Страницы

01.04.2012

Güclü olmaq istəyirəm


Namiq Hüseynlinin tərcümələri


Serqey Dovlatov


Nə vaxtsa, mən dərslərindən həmişə iki alan, aviokonstruksiya ilə maraqlanan məktəbli uşaq idim. İmla yazılarını Reqina Muxoloviçdən köçürürdüm. Xırda pul kolleksiyası yığırdım. Həyacana qapılırdım, içmirdim...
Gözəl zəmanəydi. (Bircə şəxsiyyətə pərəstişi nəzərə almasaq.)
Attestat aldığım gün bu günki kimi yadımdadır. Məktəbin direktoru, fürsətdən istifadə edib, tərli əlləri ilə əlimi sıxdı. Sonra mən LDU-nun MEXMAT-ını bitirib, dəlisov komplesklərlə zəngin, əsəbi bir tipə çevrildim. Doxsan beş rubl maaş alan gənc mühəndis başqa necə olmalıydı ki?
Mən nizam-intizamlı, tənha bir həyat sürürdüm və bu iki il ərzində yazdığım iki məktubdan başqa xarici aləmlə heç bir əlaqəm olmamışdı.

Bununla belə bilirdim ki, hardasa tamam başqa həyat da var, bundan daha gözəl, daha parıtılı bir həyat. Orada roman və antiromanlar yazılır, zarafatlar edilir, osminoq yeyilir, ancaq kinolarda kədərlənilir. Orada şlyapanı boyunun ardında sürüşdürüb, viskini iki-iki vururlar. Orada şöhrətdən özünü unutmuş, çiçək qoxusundan məst olmuş kinoulduzlar, süst halda saçlarını sığallayarkən, saç sancaqlarını xalçanın üstünə salıb itirdiklərini hiss etmirlər.
Mən Rus Memarı küçəsində yaşayırdım. Onun uzunluğu 340 metr, eni və hündürlüyü isə 34 metr idi. Ancaq bunun indi bir önəmi yoxdur.
Bir-birinə yaxın tikilmiş iki teatr və rəqs məktəbi bu küçənin memarlıq üslubunu təyin edir. Eynilə Çkalov küçəsində yanyana tikilmiş iki qastranom və bir polis idarəsinin memarlıq üslubundakı kimi.
Bu küçədə daim aktrisa və balerinalar veyllənirdi. Bəli aktirsa və balerinalar! Onları lopabığ, əclaf, ağayana sevgililəri müşayiət edirdi. 
Özəl maşınların qapıları taybatay açılır, zərif corablı, incə uzun ayaqlar maşından yerə enirdi. Sonra sintetik şubalar, əl çantaları, boyun bağılar, üzüklər gün işığında bərq vurub parıldayırdı. Və nəhayət, heç bitməyən, yorucu inadı ilə qadınlar özləri görünürdülər.
Onlar teatrın giriş qapısının ardında yoxa çıxırdılar. Asfaltın üstündə isə hələ xeyli müddət fransız ətirlərinin qoxusu uçuşur. Sevgililər sütunların arasında o tərəf, bu tərəfə addımlayaraq gözləyir, paltarlarının qolu yarıqaranlıqda ağarırdı.
O zamanlar, özümü inamlı hiss etmək üçün, boksla məşğul olmağa qərar verdim. Evlər idarəsinin keçirdiyi birincilikdə mənim rəqibim məhşur Çitirnyak oldu. O dalbadal addımlarla mənə tərəf irəlilədi. Əlimi qaldırıb təslim olmaq istəyirdim ki, zərbənin təsirindən, kələ-kötür, sərt döşəyin üstünə yıxıldım. Ruhum tavanda uçuşub, çıl-çırağın arasında gözdən itdi. Mən acı-acı qışqırdım və süründüm. Azarkeşlər məni fitə basdılar, mənsə buna baxmayaraq sürünməyə davam etdim. Başım məşqçi Şərifutdinovun xarici idman ayaqqabılarına dəyənədək süründüm.
- Salam – məşqçi dilləndi, - işlər necədir?
- Yavaş-yavaş, - cavab verdim. – Burdan çıxış hansı tərəfdədir?
İdman həyatıma beləcə son qoyuldu və mən hekayə yazmağa başladım. Hekayədə mənim gecə gəzintilərimdən bəhs olunurdu. Yağışın şırıltısı, sükan arxasında yatmış sürücü, bir-birinə çox oxşayan bomboş küçələr və sayr...  
