Страницы

22.04.2012

“Albaniya Tarixi” və erməni redaktorunun barmağı”


“Qanun” nəşriyyatında tədqiqatçı Lazım Əsədlinin tarixi mövzuda elmi araşdırmalarının məhsulu olan “Albaniya tarixi və erməni redaktorunun barmağı” adlı kitabı nəşr edilmişdir. Kitab haqqında müəllifin öz fikirlərini sizə təqdim etməyi daha məqsədəuyğun bildik. 

Lazım Əsədli:
-Azərbaycan tarixinin alban dövrü, bu günkü Ermənistan-Azərbaycan münasibətləri fonunda, biz azərbaycanlıların, bəlkə də daha çox diqqət ayırmalı, tədqiq edilməli dövrüdür. Bu sahədə akademik Z.Bünyadov, F.Məmmədova, Y.Cəfərov və b. tarixçilərimiz nə qədər zəhmət sərf etsələr də, bu iş öz davamını tələb edir. Fakt isə budur ki, albanşünaslıq başlanğıcdan bu günə kimi, daha çox erməni tədqiqatçılarının inhisarında imiş kimi görünür.
Etiraf etmək nə qədər ağır olsa da, ən dəhşətlisi budur ki, dünya albanşünaslığında da sözü keçən ilk növbədə onların, ermənilərin yazdıqlarıdır. Bu işdə onlara ən böyük dayaq isə, alban tarixinin ən möhtəşəm yadigarı olan bizə ermənicədən tərcümədə çatan M. Kalankatuylunun “Albaniya Taixi” əsəridir. Onlar bu kitaba istinad edərək, albanların ermənilərin bir qolu olub onlardan törədiyini və deməli ki, onların yaşadıqları ərazinin Ermənistanın tərkib hissəsi olduğunu; alban kilsəsinin, alban əlifbasının ermənilər tərəfindən yaradıldığını; Arsax (Qarabağ), bizim də qoynunda yaşadığımız Kaspiana-Paytakaran da daxil olmaqla, Kürün sağsahil əyalətlərinin erməni ərazisi olduğunu sübut etməyə, bununla da öz işğalçılıqlarına tarixi don geydirməyə çalışırlar. Və indiki halında “Albaniya Tarixi” belə deməyə heç də az əsas vermir.
Bizim tədqiqatçılarımız isə bildirir ki, bütün bunlar kitaba edilmiş saxtakarlıqlardan, düzəlişlərdən qaynaqlanır. Ancaq bu haqda hər nə qədər deyilsə də, yazılsa da, bildiyim qədər, bu mövzu heç zaman ayrıca tədqiqat mövzusu kimi işlənməyib. Oxucuların ixtiyarına verilmiş bu kitab isə “Albaniya Tarixi” kitabının başına erməni tərəfinin-erməni redaktorlarının açdığı oyunlar, əlavələr, düzəlişlər, saxtakarlıqlar haqqındadır. Ümid edirəm, albanşünaslıq, ərazi mübahisələri mövzusunda ermənilərlə aramızda gedən elmi mübahisələrdə, tarixi həqiqətlərin üzə çıxmasında, internet məkanında baş alıb gedən diskussiyalarda bu kitab da öz rolunu oynayacaq...
Fürsət var ikən, Şahbaz Xuduoğlu başda olmaqla, “Qanun” nəşriyyatı əməkdaşlarına, o cümlədən, Aygün xanım Hüseynovaya bu kitabın nəşrindəki zəhmətlərinə görə öz dərin minnətdarlığımı bildirirəm.

Qeyd: Məlumat üçün bildirək ki, kitabı əldə etmək istəyənlər “Akademkitab”, “Əli və Nino” kitab mağazalarına müraciət edə bilərlər. 

Комментариев нет:

Отправить комментарий