Страницы

22.02.2012

YOLDA KİTAB OXUYANLAR

Azərbaycanda onlara niyə yadplanetli kimi baxırlar?

“I” əməliyyatı filminin məşhur səhnəsidir. Şurik avtobusda gedir, yanındakı qızın oxuduğu kitaba gözucu baxır öncə. Kitaba qapılır, hətta o qədər qapılır ki, onun sehri ilə o qızın evinə qədər birgə gedirlər, yemək yeyirlər, çay içirlər. Heç biri bunun fərqində olmasa da... Sonu? Göydən uç alma düşür...
Əslində sözügedən mənzərənin aşağıda oxuyacağınız yazıya birbaşa aidiyyəti var. İctimai nəqliyyatda mütaliə edənlər barədə danışacağıq. Azərbaycanda onların sayı nə qədərdir? 

Bu, niyə ənənə halına çevrilməyib? Moskva, Paris, Tokio metrolarında gördüyümüz, az qala kitabxananı xatırladan mənzərə Bakıda nə qədər geniş yayılıb? Bunun üçün dünya ölkələrində nələr edilir?
Mövzu genişdir deyə bir neçə aspektdən baxacağıq. Öncə Bakı nəqliyyatında qısa bir reyd. Xatırladaq ki, indi bizim nəqliyyatda kitab oxumaq lüksünə heç də hamı sahib deyil. Basabas, tünlük buna imkan vermir. Xüsusən gənc nəsil bunun əziyyətini daha çox çəkir.
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Cəfər deyir ki, o, hər gün Əhmədlidən metro ilə Elmlər Akademiyası stansiyasına gəlir. Dediyinə görə, universitetə çatana qədər daha çox dərslərini təkrarlamaq istəyir: “Amma buna imkan olmur. Çünki oturmağa yer tapmaq müşkül məsələdir. Sıxlıqda balaca yer tapıb, oturursan. Bir də görürsən yaşlı bir qadın, ya da uşaqlı ana gəlib durur başının üstündə. Sən məcbursan ayağa durmağa, ona yer verməyə. Çünki yer verməsən, hamı başlayır adamı qınamağa. Onda da oxuduğun kitab burnundan gəlir”.


Bank işçisi Təranə: “Gənclər telefonla oyun oynamaq və blutuz açmaq yerinə kitab oxuya bilər”

Hər halda, bu, bir gəncin mövqeyidir. Orta yaşlı Təranə Əhmədova isə bank işçisidir. Deyir ki, hər gün səhər işə gedəndə çantasına bir kitab qoyur. Onun sözlərinə görə, daha çox çəkisi yüngül, ölçüsü kiçik, yəni çantaya yerləşə biləcək kitablara üstünlük verir: “Gənclərə baxıram və təəssüf edirəm. Onlar düşünür ki, qulaqlarına qulaqcıq taxıb, son həddə səslə musiqiyə qulaq asmaq böyük məziyyətdi. Vaqona girən cavanların 90 faizi telefonunda blutuz açır, ya da oyun oynayırlar. Halbuki onun əvəzinə kitab oxusalar, daha faydalı olar”.
Müsahibimizin fikrincə, gənclərin kitab oxumamasının bir səbəbi də onların gözü önündə belə nümunənin az olmasıdır. T.Əhmədova deyir ki, əgər gənc evdə valideynlərinin əlində kitab görəcəksə, bunu bir ənənəyə çevirəcək: “Uşaq hər şeyi böyükdən öyrənir. Əgər sən uşağına ”kitab oxu" deyib, özün seriala baxacaqsansa, təbii ki, o da kitab oxumayacaq. Hesab edirəm ki, bu mənada gəncləri çox qınamaq olmaz. Hər şey bizdən asılıdır".

Adamı kitabdan soyudanlar...