Saqqallı ədəbiyyat işçisi uzun müddət digər kağızalar arasından mənim əlyazmalarımı axtardı. Bir az şkafda eşələnib nə isə tapıb çıxartdı, hekayənin başlığını ucadan oxudu.
Sizinki budur – “Səhərə yaxın şaxta düşdü..”?
Xeyr mənimki deyil.
Bəs bu – “Səhərə yaxın hava açıldı”?
Xeyr bu da deyil.
Bir də bu var – “Səhərə yaxın Ermil Fedotoviç öldü”?
Xeyr heç bir əlaqəsi yoxdur.
Elə isə bu olacaq. “Təkayaqlıların marşı”?
“Tənhaların marşı” – deyə mən düzəliş verdim. O əlyazmanı vərəqləyərkən öz-özünə təkrarladı.
Görək nə yaratmısınız.... Görək, görək... Və az sonra dilləndi:
Siz burda yazmısınız: “...Və ancaq quşlar qranit abidənin ətrafında dövrə vururdular...” Bilmək maraqlıdır, bu quşlarla nəyə işarə edirdiniz?
Heç nəyə - mən cavab verdim, - onlar uçuşurlar. Elə-belə. Bu normaldır.
Onlar nə məqsədlə uçuşurlar – redaktor nədənsə duyuq düşmüş kimi maraqlandı,  -Və nə üçün uçuşurlar? Hansı bədii ehtiyac sizi bunu yazmağa vadar etdi?
Uçurlar də, qurtardı getdi, - mən yavaşca pıçıldadım, - həmişə olduğu kimi... 
Yaxşı deyək ki, mən bunu qəbul etdim, onda izah edin görək, quşlar əxlaqi emblem kimi nəyi ifadə edir? Radiodalğaları ya kimyəvi qəfəsi? Xronosu yoxsa Demosu?...
Dəhşət içində deməyə söz tapmadan, ayaq barmaqlarımı şıqqıldatmağa başladım.
- Sizə daha bir sualım var, bu sonuncudur. Siz tez yatamağı, yoxsa gec yatmağı sevirsiniz?
 Mən qışqırıb, dodaqaltdan redaktorun saqqalına söydüm və qapıya doğru addımladım.
Arxamca onun səsi gəldi:
- Bir dəqiqə! İstəyirsiz belə söhbətləri düz-qoş etmək üçün sizə bir məsləhət verim?
- Söhbətləri?!
- Yəni qeybdən gələn söhbətləri deyirəm.
- Qeybdən gələn?!
- Yəni necə deyərlər, könül quşu haqda?
- Könül quşu?!
- Xülasə, klassikləri oxuyun. Puşkini, Lermontovu, Qoqolu, Dostoyevskini, Tolstoyu. Əsas da Tolstoyu. Belə baxanda onun kimi köhnə kişilər olmasaydı indi heç bizim ədəbiyyatımızın izi-tozu da yox idi.
Beləcə ədəbiyyatla da qurtardıq.
Günlər cansıxıcı bənzərliklə axıb gedirdi. Yatmaq, kefir, iş, tənhalıq. İş yoldaşlarım halımı görüb, narahat olurdular, axırda məni Frida Şteyn adlı bir qız uşağı ilə tanışdırdılar.
Biz restoranda iki saat keçirdik. Musiqi səslənirdi. Frida menyunu Tövrat kimi sağdan sola oxuyurdu. Fəsəli və kofe sifariş verdik.
Frida sözə başladı:
Biz hamımız müəyyən bir təbəqənin adamlarıyıq. 
Mən başımla təsdiqlədim.
Yəqin siz də hansısa təbəqənin adamısınız?
Hə - mən cavab verdim. 
Hansı təbəqənin?
Dördüncü – düşünmədən cavab verdim – yəqin cəhənnəmin təbəqələrini nəzərdə tutursunuz.
Əhsən! – qız dilləndi. 
Mən dərhal şampan şərabı sifariş verdim. 
Nə haqda danışacağıq? – Frida soruşdu. – Coys haqda? Hitler haqda? Pşebışevski haqda? Qara teryerlər (teryer-it cinsi) haqda? Linqvistikanın strukturu haqda? Neofreydizm haqda? Dizzi Qillespi haqda? Ya da bəlkə Yasper və yaxud Kafka haqda?
Kafka haqda danışaq - mən dedim və ona bu yaxınlarda başıma gələn bir hadisəni nəql etməyə başladım:
“Deməli belə, günlərin bir günü səhər işə gəlirdim. İş yoldaşım Barabanov məni saxlayıb söhbətə tutdu.
Dünən Kafkanı oxumuşam, müsibətdir. Bəs siz oxumamısız?
Təssüf ki, yox, - mən dedim.
Elə şey olmaz, siz hələ Kafkanı oxumamısız?
Boynuma alıram oxumamışam.
