Страницы

29.03.2012

99 adın təsviri


Oktay Hacımusalı


sən bir namazlıq səltənət qədər yaxınsan mənə
bir uçurumdakı son qədər uzaq
aşıb aşıb yumbalanıb uçurumun dibinə bir addım qalmış
tikə parça olub hissələrə ayrılmağı necə düşünə bilmirsə insan
bax elə düşünə bilmirəm səni


düşünə bilmirəm səni
amma eyni zamanda düşünmək üçün də 
əldən ayaqdan gedirəm

hər şeyim sənindir ruhum bədənim olanlar olacaqlar
gözüm dizim sözüm
axtarışındadır və həm də sürətlə uzaqlaşdırmaqdadır məni şeytan
həbsində saxlamaqdadır bədheybət sirrlər qalaçasında
bir dəfə adın gəlir dilimə bədənim süst düşür gözlərim xumarlanır
qalaçalar yox olur qəfildən görürəm hərarətini duyuram şahdamarımda
burda tam burda iki hecalı adınla təkrar təkrar sürətlə döyünür nəbzim


iki hecalı adını andıqca sürətlə döyünən nəbzim
məni isa olmağa məcbur edir qəndəhardakı körpələrə şəfa verim
məni musa olmağa məcbur edir udum bağdada bombalar yağdıran əjdəhaları


hər ötən gün daha da yaxınlaşdığımı görürəm fəza transına
addımımı atıram qoymurlar daha bir addım sonra birini də
və unuduram dünyada qoyub gəldiyim hər nə varsa
sadəcə sən
sən bir namazlıq səltənət qədər yaxınsan mənə
bir uçurumdakı son qədər uzaq

Комментариев нет:

Отправить комментарий