Страницы

15.04.2012

FRANSANIN BİR ÜZÜ



Seyfəddin Altaylı
Ankara

Türkcədə, "Kaş dinimə söyən müsəlman olaydı", "Öz gözündəki tiri görmür, özgənin gözündəki qılı seçir" şəklində ifadələr vardır. Bunların mənasını hamı bilir və bu ifadələri daha da artırmaq olar, ancaq mən yalnızca ikisiylə kifayətlənmək istədim.
Hamı bilir ki BMT, Amerikanın jest və mimikasına baxıb hərəkət edir. Başqa cür desək, başını ABŞ və İngiltərənin çəkdiyi qərbli imperialistlərin hökmran olduğu bir təşkilatdır, Fransa da onların quyruğuna ilişib özü üçün istifadə edir.

Bugünkü yazımda Afrikanın bir küncündə yerləşən Ruanddan söhbət açmaq istəyirəm. Afrika qitəsi bütövlükdə yeraltı və yerüstü sərvətlərilə yüz illərdən bəridir imperialistlərin iştahasını şeş eləsə də, orda yaşayan xalqlar ərəblər kimi darmadağın dağıdılmış, bir-birinə düşmən edilmişdir. əksəriyətində ölkənin sərvətlərini yağılar qarət edərək dartıb aparsalar da, qitənin yerli xalqları kasıblığın caynağında nalə çəkir. Ruand da həmin qitənin şərqində yerləşən və dünyada kütləvi şəkildə həyata keçirilən soyqırım hadisələrində Kampuçiyadan sonra ikinci yerdə dayanan ürək ağrıdan bir şöhrətə (!) malikdir.
Hamıya məlumdur ki, qərblilər sənaye inqilabına nail olduqdan sonra 18-ci əsrdə müstəmləkə siyasətini yeritməyə başladılar və həmin siyasət 19-cu əsrdə kəllə-çarxa çıxdı. Bu siyasətin öncülü İngiltərə, onu təqib edən də Fransa idi; Almaniya isə onlardan sonrakı pillədə dayanırdı. Almaniya 1860-cı ildə Ruandı müstəmləkələşdirdi. Əslində başladılan bu müstəmləkəçilik siyasəti, qərbli imperialistləri dünyanı qan dəryasına döndərəcək bir ümumi hərbə sarı aparırdı və nəhayətində Birinci Dünya Müharibəsi yarandı. Almaniya bu hərbdən məğlub çıxınca Ruand, Belçikanın püşkünə düşdü. Belçika dövlətinin də neçə xalqın bir araya gəlməsindən yarandığı məlumdur. Belçikalılar, digər qərbli imperialistlər kimi eyni genə malik olduqlarına görə "böl, hökm elə" siyasətini həyata keçirməyə başladılar və ruandlıları "Tutsi" və "Hutu" deyə ikiyə böldülər. Əslində onların hamısı eyni soy-kökün övladları idi və bir ağacın kökündən çıxmış budaqlardı, ancaq bunu başa düşəcək şüura və aydın fikrə sahib deyildilər. Belçikalılar, burnu uzun olanlara Tutsi, yəhərburun olanlara isə Hutu dedilər və tutsilərin, hutulardan daha mədəni və kulturlu olduğunu yaymağa başladılar. Beləliklə, ayrı-seçkiliyin, yəni fitnənin toxumunu səpdilər və azlıqda olan tutsilərin tərəfini saxladılar. Yazıq tutsilər də öz gücləri ilə hökmran olmadıqlarına və Belçikanın arxa çıxmasıyla hakimiyyət cilovunu əllərinə aldıqlarına görə onların müti quluna çevrildilər. Aylar, illər bir-birini qovaladı və zamanın çarxı tərsinə işləməyə başladı. Yenə qərbli imperialistlərin pay bölüşməsindən yaranan İkinci Dünya Müharibəsi əsnasında Belçika, öz mənafeyinin diktəsiylə azlıqda olan tutsiləri buraxıb bu dəfə hutuların tərəfini saxladı. 1959-cu ildə onların da qışqırtması və silah-sursat dayağı ilə qiyam edən hutular yüz min tutsini qətlə yetirdilər və yüz altmış min tutsi öz dədə-baba torpaqlarını buraxıb qonşu ölkələrə sığındı. Eyni siyasət rusların diktəsi və dayağı ilə ermənilər tərəfindən həyata keçirilmədi, Azərbaycan Türkləri öz dədə-baba torpaqlarından, Qərbi Azərbaycandan didərgin salınmadı?! "Tarixin təcrübəsi" ifadəsi bu cür hadisələr üçün işlədilir də... O, baxıb görə bilənlər, dərk edənlər, dərs götürənlər üçün bir güzgüdür.