Bütün gün Barabanov tərs nəzərlərlə məni süzdü. Ümumi fasilədə isə bizim laborant qız Ninulya yanıma gəlib soruşdu:
Deyirlər siz Kafkanı oxumamısız. Bu düzdür? Xahiş edirəm düzünü deyin, söz verirəm aramızda qalacaq.
Oxumamışam- mən dedim.
Ninulya diksinib, Barabanovla birlikdə nahara getdi...
İşdən çıxanda, yolüstü geoloq Tişenko ilə qarşılaşdım. Tişenko həmişəki kimi yenə kifir bir qızla qolboyun idi.
Xantı-Mansiysidə Kafkanı açıq-açığına satırlar! – deyə qışqırdı.
Əla – deyə fikir vermədən, getməyə tələsdim. 
Sən hara? – geoloq incimiş kimi soruşdu.
Xantı-Mansiyskiyə - dedim. Bir dəqiqədən sonra artıq evdəydim. Binanın dəhlizində qonşudakı bağça uşağı Romayla toqquşdum. Roma ayaqlarımı bərk-bərk qucaqlayıb dedi:
Biz bu gün nənəmlə birlikdə Kafkanı oxuduq!
Mən qışqırıb, uzaqlaşmağa çalışdım. Roma isə ayaqlarımı buraxmaq bilmirdi.
-  Kafka xoşuna gəldi? – mən soruşdum.
-  Belə də, orta, - Roma cavab verdi.
-  Bəlkə sən nəyisə qarışıq salırsan, balaca? Onda bağça uşağı böyük, cırıq kitabı çıxarıb oxumağa çalışdı. 
-  Rufkie Nalodnie Kafki ! (“Rus xalq nağılları” uşağın tələffüzündə -N.H)
-  Sən nə ağıllı oğlansan – mən ona dedim, - amma hələ bir az fısıltılı danışırsan. Bəlkə sənə tüfəng hədiyyə edim? Məndən olsa belə edərdim...” 
-  Əhsən! –  deyə Frida Şteyn söhbətimdən xeyli məmnun halda dilləndi. Mən yenə şampan sifariş etdim.
-  Mən bilirəm – Frida dedi – siz novellalar yazırsız. Onları oxumaq olar? İndi yanınızda var? 
-  Yanımda, ancaq hələ yazılmamışlar var – mən dedim.  
-  Əhsən! – Frida dedi.
Mən növbəti dəfə şampan sifariş verim.
Gecə biz Frida ilə onun evinin girişinə qədər gəldik. Mən onu öpmək istəyirdim. Daha doğrusu ona tərəf hiss olunacaq qədər əyilmişdim.
Əhsən! – Frida Şteyn dedi. – Siz donuz kimi sərxoşsunuz! 
O zamandan bəri o daha mənə zəng etmədi.
Günlər pəncərəmin qarşısında uçuşan sərçələr kimi, boz və bir-birindən seçilməyən tonda keçib gedirdi. Eynilə bizim hüzn dolu çəpərimizə tökülən qoca qovağın yarpaqları kimi. Yatmaq, kefir, iş, Zolyanın əsərləri. Mən xəstələnib sağaldım, kreditə televizor aldım.
Bir dəfə “Metropol”un yaxınlığında keçmiş sinif yoldaşım Sekinlə qarşılaşdım. 
Sən harada işləyirsən? – soruşdum.
Elmi Tədqiqat İnistitutlarının birində.
Maaşı yaxşıdır?
Yaxşıdır - Sekin cavab verdi – ancaq azdır.
Əhsən! – mən dedim.
Biz restorana getdik. O araq sifariş verdi. İçdik.
Sən niyə belə kədərlisən? – Sekin qoluma toxunub soruşdu.
Məndə natamamlıq kompleksi yaranıb.
Natamamlıq kompleksi hamıda var – Sekin məni inandırmağa çalışdı. 
Səndə də?
Həmçinin məndə də. Məndə sənin komplekslərinin natamamlığı var.
Əhsən! - mən dilləndim. O yenə araq sifariş verdi.
Bizimkiləri görmürsən? – mən soruşdum.
Çoxu ölüb, - Sekin dedi, - məsəlçün, Şura Qlyaneç. Qlyaneç çimməyə gedib və boğlulub. Elə də üzə çıxmayıb. Bir ildən çox keçib, hələ də tapılmayıb.
Bəs Mişa Rikitin?
Aspiranturanı qurtarır.
Bəs Borya Zotov?
Müstəntiqdir.
Rokoviç?
Cərrah.
Bəs Lev Baranov? Lev Baranov yadındadı? İdmançı, timurovçu (timurovçuluq-böyük vətən müharibəsin dövründə və ondan sonra, vətənpərvər gənclər hərakatı), bütün olimpiyadaların qalibi Baranov.
