Страницы

10.04.2012

"Əsas məsələ yazıçının ortaya nə qoymasıdır"


Gənc yazar Seyid Ramin: «İstedadsız bir gənci tutub, ondan güc-bəlayla yazar düzəltmək mümkün olan iş deyil»


Seyid Ramin 1988-ci il 22 iyulda Bakı şəhərində dünyaya gəlib. İslam universitetində təhsil alıb. 2005-ci ildən bədii ədəbiyyatla məşğul olur. Ramin türk dilindən tərcümələr edir. 2009-cu ildə "Yaşasın ölmək!" adlı ilk şeirlər kitabı çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan "Gənc Ədiblər Məktəbi"nin üzvü və məzunu olub. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2011-ci ildə Prezident təqaüdünə layiq görülüb. 2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alır. 

– Dini ədəbiyyat nəyə görə bədii mətnlər içərisində yox, sırf ayrı təmayül kimi verilir?
– Dini ədəbiyyat deyəndə dini mövzulu bədii əsərləri nəzərdə tutursansa, mən bilən bu tip əsərlər elə bədii mətnlərin içində də gedir. Amma hələ bizim ədəbiyyatda sistemsizlik hökm sürür. Kimin hansı cəbhəyə aid olduğu məlum deyil. Amma qardaş ölkə olan Türkiyədə bu məsələ çoxdan həll olunub. Yəni, Türk ədəbiyyatında yazarlar sanki “ixtisaslaşıblar”. Mənim üçün isə bunun heç bir əhəmiyyəti yoxdur. Məncə, yazar ortaya bədii mətn qoymalıdır. Bu yazar ateist də ola bilər, dindar da. Dostoyevski demişkən, “sənət, sənət üçündür”.


– Mövlanə Cəmaləddin Ruminin əsərləri tərcümə olunub, amma sistemsizlik bu tərcümələri çox “ağ-qara” göstərir. Səncə, bu tərcümələrə nəzarət olmalıdırmı?
– 2007-ci ili YUNSEKO “Mövlana ili” elan edəndən sonra hamı başladı Mövlana haqqında kitab çıxartmağa. Sufilikdən başı çıxan da, çıxmayan da başladı Mövlana haqqında danışmağa. Mövlana haqqında çıxardılan kitablarda guya ki, sufiliklə buddizmi sintez etmək cəhdləri də nəzərlərdən qaçmadı. Amma bilənlər bilir ki, sufiliklə buddizm bir-birinə çox uzaq məktəblərdir. Düzdür, buddizm təlimi mənə çox maraqlı gələn təlimlərdən biridir. Amma bu təlim sufilikdən qat-qat zəif təlimdir. Hətta bəziləri Mövlanə haqqında mətnləri türk saytlarından götürüb özününküləşdirərək kitab kimi bizə sırıdılar. Onlar Mövlananın “Məsnəvi”sinin heç bir fəslini oxumayanlardır. Amma özlərini suflikdən “tam məlumatlı” kimi göstərməyə davam etməklə məşğuldurlar. Mövlana haqqında çap edilən ən bəyəndiyim kitab isə Muxtar Cəfərlinin “Eşq pərvanəsi – Mövlana Cəlaləddin Rumi” kitabı oldu.


– Öz tərcümələrindən danışaq, yaxın vaxtlarda hansı tərcümələri etmisən?
- Son zamanlar vaxtımın azlığı ilə əlaqədar demək olar ki, tərcümə edə bilmirəm. Tərcümə çox ağır bir işdi. Bu işin özü bir yaradıcılıqdır. Əvvəllər vaxtım olanda isə oxuyub bəyəndiyim əsərləri tərcümə edirdim. Tərcümə etdiklərim əsasən hekayələr və məqalələrdən ibarət idi. Böyük əsərlərə isə “girişməyə” hələ ürək eləmirəm. 


– Posmodernist ədəbiyyata münasibətin necədir? Adətən onlar dəyərləri sındırmaqla, dini-ürfani meyillərdən qaçmaqla özlərini səciyyələndirirlər.
– Postmodernist ədəbiyyata münasibətim normaldır. Hər kəsin hər şeydən xoşu gələ bilməz. Bu normaldır. Mənim üçün ədəbi cərəyanların heç bir fərqi yoxdur. Mən yazıçının kim olmasına, onun hansı cərəyanı təmsil etməsinə yox, o yazıçının ortaya qoyduğu mətnə diqqət yetirirəm. Ümumiyyətlə, əgər hansısa bir şəxs özünü “postmodernist yazıçı” adlandırıb, haqqında “filankəs postmodernist əsər yazıb” desinlər deyə bir əsər yazırsa, deməli, o yazıçının nə postmodernizmdən, nə də sənətdən anlayışı var. Çünki postmodernist yazıçı heç vaxt özünü “postmodernist yazıçı” adlandırmır. 


– Bugünki ədəbiyyatda gənclərin təbliğ olunmasında vəziyyət necədir?
– Gənclərin təbliğ olunması deyəndə, birinci növbədə özünü yazar hesab edən gəncdə ilk növbədə istedad, intellektual səviyyə olmalıdır. İkinci növbədə isə belə gənclərə ədəbiyyatla bağlı saytlar və nəşriyyatlar çap edilmək üçün imkanlar verməlidirlər. Çox təəssüflər olsun ki, gənc yazarlar yazdıqlarını əsasən öz internet bloqlarında çap etməyə məcbur olurlar. Amma istedadsız bir gənci tutub ondan güc-bəlayla yazar çıxartmaq da mümkün olan iş deyil. Halbuki, belə “yazarlar”ı az görməmişik. Bu tip “yazarlar” nə qədər reklam olunsalar da, sabun köpüyü kimi əriyib yoxa çıxıblar. Amma həqiqi istedadı və bacarığı olan yazar gec də olsa mütləq öz həqiqi qiymətini alacaq. Sabir demişkən, “Çalxalandıqca, ələndikcə zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.


Fərid Hüseyn                        kaspi.az

Комментариев нет:

Отправить комментарий