Страницы

22.02.2012

Sevinc el Sevər. Yeni şeirlər (Sevinc Pərvanə təxəllüsünü dəyişdi)


RAFİQ TAĞIYA HƏSR

mən elə öldüm
ölümə hazırlıqsızdım
qışın ortasında
sobamda odun yox ikən
taxçamda çörək
ardımdakı yetimlərə buraxmağa

əyinləri çılpaqdı
ayaqları yalın
başları açıq
ölümə hazırlıqsızdım

bankda pulum yoxdu
kəfən pulu belə yığmamışdım
kommunal xərcləri ödəməmişdim

oğlum evlənməmişdi
qızım köçməmişdi
ölümə hazırlıqsızdım

qəfil yağan qar kimi
yaxaladı məni kəfən
iliyimədək işlədi
bu qışın soyuqluğu

bircə müsbətim var
tək təsəllim yenə
hər zaman ürəyimin içindəydi
sənə olan sevgim
öldüyüm gün də
üstümdəydi ürəyim
gətirmişəm,
burdadı, Tanrım.

2012-NİN ŞEİRİ

mən quş olmalıydım
həm də qu quşu olmalıydım
yumurtalarımı belə
özgə quşların yuvalarında yumurtlamalıydım
mən havanın qızıyam
torpağın yox

yaxşı ki, adıma tikilən alınmaz
qalam yoxdu
daşınmaz heç nəyim yoxdu
qoy dünya dağılacaqsa
dərdini
varlılar və şahlar çəksin
qu quşu ruhumu götürüb gedəcəm...

cənnətə getmək istəmirəm
yer üzünə bənzəyəcəksə
torpağın üstündə cənnət yoxdu
cənnət göylərdədi
qanadlıdı bəxtəvər sakinləri
dünya dağılacaqsa, dağılsın
qu quşu ruhumu götürüb gedəcəm...

yenidən bu dünyanın
Həvvası olmağı belə istəməm
gəlməyəcəm  Adəmi yoldan çıxarmağa
qoy əbədi hökmran olsun öz cənnətində...
 
***
sevgilim,
dodaq boyasına verməyə pulum yox idi
ondan solğun idi dodaqlarım
görmürdün
kirpiklərim nəmli idi daima
ondan dolaşırdılar bir-birinə
müjgan oxun ata bilmirdim...
anamın verdiyi avtobus pulunu
avtobusa vermirdim
piyada gəlirdim universitetə
yol pulumu yığıb təzə kitab alım deyə ay sonunda
qışda soyuq rüzgar
yayda isti yel
qəddar Bakı
qaraldırdı bənizimi
zəncilərə bənzəyirdim
güzgülər deyirdi
Uitni Hyuston qədər gözələm
sən görmürdün...

paltarlarım nimdaş olurdu
 
şalvarımın dizləri geyilməkdən
büsthalterə bənzəyirdi
qışı paltosuz keçirirdim
ətir iyi gəlmirdi məndən
kitabxana qoxusu verirdim
geydiyim dikdaban ayaqqabılar
boyumu səndən hündür göstərirdi
yenisini almağa atamın pulu yox idi
həm də inadına qırılmırdı o ayaqqabının dabanları
baxmayaraq Çin malı idi...

sən qonşu qrupdan qız sevirdin
barbi gəlincikləri kimi sarışın
boyalı-pudralı
gözləri linzalı
bilə-bilə saxta sarışınlığını
baxışlarının yalançılığını
üstündən gələn qoxunun Parisdən əsdiyini...
indi illərdən sonra
sənə yox
özümə acığım tutur
səndən ötrü  gecələr boyu ağlayan gözlər
daha çox oxuya bilərdilər...

XOCALIDAN SONRA

Xocalıdan sonra
Gecələr gecə olmadı
Qaranlıq zindan oldu
Xocalıdan sonra
Çox qar yağdı
Heç birində əylənə bilmədik ürəyimizcə
Yağan hər qar yağışı
Xocalını xatırlatdı
Orda öldürülən uşaqların qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı inan ki...

Körpə balam
Təkcə qocaları
Uşaqları
Qadınları
Kişiləri öldürmədilər
Insanlığa inamımızı öldürdülər
Sabaha,
Hər şeyin yaxşı olacağına inamımızı güllələdilər...
Özümüzə inamımızı vurdular
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər

Xocalıdan sonra
Xəbər gəldi ki
Mingəçevir SES-ni partladacaqlar
Su basacaq kəndimizi
“görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı ölümün pəncəsindən?!”
Eşitmişdim atam əmimlə dərdləşəndə
Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim
Hələ də öyrənə bilməmişəm...

Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu  şeylər göstərirlər
Yenə Xocalını göstərirlər

Xocalıdan sonra
Dayımı gördüm televizorda
Həyatında ilk və son dəfə televizora düşmüşdü
Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:
“bacı, baxarsız ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında”
Uşaq ağlımla sevinmişdim
Özümü indi də bağışlamıram

Sən baxma televizora
Körpə bala
Sən oyuncağınla oyna
Inamla böyü
Televizorda gördüklərin səni qorxutmasın
Xocalıda insanlar insanları öldürmədi ki...
Heç adam da adamı öldürərmi?!
Sənin kimi  mənə də
Öyrədilən  ilk kəlmədi “cızza!”
Yəni, “əlin yanar, toxunma!”
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora
Üzünü o yana çevir
Cızza!!!
 
ƏMANƏT

Allahım,
nə gözəl yaratmışdın məni
baxanların dili tutulurdu
heyrətdən səni çağırırlardı:
“Ay Allah, bu nə qəşəngdi?” deyə...

tombul-tombul  əllərim vardı
nar qırmızısı yanaqlarım
üstünə iz düşməmiş qar kimi
yumşaqdım
kövrəkdim

danışa bilmirdim
amma gözlərimlə
bədənimlə
varlığımla
hayqırırdım qorxularımı
onlarsa ağzıma əmzik basırdılar ki, susum.

Allahım,
gör məni kimlərə əmanət etdin?
döyüldüm
incidildim
ac buraxdılar
haqqıma əl qoydular
əzdilər sinək kimi...
o insanlar ki,
çağalığımda mənə yaman həvəsiyirdilər
yanağımı dartırdılar
burnumu sıxırdılar
toppuş əndamıma şappıldadırdılar
“ay səni Allah saxlasın” deyirdilər
yaxalarını kənara çəkirdilər
gör məni nə hallara gətirdilər?
qudurtdular
dişləyən quzğun köpəklər
bir də baxdım
bütün şəkillərimdə boynubükükəm
bir də baxdım
adam öldürmüşəm
qatiləm
bir də baxdım
qan damır gözlərimdən
bir də baxdım
cinlər ölkəsindəyəm
əmanətinə xəyanət etdilər, Allahım
daha körpələri heç kimə əmanət etmə
özün muğayat ol.

***
ey insanlar
heyvanlara da
dişi-erkək adları verməyin
gender problemi soxmayın
bir də aralarına
yazıqların bir sürü dərdi var
istisi
soyuğu
aclığı
susuzluğu
dünyanın hər cür halı var...
qadınlarınız oğul doğarkən
sevinirsiz
qoyunlarınız dişi doğarkən sevinirsiz
əcaib adamlar
qəribə adamlar....

nə oldu,
aslandan qorxdunuzmu
dediniz:
“aslanın erkəyi, dişisi olmaz”
insanı sevib də
“insanın qadını, kişisi olmaz”
deyə bilməzsinizmi?


Sevinc el Sevər

Комментариев нет:

Отправить комментарий