Страницы

24.03.2012

“Qızıl qələm” mükafatı 50 manata satılır - REPORTAJ


“Vətən” və “Şərəf” bir az ucuzdur”


…Sakitcə başını aşağı salıb əriştəsini yeyir. Yanında da yüz qram. Mən isə onun naharı nə vaxt bitirəcəyini gözləyirəm. Amma yaman iştahlı imiş. Qaşığın içindəkilərini hər dəfə içəri ötürəndə ağzını elə marçıldadırdı ki, özümün də həvəsim gəlmişdi. Nəhayət, təxminən 20 dəqiqədən sonra yeməyini yeyib qurtardı.
Cibindən bir sarı “beşlik” çıxarıb stolun üstünə qoydu. Bayaqdan böyründə oturub bulka ilə çay içdiyimi deyəsən indi görmüşdü. Ofisiant pulun qalığını qaytardı. Elə təzəcə ayağa qalxmağa başlayırdı ki, dilləndim:
- Müəllim sizinlə işim var.
- Nə işin, mən səni heç tanımıram.
Özümü təqdim edirəm. Yox, nəinki təqdim edirəm, bütün tərcümeyi-halımı danışıram - atamın məktəb vaxtı yığdığım futbol şəkillərindən ibarət albomu sobaya atıb yandırmasını belə. Nə var, nə var, “Zəncinin arzuları” poemasında beynəlmiləlçiliyin təbliği” mövzusunda yazdığım inşadan ədəbiyyat müəllimim rəhmətlik Dilarə Azaflı nədənsə mənə “üç” yazmışdı. Onda məni Səməd Vurğunun tərənnüm etdiyi zəncinin nə arzuladığı qətiyyən düşündürmürdü. Mənim öz arzularım vardı: jurnalist olmaq istəyirdim, vəssəlam. 
*** 
Tale elə gətirdi ki, mən jurnalist oldum. “525”dən başladım, sonra Mehman Cavadoğlunun möhtəşəm “Rezonans”ı, “Yeni Müsavat” dövrü, Moskva həyatı və “Azerros” qəzeti, sonra yenidən Azərbaycan, yenidən ölkənin ən tirajlı qəzetləri, aradabir “Ədalət” qəzeti, 2009-cu ildə “İlin ən yaxşı reportajı”na görə “Media açarı” almağım… Deyəsən sizi yordum. Amma mən bunları sizlər üçün danışmıram. Qarşımda oturan - bir azdan kimliyini biləcəksiniz, - şəxs üçün danışıram. Amma tanımır. Az qala “Yeddi oğul istərəm” filmində Bəxtiyarın Sarı Şəmistanın yanında söylədiklərini başqa tərzdə təkrarlayıram: “Mənəm də, Bəxtiyar… Səbuhi Məmmədli, “525”də, “Müsavat”da, “Ədalət”də, lent.az-da, kulis.az-da yazılar yazan, Bəxtiyaram da, üzr istəyirəm, Səbuhiyəm də , Səbuhi Məmmədli”.
Heç tükü də tərpənmir.
- Çay içirsiz, deyim gətirsin.
- Yuxarıda otaqda içmişəm, səni dinləyirəm, nə lazımdır sənə?
- Bilirsiz, neçə ildir jurnalistikadayam, amma “Qızıl Qələm” mükafatım yoxdur.
- Bəs indiyəcən nə əcəb almamısan?
- Təltif edən olmayıb, yəqin kiminsə yadına düşməmişəm.
- Yəqin bilirsiz də bu mükafatı kimlər təqdim edir.
Hə, bu yerdə həmsöhbətimizi təqdim etməyin məqamıdır; Davud Dəmirli. “Açıq söz” qəzetinin baş redaktoru. Sən demə, o, həm də filologiya elmləri üzrə fəlsəfə doktoru imiş.


“Nə bilim nə qədər adama “Qızıl Qələm” vermişəm, “uçot”unu aparıram bəyəm?” 


