Страницы

24.03.2012

Baba Pünhan – Bilmədim Sən Bilmisən


Mən sənə biganə qaldım, bilmədim sən bilmisən,
Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.


Sən düşən gündən əsir mən də köç etdim Baküyə,
Bağçalı-bağlı ev aldım, bilmədim sən bilmisən.


Mən sənin qarşında görsənsəm də bir alçaq kimi,
Mənsəb aldıqcan ucaldım, bilmədim sən bilmisən.


Sən qızıl qızlıq itirməkdən saraldın gün kimi,
Mən qızıl yığdım saraldım bilmədim sən bilmisən.


Sən barışdıqcan səni məhv eyləyən taleh ilə,
Mən qarışdıqcan çoxaldım bilmədim sən bilmisən.


Ta ki, qıldım dərkini Pünhan, olub keçmişlərin,
Bir günə yüz il qocaldım, bilmədim sən bilmisən.

Комментариев нет:

Отправить комментарий