Ruand 1962-ci ildə öz müstəqilliyini elan etdi və hutular da sayları, potensiyal qüvvələri artıq olduğuna görə təbii olaraq hakimiyyət postunda əyləşmişdi. Onlar dövlətin hər cürə imkanından istifadə edərək yazıq tutsilərə dünyanı zindan etməyə başladılar və gördükləri hər yerdə güllələnən, qılınclanan, baltalarla parçalanıb öldürülən tutsilərin qatillərinə, zorlanan qadın-qızlarının canilərinə nəinki cəza vermək, onlar heç dindirilmədilər də. Hutu tayfasının mənsubları, tutsilərə "tarakan" deyirdi. Sözün burasında, İranda bir neçə il qabaq Fars şovinist ideolojisinin zəncirli quluna dönmüş birinin Güney Azərbaycanlı türkləri təsvir etdiyi karikaturada onları tarakana oxşatmasını və yaranan hadisələri xatırlatmaq yerinə düşərdi.
Hutular hakimiyyətdə olduqlarına görə varlanıb harınlayır, öz qandaşları olan tutsilər isə ac-yalavac, ədalətsizliyin hökm sürdüyü ölkədə isə ehtiyac içində ömür sürürdü. Ölkənin yeganə ixrac məhsulları olan qəhvə ilə çaya olan tələbatın 1990-cı illərdə azalması və qiymətinin dünya miqyasında düşməsi ölkədə soyqırımın yenidən başlayacağının sanki xəbərçisi idi. ABŞ da həmin vaxtlarda Somali bölgəsində öz arzularına çata bilməmiş və uğursuzluğa düçar olmuşdu. Hutu ordu komandiri genral Xabyarimana 1990-cı ildə Uqandaya pənah aparan tutsilərin Şimalşərq Ruandı işğal edəcəyini irəli sürərək tam 581 min Orta Amerikan qılıncı itxal etdirdi və gətizdirilən qılınclar hutulara paylandı. O illərə gəldikdə artıq bölgədə Fransa öz hakimiyyətini qurmuş və Belçikanı geri oturtmuşdu. Fransa da, Belçikanın həyata keçirdiyi ayrı-seçkilik siyasətini, Ruand dövlət rəhbərinə hərbi müşavir sifətilə təyin etdikləri öz məmurlarının əli ilə davam etdirirdi. Fransa, hutuların soyqırım törətməsinə mane olmaq əvəzinə bir tərəfdən BMT-nin işlərini ləngidir, digər tərəfdən də Ruanda silah-sursat axmasını təmin edirdi. Ruand ordusunun sayı, Fransalı müşavirin diktəsi ilə üç il ərzində altı qat artmış, ölkədəki tutsilərin və neytral hutuların siyahısı çoxdan tutulmuşdu.