- Davud müəllim, axı eşitdiyimə görə, mükafatı “Açıq söz” qəzeti vermir, başqa təşkilat…
- (Sözümü kəsir) Mükafatı Azərbaycan KİV İşçiləri Respublika Həmkarlar İttifaqı təqdim edir. Amma onun sədri Oqtay müəllim xəstədir, möhürü də, ştampı da mənə verib ki, kim istəsə, mükafatı sən təqdim et.
- Bəs mükafat doğrudan da qızıldandır?
- Yox, diplomdur, vəsiqədir, bir də sarımtıl qələm. Bir də “Açıq söz” qəzetində təbrik də veririk.
- Bəs pul mükafatı olmur?
- (Heyrətlə üzümə baxır) Nə pul mükafatı? Mükafat alan bizim fonda pul verməlidir.
- Niyə?
- Fond yaşasın, növbəti mükafatları hazırlasın. İşçi saxlayırıq. Bunlar hamısı puldur da.
- İndiyəcən nə qədər adama “Qızıl Qələm” mükafatı vermisiz?
- (Fikrə gedir) Yadımda deyil, “uçot”unu aparmırıq.
- Elə ucdantutma kimə gəldi, verirsiz?
- Niyə ki? Yazı-pozu adamlarının əksəriyyəti bizim mükafatları alıblar.
- Sizin başqa mükafatlarnız da var?
- Hə, niyə yoxdu? “Azərbaycan bayrağı”, “Vətən”, “Şərəf” mükafatlarımız da var. Onları da təqdim edə bilərik.
- Bəs bu mükafatları hansı statusla təqdim edirsiz? “Qızıl Qələm”i başa düşdüm, bəs o biriləri…
- O birilərinin də öz sahibləri var. Qulaq as, sən hansından istəyirsən?
- Jurnalistəm də, “Qızıl Qələm”. 


“Vətən” və “Şərəf” bir az ucuzdur” 


- Onda şəxsiyyət vəsiqəni, iki dənə şəkil gətir, bizim anketi doldur, vəssəlam.
- Axı, siz mənim bircə yazımı da oxumamısınız, bəlkə layiq deyiləm?
- (Bir qədər əsəbiləşir) Əsas odur ki, yazı-pozu adamısan.
- Vəssəlam?
- Yox, bir də pul verməlisiniz.
- Nə qədər?
- Baxır da. Siz 50 manat versəz, bəs edər.
- Aşağı yeri yoxdur?
- Aşağı yeri üçün başqa mükafatlarımız var. “Azərbaycan bayrağı”, “Vətən”, “Şərəf”…
- Onlar neçəyədir?
- Bir qədər ucuz. Onların da diplomu və vəsiqəsi var. “Azərbaycan bayrağı” da əlli manatadır. “Vətən” və “Şərəf” bir qədər ucuzdur. 30-40 manata. Nə vaxt almaq istəyirsiz?
- İndi üstümdə pulum yoxdur. Sabah, ya biri gün gələcəm. Özü də üç nəfər almaq istəyir. İkisi “Qızıl Qələm”, biri “Vətən”.
- Oldu, gətir, biz tərəfdən heç bir problem yozdur. Onca dəqiqəyə hazırlayıb verəcəyik.
- Biri taksi şoferidir, amma dini bayramlarda adamları havayı aparır.
- Bax, ona “Şərəf” diplomu verərik. Adı da ki, qəzetdə çıxacaq. Hər adamın adı qəzetdə çıxmır ha!


“İstəsəniz, o birindən də verərik” 


Söhbət təbii ki “Açıq söz” qəzetindən gedir. İldə-ayda bir dəfə çıxan qəzeti tanıyanlardan biri bizə maraqlı bir əhvalat danışdı. Deyir, Davud müəllim kimə ki, tutaq ki, “Vətən” mükafatı verir, onu qəzetdə qısaca təbrik edir. Təbrikin sonunda isə yazır ki, filankəs, siz elə böyük insansınız ki, “Şərəf” və “Azəbaycan bayrağı” mükafatını da ala bilərsiniz. Yəni əliniz cibinizdə olsun.


Səbuhi Məmmədli         kulis.az

Комментариев нет:

Отправить комментарий