Страницы

25.04.2012

Dallesin paraşütçüləri, yaxud böyük kəşfiyyat layihəsinin iflası – ARAŞDIRMA-FOTOLENT

İlqar ƏLFİOĞLU


İş elə gətirdi ki, 1946-cı ilin dekabrında Böyük Britaniya kəşfiyyatı CİC özünün İstanbuldakı rezidenturasına ən inanılmış peşəkarını - Kim Filbini rəis təyin etdi. Axı ürəklərindən keçirdi ki, “soyuq müharibə”nin başlanmasıyla dünənki müttəfiqləri olan SSRİ-nin ərazisində geniş agentura şəbəkəsi yaratsınlar, özlərinə rəqib gördükləri bir ölkəni içindən dağıtmağa cəhd göstərsinlər. Bu məqsədlərin həyata keçirilməsində İstanbul ən əlverişli nöqtə olduğundan, oradan yalnız Sovet İttifaqına qarşı deyil, həm də Şərqi Avropanın sosialist ölkələrinə qarşı əməliyyatlar planlaşdırmaq asan olduğundan bu əhəmiyyətli vəzifəyə belə qiymətli fiquru təyin etmişdilər.

Rezidenturanın yeni rəhbəri “daxilə nüfuz” etməyə yönələn əməliyyatlar üçün münbit zəmin hazırlamalı idi. CİC rəhbərliyi bu terminlə Türkiyə sərhədindən Ermənistan, Gürcüstan və Azərbaycan ərazisinə casus çıxarmağı adlandırırdı...

CİC sərhədi qeyri-leqal keçən xırda dəstələri qısa müddətlik - təxminən 6-8 həftə müddətinə sərhədin o üzünə keçirməyi planlaşdırır və bu yolla İrəvan, Tiflis və Bakıda öz kəşfiyyatçılarının uzun müddətlik yuva salaraq casusluq etməsinin, oralarda geniş və daimi agentura şəbəkəsi yaratmağın mümkün olub-olmamasını aydınlaşdırmaq istəyirdi...


Zəruri arayış: 
Britaniya kəşfiyyatının aparıcı əməkdaşlarından olan Harold Adrian Rassel Filbi 1934-cü ildən Sovet kəşfiyyatına işləyirdi və bunu bir Moskvadakı şefləri bilirdi, bir də özü...

Filbinin “aktivi” – Dallesin “passivi” 

İngilis kəşfiyyatının üzünmüddətli planları və bu planlar üçün zəmin hazırlamağa yönəlmiş sınaq xarakterli əməliyyatlar haqda Filbi təbii ki, Sovet kəşfiyyatını təcili olaraq məlumatlandırdı. Stalin məlumatla maraqlandı və düşmən casuslarının SSRİ-nin cənub rayonlarında naturallaşmasının qarşısını almağa yönəlmiş əməliyyatları öz nəzarətinə götürdü. Onun fikrinə görə sərhədin bu üzünə casus qrupu çıxarmaq cəhdi elə birinci dəfədən səs-küylü bir məğlubiyyətlə bitsə, həm ingilislərin, həm amerikalıların Sovetlər İttifaqında daimi agentura şəbəkəsi qurmaq fikrinə birdəfəlik nöqtə qoyulardı...

Kim Filbi ideoloji dost olduğu Sovet kəşfiyyatı qarşısında vəzifəsini uğurla yerinə yetirəndən sonra məvacib aldığı CİC-in tapşırığını həyata keçirməyə girişdi. Türkiyədəki vəziyyəti dərindən analiz edəndə başa düşdü ki, bu yerlərdə casusluğa namizəd axtarmaq əbəsdir. Çünki əhali casusluq peşəsi üçün yaramır. Rəhbərliyə yolladığı şifrələnmiş teleqramda kəşfiyyatçı CİC rəhbərliyinə təklif edir ki, Paris, London və Beyrut rezidenturaları ordakı erməni və gürcü diasporası içində bu əməliyyat üçün münasib kadrlar axtarmağa başlasınlar.

Tezliklə Londondan xəbər gəlir ki, iki namizəd artıq tapılıb və onlar hal-hazırda ciddi və intensiv hazırlıq keçirlər...

1947-ci il dekabrın ilk ongünlüyündə Kim Filbi, Türkiyə təhlükəsizlik xidmətinin rəisi general Tövfiq bəy və iki cavan gürcü ilə bir yerdə Gürcüstanın Axaltsik rayonuyla həmsərhəd olan Pozov kəndinə yollanırlar. Filbi casus olmağa çalışan bu iki cavanın sərhədçilər tərəfindən avtomat atəşiylə necə biçildiyini öz gözləriylə görür...

