Страницы

30.03.2012

"Jurnalistika “reket” ola bilməz, o, peşə fəaliyyətidir"



“Mətbuatımızda Bütöv Azərbaycan mövzusunun işıqlandırılma miqyası və səviyyəsi qənaətbəxş deyil”

“XALQ CƏBHƏSİ” QƏZETİNİN BAŞ REDAKTORU ELÇİN MİRZƏBƏYLİNİN FİKRİNCƏ, PUBLİSİSTİKANIN BİR JANR KİMİ MÖVCUDLUĞU VƏ BU JANRIN AZƏRBAYCAN MODELİNİN İNKİŞAFI BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDİR


– “Xalq Cəbhəsi” qəzeti 2001-ci ildə yaradılıb, ilk yarandığı dövrdə mən burada sadəcə yazılarla çıxış etmişəm. Qəzetin ilk baş redaktoru isə indi APA-nın baş direktoru olan Vüsalə Mahirqızı olub. Qəzetin yaranma prosesində o iştirak edib və burada rəhbər kimi fəaliyyət göstərib. Məndən öncə də qəzetin iki ayrı baş redaktoru olub. Həmin şəxslər də hazırda bizim qəzetdə çalışırlar. 

– Qəzet yarandığı dövrdə hansı istiqaməti əsas götürmüşdü, ideyası nə idi və bu gün o ideya davam edirmi?
– “Xalq Cəbhəsi” yarandığı ilk gündən bütöv Azərbaycan ideyasını əsas götürüb və bu günə qədər də bu ideyaya ləyaqətlə xidmət etməyə çalışırıq. Əsas prioritet azərbaycançılıq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək, tarixi torpaqların bərpası, bütöv Azərbaycan faktoru, Əbülfəz Elçibəyin cəmiyyətə təqdim etdiyi ideyaların təbliği, milli-mənəvi dəyərlər idi. İndiyə qədər də bu xətt qalır. Qəzetin o vaxtkı və indiki rəhbərliyinin ideyalarında heç bir fərq yoxdur.


– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə qəzetin hansı əlaqələri var, bu bir partiya orqanıdırmı?
– Xeyr, qəzet partiyanın deyil, sadəcə bu məsələlərdə bir qədər yanlış anlaşılma var. Qəzetin təsisçisi həmişə müstəqil şəxs olub. Ancaq biz bir çoxlarından fərqli olaraq BAXCP-nin ideoloji, siyasi xəttini dəstəklədiyimizi açıq şəkildə deyirik. Azərbaycanda çoxlu mətbu orqan var ki, partiyanı təmsil etdiklərini etiraf etmirlər. Əslində bu utancgətirici bir şey deyil, əksinə, bu istiqamətdə normal bir fəaliyyətdir. Hər bir insanın siyasi baxışı, müəyyən siyasi dünyagörüşü olur. İndi Azərbaycanda siyasi baxışı olmayan mətbu orqan yoxdur. Mənim qənaətimə görə, qəzet rəhbərlərinin hamısının siyasi baxışları, hansısa siyasi partiya ilə ideoloji münasibətlərin üst-üstə düşməsi var. Bizi BAXCP ilə birləşdirən ortaq cəhətimiz budur, yəni hər ikimiz Bütöv Azərbaycan ideyasını dəstəkləyirik.



– Müasir mətbuatda Güney Azərbaycan və ümumilikdə bütöv Azərbaycan ideyası, sizcə, yetərincə işıqlandırılırmı?
– Ümumilikdə, bizim mətbuatda bu mövzunun işıqlandırılma miqyasını və səviyyəsini qənaətbəxş saymıram. Məncə, bu mövzu Azərbaycanın bütün mətbu orqanları üçün aparıcı olmalıdır. Ancaq insanları zorla nəyəsə məcbur eləmək olmaz. Güneylə bağlı informasiya əldə etmək də çətindir, bu sahədə ən çox ixtisaslaşmış qəzet və daha çox mənbələri olan qəzet “Xalq Cəbhəsi” qəzetidir. Və digər mətbu orqanlar da bu sahədə olan xəbərləri əsasən bizim qəzetdən və ya saytdan götürürlər. Başqa mətbu orqanlar da var ki, son dövrlərdə Güney Azərbaycanla bağlı mövzuları işıqlandırırlar.