Baranov həbsxanadadır. O şərf alveri etdiyi yerdə tutulub. Yarım il əvvəl onu Sadovoyda gördüm. Lev Apraksin məhəlləsindən çıxıarkən məni gördü və saxlayıb soruşdu:
“Sekin sən allah gör necə işdir? Otuz rubla bolqar ədyalını alıram. Onu səkkiz hissəyə bölürəm. Hər hissəni, şərf kimi otuz rubla satıram. Sən allah pis alverdir?!”
Əhsən ! – mən dedim.
O yenə araq sifariş verdi...
Gecə mən evləri yuxudan oyada-oyada küçə ilə nərə çəkib gedirdim. Birdən Puşkin teatrının sütunları arasında böyük bir kütlənin içinə düşdüm. Sevgililər, dava axtaranlar, lopabığlar hamısı ordaydılar. Onlar dakron plaşlarını xışıldada-xışıldada gəzişir, ətrafa siqaret tüstüsü yayırdılar. Arabir yaxınlıqdan maşınlar ötüb keçirdi. 
- Ey! – mən qışqırdım. – Siz kimsiniz?! Nəçisiniz?  Bu qədər pulu hardan alıbsınız? Mən də həyatımı adam kimi yaşamaq istəyirəm! Mənə də öyrədin! Bir də mümkün olsa, məni Elina Bıstriçkaya ilə tanışdırın!...
- Sən kimsən? – onlar uzaqdan soruşdular.
- Yeqorovam, Mexmatı bitirmişəm...
-  Mən Fedyayam, – biri özünü təqdim etdi.
-  Mən Volodya.
-  Mən Tolik.
-  Mən protezçiyəm, - Tolik gülümsədi. Çürümüş dişlər mənim sahəmdir.
-  Mənsə dərziyəm, - Volodya dedi. Həmçinin şalvarın belini səliqəylə yığmaq mənim işimin bir parçasıdır. Sənə başqa nə öyrədə bilərəm ki?!
-  Mənsə - Fedya göz vuraraq dedi: - xarici mallar dükanında işləyirəm, xarici paltar lazım olsa zəng elə.
-  Bəs maşını hardan alıbsınız? – mən soruşdum.
-  Hansı maşını?
-  Maşınları də “Volqa”, “Lada”, “Jiqulu”?
-  Nə maşınından danışırsan? – Volodya soruşdu.
-  Məgər bu maşınlar sizin deyil? 
-  Təəssüf ki, yox, - Tolik dedi.
-  Bəs kimindir? Bax bu maşınlar kimindir?
-  Biz hardan bilək? – Fedya dilləndi – ayrı adamlarındır. Həmişə burda saxlayırlar. Dövr belədir. İyirminci əsirdir …
Tənginəfəs halda öz evimə qaçdım. Ay allah! Alverçi, stomatoloq və dərzi! Gör mən bütün həyatım boyu kimlərə həsəd aparmışam! Ancaq maşınlar haqda əlbəttə mənə yalan deyirdilər! Heç şübhəsiz yalan idi! Bəlkə də yox! ...
Mən qaranlıq pilləkanlar boyu qaçdım. Qaranlıqda zəifcə parıldayan iki cüt pişik gözünün mənə zilləndiyini gördüm. Pişiyi qorxudub evimin qapısına yetişdim. Fransız açarımla qapını açıb içəri daxil oldum. Telefon masasının üstündə uzunsov mavi zərf diqqətimi çəkdi.
Hansısa Yeqorova gəlib – deyə düşündüm. Elə xoşbəxt adamlar var ki dünyada, camaatın bəxti gətirir də! O! Axı Yeqorov – elə mən özüməm. Həmin bu mən! Mənim özüm!...
Mən zərfi açıb oxumağa başadım: 
“Siz pissiniz, pissiniz, pissiniz, pissiniz, pissiniz!
Frida Şteyn. 
P.S. Günter de Broynu oxuyun, bəlkə qəlbimi ala bildiniz. F. Şteyn. 
P.P.S. Kimsə bizim binanın girişində satin qol düyməsini yaddan çıxarıb.
F.Ş. – ni görüb öz-özümə düşündüm - “Bütün bunlar nə deməkdir?!. Alverçi, stomatoloq və dərzi yaxşıdır, Yeqorovsa pisdir hə? Kiminsə satin qol düyməsi! Axı bu Yeqorov mən özüməm! Qol düyməsi də mənimdir! Bəs Lev Tolstoyun bu məsələyə nə dəxli? Lev Tolstoyla bizim nə alıb-verəcəyimiz var?! Ah, belə de, axı mən Lev Tolstoyu oxumalıyam! Və bir də Günter de Broynu! Günü sabahdan başlayacam”...


Çeviri : Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий