Страницы

26.03.2012

Başsız gün

Хованский Юрий. городской пейзаж

Sultan Mərzili,
Moskva


Pencəyimi geyinib papağımı başıma qoyub evdən küçəyə çıxdım. Sərin, xoş hava idi. Payızın yarpaq qoxulu, buludlu səmasında xırdaca çiskinli bir duman da hiss olunurdu. Küçəyə çıxıb qəzet köşkünə tərəf yönəldim. Siqareti təzəcə tərgitmişdim. Amma şüurumun alt qatından qəzet almaq bəhanəsilə siqaretlərə də yaxınlıq etmək məqsədi olduğunun fərqinə varıb öz-özümə gülüm­sədim. İnsan nə qəribə məxluqdur. Hər şeyin motivi olur, detektivlər demişkən. Və bəzən görmək istə­diyini görür, görmək istəmədiyini isə gözünə soxsalar da xeyri yoxdur. Bu lap elə ölkələr, dövlətlər səviyyəsində də belədir. Məsələn, İran kimi bir ölkədən baxanda Urmiyanı, dili bağlı vətən­daşlarını görmürlər, amma Arazdan bu taya hicab axtarırlar. Nə isə, cəhənnəmə olsun əmma­lı başlar, öz dərdimizi çəkək. 

Nə çəkək?! Dərd, ya siqaret! Vallahi dilemmadır, Rəşad Məcid siqaretdən qəşəng bir poema yazıb, bəlkə onu bir də oxuyum siqaret əvəzi. Yox, kişi kimi söz vermişəm ki çəkməyəcəm, vəssalam! Bir xırda şey, barmaq boyda şey, biz boyda kişiləri özünə tabe edəcək? Əslində bütün kişilər elə o barmaq boyda şeyin, nədir o adı ayıb olmasın…  si-qaretin , onun əsiri deyillərmi?Yox, mən onu yıxaram, şair demişkən, yəni o: “dünya yıxaram səni!”-  deyir, mən bir siqareti də yıxa bilmərəm? Özüm də keçmiş qarabağ çempionu. Dığadan -mığadan güclüdür bəyəm bu köpəyoğlunun siqareti?
Köşkə çatdım. Köşkə elə baxıram ki, siqaretləri görməyim. Ciblərimi eşələyib bir topa qəpik çıxardıram. Varlı olmaq da belə şeydir e.., cibin cırılır. Hansı qəzeti alım görəsən?, deməyəcəm. Desəm reklam çıxar, özü də pulsuz. Axı reklam çox bahalı şeydir əslində. Özü də bahalı və key­fiyyətli mallar üçündür. Amma bizim məmləkətdə hələki birini bacarırıq, keyfiyyət də gələr, inşallah, maşallah. Qoy qafiyələnsin, millət feyziyab olsun. Tanış satıcının dar köşkdə ancaq səsini eşidib əllərini görürəm. Sifəti görünmür. Qəzet alıb parka tərəf gedirəm, oturum orda biraz varaqlayım. Həm hava alım, həm də dincəlim. Amma köşə yazısı deyilən məqalələri oxuyanda dincəlmək əvəzinə başına cingəlmək olur elə bil. Bu zəhrimar problemlər də heç qurtarana oxşa­mırlar, biri bitməmiş o birisi başlayır.
Nə seyrəklikdir bu gün, özü də şübhəli seyrəklik. Elə bil qırılıblar.Adam-zad gözə dəymir. Daha doğrusu, zad var, adam yoxdur. Hə, budur, qarşıdan bir qaraltı gəlir, adamdır yəqin. Eynəyim hanı? İndi qəzet oxumayanda da eynək taxmalıyam deyəsən, qaraltını da pis görürəm. Yox niyə, lap əmməlli-başlı görürəm; bahalı, parpar mavi kostyomlu, qara kremlənmiş ayaq­qabılı, ağ köynəkli, göy qalstuklu bir kişi gəlir. Ağ köynəyi ağ saçlarına necə də yaraşır! Dayan bir, NƏ? Ağ saçları… Hanı bunun saçları, heç papağı da yoxdur! Əşi, papaq cəhənnəm. Hanı bunun burnu, qulaqları, gözləri?! Bığ-saqqal da bir yana. Balam, bunun heç başı da körük­mür! İntiresnidi. Tosit, maraqlıdır. Indi də ərəbcə çıxdı. Görkəzmədir! Hə, bax belə dörğudur. Hər şeyi yerindədir, bircə başı yoxdur. Hımm…
on the UI CampusGözlərimi silirəm, burnumu  da üstəlik. Eynəyimi taxıram. Vallahi, faydasızdır. Bu kişinin başı görünmür ki, görünmür. Bəlkə amerika şpiyonudur, yəni casusu. Başına nano texnoogiyanın son nailiyyətindən torba taxıb, bədəninə elə xalat bürünməyi unudub. Bəlkə polisə zəng edim. Konturuma heyfim gəlir, yəqin qarabasmadır. Özümü çimdikləyirəm. Başımı yarsam da xeyri yoxdur deyəsən. “Yox, başını yarsan, qanını kiminsə üstünə töküb pul qazana bilərsən,” – elə bil bunu dəli şeytan dedi. Mən: “Baş qanından pul çıxar?” – düşündüm. “Çıxar, niyə çıxmır, paça qanı baş qanından da bahadır. Dübayda bilirsən neçiyədir?! “Bunu da ağıllı şeytan pıçıl­dayır. Mən hər ikisinə: “lənət sizə kor şeytanlar”-  deyib çiynimin üstündən sola-sağa tüpürüb qəzeti əlimdə milçəköldürən kimi bərk-bərk tutub parka tərəf gedirəm. Payızdı, payız. Qızıl payız, bəlkə də gümüş.
Taxta oturacaqda  əyləşib qəzeti vərəqləyirəm. Əvvəl şəkillərinə baxıram, sonra iri başlıqlara. Buna məhəb­bətşünaslar libido deyir. Yox, şey, prelüdiya. Eşqin girişi.Yəni, necə ki qadınla sevişəndə tələssən, hər şeyi korla­yarsan, ehmal-ehmal, addım-adım yaxın­laşmaq lazımdır… Cavan qadınların yaşlı kişiləri sev­məsinin bir səbəbi də budur, hər şeyi bayağılaşdırıb pula-şöhrətə satılmaq kimi yozmaqla deyil ki. Mən də qəzeti yavaş-yavaş açıram. Vərəqlərini tələsmədən aralıyıram. Halbuki, heç oxmamış da cırıqlayıb tullaya bilər­dim. Bilirəm ki, oxuyub əsəbiləşəcəyəm və hirsimdən onu cırıb ata­ca­ğam.İri başlığa gözüm sataşır. “Prezidentin baş cangüdəni Xanlar Şahverdiyev türkiyə kürdlə­rinn hesabına ikiyüzmin avro pul keçirib.” Yəni bu qədər kasıbçlıqdır bizdə?, heç olmasa bir milyon olsa, sensasiya olardı. Bu heç əməli-başlı bir toypulu da deyil. Məsələn o Şakiranı oyna­tmağa çağırsalar, qalan qonaqlar ac qalacaq, heç toyuq kababına da çatmaz. Qırqovul cəhənnəm. Başqa səhifədə oxuyuram: “Beynəlxalq universitetin rektoru Elqəmgin Sədullayev Avro­paya qaçıb.” Balam, savadlı adam belə olar e, Russonun, Didronun , lap elə Napal­yonun vətəninə qaçıb. Kişi adamdır. Elə bircə Sarkozinin xanımına yaxınlıq üçün qaçsa da qına­maz­dım. Xallı-pullu göyçək kişidir, vallah onun saqqızını oğurla­yacaq, top model kişi istəmir? O biri səhifəyə keçirəm. “Savadlar naziri Liyan Xankişiyev üç müavininə bir təpik vurub!” Hə, bax buna varam! Yəqin kişi qaydasız döyüşlər ustasıdır. Əcəb eliyib! Ürəkdən tikan çıxarmaq belə olar. Cərrahpulunu məktəbpulu eləmək olar. Bir vərəq də ötürürəm. “Baş gizir”, yox, səhv oxudum, “Hərbi nazir xarici attaşelərlə ov səfərinə çıxmış və qarğanı gözündən, qazı dünbə­yindən yaralamışdır!”  