Bu casusların belə nümayişkəranə tərzdə güllələnməsi CİC rəhbərliyini SSRİ ərazisinə agent çıxarmaq fikrindən həmişəlik uzaqlaşdırır. Amma onların amerikalı həmkarları daha inadcıl idilər. Onlar növbəti casusu SSRİ ərazisinə yerlə deyil, göylə çıxarmaq fikrinə düşdülər...

Yer olmasın, göy olsun

1950-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının siyasi rəhbərliyi SSRİ-nin iqtisadi və hərbi sahədə vəziyyəti haqda məlumatlar sarıdan yaman qıtlıq çəkirdi. Kapitolidə hər kəs belə düşünürdü ki, bu sahədəki çatışmazlığı yalnız geniş casus şəbəkəsi həll edə bilər. Belə bir məqamda Mərkəzi Kəşfiyyat İdarəsinə Allen Dallesin gəlişiylə bu orqanın fəaliyyətində əhəmiyyətli bir canlanma hiss olundu. İngilis həmkarlarının uğursuzluq təcrübəsini nəzərə alan kəşfiyyat şefi agentlərin yerlə deyil, havayla çıxarılmasına üstünlük verdi. Və bir də agentləri möhkəm nəzarət altında olan sərhəd zolağına deyil, ölkənin dərinliklərinə çıxarmağı planlaşdırdı. Bu sahədə ona aktiv köməyi SSRİ üzrə təcrübəli mütəxəssis, “casusluq superstarı”, Qərbi Almaniya kəşfiyyatının şefi Reynhard Gelen göstərməyə başladı.

Əsas məsələdə - işə yeni agent cəlb etmək məsələsində heç bir çətinlik yox idi. Müharibədən sonra Qərbdə bu və ya başqa səbəblərdən vətənə qayıtmaq istəməyən yüz minlərlə sabiq Sovet vətəndaşı qalmışdı. Gizlətməyə ehtiyac yoxdur ki, bu şəxslərin bir qismi SSRİ-yə qarşı almanlar tərəfdə vuruşduğundan, bu işə həvəslə girişərdilər. Qeyri-leqal iş üçün agentlər məhz belələri arasından seçilir, kəşfiyyat məktəblərində hazırlanırdılar.

SSRİ ərazisinə çıxarılan ilk agentlər 1943-cü ildən general Vlasovun dəstəsində Sovet qoşunlarıyla vuruşan dezertirlər Viktor Boronets və Aleksandr Yaşenko oldu. Onlar 1951-ci il, avqustun 18-də Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı məxfi bazadan havaya qalxan hərbi təyyarədən paraşütlə Minsk şəhəri ətrafına atıldılar.

Voronetslə Yaşenkonun ən başlıca vəzifəsi nüvə silahıyla məşğul olan müəssisələri aşkarlamaq idi. Hər ikisinin inandırıcı “əfsanəsi”, yüksək keyfiyyətlə hazırlanmış sənədləri vardı. Voronets təzə sənədlərinə əsasən, Moskvadakı “Yava” tütün kombinatının fəhləsi idi və Qafqaz kurortlarında dincəlməyə gedirdi. Əraziyə atılandan düz bir ay sonra o elə həmin Axaltsik rayonu ərazisindən Türkiyə sərhədini keçməliydi. İndi “Kasparov” olan Yaşenkoya isə Ural tərəfləri gəzərək türk-gürcü sərhədindən qayıtmaq tapşırılmışdı.
Casuslar miniatür radio cihazları, Çexoslovakiya istehsalı olan, açılıb-yığılan velosipedləri (onlar SSRİ üçün istehsal olunurdu), “Parabellum” markalı tapançaları, 5 min rubl pulları, rüşvət vermək üçün bir kisə Nikolay çervonları və bir-neçə qızıl saatları vardı...

Amma, necə deyərlər, sən saydığını say... Afinadakı radiostansiya agentlərdən yerə yaxşı endikləri haqda bircə məlumat ala bildi, sonra daşdan səs çıxdı, onlardan yox.
Üç aydan sonra ölkənin bütün mərkəzi qəzetləri amerikalıların iki silahlı casusunun tutulması, məhkəmənin hökmüylə güllələnməsi haqda palaz-palaz yazılar verdilər...

Deyəcəksiniz ki, həvəsdir-bəsdir? Yox! Siz axı Allen Dallesi tanımırsınız. Necə ki, o Kim Filbini tanımaq şərəfindən məhrum idi...

Allen Dalles bir gülləyə ölənlərdən deyildi: həmin iki “qaranquş” güllələnəndə Qərbi Almaniyanın Visbaden şəhərindəki hərbi bazadan havaya Amerikanın daha bir “Dakota” yük təyyarəsi qalxaraq Moldaviyanın Kişinyov şəhərinə istiqamət götürdü...