– Bəs ədəbiyyatda Güney Azərbaycan mövzusu nə dərəcədə aktualdır?
– Ədəbiyyatda da son dövrlərdə bu tendensiya müşahidə olunur ki, Güney Azərbaycan mövzusu aktuallaşıb. Keçən əsrin 60-cı illərində də, sovet dönəmində də Arazın o tayı ədəbiyyatda mövzu idi. Şairlərin, xüsusi ilə də Süleyman Rüstəmin cənubla bağlı silsilə şeirləri var. Sonra Azərbaycanda yaşayan Söhrab Tahirin də bu mövzuda çoxlu şeirləri var. Amma Cənubi Azərbaycanla bağlı ən böyük əsər kimi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını deyə bilərəm. Hesab edirəm ki, bu poemadan sonra Azərbaycanda Güney mövzusu xüsusilə aktuallaşdı. Müstəqilliyin ilk günlərindən də, bu mövzu bizim, hər bir Azərbaycan vətəndaşının içində güney həsrəti var. Yazıçılar Birliyində Güney Azərbaycan bölməsi var və Güney Azərbaycan şairlərinin əsərlərinin Azərbaycan Respublikasında çap olunması işi aparılır. Yəni bu istiqamətdə nə qədər mümkündürsə, o qədər işlər gedir. 


– Sizcə, təxminən bir əsr əvvəl, əsasən də Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın rolu necə olub?
– Bu sahədə tədqiqatçılarımız öz sözlərini deyə bilərlər, o dövrdə çıxan mətbu orqanların rolunu araşdırıb deyərlər. Müqayisə etsək, həmin dövrdə mətbuatın yayılması, əhalinin çox hissəsinin maariflənmədiyi bir dövrdə bu gün də aktual olan problemləri təqdim etmək və insanların dünyagörüşündə inqilab etmək fədakarlıq tələb edirdi. Mən bu gün o fədakarlığı ilk növbədə özümüzdə görmürəm. Təbii ki, Məmməd Əmin Rəsulzadənin də, insanların dünyagörüşündə inqilab edən Əli bəy Hüseynzadənin də, Əhməd bəy Ağaoğlunun və digərlərinin də həmin dövrdəki ideyaları, hesab edirəm ki, indi də dövlətimizin əsaslarında, atributlarımızda yaşayır.


– 1989-cu ildə siz “Qalx ayağa, millət, boğmasınlar səsimizi” cümləsiylə tanınan “Azadlıq marşı” yazmışdınız. Həmin dövr hadisələrinin içində olan bir adam kimi mətbuat yeni yaranacaq bir dövlət üçün nə qədər əhəmiyyətli idi? 
– Nəzərə almaq lazımdır ki, elə bir tarixi şərait idi ki, əhali obyektiv informasiyaya ac idi, totalitar bir rejim son günlərini yaşayırdı və mərkəzin basqılarına baxmayaraq bütövlükdə SSRİ-də, o cümlədən Azərbaycanda, müəyyən qədər demokratik ab-hava hiss olunurdu. Mətbuat və ədəbiyyat nəinki həmin dövrdə, ondan əvvəlki dövrdə də böyük missiya yerinə yetirmişdi. Əgər 60-cı illərin ədəbiyyatı olmasaydı Azərbaycanda demokratik düşüncə formalaşmaycaqdı və Azərbaycanın istiqlalı məsələsi, bəlkə də, gündəmə gəlməyəcəkdi. Bu baxımdan həm mətbuat, həm də ədəbiyyatın rolu ictimai düşüncənin formalaşmasında mühüm rol oynayıb. Məsələn, bu gün Güney Azərbaycanda ədəbiyyat aktual mövzüdur, çünki başqa təsir vasitəsi yoxdur. Azərbaycanda insanlar bir vaxtlar problemləri poeziya dili ilə ifadə etdikləri kimi orda da bu proses gedir. Bütövlükdə milli düşüncənin formalaşaması prosesinin ilkin mərhələsində ədəbiyyat və mətbuatın rolu danılmazdır.

– Azərbaycan mətbuatında publisistikanın çağdaş problemləri haqqında nə fikirdəsiniz?
– Publisistikanın çox ciddi problemləri var, bütövlükdə bunlar jurnalistikada yaranmış problemlərdir. Jurnalistikada janr sərhədləri itməyə başlayıb, xüsusilə də internet jurnalistikasının populyarlıq qazandığı və bu sahədə qeyri-peşəkarların çoxaldığı dövrdə bu, qabarıq hiss olunur. Birmənalı şəkildə qeyd edim ki, peşəkarlıq problemi təhsillə bağlı deyil. Jurnalist məşğul olduğu sahəni bilməli, daim özü üzərində işləməli və ən əsası işin əlifbasını bilməlidir. Təbii ki, mən Azərbaycan publisistikasının ən çox inkişaf etdiyi dövr kimi 1980-ci illərin sonu,90-cı illəri götürürəm. O dövrdə Sabir Rüstəmxanlının təsisçisi olduğu “Azərbaycan” qəzetini xüsusi vurğulamaq istərdim, çünki burda Azərbaycanın çox ciddi problemləri işıqlandırılırdı, yeni ənənələr formalaşırdı və sanballı müəlliflər dərc olunurdu. Nəcəf Nəcəfəvun yaratdığı “Azadlıq” qəzeti ilkin dövrlərdə çox ciddi hadisə idi. Ancaq təəssüf ki, bu ənənələr sonra davam etdirilmədi. İndi də ara-sıra köhnə qələm sahibləri peşəkar yazıları ilə bu ənənələri davam etdirirlər. Ancaq müasir jurnalistikanın tələbləri də bir qədər fərqlidir, informasiya texnologiyaları inkişaf etdikcə daha çox operativliyə ehtiyac duyulur. Publisistika indi bir janr kimi sıxışdırılır, ancaq bu janrın mövcudluğu, publisistikanın Azərbaycan modelinin inkişafı böyük əhəmiyyət kəsb edir. Sabah da, bu gün də publisistikaya ehtiyac var. Mətbuat yarananda hansı problemlər vardısa, indi də bu aspektdən Azərbaycan jurnalistikasının oxşar problemləri var. Maddi çətinliklər, sosial problemlər də burada önəmli rol oynayır. Jurnalistlərin çoxunun evə ehtiyacı var. Mətbuatın problemləri həm də cəmiyyətin problemləridir. Mətbuatın iqtisadi bazasının güclənməsi, poliqrafiya sahəsində yeniliklərin tətbiqi, oxucunun mətbuata münasibətinin müsbətə doğru dəyişməsi, oxucu mədəniyyətinin Azərbaycan mədəniyyətinin aparıcı tərkib hissəsinə çevrilməsi, yayım və digər problemlərin həlli jurnalistikanın inkişafına təkan verə bilər.



– Hazırkı proseslər çap mediasının məhvinə, internet jurnalistikasının isə birmənalı hakimiyyətinə gətirib çıxara bilərmi?
– Xeyr, düşünmürəm ki internet qəzeti sıxışdıra bilər. Bunun səbəbləri çoxdur. Vaxtilə Lümer qardaşları kinonu kəşf edəndə, ilk kamera yarananda hamı fikirləşirdi ki, vaxt gələcək, teatr tamamilə sıradan çıxacaq. Ancaq fərziyələr özünü doğrultmur.

– Ədəbi mühitdə baş verənlərin mediada, xüsusən saytlarda işıqlandırılma səviyyəsinə münasibətiniz necədir?
– Yeni yaranan bütün ədəbi saytları izləyirəm. Bu sahədə ixtisaslaşmayan saytlarda da ədəbi materiallara baxıram. Xüsusi seçim etmirəm, “menyu”da nə varsa oxuyuram. Azərbaycan ədəbiyyatı, mənim yanaşmama görə, inkişafdadır. Yeni yaranan ideyalar, istiqamətlər çağdaş ədəbiyyatın inkişafda olduğunu göstərir. Yeni ədəbiyyatda, hamısında olmasa da, Azərbaycan dilinin bütün gözəlliklərindən, incəliklərindən istifadə ötən əsrlə müqayisədə güclüdür. Dil cilalanır, inkişaf edir, yeni üslublar, yeni cəhdlər, mövzular var. Ola bilsin, müəyyən mərhələdə bu tam formalaşmamış xarakter daşıyır. Sadəcə bu inkişaf göz qabağında olmadığı üçün sezilmir. Ona görə göz önündə deyil ki,Azərbaycan oxucusu oxumağa həvəsli deyil, ədəbiyyatı qiymətləndirmək üçün onu oxumaq lazımdır, oxumadan istənilən qədər populist çıxışlar səsləndirmək mümkündür. Hesab edirəm, bu sahədə nə mümkündürsə, edilir. Mətbuatın bu sahədə fəallığı ədəbiyyata dəstəkdir. Çünki siyasi qəzetləri oxuyan insanların, adətən, kitab oxumağa, yeni imzalarla tanış olmağa vaxtları olmur. Məncə, siyasi qəzetlər ədəbiyyata nə qədər yer ayırsalar, bu, müsbət nəticə verər, mədəniyyətin inkişafına kömək olar. Siyasi qəzetlərin öz oxucuları var, analitik yazıları oxumaq üçün qəzetə müraciət edirlər, onlara ədəbiyyatı sevdirməyin nəyi pisdir ki?


– Reket jurnalistika ilə mübarizənin hansı yollarını daha effektiv bilirsiniz?
– Əvvəla, “reket jurnalistika” termini doğru deyil. Jurnalistika “reket” ola bilməz, o, peşə fəaliyyətidir. Peşə fəaliyyəti ilə məşğul olmaq ayrı şeydir, reketçiliklə məşğul olmaq ayrı. Reket üçün bu sadəcə vasitələrdən biridr, onun üçün fərqi yoxdur, jurnalistika olmasın, digər sahə olsun. Yenə də özünə dövlət strukturlarından birinin saxta sənədini düzəldib öz işiylə, şantajla məşğul ola bilər. Yəqin ki, reket jurnalistika deyilən bir məfhuma ehtiyac olmasa, yaranmaz. Ola bilsin ki, bunun yaranmasında hansısa qüvvələr maraqlıdır. Məncə, məmurlar da jurnalistlərlə nə qədər açıq ünsiyyətdə olsalar, bu neqativ hallar baş verməyəcək, reket jurnalistlərin “çirkli suda balıq tutmaq” niyyətləri gerçəkləşməyəcək. Nə üçün onların şantajları həyata keçir? Elə fikirləşirəm ki, kimsə şantaj, təhdid olunursa o, polisə müraciət etməlidir, şantaj birbaşa cinayət məsuliyyətidir. Mətbuat Şurası, sadəcə, yanlış yol tutan mətbu orqanlara öz tövsiyələrini verə bilər. Reketçiliyi özlərinə peşə seçən insanlarla isə hüquq müstəvisində mübarizə aparmaq lazımdır. Bu işdə cəmiyyətin də rolu, günahı var. Reketçilikdə aşağı dövlət qurumlarının günahı var ki, buna göz yumurlar.


Pərviz SADIQOV               "525-ci qəzet"

Комментариев нет:

Отправить комментарий