Ruandı müstəmləkələşdirən Almaniyanın da, onun Birinci Dünya Müharibəsində məğlub olmasından sonra əbəni təhvil alan Belçikanın da, Belçikanı bir tərəfə itələyib burnunu bölgəyə soxan Fransanın da yeganə məqsədi bulanıq suda balıq tutmaqdı. Ağılsız-başsız hutular 1994-cü ilin nisan ayının altıncı günü tutsiləri qırmağa başladılar. Onlar, təyyarəsi süqut edən ölkə rəhbərlərinin həlakının günahını da yazıq tutsilərin boynuna yıxırdılar. O vaxt ölkədə beş min qədər BMT-nin sülhməramlı qüvvəsi vardı. Bu qüvvənin komandiri BMT Başkatibi Kofi Annana müraciət edir ki, ölkədə soyqırım başladılıb, əmr edin onu dayandırım. Kofi Annan da komandirə cavab məktub yazır ki, "sizə hücum çəkilmədikcə tükünüzü də tərpətməyin", yəni buraxın nə edirlərsə etsinlər. Həmin Kofi Annan Qüzey Qıbrısdakı Türk xalqına dəfələrlə müraciət
edərək demişdi ki; "Mənim planımla bağlı referenduma müsbət səs verin. Qüzey Qıbrıs Türk Cümhuriyyətini Avropa Birliyinə üzv edəcəyəm, ölkəniz üçün həyata keçirilən iqtisadi blokada götürüləcəkdir, sizə kişi sözü verirəm". Qüzey Qıbrıs türkləri Kofi Annanın planına müsbət, Rum tərəfi isə mənfi səs verdi. Buna baxmayaraq Güney Qıbrıs Rum tərəfi Avropa Birliyinə üzv oldu, Qüzey Qıbrıs türkləri hələ də iqtisadi blokada ilə cəbəlləşir. İmperialistlərin və onların oyunçağına dönmüş Kofi Annan kimilərinin sözünə inanmaq ayı ilə xarala girmək kimi bir şeydir.
Hutular gəmi azı dişlərinə salırlar, özlərinə mane olmaq istəyən on BMT hərbçisini həlak edirlər. Bu dəfə işə ABŞ daxil olur və təzyiq edərək BMT hərbçilərini bölgədən çıxardır. Ruand dövlət radiosu da üzünü hutulara tutub "tarakanları məhv edin" deyə daimi təbliğat aparır və onları qışqırdır, nəticədə altı yüz min tutsi vəhşicəsinə qətlə yetirilir. Fransa, soyqırıma mane olacağına bu ölkəyə hərbçilərini təyyarələrlə endirir və paytaxt Kiqalinin qərbindən Konqo sərhədlərinə kimi olan bölgənin hakimiyyətini əlinə keçirir. Görəsən o bölgədə hansı yeraltı, yerüstü sərvətləri vardır? Fransanın bölgəni ələ keçirməsindən sonra da soyqırım davam edir və iki yüz min tutsi daha qətlə yetirilir.
Özlərinə mədəni dünya(!) ölkələri və xalqları adını qoyan qərbin güclü, qoluzorlu, öz maraqlarından savayı heç bir dinə, məzhəbə inanmayan dövlətləri, Xocalı Soyqırımında olduğu kimi həmin soyqırımda da lal-kar-kor rolunu oynayır. əslində başda ABŞ, Fransa və İngiltərə kimi qərbin güclü ölkələri 1948-ci ildə bir saziş imzalayıb soyqırım törədilən bölgələrə yardım edilməsini boyunlarına götürürlər. Deyə bilərsiniz ki, onlar öz pullarını özgələrinə niyə versinlər, əcəb eləyib verməyiblər?! Ancaq, onların sərvətlərinin neçə faizinin müstəmləkəçilikdən əldə edildiyi barədə sual verilərsə cavab nə olar bəs?! Bu ölkələr, nəinki soyqırım törədilən bölgələrə yardım etmək, hətda BMT qərarlarından "Ruandda soyqırım törədilmişdir" ifadəsinin belə rəsmi sənədlərdən çıxarılmasına da nail olurlar. Yəni, ifadəm biraz qəliz
çıxsa da bağışlayın, eynilə pişik kimi çölə çıxıb nəcasətlərinin üstünü örtürlər.

Aradan illər keçir və cahil ruandlıların ağlı başına gəlir, bir də ayılıb görürlər ki, yadların qışqırtması ilə öz-özlərini qırıblar. Özləri məhv olub, ölkələri dağılıb, sərvətləri qarət edilib, qazananlar isə imperialistlər olub. Ruand höküməti 1996-cı ildə, törədilən soyqırımların səbəbkarlarının axtarılması barədə qərar çıxarır və xüsusi iş qaldırır. Həmin iş prosesində dindirilən qadınlar 12-14 yaşları arasında olduqları vaxtlarda, yəni soyqırım illərində, Fransız hərbçilərinin özlərini zorladıqlarını söyləyirlər. Ruand Araşdırma Komissiyası hazırladığı beş yüz səhifəlik arayışında Fransanın soyqırım törədənlərə hərbi təlim keçdiyini, onlara silah-sursat təmin etdiyini və məxfi məlumatları ötürdüyünü, strateji dayaq olduğunu sübut etmişdir.
İşə baxın ki, dünyanın sadəcə olaraq bir bölgəsində bu cür soyqırım törətdirən Fransa öz alnındakı ləkəni bizim nəcib xalqımıza yaxmağa çalışır.
Cəncəl qanununun hökm sürdüyü belə bir dünyada, Xocalıda törədilən soyqırımlara və torpaqlarımızın işğalına mane, işğal altındakıların qaytarılmasına nail olmağın yeganə çıxar yolu xalqlarımızın əlbir olmasıdır, elmdə və texnolojidə müasirləşməsi, güclənməsidir.

altaylı_s@yahoo.com

Комментариев нет:

Отправить комментарий