Bu məxfi xəbəri müxbir necə əldə edib görəsən?! Avropa ekoloqları başımıza oyun açmasa yaxşıdır. Deyəcəklər ki, biri ayını yeyir, biri qaz vurur. Yaxşı ki, “öldürmüşdür” yazma­yıblar. Birtəhər vəkilə pul basıb işi yönləmək olar. Bəlkə də keçmiş hərbi müxbir imiş yazan. Nəsə, daha həvəsim gəlmir ox uyum. Gözümün qarasını boş-boşuna sərf etməyim. Uzağa, dənizə, gələcəyə, yaşıllıqlara baxım ki gözlərim din­cəlsin. Payız adamı biraz qəmləndirir, biraz da dəmləndirir elə bil. Adam evdən qaçır, amma evlənmək istəyir, daha doğrusu sevib-sevilmək. Evlənmək biraz , biraz yox e, lap gerçəkdən zı…, zor işdir.
Qəzet məni yordu, indi də həyata baxım.O tərəfdə iki cavan əyləşib, biri oğlan, biri qız. Qızın qəşəng, düz ayaqları var, daha doğrusu baldırları. Hərdən əl-ələ toxunurlar. Xoş­bəxtlik də elə budur. Sevəninə qismət. Şirin-şirin söhbət edirlər. Elə bil qoşa göyərçinlər quruldaşır. Gənclik gözəllik və xoşbəxtlikdir, amma adam bunu vaxt ötəndən sonra bilir. Yəqin eşqdən-məhəbbətdən danışırlar. Parkda oturub siya­sətdən danışmazlar ki.
Parkın düz ortasında uca bir heykəl var. Ayaqları bir yerdə farağat komandasında ucalıb. Sinəsi qabarıq, sol əli yanında, sağ əli bizim başımızın üstündən ucalıb dünyanı salamlayır. Sanki generaldı, şax dayanıb öz qoşunlarına baxır. Amma burda qoşun nə gəzir, kol- kos və ağac-uğac var, hər halda səliqə-sahmanlıqdır. Diqqətim yenidən cavanlara yönəlir. Bunların da çiyinlə­rindən yuxarı heç nə görünmür. Əcaba, bəs bunların başı hanı? Hövlnak əlimi öz başıma çəki­rəm, papağım yerin­dədir, amma başımın yerində boş fəza hiss edirəm. Papaq müqəddəslərin başındakı halə kimi baş yeriminin üstündə dayanıb. Ey dadi-bidad! Bəs mənim başım hanı?! Onda bayaqdan bəri haramla fikirləşirmişəm, deyə təşvişə düşürəm. Necə ola bilər ki, insan başsız olsun, yaxud da başını hardasa salıb itirsin?! Ani olaraq fikirləşirəm ki, bu cavanların da başları üstlərində olmadığından öpüşə də bilməzlər, bax elə o səbəbdən polis-zad da gözə dəymir yəqin. Yoxsa bu saat başlarının üstün kəsər­dilər ki, əxlaqı­mızı xarab edirsiniz, əlinizi cibinizə salın, günahlarınızı yuyun, yoxsa…
Papağımı vakant qalmış baş yerindən götürüb qabağıma, düz dizimin üstünə qoyub fikir­ləşirəm. Yaxşı ki papaq çörək deyil. Yox, bu düz olmadı, yaxşı ki, çörək papaq deyil. Papağı yemirik, ya yeyirik? Nə isə. Bəs bizim başımız haralardadır, kim istifadə edir onu bu saat görəsən?Allah bilir hara atıblar. Bəs biz necə düşünürük, necə yaşayırıq, nə vaxta kimi belə olacaq? Allah, sən saxla! Durum evə qaçım, bəlkə evdə qoyub gəlmişəm. Belə bir cılız ümidlə yerimdən qalxıram. Bir şey də var ki, özümü çox yüngül hiss edirəm. Zarafat deyil başsız olmaq, filan qədər yükdən azad olmu­şam. Lap quş kimi uçuram. Bəlkə də başın eşqindən, həsrətindən qanad­lan­mışam, nə bilim. Bunu  ayrıca tədqiq etmək gərək. Yolüstü əsl möminlər kimi Allaha dua edirəm: “Ya rəbbi, başımı tapım, nə edirsən et, siqaret də çəkmərəm, qəzet də oxumaram, amma sən bizi başsız qoyma!”
 

Комментариев нет:

Отправить комментарий