Страницы

07.04.2012

"İndi nə yazsam, müəllifi mən yox, Məhsəti olacaq"

alt
Cavidan: "Oxuyub dəyər verən bircə oxucu belə varsa, onun naminə yazmalıyıq, hətta yazdığımız kartof püresi resepti də olsa"


"Söz adamı" adlanan layihəmizin bugünkü qonağı gənc yazar Cavidandır. Əksər qələm adamlarından fərqli olaraq Bakıda deyil, əyalətdə (Lənkəran) yaşayır. Son zamanlar şeirlər və nəsr nümunələrindən başqa, həm də köşə yazıları maraqla izlənilən yazarımızla müsahibədən də zövq alacağınıza ümid edirik.


- Gündəmdə olan bir çox yazarlarımızdan fərqli olaraq paytaxtda deyil, əyalətdə yaşayırsınız. Bu, ədəbi fəaliyyətinizə nə dərəcədə təsir göstərir?
- Mən Azərbaycanın elə bir yerində yaşayıram ki, dünyanın ən ünlü yazarları burada bircə həftə yaşamaq imkanı əldə eləsəydilər, ruhlarına çəkəcəkləri enerji qalan bütün həyatları boyunca qapalı bir guşəyə çəkilib bir-birindən gözəl əsərlər yazmaqlarına bəs edərdi. 

Lənkəran özünün ab-havası, mistik aurası, xarizması olan diyardır, yaradıcı adam üçün əsl ruhi qida bolluğu olan bir yerdir. Ədəbi fəaliyyətimə sırf bu nöqteyi-nəzərdən olduqca müsbət təsiri var buranın, yazmaq üçün, yazıb tanınmaq üçün paytaxtda yaşamağa ehtiyac yoxdur, düşünürəm, Bakı Markesə mənə olduğundan daha uzaqdır, amma baxın, o, nələr yazmadı! Zarafat bir yana, demək istəyirəm ki, şəxsi bloqumun tanıtım sütununda qeyd etdiyim kimidir hər şey: "Bir cənub şəhərində doğuldum. "Cənub mirvarisi" də deyirlər bura. Burada dağlara söykənib dənizi seyr etmək qədər gözəl bir həyat şansı var. Mən Emersonun bir fikriylə tamamilə razıyam ki, "əgər sən hətta siçan tələsini belə başqalarından daha yaxşı düzəldə bilirsənsə, sənin evin keçilməz meşədə də olsa, qapına cığırlar açılacaqdır..."
Yeri gəlmişkən, evimdən kənara çıxmadan iki kitabım ( "Bu şeir deyil" şeirlər və "Namə" romanı) özümün iştirakım və xəbərim olmadan çap olunub, üçüncü kitabım “Azadlıq” radiosunun "Oxu zalı"nın seçimi rubrikasında çıxmalıdır, "İsmin yeddinci halı" romanım İranda çap olunmaq üçün alınıb, ən nəhayət, çox böyük qürur və sevinclə deyim ki, hal-hazırda İstanbul yayın evlərinin birindən aldığım sifarişlə "Cəhənnəmdə bitən çiçək" adlı roman yazıram Məhsəti Gəncəvi barəsində. Yəni mən bəlkə də cibindən pul xərcləyib kitab çap etdirməyən, üstəlik də, ölkə xaricindən sifariş alan tək yazaram hal-hazırda. Bu uğurlarım üçün bəlkə də elə əyalətdəki hücrə həyatıma minnətdar olmalıyam.


- Tez-tez "Bakı ədəbi mühiti" ifadəsini işlədirik. Hər halda, kənardan baxanda daha yaxşı görünər, belə bir mühit varmı?
- Məncə, elə bir mühit olub bir zamanlar, amma indi kənardan mənzərə tamam başqa cür görünür. Hardadı indi ədəbi Bakı, əzizim? Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmlərdə? Anarın, Elçinin əsərlərində? Yoxsa əyalətin ucqarlarından qaçıb Qız qalasının ətrafına sığınanlar yaradır indi həmin Bakını? Bəlkə də haqsızam, amma kənddə yaşayıb urbanistik təfəkkürü olanlarla Bakıda oturub aqrar düşüncələrlə yazıb-yaradanlar arasında ən az fərq elə ağ rənglə qara rəng arasında olan dərəcədədir. "Bakı ədəbi mühit"i ifadəsi mənim üçün indi sadəcə, Bakıdakı kitab mağazaları ətrafında olan canlı ədəbi həyatdır ki, onu da mütaliəyə həvəsli gənclər yaşadırlar - bu dünyanın hər yerində ədəbiyyatı yaşadan aparıcı qüvvə - oxucular!


- Hansısa ədəbi təşkilatın üzvüsünüzmü? Və sizcə, ədəbi təşkilata üzv olmaq labüddürmü?
- Xeyr, heç bir ədəbi təşkilatın üzvü deyiləm. Əlbəttə ki, öz çevrəsi, öz əhatə dairəsi olmaq gözəldir, bunun üstünə üzv olduğun təşkilatın sənin yaradıcılığın üçün yaratdığı münbit şəraiti, dünya ədəbi qurumlarıyla qarşılıqlı işbirliklərini, maddi yardımları nəzərə alanda, bu mənzərə kənardan olduqca cəlbedici görünür. Amma hələ ki, təklikdə, ev şəraitində, vaxtım olandan-olana, özüm istədiyim zamanda, özüm istədiyim mətnləri yazmağı daha üstün tuturam, düşünürəm, mənim də vəziyyətimin cəlbedici göründüyü kəslər ola bilər.


- Mətbuatda həm də ədəbi tənqid nümunəsi hesab oluna biləcək yazılarınıza da rast gəlirik. Bu gün ədəbi tənqidin səviyyəsi sizi qane edirmi?
- Olur belə yazılarım, amma sırf tənqidçilik nöqteyi-nəzərindən yazmıram onları, sadəcə, şərhlər kateqoriyasına aid edirəm özlüyümdə, ədəbi tənqid işi ilə məqsədli şəkildə məşğul olmaq üçün vaxt və səbr lazımdı ki, bu ikisini də mən ailəmlə ədəbiyyatımdan başqa nəyəsə və ya kiməsə xərcləmək üçün olduqca xəsisəm. Ədəbi tənqidimiz barədə isə susmağı üstün tuturam, biz hal-hazırda bir-birini görməyən və tanımayan iki qüvvəyik.


- Sizə də elə gəlmirmi ki, ədəbiyyat tənqidçilərimiz daha çox "dostluq" və ya "düşmənçilik" prinsipləri ilə hərəkət edirlər.
- Mənə elə gəlir ki, ədəbiyyat tənqidçilərimiz arasında nə dostum, nə də düşmənim yoxdur, bu üzdən də onların heç bir prinsipini görə bilmirəm. Allah eləməsin ki, bir gün ayılam, görəm, əslində, heç bir prinsip də yox imiş ...


- Qəzetlərdə köşə yazılarınıza da rast gəlirik. Bu gün əksər yazarlarımız həm də mətbuatda köşə yazarı kimi çalışır. Sizcə, bu, onları ədəbiyyatdan uzaq salmır ki?
- Min dəfə demişəm, min birinci dəfə də deyim, köşə yazarlarına ədəbiyyatı, ədəbiyyatçılara isə köşə yazarlığını qəti surətdə qadağan eləmək lazımdır - əgər ədəbiyyatın və publisistikanın inkişafı istənilirsə!  Mən özüm də özümə qadağan edirəm bunu zaman-zaman, daimi və eyni vaxtda bir neçə yer üçün müxtəlif mövzularda yazan birisi deyiləm. Düşünürəm ki, jurnalist, publisist deyil, sırf ədəbiyyat adamıyam və daha çox bədii mətnlərə üstünlük verirəm. Amma istər-istəməz bir də görürəm ki, heç bir mətbu orqan üçün işləmədikdə belə, başlamışam bloq yazmağa, günlük qeydlər etməyə, təbii haldır, xırda tənəffüslərdir sadəcə, alınırsa, oxuyub dəyər verən bircə oxucu belə varsa, onun naminə yazmalıyıq, hətta yazdığımız kartof püresi resepti də olsa.


- Son günlərdə sizin Kamal Abdullanın Nobel mükafatına namizəd kimi qeydiyyata alınması ilə bağlı yazınızı gördüm. Yazıda özünüzə "Niyə mən yox, o?" sualını verirsiniz. İddialarınız həqiqətən çox böyükdür?
- Bəri başdan deyim ki, Kamal Abdullanın bu uğuruna həqiqətən də sevinənlərdən olmuşam və Allaha min şükür ki, başqasının uğuruna sevinmək kimi insani bir hissi hələ itirməmiş birisiyəm. Həmin yazıya gəldikdə isə, o həm də bir ironiya idi, o yazıda bu ölkənin minlərlə yazı adamının ürəyindən xəbər verdiyimin də fərqindəyəm, "Niyə mən yox, O?" sualını, əminəm ki, üzdə, ucadan səsləndirən elə mən oldum, hərçənd, bizdə belə sualları ya pıçhapıçla adamın dalınca deyərlər, ya da kimsəyə deməkdən çəkinib ürəyə yığarlar, qartmaq bağlayıb daşa dönəndə adama ata bilsinlər deyə.


