualıdır. Əlzadanın şeirlərində Müşfiqin şeirlərində olduğu kimi, skripkadan süzən qarmoniya yoxdur, nağaradan tökülən gerizəkalılıq var. Paravoz! Əlzada Nuri adlı şairə harda rast gəlsəniz, soruşun: bu adam bir şair olaraq kataklizmlər, qrotesk mənzərələr, esxatoloji aləm nə olduğunu bilirmi? Hətta bu sözlərin mənasını da anlamır. İnanmırsınızsa,- bir də deyirəm, -soruuuuuşun! Elə təkcə bu məqamları şairin hiss etməməsi və ya bilməməsi onun naşılığı, ya da qeyri-peşəkarlığı mülahizəsinin meydana gəlməsinə səbəb olur. 
 “Uçan xalça” yazılı mətnlərdən öncə mövcud olsa da, bu paradoksal fakt da ədəbiyyatdır- həyatdan, gerçəkliyin cızdığı xətdən, dairədən kənara çıxan hər şey cızdığı trayektoriyaya görə ədəbiyyatdır. Neyləmək olar ki Əlzadanın ədəbiyyatda çızdığı trayektoriya başdaşılarla hasarlanıb! Onun ədəbiyyat aləmində sükut və qaranlıqdan ibarət bir qəbiristanlığı vardır və o yalnız həmin ərazidə fırlana bilir. Əlzadanın düşüncəvi süjetləri məhz bu dünya və o dünya, maddi və mənəvi, mənəvi və ruhi, insan və Allah sferalarının olduğu-oluşduğu ərazilərdə gəzişir. Hazır morq! Onun poeziyasında esxatoloji-axirət zamanlarının gəldiyinin hər cür işarələrini tapmaq olur. Yəni mətn tonu, intonasiyası etibarı ilə zülməti, cəmiyyətin qaranlığını təsvir edir, onun üstünə gedir, ancaq keçən yazılarımızda qeyd etdiyimiz kimi, zülməti korlar da görür,- bizə nur lazımdır. Projektor! Əfsuslar olsun ki bu adamın yaradıcılığı ilə təxəllüsü tərs mütənasiblik təşkil edir. Məhz bu səbəbə görə Əlzadanı ədəbi kluarlarda “XVI əsr şairi”, “Azərbaycan ədəbiyyatının apendisiti” adlandırırlar.
 Sitat gətirməyi xoşlamıram, ancaq bu yerdə dahilərdən birinin fikrini xatırladım: “O kəslər ki şair kimi bir misrada fikirlərini ifadə edə bilmirlər, o zaman o misranı o qədər uzadırlar ki, dönüb roman olur”. Bu baxımdan yanaşsaq, Əlzadanı Əməkdar Uzunçuluq Ustası da adlandarmaq olar. Onun yazdıqları saqqız kimi uzanan boş-boş cəfəngiyyatlardır. İnanmırsınızsa, tapın o pakrışka qalınlığında başıbəlalı kitabı, oxuyun!
 Savadsızlıq böyük bəladır! Düzdür, sıradan bir vətəndaş üçün dərd deyil, amma adını “şair”, “yazıçı” qoyanlarımızçün əsl dərddir! Bütün ömür boyu sınaqda olmaq, müəllim qarşısında oturubmuş kimi imtahan zalında müəllim insafının “səbr” adlı bir tərəzinin gözündə nə zaman hərəkətə gələcəyini gözləmək- belə şeylər Əlzada üçün yaddır! Düzdür, özünün dediyi kimi, ali təhsil alması haqqında nə az nə çox, düz 3 diplomu var, amma o diplomların nə rəngdə olduğunu nə görən var nə bilən! Yalan deyirəmsə gətirsin göstərsin o diplomları, printerdən keçirək, lap elə bu qəzetə verək! Qoy ictimaiyyət görsün! Bu adam başdan-başa sirr sandıqçasıdır! Əsgərlikdən təzə gələnlərin yanında iki bənd şeir desə, alqışlarla qarşılanar. Ədəbiyyatdan baş çıxarmayanlar üçün əla, başgicəlləndirici sürreal obrazdır. Belə alqışlardan, bəh-bəhlərdən sonra yetəni tutduracağı ilə hədələyir, mazağalardan götürdüyü ərzağın pulunu vermir və düşür rayonun canına, özüyçün heykəl yeri axtarır.
