Страницы

16.04.2012

Qızla söhbət elədiyimə görə 40 şallaq yedim

Sayman Aruz
AYB-nin Cənubi Azərbaycan şöbəsinin rəhbəri


İrandan yazmaq həmişə mənim üçün çətin və ağrılı bir iş olub. Həmin yazını yazıb bitirənə qədər ruhi baxımdan müxtəlif hallara düşürəm. Kədər, sevinc, nifrət və sevginin birləşməsindən yaranan bu dəqiqələrim məni ö üzdən bu üzə çevirir. Məni şairliyimdən alıb inqilabçıya, hətta Allahsevər bir insandan dinə nifrət eləyən bir insana çevirir. Bunun səbəbi isə oranın parakosəl mühitinin törətdiyi ruhi fəsadlardır. Türk doğulub amma fars kimi yaşamağa, qanunu və milliliyi sevə-sevə teokratik və tək partiyalı mühitdə şəriətin 21-ci əsrdə mənasız görünən qanunları ilə yaşamağa məcbur olmaq olduqca acıdır.


Uşaqlıq dünyasında İranı sevirdim. Elə bilirdim dünyanın ən gözəl və ən dəyərli ölkəsidir. Futbolu çox sevirdim. Ona görə də İran milli komandasının hansısa bir başqa ölkənin komandası ilə görüşü keçirilsəydi, səmimi- qəlbdən qalib gəlməyini Allahdan istəyib dua edərdim. Elə bilirdim İran doğurdan da vətənimdir! Hardan bilərdim ki, deyil, axı uşaq idim və böyüklərin dünyasının həqiqətlərindən heç bir xəbərim yox idi. Uşaqların vətəni onların küçələri, sevdiyi kiçik əşyaları və saf ürəkləridir. Amma böyüdükcə vətən anlamı da sənin ürəyində böyüyür. Küçələr şəhərlə və sevdiyin kiçik əşyalar böyük və milli varlıqlarla dəyişir.
İrandan yazanda əlim əsir, qələmim bu kəlməyə üsyan edir. Qələmi necə firlatsam da gəlib Təbrizin adının üzərində dayanır. İrandan yazmaq və İranı tanımaq üçün Təbrizdən başlayıb Təbrizi tanımalısan. Dumanlı və sirli Təbrizi.
Ancaq bu yazıda Təbrizin inqilab və tarıxındən deyil, bəlkə ictimai və psixoloji durumundan yazacam. Deyirlər kim Təbrizdə baş çıxara bilsə, demək dünyanın hər bir yerində baş çıxara bilər. Təbrizlilər hər şeyi əla dərəcəsində bilib, bacarırlar. Bu şəhər ticarət və elm sahəsində həmişə birinci olub. İlk çapxana, ilk kitabxana, ilk üstü örtülü bazarlar, və amerikalı alimlər demişkən, insanın ilk yaşadığı məskən. Təbrizdə yaşamaq olduqca çətin və eyni zamanda maraqlıdır. Nə qədər ki, tacirləri ifrat dərəcədə zirəngdilərsə, dindarları da o qədər ifrat dərəcədə dindardılar.
Deyirlər Təbrizi iki dəstə idarə edir. Birinci dəstə xalça bazarının tacirləri, ikinci dəstə isə məscid və hüseyniyyələrdə nohəxanlar. Deyirlər, bu iki dəstəni razı sala bilməsən, heç bir dəyişiklik eləyə bilməzsən. Təbrizin bazarı isə o qədər sirli və özəl bir yerdir ki, onu başa düşmək olduqca çətin işdir. Novhəxanlara yaxınlaşmaq üçün də ən azından gərək özləri qədər qəddar və radikal ola biləsən. Novhəxanlara qəddar deməyimdən təəccüblənməyin, məncə, insanları mənasız yerə ağladıb dolamaq üçün gərək kifayət qədər qəddarlığın olsun. Yoxsa haçansa vicdan əzabı çəkib savadsız və günahsız kütləni aldatdığın üçün özünü günahlandıra bilərsən.
Təbrizi yığma komanda adlandırsaq, heç də yanılmarıq. Yəni Azərbaycanımızın hər bir yeri və şəhərinin Təbrizdə öz məhəlləsi və küçəsi var. Misal üçün, Şuşalılar məhəlləsi, Qarabağlılar məhəlləsi, Naxcıvanlılar məhəlləsi və s. Bu səbəbdən də hər küçənin özünə məxsus mədəniyyəti və qanunları var. Hətta deyərdim ki, Təbrizdə evlə evin, yəni iki qonşu evlərin də bir-bir ilə fərqli mədəniyyətləri ola bilir.
Təsəvvür edin, bir ölkədə, bir şəhərdə yaşayan iki qonşu heç də bir-birini bəyənmir və qarşı tərəf “kafir” və ya qatı dindar olsa, “qulağı tüklü” adlandıra bilər. İnsanların bu qədər ziddiyyət içində yaşamaqlarının səbəbi mühitin və idarəetmə sisteminin ziddiyyət və paradoks əsasında qurulmasıdır. Yəni bir halda ki, dünya aya səfərə gedir, İranda musiqiyə qulaq asmaq belə haram sayılır.
Bir halda ki, Quranda da deyilmişkən, dünya sevgi və məhəbbət əsasında yaranıb, Təbrizdə küçədə hansısa bir qızla danışarkən səni tutsalar, mütləq şallaq və zindanın var. Bir halda ki, dünya demokratiya və insan hüquqlarından bəhs edir, orada hətta insanların ibtidai ehtiyacları belə ödənmir. Sevmək istəyirsən, amma sevgi günah sayıldığı üçün sevə bilmirsən, əylənə bilmirsən, rahatca danışıb gülə bilmirsən və ən sonunda da özünə qapanıb ruhi baxımından bir xəstəyə çevrilirsən. Bədbinlik səni bürüyür və sən hər şeyi pis və günah bilirsən. Qonşunun gülməyinə, inkişafına və sevməyinə dözə bilmirsən. Satırsan və satılırsan. Çünki vətənsiz və məhbus insanların itirməyə onsuz da heç nələri yoxdur. Öncədən uduzmuş insanlar kimi heç nədən ləzzət almırsan, hətta azadlıq və müstəqillikdən belə.
Bizim qonşuluğumuzda bir qulağı tüklu dindar yaşayırdı. Hər həftə ən azı iki gün evini hüseyniyyə edib uca səs ilə mərsiyə oxutdurub səhərə kimi baş-beynimizi aparardı. Bizim evimizdən çaşıb musiqi səsi ucalsaydı və onun qulağının tüklərindən keçib “beyninə” çatsaydı, mütləq polisə zəng edib qapımıza çağıracaqdı. Ondan sonra isə polis o “dindar”ın sözü ilə 2-3 maşınla gəlib bizə hədə-qorxu gələrək deyəcəkdilər ki, “bir dəfə də bu işi təkrar eləsəz sizi polis idarəsinə apararıq”!
Gülməlidir, deyilmi? Mən Təbriz Universitetinin qabağında öz sinif yoldaşımla söhbət elədiyim üçün iki gün həbsdə qalmışam. Üstəgəl 40 şallaq yemişəm. Çox utandırıcı bir həbs idi. Utandığımdan kimsəyə deyə bilmirdim. Axı biz eşitmişdik ki, kimsə adam öldürmək üçün və ya hansısa bir hüquqi-siyası günaha görə həbsə düşər. Mən isə qız üstündə, özü də küçənin ortasında onunla dərs barəsində danışdığım üçün həbsə düşmüşdüm! İndi siz mənim kimi minlərcə gəncin halını təsəvvür edin.



kilus.az

Комментариев нет:

Отправить комментарий