Страницы

01.03.2012

Elə duyğu varmı sevgidən uca?


Əli İbrahimov

Bağışla

Bilirəm, qarşında günahım böyük,
Baxma gözlərimə süzgün baxışla.
Çiynimdə həsrət var - daşdan ağır yük,
Bağışla, sevgilim, məni bağışla.

Mən nankor, hərcayi, ruhsuz bir insan,
Söy, təhqir et, bircə susma, nə olar.
İllərdir bu eşqə sadiq qalmısan,
Adımı qəlbindən pozma, nə olar.

Uca qürurunu üstün tutaraq
Məni sən əbədi tərk etdin, gülüm.
Ən acı dərdləri bal tək udaraq,
Keçilməz yollarda tək getdin, gülüm.

Həsrət mənim üçün ən böyük cəza,
Sənə yalvarıram, diləyirəm əfv.
Qoyma tale bizə ayrılıq yaza,
Bilirsən, dünyada hamı edir səhv...

Saf eşqinə layiq olmasam belə,
Bağışla, sevgilim,bağışla məni.
Öz əhdimə sadiq qalmasam belə,
Nə olar, sevgilim, bağışla məni.

Bilirəm, qarşında günahım böyük,
Baxma gözlərimə süzgün baxışla.
Çiynimdə həsrət var - dağdan ağır yük,
Saxlama məhşərə, məni bağışla...

ƏN UCA ZİRVƏ...
                        
Təmiz ürəklərdə təmiz eşq yaşar,
Çirkli qəlb saf sevgi daşıya bilməz.
Hər eşqin öz gücü, öz qüdrəti var,
Küləkdə, tufanda sınıb əyilməz.

Sevgi var, yaranıb bircə baxışdan,
Sevgi var, əzəldən bərkdir təməli.
Çəkinməz nə qardan, nə də yağışdan,
Xoşdursa niyyəti, paksa əməli.

Sevgi var – gətirməz sevənlər dilə,
Danışar sadəcə göz və lal baxış.
Sevgi var, xəbəri yayılıb elə,
Gah töhmət qazanıb, gah da ki, alqış.

Nədir onun sirri? Baş açmıram mən,
Elə duyğu varmı sevgidən uca?
Düşünürəm, amma bilmirəm nədən
Baş əyir önündə uşaq, gənc, qoca...

Eh, gülüm, daha mən nəyi gizlədim,
Bu duyğular sənə tanışdır, tanış.
Bilirsən...illərlə səni gözlədim,
İçimdə başlandı gizli oyanış.

Tək sənə vurulub, səni seçərkən,
Çox gəncdi ürəyim, yaş da on yeddi.
Min bir sınaqlardan gəlib keçərkən,
Qəlbim bir yol tutdu – o yolla getdi.

Bəzən unutmağa çalışdım səni,
Bəzən xəyal kimi dönüb sən oldum.
Nə həsrət, nə nifrət qırmadı məni,
Məğrur zirvələrdə duman, çən oldum.

Ömrümü, könlümü bürüsə də qəm,
Sevgimə yenildim, amma sənə yox.
Mən bir kaman oldum – kövrək və möhkəm,
Sən – kamandan çıxıb qayıtmayan ox...

Məni tənha qoydun dərd, həsrətimlə,
Getdin... Həmişəlik itirdim səni.
Fəqət tükənməyən məhəbbətimlə,
Ən uca zirvəyə gətirdim səni.

Hər səni düşünüb andığım zaman,
Tutqun dəniz olub, coşacağam mən.
Hər səni düşünüb andığım zaman,
Uğruna nəğmələr qoşacağam mən.

UNUTMARAM

Unutmaram, axı unutmaq olmur,
Yaralı ürəyi ovutmaq olmur.
İçimdə elə həkk olunub adın,
Dilimdə özgə bi ad tutmaq olmur.

Sən yanan qəlbimin sönməz közüsən,
Şeirimin, nəğməmin qəmli sözüsən.
Necə təsvir edim səni, bilmirəm,
Sən ölməz ruhumun elə özüsən.

Nə qədər incitdin, hey çəkdim zülüm,
Soldu ömrüm, amma solmadı gülüm.
İllər ötüb-keçdi, anladım ki, mən
Səni unutdurar tək bircə ölüm...
İbrahimov Əli Rafiq oğlu 10 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərköyün uşaqlıq dövrü keçirən Əli 1990-cı ildə 252 saylı orta məktəbin birinci sinfinə keçir. Məktəbdə oxuduğu müddətdə humanitar fənlərə daha çox maraq göstərir və 2000-ci ildə məktəbi ə'la qiymətlər və fəxri fərmanla bitirir. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Təhsil aldığı illərdə dinə və idmana maraq göstərir, heç vaxt ayrılmayacağı dostlar qazanır. 2004-cü ildə universiteti bitirir və 2005-ci ilə qədər Gəncə şəhərində hərbi xidmətdə olur. Arzusu hərbi xidməti davam etdirib leytenent rütbəsi almaq olsa da, orduda olarkən bir çoxları kimi bu fikirdən vaz keçir. Əsgəri xidmətdən sonra bir çox özəl işlərdə çalışır. Lakin heç birində uzun müddət qalmaq istəmir...Əmək haqqının azlığı, tabeçilik sevməməsi və başqa prinsiplər onun dövlət işinə olan marağını da öldürür...2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura pilləsinə daxil olur. Hal-hazırda Bakıxanov qəsəbəsi "Tədris Mərkəzi" adlı özəl kursda tarix fənni və kompüter proqramlarından dərs deyir. Evdə də abituriyentlərlə tarix fənni üzrə fərdi məşğul olur. Nişanlıdır, yaxın zamanda evlənəcək İnşaallah...Bakıxanov qəsəbəsində valideynləri ilə birgə yaşayır... Elektron ünvanı: hercai2000@box.az

Комментариев нет:

Отправить комментарий