Yeri gəlmişkən, çox kiçik bir kəsim isə yolda kitab oxumaqdan kompleks hissi keçirir. Çünki cəmiyyətdə hələ də nümayişkaranə şəkildə kitab oxuyanları “ədabaz”, “özünü camaata ağıllı göstərmək istəyən” olaraq təqdim edənlər var. Hətta şəxsi müşahidələrimə görə, bəzən ictimai nəqliyyatda kitab oxuyan cavan qızlara sataşmaq, söz atmaq istəyən gənclər bu faktdan gen-bol istifadə edirlər. “Çox oxuma, alim olarsan”, “Oxuduğun kitab olaydım kaş, məni oxu, mən daha maraqlıyam” kimi səviyyəsiz atmacalar özünə hörmət edən xanımları da yolda kitab oxumaqdan az qala soyudur.
Ölkəmizə yenidən qayıdacağıq. Hələliksə bir az dünya miqyasına baxaq. Məsələn, Yaponiyada oxumağı çox sevən və metro, ictimai nəqliyyatda mütaliəni adət halına çevirən yaponların bu hərəkətinə “taşiyomi” deyirlər. Bir əliylə qələbəliyin içində özünə yer tapan, yıxılmamaq üçün harasa dirsəklənən yapon o biri əliylə kitabını saxlayır. Nahaq yerə onlara dünyanın ən çox mütaliə edən milləti demirlər.
Yaponiyada bir nəfər ildə orta hesabla 25 kitab oxuyur. Türkiyədə isə 6 nəfər bir kitab oxuyur. Readfaster.com internet saytı yazır ki, Amerikada gənclərin 56 faizi ilə 10-dan artıq kitab oxuyur.
Amma informasiya texnologiyalarının inkişafı Birləşmiş Ştatlarda da kitaba marağı azaldıb. Veronis, Suhler& Associates investment bankerin araşdırmasına görə, Amerikada hər bir adam gündə dörd saat televizora baxır, üç saat radioya qulaq asır, cəmi 14 dəqiqə ərzində jurnal oxuyur. «Exo Moskvı» radiosunun məlumatına görə, rusların 52 faizi kitab almır, 37 faizi kitab oxumur. Əhalinin 79 faizi kitabxanalara getmir.
Bizdəki vəziyyətə gəlincə, Kitab Klubu 2006-cı ildə Bakıda 2000 nəfər arasında elmi-sosioloji sorğu keçirmişdi, soruşmuşdu ki, son bir il ərzində hər hansı bir kitabı oxumusunuzmu? 2000 adamdan cəmi 203-nün cavabı müsbət olmuşdu. Bu 203 nəfərin cəmi 65 nəfəri deyib ki, istədiyi kitabı almağa imkanı çatır. 75 nəfər ancaq zəruri kitabları ala bilir.
150 dəqiqəni seriala ayırmaqdansa, 75 səhifə kitaba ayır

