İmarət Cəlilqızı
TƏZAD
Bu bir bardaq təmiz su...
Hansı yöndən baxılsa,
Su olduğu seçilən,
Təmiz yerə süzülsə,
Saf olduğu daha tez,
Daha aşkar bilinən,
Daha aşkar bilinən,
Zəm-zəm kimi içilən-
Onu sərxoş eyləyib
Gözlərinə qan salan
əvvəldən içdikləri...
əvvəli, sonu bəlli,
nə sağ-solu uçurum,
nə qaranlıq döngəli…
“Gedər-gəlməz!” söyləyib
onu qorxuya salan
(doğruluq vədi yalan)
əvvəllər keçdikləri…
Bu, maraqlı bir kitab,
hamı ilə eyni üz,
eyni dillə danışan,
uşağa da işnişən,
böyüyə də yovuşan,
hər kəlməsi birbaşa,
kimisinə bir sətir,
kimisinə min varaq,
anlayana güc, dayaq--
Onu yoldan eyləyib
ucalardan endirən,
yanlış səmtə döndərən
əvvəllər vərəqləyib
əvvəldə açdıqları…
… Əlindən qaçdıqları…
Tale, yazı-
hərdən belə
mat qalası
işləri var:
qanad verir,
fəza vermir,
çırpınırsan
dar qəfəsdə-
Uçmaq olmur.
Xatirələr-
unudulmur,
dönə-dönə
varaqlanır,
təqib edir
səni hər an,
dünən. bu gün,
son nəfəsdə-
Qaçmaq olmur.
Üzüntülər-
bağlı qalmış
könüllərdə
qalaqlanır,
gizli qalır
min illərlə
hər bir kəsdən-
Açmaq olmur.
Sərsəm dünya-
hey ara ki,
verdiyi nə,
aldığı nə?
Ayırd etmək
asandırmı?!
sən nə arzu,
nə həvəsdə-
Seçmək olmur.
Maneələr-
qaya kimi
qaba-qaba,
nəhəng-nəhəng,
dəf edirsən
bir həmləyə,
bir kəlməyə…
maneələr
şüşə kimi,
güldən incə,
güldən kövrək
qoyur səni
hey bu üzdə-
Keçmək olmur.
Duygular var,
yaşadıqca
əriyirsən
gilə-gilə,
təhlükə var,
üzərinə
yeriyirsən
gülə-gülə,
zəhər var ki,
təşnəsisən,
içirsən
siləbəsilə,
şərbət var ki,
məcbur eylə,
başın kəs də-
İçmək olmur!
Комментариев нет:
Отправить комментарий