“Casus-casus” oyununda “Solist”in solosu

1951-ci il sentyabrın 25-də Moldaviyanın Dövlət Təhlükəsizliyi Nazirliyinin operativ növbətçisi Dnestryanı hərbi dairə qərargahından bir telefonoqram aldı: “Gecə saat 2.24-də stasionar müşahidə postları bort işıqlarını söndürmüş, mənsubiyyəti bilinməyən bir təyyarə qeydə alıblar. Təyyarə çox yüksəkdə Kişinyov istiqamətində uçurdu. Kauşanı-Benderı rayonu üzərində təyyarə uçuş yüksəkliyini sürətlə itirərək havada dövrə vurdu və Qara dəniz istiqamətində uzaqlaşdı. Havaya qaldırılan qırıcı təyyarələr sərhəd pozucusunu yaxaladılar. Xəbərdarlıq atəşinə məhəl qoymayan təyyarə saat 2.58 dəqiqədə hücuma məruz qaldı. Bir qanadı alışan təyyarə dənizə düşdü. Təyyarənin pilotu paraşütlə suya atıldı, “Jolio Küri” yük gəmisinin heyəti tərəfindən sudan çıxarıldı. Pilotun dindirilməsi əsnasında məlum oldu ki, təyyarə aşağı yüksəkliyə endiyi zaman əraziyə paraşütlə bir nəfərdən ibarət desant çıxarılıb”.

...Telefonoqram Moldaviya təhlükəsizlik orqanlarına yetişəndən bir saat sonra ərazinin iki motoatıcı diviziyasının şəxsi heyəti tərəfindən axtarılması zamanı diversant ələ keçdi. Bu 25 yaşlı Konstantin Xmelnitski idi...

Gəncliyinə baxmayaraq, bu oğlan az şey görməmişdi. Hələ 15 yaşında ikən onun Minsk yaxınlığındakı doğma kəndi Viyuykini tutmuş alman qoşunlarına qulluq etməyə başlamışdı. 1943-cü ildə “faterlənd” (vətən) qarşısında xidmətlərinə görə SS batalyonuna qəbul edilmiş, İtaliyada ingilis-amerikan qüvvələriylə döyüşlərdə iştirak etmişdi. Hitler Almaniyasının kapitulyasiyasından sonra Fransaya köçərək Sorbonna universitetinə qəbul olunmuşdu. Orada eşidəndə ki, amerikalılar Qərbi Almaniyada SSRİ ərazisində casusluq etmək üçün ukraynalı cavanları yığırlar, təhsilini yarımçıq qoyaraq onlara müraciət edir, İmmerştadt şəhərindəki kəşfiyyat-diversiya məktəbinə girir. Bir il ərzində onunla amerikalı kapitan Ceyms Higgins tam məxfilik şəraitində xüsusi dərslər keçir. Bu dərslər Sovet İttifaqının topoqrafik xəritələri üzərində işlə paralel konkret məkanlarda, təbiət qoynunda davam etdirilir ki, gələcək kəşfiyyatçı kompas vasitəsiylə istiqaməti tapmağı öyrənsin, sənaye obyektlərini, dəmir yollarını partlatmaq vərdişlərinə tam yiyələnsin.

Təlim zamanı kursant Xmelnitski (o artıq “Solist” ləqəbi daşıyırdı) özünün yeni tərcümeyi-halını, həyatının təfərrüatını mənimsəyir, Vilyuy rayonunun bütün rəhbərliyinin adını əzbərləyirdi.

Kurslar bitəndə onu ən perspektivli agent kimi, şəxsən Gelenə təqdim edirlər...

“Solist” rəhbərliyini sevindirir

Oktyabr ayının əvvəllərində Xmelnitski Amerika kəşfiyyatının Almaniya Federativ Respublikası ərazisindəki mərkəziylə radio əlaqəsi saxlayaraq tapşırığı yerinə yetirməyə başladığı haqda məlumat verir. Bunun dalınca kəşfiyyat bosları onun sel kimi axan qiymətli məlumatlarına heyran qalırlar. Bu məlumat seli üç ilə yaxın davam edir. Radioqramlara əsasən, “Solist” bütün SSRİ ərazisini gəzir, terror əməliyyatları hazırlamaq, sovet müəssisələrindən qiymətli sənədlər oğurlamaq, vəzifəli şəxsləri hörmətdən salmaq məqsədi daşıyan şayiələr yaymaq üçün dəstələr formalaşdırır.

Bundan savayı, müntəzəm olaraq Sverdlovsk və Çelyabinsk şəhərlərinə səfər edərək “Atommaş” birliyinin müəssisələri haqda məlumat toplayırdı. Sonra da nüvə obyektləri yaxınlığından götürdüyü torpaq və su nümunələrini qabaqcadan müəyyən edilmiş məxfi yerlərə qoyaraq mərkəzə ötürürdü.

Axırda “Solistin” kəşfiyyat məlumatlarından Allen Dalles o dərəcədə təsirlənir ki, Geleni bu böyük uğur münasibətiylə ürəkdən təbrik edir...