Yaxşı, bəs niyə az kitab oxuyuruq? Doğrudanmı ancaq vaxt qıtlığıdır? Bir neçə hesablama edək. Adi misal: Türkiyə kanalarında yayımlanan bir serialın reklamlarla birgə orta hesabla müddəti 2.5 saatdır. Hər gün 1 serial izləyən şəxs rəsmən 150 dəqiqəlik bir zamanını boş yerə xərcləyir. Orta hesabla bir insanın bir səhifəni 2 dəqiqə müddətində oxuduğunu, bir kitabın da ən azı 200 səhifə olduğunu nəzərə alsaq, bəsit bir hesablama edək. İzləyici bu zaman içində gündə 75 səhifə olmaq üzrə 3 gündə bir kitabı bitirmiş olur. Aylıq olaraq isə 10 kitab oxumuş olur. Gün ərzində təqib edilən digər serial və proqramlar isə bu hesaba qatılmayıb.
Keçək digər hesablamaya. Hər gün işə, məktəbə gedərkən eyni mənzərəyə baxıb xəyallar quraraq xərclənən zamanın bir qismi dəyərləndirilə bilər. Varma nöqtəsinə qədər sadəcə 10 sahifə kitab oxuduğumuz zaman aylıq 300 səhifə oxumuş oluruq. Bu da ən azı 1 ayda 2 kitab oxumaq mənasına gəlir.
Yaponiyada “taşiyomi” deyilən bu termin ilə xalq oxumaq işini vərdişdən daha çox ehtiyac olaraq görür. Bizim də savada, mədəniyyətə, elmə ehtiyacımız var. Bunun üçün dərhal ouma vərdişi qazanmalıyıq. Amma bəzi ölkələrdə hökumət bu işi xalqın iradəsinin, əhvalının öhdəsinə buraxmaq istəmir. Məsələn, Türkiyədə Metro Turizm rəhbərliyi uzaq səfər sərnişinlərinə bir jest edir. Demək, şəhərlərası avtobuslarda onlara çay, kofe, sərinləşdirici içki ikramı ilə yanaşı, yolboyu oxumaq üçün kitab da təklif edilir.
Özü də sözügedən addım “Oxuyan sərnişin” layihəsi çərçivəsində edilir. Metro Turizm rəhbərliyi dünya və türk klassikası, habelə uşaq ədəbiyyatından nümunələri artıq 150 avtobus şirkətinə paylayıb. Layihənin davamı daha geniş spektri əhatə edəcək.

Şahbaz Xuduoğlu: “İctimai nəqliyyatda kitab oxumaq üçün standart yoxdur”

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə hesab edir ki, Azərbaycanda ictimai nəqliyyatda kitab oxumaq ənənəsi yoxdur. Onun fikrincə, buna səbəb nəqliyyatda kitab oxumaq üçün standartın olmamasıdır: “Sərnişinlər o sıxlıqda nəfəs ala bilmirlər. İctimai nəqliyyat mütaliə tələblərinə cavab verməlidir. Avropada, İngiltərədə, Rusiyada Türkiydə hır kəs əlində kitab oxuyur. Bu, bir mədəniyyətdir. Bizdə də kitab oxumaq dəb halına gətirilməlidir. Kitablar haqqında reklamlar verilməidir. Oxumaq məcburi və dəb halında olan işdir. Xüsusi kanallar var ki, yeni çıxan kitablarla bağlı verilişlər hazırlayır. Bundan başqa, oxu kampaniyalar, yarışları keçirilir. Kitaba və kitab mədəniyyətinin inkişafına xidmət edilməlidir”.
Ş.Xuduoğlu onu da dedi ki, problemi təhlil edərkən həm də Azərbaycanda oxumaq üçün kitabların, habelə kitab mağazalarının azlıq təşkil etdiyini qabartmaq lazımdır. Müsahibimizin sözlərinə görə, var olan kitab mağazalarında da kitabların 75 faizi rus, 15 faizi isə Azərbaycan dilindədir: “Kitab əldə etmək yolu asanlaşdırılmalıdır. Mütaliəni stimullaşdırmaq üçün bütün mümkün variantlardan istifadə olunmalıdır”.
Müsahibimiz yuxarıda qeyd etdiyimiz Türkiyə təcrübəsi barədə də münasibət bildirdi. Onun sözlərinə görə, kitabın təbliğatı üçün belə tədbirlər şərtdir: “Azərbaycanda bələdiyyələr, Nəqliyyat Nazurliyi belə bir təkliflə müraciət etsə, biz də onları kitabla təmin edə bilərik. Daha bir üsul isə kitabı digərinə ötürməkdir. Yəni, bir adam kitabı oxuyur, sonra onu oxunmuş kitabların saxlanması üçün nəzərdə tutulan yerə qiyur. Bu tip layihələrin həyata keçirilməsi barədə düşünürük. Bu yay ”book club" deyilən layihəni həyata keçirəcəyik".

Sevinc TELMANQIZI             "Yeni müsavat"

Комментариев нет:

Отправить комментарий