Страницы

18.04.2012

Sonuncu zəng

İbrahim Sel

"Ural dəftəri" silsiləsindən

 Bazarın yanındakı köşklərin hamısı bağlanmışdı. Bir müddət yerə dağılmış əzik-üzük meyvələri futbol topu kimi qabağına qatıb ayağıyla qovdu. Sonra bundan bezib köşklərin arxasına keçdi, kiçik ehtiyacını ödədi. Köşklərin arxa divarlarının taxtalarına fikir verəndə, onların məhz sidikdən qaraldığının fərqinə vardı.
 Dünən onun tüpürdüyü üzüm qabıqları hələ də səkinin üstündə səpələnib qalmışdı.

 Qarnını doyurmaq üçün bazarın şərq tərəfindəki azərbaycanlılara məxsus kafeyə getdi. Kafe həyət evlərinin arasında, zirzəmidə yerləşirdi. Axşamlar burda milli musiqi alətlərindən ibarət ansambl da olurdu. İndi isə o qədər də adam yox idi, yalnız axşamkı əyləncədən dumanlanmış başlarını açmaq üçün gəlmiş bir neçə yüngül əxlaqlı qız görünürdü. Alçaqtavanlı olduğundan içərinin havası ağır idi. Yaxınlıqdakı pırtaşıq saçlı bir qıza işarə edərək göz-qaşıyla stoluna dəvət etdi. Onlar tanış oldular və bərabər kafedən çıxdılar.
 Qızı sakit bir binanın blokuna çəkməyə cəhd elədi, amma qapıların hamısına kodu olan kilidlər vurmuşdular. Uzun axtarışdan sonra bir açıq qapı tapıb içəri girdikdə isə, pilləkənlərlə düşən bir neçə qoca rus babuşkaları görüb əsəbləşdi. Qocalar onun qara millətin nümayəndəsi olduğunu görüb duruxdular, şübhə ilə bir-biri ilə pıçıltıya başladılar. Lap kilsə xoruna bənzəyirdi, bu rastlaşmanın xeyirlə nəticələnməyəcəyini sezib cəld oradan uzaqlaşdı.
 Qonşu həyətdəki doqquzmərtəbəli binada birinci və ikinci qapı arasında yerləşən liftə daxil oldular. Ən yuxarı mərtəbənin düyməsini basdı. Lakin lift ora çatmamış qız ayıldı, çıxmaq istədiyini bildirdi. Onda yenidən birinci mərtəbənin düyməsini basdı, lift geri qayıtdı. Onlar liftdən çıxıb pilləkənlərin üstündə dayandılar: qız sanki bir az da gözəlləşmişdi. Bir qədər beləcə dayandıqdan sonra küçəyə çıxdılar.
 Bir müddət qızla yanaşı addımladı, sonra birdən fikrini dəyişdi. Qızla xudafizləşdi. Artıq bir müddətdir arxasınca süründüyü xala yadına düşdü. Qadın mağazada satıcı işləyirdi, indilərdə növbəni təhvil verib çıxmalıydı.
 Yarım saata yaxın xalanı mağazanın qabağında gözlədi, vitrindəki şüşələrə baxaraq üst-başını qaydaya saldı. Xala xəz palto geyinmişdi, onu görərkən gülümsündü və qoluna girdi. Bir müddət beləcə getdilər. Lakin bu poza onun xoşuna gəlmədi, əgər yerlilərindən kimsə görsəydi, pis başa düşülərdi. Əlini qadının qolundan çıxartmaq üçün özünü elə göstərdi ki, guya haranısa ona göstərmək istəyir. Amma özü də bilmədi nəyi göstərsin. Birdən-birə ürəyindən keçdi ki «Dekameron» qəzeti alsın, oradan oxuduğu lətifələri tanış qadınlara danışıb onları güldürürdü. Amma xeyli yol getsələr də, qarşılarına bircə dənə də olsun qəzet köşkü çıxmadı.
 Əvvəl elə bildi ki, avtobusa minəcəklər. Lakin qadın tramvayı gözlədi. Keçib boş oturacaqlarda yan-yana oturdular. O, pəncərə tərəfdə oturdu, gözlərini qıyıb günəşin şüalarına baxdı, bu zaman qadının pəncərədə əksini görə bildi. Sonra başını aşağı salıb, nəzərlərini tramvayın dəmir döşəməsinə zillədi. Birdən qarşı skamyada oturmuş qızın tərtəmiz dəri çəkmələri diqqətini çəkdi. Tələbəyə oxşayırdı, baxışlarını onun qəşəng gözlərinə tuşladı. Lakin, qız başqa tərəfə baxırdı.  
