Страницы

26.03.2012

Mirsüleyman Mirxaslı Qarabağ veteranını təhqir etdi


“Cəlilabadda vətəndaşların sosial təminat hüququ pozulur”


“90-cı illərdə mən müharibədə canımı qoyanda Mirsüleyman Mirxaslının rayonda hansı oyunlardan çıxdığını hamı bilir”

Azərbaycan Respublikası Dövlət orqanlarına
Surəti: Media nümayəndələrinə

   Yazıb sizə bildirirəm ki, mən 1-ci qrup Qarabağ əliliyəm, ayağımdan və başımdan güllə yaraları almışam. Sol ayağımdan 7 santimetr kəsilib götürülmüşdür. Canımı bu torpaq, vətən yolunda qoymuşam. Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədri Mirsüleyman Mirxaslının bir Qarabağ əlili kimi məni və qohumlarımı təhqir etməsinə görə sizə müraciət etməli olmuşam.

   Dayım qızı Günel 8 ildir ki, sosial yardım alırdı. Lakin 3 ay idi ki, həmin pul kəsilmişdi. Dolanışıqları ağır vəziyyətdədir. Məndən xahiş etdi ki, onlarla birlikdə Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə gedib. Yığışıb mənim “Oka” maşınımla dayım, dayım qızı, onun həyat yoldaşı və iki körpəsi ilə rayon ƏƏSMM-nin binasının qarşısına gəldik. Onlar içəri girdilər ki, sosial yardımın kəsilməsinin səbəbini öyrənsinlər. Bu zaman gördüm ki, ƏƏSMM-in Cəlilabad şöbəsinin müdiri Mirsüleyman Mirxaslı dayım qızı Güneli tərbiyəsiz ifadələrlə itələyib çölə çıxardı. O dayım qızını “həyasız ifritə” və digər küçə söyüşləri ilə təhqir etdi. Bu özbaşına hərəkət mənə təsir etdi. Çünki həm dayım qızı, həm də iki körpə uşaq bu kobudluqdan və söyüşlərdən sonra həyəcanlanıb ağlamağa başladılar. Mirsüleyman Mirxaslı onların ağlamağına baxmayaraq söyüş söyməkdə davam edir, əl-qol atır və qadının yaxasından tutub çölə sürüyürdü. Onda mən yaxınlaşıb dedim ki, müəllim, ayıbdır, bu cür küçə söyüşləri və tərbiyəsiz hərəkətlər ziyalıya yaraşmaz. Dedim ki, mən Qarabağ əliliyəm, bu mənim dayım qızıdır, o sizə nə deyir ki, bir məmur kimi sizin borcunuz onun suallarını cavablandırmaqdır. O məni sinəmdəm itələdi, pencəyimin yaxasından tutaraq, dartıb otaqdan çıxarmağa çalışdı. Mirxaslı dedi ki, “sənin boynun eşşək boynu yoğunluqdadır, səndən Qarabağ veteranı olmaz”. O məni yaxamdan tutaraq çölə çıxardı, qadınlı-uşaqlı hamımızı kobud küçə söyüşləri işlədərək qovdu. O, qadını göstərərək “Götür bu həyasızı da, rədd ol burdan!” bağırırdı. İki körpə uşaq qorxusundan stress keçirdi, bütün ailə ƏƏSMM binası qarşısında ağlaşırdı.
   Mən sizdən xahiş edirəm ki, Mirsüleyman Mirxaslı haqqında cinayət işi açasınız, onun tərbiyəsiz və özbaşına hərəkətlərinə qanunun tam tələbləri ilə hüquqi qiymət verəsiniz. Mən Qarabağ müharibəsində ona görə can qoymamışam ki, hər Mirsüleyman kimisinin yerli-yersiz qəzəbinə tuş gələm. 90-cı illərdə mən müharibədə canımı qoyanda Mirsüleyman Mirxaslının Cəlilabadda hansı oyunlardan çıxdığını bütün rayon bilir. Bu cür adamlar dövlətin adını ləkələyir. Uzun illərdir ki, ƏƏSMM yaranandan Mirsüleyman Mirxaslı bu idarəni yeyib dağıdır, əhalinin şikayətlərinə baxan yoxdur. Aldığı rüşvətlərin hesabına gözünü qan örtüb, pul arxayınlıq yaradıb. Bütün cəlilabadlılar bu məmurun əlindən qan ağlayır. Hal-hazırda ƏƏSMM Cəlilabadda ən çətin, əhaliyə ən çox problem yaradan idarədir. Bu idarəyə abırlı-başlı bir adam təyin olunmalıdır. Dəfələrlə deyilib ki, Mirsüleyman Mirxaslı kimi öz hərəkətlərinə nəzarət etməyən, qadına-uşağa hörmət qoymayan birisi necə vəzifədə otura bilər? Bu adamın ictimaiyyət qarşısında vətəndaşa zor tətbiq etməsi halları ilk həfə deyildir, dəfələrlə sadə, kasıb-kusub camaata söyüşlər yağdırıb, güc tətbiq edib. Cəlilabadda vətəndaşların sosial təminat hüququ pozulur. Xahiş edirəm ki, Mirsüleyman Mirxaslının məsələsinə dövlət səviyyəsində baxılsın və Qarabağ veteranlarına düşmən münasibət bəsləməsinin səbəbi aydınlaşdırılsın.
   Xahiş edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci, yəni təhqir maddəsi tətbiq edilsin. Vəzifəli şəxsin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşı təhqir etməsi həmin vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında 57-ci maddədə hər kəsin dövlət orqanlarına müraciət etmək hüququ vardır. Mirsüleyman Mirxaslı dövlət qanunlarına qarşı çıxır, rayonda özünü əsl ağa, hegemon kimi aparır. Onun qabağına diran yoxdur.
   Bundan başqa vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikasının qanunu pozulmuşdur. Rayonda heç kim bu məmurun yanına girib sosialı haqqında heç bir məlumat ala bilmir, bu adam aqressiya nümayiş etdirir. Respublikamızın qanununa əsasən, vətəndaşın müraciətinə maneəçilik törədən vəzifəli şəxs məsuliyyətə cəlb edilməlidir. Xahiş edirəm ki, Qarabağ veteranlarını təhqir edən, şəhidlərimizin ruhuna sayğısızlıq nümayiş etdirən bu ünsür cəzalandırılsın.

Feyziyev Vahab Yolçu oğlu
Cəlilabad rayonu Təzəkənd kəndi

Комментариев нет:

Отправить комментарий