Страницы

31.03.2012

Ah Nobel, ah Kamal Abdulla!



Cavidan


Dünya özünün gərdişindəykən, məmləkət də dünyanın peşində asta-tənbəl irəliləməkdəykən, ədəbi cameəmizi qəfil saran bir xəbər gəldi. Bəəs, nə varmış, nə yoxmuş, Kamal Abdullanın Nobel Komissiyasına təqdim edilən trilogiya tipli "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri "Nobel" mükafatına namizəd kimi qeydə alınıbmış.
Pahoo, gözlərə yuxumu gedər? Ürəklər rahatlıqmı tapar? 

Valerianlar, validollar, sinnarizinlər qalmadı ciblərdə, tükəndi, bu dəhşətli və vəhşətli xəbər aldı caynağına milli-milli yazarlarımızın "Avropa-Avropa" deyə çırpınan ruhlarını, qaldırıb apardı ədəbi səmamızın yeddinci qatına, ordan yeddi qat aşağıda qalan yazılarını göstərdi onlara bircə-bircə, nöqtəsini-vergülünü dəyişmədən, gizləmədən və gurladı:
- Eşidin, agah olun, Azərbaycan ədəbiyyatına Nobel mükafatı gəlir!
- Ola bilməəz! – deyib göz bəbəklərini ovxaladı yazarlarımızın ruhları, - o, bura gələ bilməz hələ, anlamırsınızmı, biz axı hələ heç nə yazmamışıq, heç nə!!!
- Bəli! Siz hələ heç nə yazmamısınız! Amma O, O yazıb! 
-Ola bilməz! – çabaladı yazarlarımızın ruhları, - iki dünya bir olsa da ola bilməz! Niyə O? Niyə axı O? Niyə???
***
Yazar ruhları ədəbiyyat səmamızın yeddinci qatından üzüaşağı, burnu yazdıqlarının içinə çırpılmaq üzrə gəlməkdə olsun, sizə kimdən deyim, indiyədək yazdıqlarını və bundan sonra yazacaqlarının labirintində vurnuxan özümdən.
Nəzərə alın ki, mən də ədəbiyyat səmamızın yeddinci qatından elə dünən yıxılmışam və mənim də yaralı-paralı ruhum bir sualda ilişib qalıbdır:
- Axı niyə O? Niyə Mən yox, O? Niyə???
Təsəvvür edin, böyük, adamlarla dopdolu bir salon var dünyanın ədəbiyyat qibləsinə dönən bir şəhərdə və o salonun aynalı foyesindən keçə-keçə özünə baxıb, əynindəki tünd-göy kostyumunun yaxalığını, boynunun arxasında yığılmış qara saçlarının səliqəsini, üzündəki makiyajın xəfif təbəssümüylə eyni dərəcədə olmasını, ən sonda da əlindəki bir topa ağappaq kağızı bir daha nəzərdən keçirib, onu gözləyən tribunaya tərəf addımlayan bir qadın var. 
Onun dörd yanında anlamadığı əcnəbi dildə danışan yaraşıqlı adamlar addımlayırlar, ya mühafizəçidirlər, ya ötürücü, kim bilir… Və açıq bir qapının o üzündəki alqışa hazır dayanmış əllər…
Axı niyə bu epizodu yaşamamalıyam mən? 
Yalnız ona görə ki, "Yarımçıq əlyazma"nı mən yox, O yazıb?
Yalnız ona görə ki, mən BSU-nun sadəcə məzunuyam, O isə rektoru?
Yalnız ona görə ki, mənim mühafizəkar əyalətdə, dörd divardan kənardakı dünyada yalnız uşaqlarımın oxuduğu orta məktəbi görməyə imkanım və icazəm var, O isə dünyanın hansı bir bucağına istəsə gedə bilər və səlahiyyətinin verdiyi bütün imkanlardan öz yazıçı karyerası üçün gözəlcə yararlana bilər?
Bəlkə mənim ümidsizliyimdir səbəb, bu ölkədə heç bir zaman yazıçı-nəşriyyat-bazar üçbucağının əsl ədəbiyyat piramidası qura bilməyəcəyinə, dünyanın heç bir zaman bu olmayan piramidanın içinə gömən və göməcək, nəinki kitab çap etdirib, reklamını və satışını qurub qazanmağa, hətta özünə ucuz, second-hand bir sarkofak belə almağa pulu çatmayacaq ədəbiyyat aşiqlərindən xəbər tutmayacağına qarşı olan lal və çarəsiz üsyanımdır – təkbaşıma!
***
Niyə Kamal Abdulla?
Hamı düşünür bunu, ədəbi cameənin barmağı klaviatura, əli qələm tutan hər kəsi, hamı bunu düşündüyünü etiraf etməsə də.
Mənsə açıq-aydın paxıllıq edirəm: Axı niyə Mən yox, O???


P.S. üçün zəruri qeyd kimi:
1. Yazıçının əsas vəzifəsi - daim özünə zidd getməsidir. Bunun təbii forması isə yalnız romanda mümkündür.
2. Böyük Ədəbiyyat yazmaq lazımdır. Ən Böyük Ədəbiyyat!
Qeyd edim ki, ikinci məsləhətini Torqni Lindqren İsveç Akademiyasının üzvü olaraq "Nobel mükafatını almaq üçün nə etmək lazımdır?" sualına cavab kimi verir və bu cavabından öncə ürəkdən də gülür...


publika.az

Комментариев нет:

Отправить комментарий