 Onlar tramvaydan düşəndə ətrafa diqqət yetirib gördü ki, bura şəhərin kənarında həyət evlərindən ibarət bir yerdir. Şəhərdən fərqli olaraq buralar sakitlik idi. Bir müddət xalayla yanaşı addımladı və birdən əl atıb onun əlinə toxundu. Qadın ayaq saxlayıb ona tərəf döndü, öz növbəsində əlini ona tərəf uzatdı, sonra barmaqlarını onun barmaqlarına keçirdi. Bu qarşıldıqlı hərəkət o qədər gözlənilməz oldu ki, o özünü itirdi.
 Daha bir neçə müddət yanaşı addımladılar, lakin bir-birinə toxunmadılar. Xalanın yaşadığı həyətə yaxınlaşanda divarların birində kinoteatr afişası gördü. Afişanın aşağı hissəsi cırılmışdı, bu səbəbdən filmin adı oxunmurdu.
 Pillələri qalxanda yenə də əlini xalanın çiyninə sürtdü. Qadın sürətlə yuxarı qalxırdısa da, o tələsmirdi. İkinci mərtəbəyə çatanda xala çantasından eşib çıxardığı açarı qapılardan birinə keçirdi. O, başa düşdü ki, qadın burda tək qalır. İçəri ayağını qoyan kimi qaranlıqda qadını qucaqladı, qadın da çönüb onun boynuna sarıldı. Əmişməyə başladılar. Qadının dodaqlarının yumşaqlığı, nədənsə ona qeyri-adi gəldi.
 Əvvəl elə bildi ki, qadın da o birilər kimi özünü ehtiraslı göstərməyə çalışır. Hətta bir müddət o da özünü göstərmək istədi. Sonra gördü ki, qadın həqiqətən də ehtiraslıdır; o, əsl reaktiv təyyarəyə dönmüşdü…
 Səhər tezdən qonşu mənzildən gələn qəribə səslər onu yuxudan oyatdı. Şüurunu cəmləyib diqqət kəsildi, anladı ki, qonşu mənzillərin birində taciklər kirayənişin qalırlar. Qalxıb pəncərəyə yaxınlaşdı. Asta-asta yağan qarın parıltısı gözlərini ağrıtdı və pərdəni çəkməyə vadar etdi.
 Yenə çarpayıya uzanıb gözlərini yumdu.
 Son vaxtlar, xüsusilə nəşə çəkməyə başlayandan, gözlərini yuman kimi təxəyyülünün donduğunu müşahidə edirdi. İndi də gözlərini yumandan sonra otaqdakı əşyaları gözü önündə canlandırmağa çalışdı, amma bir nəticəsi olmadı. Hətta bir az əvvəl qonşu otaqdan gələn tacik danışıqları da onun şüurundan silinmişdi. Elə bil ki ömrü boyu bircə dəfə də olsun tacik dilində söz eşitməmişdi.
 Gözlərini açıb nəzərlərini mətbəxin açıq qapısına zillədi, plitənin üstündəki çayniki, güldandakı solmuş gülləri yadında saxlamağa çalışdı. Lakin gözlərini yuman kimi çaynikdən də, güllərdən də əsər-əlamət qalmırdı. Təxəyyülünə kömək etmək məqsədilə həmin əşyaların cizgilərini özü üçün təsvir etməyə başladı: Çaynik aliminiumdur, dəstəyi plasmasdır, qaynayanda fit çalır, güllər qırmızıdır, bəlkə də Bakıdakı parniklərdən gətirilib, azca solublar…
 Hər şey əbəs idi. Əşyalar heç bir vəchlə onun təxəyyülündə peyda olmaq istəmirdilər. Bütün bu cəhdlər dözülməz həddə çatanda gözlərini açdı. Xala onun yanında sakitcə uyuyurdu.
 Xalanın sifətini dağılmış al-qırmızı pomadanı görəndə əsəb onu götürdü. Başa düşdü ki, bu ləkələrdən öz sifətində də var. Bilirdi ki, qan rəngində pomadanı ancaq alkoqoliçkalar vururlar...
