Страницы

08.04.2012

ASLAN SÜFRƏSİ


AZAD QARADƏRƏLİ


-Sən yenə gəldin?!
-Nə var e?
-Zəhrimar nə var, çor nə var! İtil burdan!
-Əlivi çək... Ağrıdır axı...
-Dünən sənə nə demişdim?! Demədim buralara dolanma?
-Demişdün e... Mən bir az qurdalanıb gedirəm...
-Əlini çək ordan!
-Alə, çəkmirəm!
-Bax, deyirəm, əgər mənim zonama bir də girsən, özünü ölmüş bil!
-Axı buranı sənə kim vərdü?! Allahın yeridür də!

-Al! Al! Al! (yumruqla üzünə, başına vurur) Qoy allahın səni qorusun görüm necə qoruyur!? Petux köpəy oğlu!
-Ağzıvın danışığını bil! Petux da varsan!
-Ə, sən kiminlə danışırsan?! Al! Al! Al! (yenə yumruqla, sonra təpiklə vurur)
-Nöş vurursan? (burnunun qanını qoluyla silir) Allahın yerinə görə...
-Allahın yeridi, amma yerdəki sahibi mənəm! Rədd ol burdan! Urod!
-Mənim qolumun şikəstliyinə gülürsən? Bu, allaha xoş getməz... Mənim qolumun çolaxlığı anadangəlmə dögül ki... Mən də bir ailənin övladıydım, mənim də bəxtəvər günlərim olub... (ağlayır) İnanmazsan, papam  Bayıldakı doğum evündən mələmüzəcən toy çaldıra-çaldıra gətirib mamayla məni... Hindi sən mənə burda qurdalanmağı  çox görürsən...
-Di yaxşı ağlama. (özü də gövrəlir) Bir az axtar, sonra çıx get öz terretoriyana... Bura axı həqiqətən mənim ərazimdi... Dayan görüm, bəs axı sən nə təhər oldu bura gəldin, öz ərazin haraydı?
-Mənim ərazim olan evləri sökdülər... Beşmərtəbə tərəfdə... Bir çox ailələr konpensasiya alıb aradan çıxdı, şəhər meriyasının təklifini qəbul etməyənləri də polislər dubinkayla dögüb saldı çölə, çıxmayanların da mənzillərini uçurdular başlarına... (yenə ağlayır) Orda bir qızcığaz vardı, özünü buldozerin qabağına atırdı ki, kuklam evdə qalıb, qoyun gedim götürüm... Qoymadılar... (Hönkürür) Mənim qolumu da orda vurub sındırdılar... Hələ əməllü bitməyib...
-Arığın qoruqda nə işi vardı axı qolunu da sındıralar? Sənin ki evini başına uçurmurdular, sənə nə düşmüşdü  özünü dubinkanın qabağına verirdin?
-Qədeş, sən nə danışırsan? Mən də o adamlarla dolanırdım axı... Yeməyim onlardandı, geyməyim helənçinə... Mən mühəndis işləyəndə... (yenə ağlayır) bu adamlara o qədər yaxşılığım keçmişdi ki... Neft terminalının  baş injineriydüm... Bir ay dənizdə, bir ay quruda olurduq. Meşdibadın hamamı tərəfdə dörd otaqlı evimiz vardı o vaxtlar... (hönkürür)
-Mən bura kənddən gəlmişəm. (qəhərlənir) Sən məni bağışda... Eşşəklik elədim, vurdum səni... Mən də daşdan yaranmamışam... Atam-anam, nəslim-köküm olub...
İndi bax buyam...
-Danq-daranq! (bir tula iki kişinin üstündə dartışdıqları zibil tiyanını aşırır, zibilliyin üfunəti bir az da artır.)
-Qaragünə qalasan! Sınıq qolumun sınığı təzələndü... Oy-oy-oy...
-Qorxma, qorxma, bir şey olmaz... Sınmaz, eləcə ağrıyıb... Dayan sarığın üstünə bir az soyuq su töküm...
-Su nədür?! Sən luçşe bu qolumun üstə işə... Sidik bəlkə kar elədi...
-Ə, ayıb deyil... Utanıram e...
-Alə, nə deyirəm, onu elə.
-Yaxşı... (işəyir şirkli dəsmalla sarınmış qolun sarığının üstünə)
-Ay, öldüm, mama... Oxxay... Sağ ol, vallah sidikdən başqa bütün dərmanlar yalandı... Sən o çaydanı gör qeynədə bilərsən? Boğazım qurudu...
-Bir çürük partağal tapmışam, sən bunu soy, qoy ağzına, mən də indi çaydanı basaram üstə. (şalvarının qabağını düymələyir) Amma qəndimiz olmuyacax...
-Mən Beşmərtəbədə uçurulan evlərin biründən bir kiloyacan qənd tapmışdım... Torbamdadı... Bu gün mən şirinçay qonaqlığı verəcəm... Oy, oy, öldüm allah!
-Mən ocaq qalamağa getdim, gözdə-qulaqda ol, o tula gəlib süfrəmizə girməsin.

Комментариев нет:

Отправить комментарий