Страницы

20.04.2012

BEŞ

Aftandil Adeişvili
(Gürcüstan)
           
            Müəllim sinfi nəzərdən keçirərək:
            -Bu gün yoxılama yazı işimiz var, - dedi. –“Bizim qonaq” mövzusunda inşa yazacağıq.
            Çox düşünmədən yazmağa başladım: “Qonaq – Allah adamıdır!” Bunu mənim babam deyir. Nən pionerəm. Allaha inanmıram. Qonağa isə inanıram. Evimizə qonaq gələndə bizdə toy-bayram olur. Qapısını qonaq açmayan evi qonaqsevməz adlandırırlar. Mənim valideynlərimə bu adı vermək olmaz. Ona görə ki, evimiz həmişə qonaqlı-qaralı olur. Özü də həmişə çoxlu pay gətirirlər: hinduşka, toyuq, çoşka, qoyun.


Bir dəfə hətta inək də gətirmişdilər. Belə qonaqlar ailəmizin kefini kökəldir. Qonşuların bizə paxıllığı tutur. Anam onları “annonimçi” adlandırır. Bunun nə demək olduğunu bilmirəm. Madam ki, anam belə deyir, demək, bu ada layiqdirlər. 
            Yaxınlarda atam ezamiyyətdə olub. Sabaha həmin rayondan qonaq gözləyirik. Maraqlıdır: görəsən nə gətirəcəklər?! Bal gətirsəydilər, lap qiyamət olardı. Baldan ötrü ürəyim gedir. “Qonaq – Allah adamıdır!” Bunu babam deyir.
            Yoxlama yazı işimə görə “5” qiymət aldım. Müəllim bütün sinfin qarşısında məni təriflədi:
            -Elə təbii yazmısan ki, sənin inşanı müəllimlərin rayon müşavirəsində oxudum. Hamı səni təriflədi.
            Sonra müəllim üzünü o biri şagirdlərə tutaraq:
 -Əsl həqiqəti necə yazmağı öyrənin, - dedi.
            Sevincək evə yollandım. Orada məni xoşagəlməz hadisə gözləyirdi.  Dəhlizdə milsionerlər dayanmışdılar. Biri oturub nəsə yazırdı. Rayondan gələn qonaq  yanıqlı-yanıqlı mələyən quzunu qucağında tutmuşdu. Əhvalı pozğun idi. Atam vaxtı ötmüş limon kimi sapsarı saralmışdı. Sonra atamı və qonağı quzu ilə birlikdə harasa apardılar. Anam məni qucaqlayaraq:
            -Oğlum, bizi kimsə ələ verib, - deyə hönkürdü. –Atanın rayona gedişləri, qonaqların evimizə gəlişləri barədə yazıblar. Atan daha müfəttiş olmayacaq, daha bizim balaca quzumuz, çoşkamız olmayacaq.
            Mən:
            -Ağlama, anacan,- dedim. –Bu yoxlama yazı işinə görə mənə beş veriblər.
            Hər iki qulağı ağır eşidən babam:
            -Beş??? – deyə dilləndi. –Buna görə atana beş yox, olsa-olsa üç il iş verərlər.
                             
Rus dilindən tərcümə edən:
Akif Abbasov

Комментариев нет:

Отправить комментарий