 Mətbəxdə soyuducunun gurultulu səsi eşidildi. Durub mətbəxə keçdi, stolun üstündə qalmış alma qabığına baxdı. Stolun altında alma ilə dolu zənbil vardı, bir neçə alma isə döşəməyə diyirlənmişdi. Qapının yanındakı asılqandan kirli xalat, divardakı mıxçadan isə həm ayaqqabı geyindirən, həm butulkaaçan asılmışdı.
 Soyuducunu araladı. Yarıiçilmiş konyak butulkası gördü, bir qurtum içdi. Təsiri olmadı, birini də içdi, yenə də xeyri olmadı.
 Vanna otağına keçib duşun krantını açdı və uzun müddət ilıq suyun altında dayandı. Boş vannanın divarlarına yapışıb qalmış kirli köpüyü şırnaqla yuya-yuya kənddəki odun və təkərin köməyilə qızdırdıqları kolonkalarını xatırladı.
 O duşdan çıxanda çaynik həqiqətən də fit verməyə başlamışdı.
-Suyun səsi məni yuxudan oyatdı,- xala dilləndi.
 Yalnız indi qadının necə kök olduğunu duydu. Kişilərin belə qadınlarla necə yatdığını fikirləşib çimçəşdi. Çaynikə sarı getdi, yadına düşdü ki, çoxdandır pürrəngi çay içməyib. Qaynar suyu dəm çaynikinin içinə tökən kimi ölü qarışqalar üzə çıxdılar.
-Bəs dəm çaynikinə qarışqalar hardan daraşıb?
-Qarışqalar?
 Gülümsəməyə çalışdı, sanki qadının birbaşa ona müraciət etməsi ilk dəfə idi.
-Mənim adım Svetadır,- qadın dilləndi.
 Əslində qadının adı onun üçün o qədər də maraqlı deyildi. Odur ki çiyinlərini çəkib pərdənin arasından bayıra baxmağa başladı. Qadın isə videomaqnitofonu işə saldı, kassetlərdən birini seçib qoydu.
-Onun səsi mənim xoşuma gəlir,- xala dedi.
 İspan mahnılara tam biganə olduğundan susmağa üstünlük verdi. Qadın səhər yeməyi hazırlamaq üçün mətbəxə keçəndə rahatca otağa göz gəzdirdi. Servantın üstündə divara bərkidilmiş maralbuynuzu gördü. Arxadakı şkafın üstünə qoyulmuş musiqili sandıqça nəzərini cəlb etdi. Sandıqçanın qapağına saxsıdan düzəldilmiş rəqqasə fiquru bərkidilmişdi. Ona elə gəldi ki, bu sandıqçadan əvvəllər də haradasa görüb. Yadına düşdü ki, vətənindəki bazarlarda da belələrindən satılır. Fikirləşdi ki, görəsən niyə bizdə belə qəşəng əşyalardan alıb evə qoymurlar.
 Balkona bitişik divar ilə uzanan çıxıntıda müxtəlif ölçülü gül qabları düzülmüşdü. Aralarında iri və ağır olanları da vardı. Otağın bir özəlliyi də vardı: bura müxtəlif materiallardan hazırlanan heyvan kuklalarıyla doluydu. Bəzi heyvanlar xırda, bəziləri iriydi. Onları yazıb təsvir eləmək uzun alınar. «Burda yəqin ən sevimli heyvanciyəzlərini alıb toplayıb»- fikirləşdi və bu zaman qadının televizorun üstündəki çərçivəyə salınmış gülümsər fotosunu gördü. Qadının sevimli heyvanları ilə bir «mağara»da olduğuna görə özünü xoşbəxt hiss etdi. 
 Televizor sovet dövründən qalma olsa da, videomaqnitafon bahalı firma idi. Durub kassetləri ələk-vələk etməyə başladı.
 Səhər yeməyinə pelmennı yedilər, soyuducudakı konyakın qalanını içdilər. Stol arxasında xeyli söhbət etdilər. Bir müddət sonra ona elə gəldi ki, xala başqa qadınlardan eşitdiyi söhbətləri bir də ona danışır.
 Səmimi münasibətlərdən yaranmış sakit atmosfer hökm sürürdü: əsəbilik dərəcəsi sıfır həddindəydi.