Çin olan yox, partlayan xəyallar

1954-cü ilin iyun ayında SSRİ Xarici İşlər Nazirliyi Moskvada akkreditə olunmuş iki yüz xarici jurnalist üçün bir mətbuat konfransı təşkil etdi. Yupiterlərin parlaq nuruna qərq olmuş səhnədə bir masa vardı, üzərinə casus əlbəsələri - paraşüt, amerikan radioötürücüsü, tapança, topoqrafik xəritələr, qızıl Nikolay çervonlarıyla dolu balaca kisə, içində zəhər olan ampulalar düzülmüşdü. Masanın arxasında isə şəxsən “Solist” – Xmelnitski oturmuşdu.

O, müxbirlərin suallarına cavab verərək bəyan etdi ki, 1945-ci ildən sovet əks-kəşfiyyatı ilə əməkdaşlıq edir və rəhbərliyin tapşırığına əsasən, keçmiş əsirlər arasına girərək Amerika kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunmasına şərait yaradıb və kəşfiyyat məktəbində intensiv kurs keçib.

Bunun dalınca Xmelnitski son üç ildəki ən sensasion açıqlamasını verir: düz üç ildir ki, amerikalılarla uğurlu radio əlaqəsi saxlayaraq SSRİ Dövlət Təhlükəsizliyi orqanlarında hazırlanan dezinformasiyanı onlara ötürürəm.

Onun sözlərinə əsasən, oyun o dərəcədə dəqiq aparılırdı ki, amerikalılardan aldığı sifarişlər əsasında Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ barədə bir çox məxfi niyyətlərini, planlarını açmaq mümkün olub.

Bu elə bir partlayış idi ki, Almaniya Federativ Respublikasının kansleri Konrad Adenauer Gelenə SSRİ-yə paraşütlə casus çıxarmaq əməliyyatlarını dayandırmaq əmri verir.
Lakin Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi bu biabırçılıqdan sonra da arabir Gelenin köməyiylə SSRİ-yə agent çıxarırdı. Bu casusların demək olar ki, hamısı həbs olunurdu. Məsələn, belə dəstələrdən biri də 1954-cü ildə Kiyev yaxınlığına atılan “Kvadrat B-52” adlı diversant dəstəsi idi. Dəstəyə Oxrimovaç və Slavnı soyadlı iki nəfər rəhbərlik edirdi...

Ümumiyyətlə 1951-1954-cü illər arasında Sovet əks-kəşfiyyatı 30 paraşütçü casusu ələ keçirib və onların böyük əksəriyyəti güllələnib. Sağ qalanlar da amerikalıların niyyətlərini açmağa yönələn radiooyunlarda iştirak ediblər. Amma təbii ki, kəşfiyyatçıların hamısını tutmaq mümkün deyildi. Məhz buna görə də amerikalılar bu yolla qiymətli məlumatlar ələ keçirdiklərini söyləyirlər və buna şübhə etmək düzgün olmazdı...

Qonşudan qalma dala

Artıq ənənəyə çevrilən uğursuzluqlara baxmayaraq Fransanın SDESE adlanan xüsusi xidmət strukturu da 1951-ci ildə SSRİ ərazisinə dəfələrlə casus yollamağa cəhd göstərib. Özü də bu əməliyyatlarda vaxtilə Sovet Ordusu ilə çiyin-çiyinə almanlara qarşı vuruşan, əfsanəvi “Normandiya-Neman” təyyarə eskadrilyasının pilotlarından da istifadə olunub. Məsələn, as-pilot, kapitan Qabriel Mertizan kimilərindən...

Fransızların bəxti bu sahədə amerikalı-ingitərəli həmkarlarından da az gətirib. Bircə bunu demək bəsdir ki, onların Çexoslovakiya ərazisinə çıxarmaq istədiyi 18 paraşütçüdən hamısı ayaqları yerə dəyən kimi ələ keçiblər.

Polşalılar isə bundan lap şou düzəltmişdilər. Onlar Varşava yaxınlığına desant atılan fransız agentlərini həbs edərək təzədən Fransaya qaytarmışdılar, özü də təntənəli bir şəkildə...

...1956-cı ildə əvvəlcə Allen Dalles, onun dalınca da bütün NATO dövlətlərinin xüsusi xidmət orqanları Sovet İttifaqı ərazisinə paraşütlə casus çıxarmaq fikrindən həmişəlik vaz keçirlər. Bunun səbəbi bir tərəfdən kütləvi uğursuzluq idisə, digər tərəfdən də artıq Amerikanın böyük ümidlər bəslədiyi “U-2” kəşfiyyat təyyarəsi casus əməliyyatlarına hazır olması idi...



lent.az







Комментариев нет:

Отправить комментарий