- Sizcə, ədəbiyyatımız artıq Nobel mükafatına iddia etmək iqtidarındadır?
- Məncə, ədəbiyyatımız artıq bu iddiasını irəli sürüb. Biz bunu Kamal Abdullanın timsalında gördük artıq. Mən çox istərdim, hər gün izlədiyim noblit.ru saytının səhifələrində Azərbaycandan olan bir yazıçının da bioqrafiyası, müsahibələri, Nobel çıxışı olsun, çox istərdim, həmin saytın forumunda bizim yazıçılarımızın da mükafata namizədlikləri müzakirə olunsun, əsərləri barədə dartışmalar olsun və s. Azərbaycan ədəbiyyatı indi bizdə deyilməsi dəb olduğu dərəcədə zəif, miskin deyil. Oxunsa, oxutdurulsa, dünyanın öyrənəcəyi nələrsə də mütləq var bu ədəbiyyatda, inanıram. Yetər ki, birimiz qalxanda on birimiz ətək dartmayaq, ayaq altı qazmayaq, zirvə, pik yaratmaq istəyiriksə, çiyin-çiyinə dayanmağı, ümumi dəyərlərimizin daşıyıcılarını başımızın üstündə saxlamağı bacarmalıyıq. Məsələn, Məhsətini dünyaya Safo kimi tanıtmaq istəyənlərə qarşı çıxmalıyıq, bu gözəl və güclü xanımımızı bir lesbiyan şairə ilə baş-başa saxlamağa qalxmamalıyıq, Şərqin ilk şahmatçısı, musiqiçisi, rübai ustası, qızlar üçün ədəbiyyat, incəsənət və xanımlıq məktəblərinin banisini bu cür mənasız bənzətmələrlə ləkələməməliyik. Bu, bizim ədəbiyyatımızın tarixidir, qadın yazarlarımızın ruh yoludur, bu yolu getməyin, bu yolla dünyanın ən uca zirvələrinə yüksəlməyə cəhdlərin nəyi pis və ya qeyri-adidir ki?


- Müasir ədəbiyyatda sanki nəsrlə nəzm arasındakı sərhədin aradan qaldırıldığını müşahidə edirik. Bu sizi narahat etmir ki? Yoxsa siz də bu fikirdəsiniz ki, yeni ədəbiyyatın tələbi məhz belə olmalıdır?
- Bəli, belə bir hal yaşanır, çox təəssüf edirəm ki, indi sərbəst şeir adına ağla gələn hər şeyi alt-alta sütun edərək, oxucuya təqdim edirlər. Amma bunlar şeir deyil və oxucu da anlayır, almır, oxumur, istəmir, tələb etmir bu "poeziya"nı, gəlin etiraf edək.  Şeir, nəzm - özünün ritmi, axarı, ahəngi olan söz sənətidir, ruhu söz havasına rəqs edə bilməyənləri özündə saxlamaz, zaman-zaman ağ, mavi, çəhrayı şeir deyə yazılanlarsa dəbdən, bir az da meydan boşluğundan başqa bir şey deyildir, yüzlərlə, minlərlə yazarlar, baxarsan, bir ölkədə bir əsrdən bircə imza da qalmadı, demək, həmin əsrdə əsl şeir yazılmayıbmış, yazılıbsa da əsl oxucu yox imiş, yoxsa, mütləq qorunardı. Qaldı bu sarıdan şəxsi narahatlığıma, əminliklə deyərdim ki, yox, qətiyyən narahat deyiləm, çox güclü şeir potensialım var və hamı yorulanda xəfif su səsi kimi bir dinclik vəd etməyə hazır olacam, şeirdən tamam getdiyimi düşünmürəm, sadəcə, o ironik şeir-parodiyalardan sonra ciddi ədəbiyyat yazmaq istədim, bunun üçün roman janrını seçdim, arada hərdən xırdaca da olsa, şeir topluları yazacağımı isə bilirəm, sadəcə, indi nə yazsam, müəllifi mən yox, Məhsəti olacaq, onun aləmindəyəm çünki...


Şəbnəm Xeyrulla                             gundelik-baku.com

Комментариев нет:

Отправить комментарий