 Ədəbi aləmdə nə qədər oxunmalı mətn arzulayan, yaxşı yazar görmək sevdalısı var, bilmirəm, amma oxucu nəyə görə sevdalısına yox, ona xəyanət edənə bu qədər münbit şərait yaratmalıdır, bax bu böyük dərd olar! Cəmiyyətin bütün gücü bir qrup paraziti yemləməyə gedəndə Əlzadanın “Şeirlə dolu yəhər”inin bir qara qəpiklik qiyməti yoxdur. Azğınlıqlar, mənəviyyatsızlaşma ölkəni atıb-tutur, ictimaiyyət isə adını şair qoyan əlzadanurilərin bu işlərə niyə müdaxilə etməməsinə heyrət edir. Və əlzadanurilərin savadından bixəbər oxucular belə suallar ətrafında baş sındırırlar. Odur ki mənim yazılarım oxucular üçün bir növ mayak rolunu da oynayır.
 Qınayanlar özlərini qınasınlar, çünki nə də olsa mən marketinq dövrünün uşağıyam! Marketinq dövründə isə hər şey, hətta kitab və kitabın adı belə vizuallığa və çağırışa hesablanır. Materiya əsiri insanlara ciddi mənada nəsə təqdim edəndə əgər həmin o nəsə o insanların qulaq və göz yaddaşlarını tərpətmirsə deməli heç nə!
 Xeyrimiz Əlzadaya nə oldu? Öncə alaqaranlıqdan alatoranlıq doğuzdurduq, gecəyə çevrilən gündüzün üzü qızardı, sonra sanki göydən palçıq yağmağa başladı və öz aulunda yaşayan Əlzada əkə divara dırmaşıb çığırdı: “Allah, bizi seldən qoru!”. Adi onu götürək ki, Sakura çiçəyinin şəklini belə görməyən, İndoneziya sunamisindən bixəbər, Folknerin, Belinskinin kim olduğundan anlayışı belə olmayan, Sakit okean sahilində yüzlərlə delfinin intihari səbəbini bir saat danışsan da, beyninə batmayacaq Əlzada bizim qəzetləri oxumağa başladı, xeyli yeni informasiya əldə edib də, hətta bəzi tanışlarının dediyinə görə bir az təkmilləşdi də. Biz də sevinirik; öz aləminə qapılan, XVI əsr təfəkkürlü, komasından redki hallarda baş çıxaran bir novruzəlini yavaş-yavaş kompüter əsrinin uşağına çevirməyə başlamışıq. Daha o episentr, kritika, artyazar, reqress, proqress, youtube, kamikadze kimi sözlərin mənasını tanış yazarlardan soruşmur, informasiya kasadlığından əziyyət çəkmir.
 Əgər sözümüzə baxıb özünə notebook alsa, söz veririk ki sonda xarakiri edən samurayın həyatından bəhs edən filmin diskini də ona göndərərik. Bu bir neçə ayda ona bir neçə qəzet oxutmuşuq, Profliqa missiyamıza dəyərli naxışlar vurmuşuq. Savaba batmışıq, bəyəfəndilər. Əlbəttə, inanırıq ki o bütün yazılarımızı diqqətlə izləyib, yəqin bəzi yerlərdə dodağının altında nəsə mızıldanıb, hətta ola bilsin buna bənzər ifadələr də işlədib: “Sel ki Sel!”. SEL- qorxulu kəlmə olsa da öyrətməyi bacarır, səhvlərdən nəticə çıxarmağa çağırır, hə, Əlzada? Dünya da vecinə deyil, maraqla və sakitcə oturub öz virtual dünyasında yazır. Yəqin ola bilsin ki Əlzadanı evindəki televizor da arada diksindirməyə başlayıb, xüsusən də seldən, sunamidən, qasırğadan reportajlar gedəndə. Son vaxtlar bu yazıların ardı-arası kəsilməyəcəyini eşidəndə kitab-dəftəri lap itiribmiş, amma burda nə qarğış yağışı, nə də molla fərzullasayağı mühakimələr kara gəlmir. “Sözün işığı” mətbəəsinin qabağında son görüşümüz yaddaşından heç zaman silinməyəcək, çünki ona şifahi anonslar verilib, gözlənilən fəlakət horizontdakı sakitliyi yenidən pozub və Əlzadanın əhvalı yenə təlx olub.
 Yaman bərk gedirdi, Selə ilişdi, saatda 120 kilometr sürətlə yerə çırpıldı. Şair Sayman Aruzun prikol bir dördlüyü var, Əlizadə Nurinin indiki durumunu gözəl ifadə edir:

Dəli olub biyabana yollanır,
Şair olub indi də monqollanır.
Daşı atardı quyuya gedərdi,
İndi özü daş yerinə tullanır!

 Hər şey bir neçə ayın içində necə də dəyişdi! Tanrının qəribə möcüzələri var; dünyanın ən ədabaz, zağar şairi gözümüz önündə deqredasiyaya uğradı. Əlzada yenə də XVI əsr adamına xas manera ilə, gizlədə bilmədiyi əsəb və hikkəylə hər şeyə sadə və qısa izah verməyə çalışır: “Bu postmodernistlər elə şeylər icad eləyiblər ki, həmin şeylər lap robotları da hövsələdən çıxarar. Amma məni yox! Cavab yazan deyiləm, üz vurmayın”. İsrarla durub. Guya ki baş qoşmaq istəmir.
 “Allah, bizi Seldən qoru!” deyə dua edən Əlzada əkə cavab yazısı yazmaqdan ilan ala çatıdan qorxan kimi qorxur. Əslində yaza bilmir. Mütaliə noldur. Odur ki şeirlərinə davam eləyir; elə hey molla fərzullasayağı dünyanın sonundan, yer üzünü su basacağından danışır. Məzh buna görə də Sel onu basdı. Gerçək səbəb şu! Mütaliəsi olan adamı heç vaxt Sel basmaz! Basa bilməz. Sənət böyük mənada böyük döyüşləri belə dayandıra bilən bir qüvvədir. Amma sənəti anlayanlar üçün! Sənəti qiymətləndirənlər üçün bu daha etibarlı ola bilər. Yüzillərdən bəri axıb gələn sənət nümunələri, şeir, ədəbiyyat insanlar arasında inkaredilməz bir əlaqə imkanıdır. Bunu daha çox yazarlıqla məşğul olanlar bilirlər. Belə bir atalar sözü var: “Halva, halva deməklə ağız şirin olmur”. Bu atalar sözü də demək olar ki, bizim yazımızın bir mayakı kimidir. Biz yazarlar öz yerimizdə oturub saymaqla, nə qədər “təşkilatlanaq, birgə fəaliyyət göstərək” desək də, yeni dünya düzəni mühitində əlimizi-qolumuzu sallayıb oturmuş olsaq, daha da yaxın olmağımız üçün bir kimsə bizə yardım edən deyil. Bu əsrlərcə sınanmış bir vəziyyətdir. İnkişaf lazımdır. Yoxdursa, çox sadə bir düstürü var- deməli, yenə nə?- mütaliə! Bunu kim də bilməsə, sən Əlzada yaxşı bilirsən! İnkar edilməz bir həqiqətdir və adını yazar qoyan şəxslər üçün vacibdir. Açıq danışmaq lazımdır.
 Postmodernizmin bir əlaməti, ünvanı da “Nanay-nanay ədəbiyyatı”nı cənginə alan Seldir. İnandırım sizi, şairi qorxu basıb, hətta elə qorxub ki palçıq yağışından sonra hər gün cızma-qara etdiyi, bəd ayaqda köhnə kitablardan əkişdirdiyi şeirlərin hecalarını da sayıb düzəldə bilmir. Mənə yazdığı şeirdə heca sayı düz gəlmirmiş, bəndlər həmişəkindən fərqli olaraq əyri-üyrü imiş. Köndələn. Sel diqqəti yayındırır demək. Sel nizamı pozur. Dünyanın qan-qadası içində sakitcə evində barmaqları ilə heca sayan və həmin şeirləri naxırçılara oxuyub həzz alan şair birdən-birə başa düşüb ki, bəzi “ne to” reaksiyalar yaranıb, bu reaksiyaların səbəbkarı, narahat ruhların və sakuranın mənbəyi Seldir. Başqaaa yolu yox artıq!! Sadəcə adam özünü qızıl hesab edirdi, mənsə sübut etdim ki ola bilsin qızılsan, amma probun çooox aşağıdır. Deyirlər ən yüksək qızıl 999 prob olur, səninsə probun olsa-olsa 14 ola bilər.
 Eheeeyyy, Əlzada! Hazırlaş, Yeni asteroid yaxınlaşır...

                                                   (Ardı var)

Комментариев нет:

Отправить комментарий