 Adətən o xoşuna gələn qadınları dinləməyə üstünlük verirdi; fikri onlarda olmasa da, mətləbə yaxın suallar verir, onları danışdırır, ürəklərindəkini açıb tökməyə məcbur edirdi. Bu da qadını ələ almağın bir üsulu idi. İndi o, bu taktikadan istifadə etmədi. Doğrudur, arada bir neçə dəfə onların söhbətində səmimiyyət, doğmalıq nişanələri hiss olunurdu; o soruşur, xala cavab verir, qadın soruşur, o cavab verirdi. Həm suallar, həm də cavablar doğma vətənindəkindən fərqli olaraq, həddən artıq təbii, sadə, sünilikdən uzaq idi.
-Bəs sənin adın nədir?
-…Alik.
-Hansı rayonda yaşayırsan?
-İndustrialnı rayonda. Bəs sən saat neçədə yuxudan qalxırsan?
-Səkkizdə. Sən bir yerdə işləyirsən?
-…Dostlarımın köməyilə yaşayıram.
 Az qala bu yaxınlarda milislərlə mübahisə edərək on beş sutkalığa salınmağını da xalaya danışacaqdı.
 Lakin dəqiqələr keçdikcə bütün bunlar onu qıcıqlandırmağa başladı. Qadının suallarından birinə cavab vermək istəyərkən sözünü yarımçıq kəsib fikirləşdi ki, onsuz da qadın ona qulaq asmır. Əlini yellədərək başını aşağı saldı, fikirli-fikirli döşəməyə baxmağa başladı.
 Onun bu qəribə hərəkəti xalanı çaşdırdı. Xala siqaret yandırdı, bir neçə dəqiqə otaqda əsəbiliklə o baş-bu başa gəzişdi, iki-üç dəfə ona baxıb özünü gülümsəməyə məcbur elədi. Sonra bir kino kasseti tapıb çıxardı, divana uzanaraq pultun düymələrini basdı.
 Bir saata yaxın bu halda, xala işvəli şəkildə divana uzanmış, o isə stola yayxınaraq filmə baxdılar. Panikadan bəhs edən bir Hollivud filmi idi. Bir axşam iri şəhərdə işıqlar sönür və xalq təlaş, təşviş, panika, vahimə və bu kimi xoşagəlməz hiss və duyğular içində mağazalara daraşırlar. İbtidai instinktlər necə tərpənirsə, ən tərbiyəli, ən qanacaqlı adamlar da bir saatın içində vəhşiləşir. Bəziləri satlıq olmayan şeyləri oğurlayır, qarət edir, silah gücünə alır. Filmin müsbət qəhrəmanı isə yol qırağında yaşayan bir zəncinin başına vinçester dirəyərək yanacaq tələb edir. Lap axırda işıqlar yanır, vəziyyət düzəlir.
 Film qurtarandan sonra xala pultu basıb ekranı söndürdü, saçlarını geri atıb divana yayxındı.
 O da gəlib divanın qırağında oturdu. Qadın bu gün onun işə gedib-getməyəcəyini soruşdu. Əsəbi halda dodağını dişinin arasına alıb sıxdı; axı bayaq açıq-aydınca heç bir yerdə işləmədiyini ona çatdırmışdı.
 Qəfildən yerindən sıçrayıb qadını boğmağa başladı; barmaqları onun boğazını elə bərk sıxdı ki, qadın bu hərəkətin zarafat olub-olmadığı barədə düşünməyə belə macal tapmadı. Çöldə, seksiyada gülüşmə səsləri eşidildi. Canını dəhşətli bir vahimə bürüdü. Baxıb gördü ki, xalanın burnundan nəsə maye axdı və xırıldamağa başladı. Nəhayət, kobud barmaqları ilə sıxdığı incə qadın boynu möhkəmcə xırçıldadı. Sanki torpaq yolda maşının altına çınqıllar səpilmişdi. Linoleumun üstünə xalanın ağzının suyu damcılamağa başladı.
 O qədər həyəcanlanmışdı ki, qəfildən möhkəm yorulduğunu hiss etdi. Döşəməyə uzandı, nəfəsini dərərək gözlərini yumdu. Amma nə yatmağa, nə də başını qaldırmağa taqəti qalmamışdı. Ona elə gəldi ki, kimsə bayırdan qapıya möhkəm bir təpik vurub getdi.
 Dərisi bircə yerdən cızılmasa da, ona elə gəlirdi ki bədəni başdan-başa irin-qan içindədir. Birtəhər ayağa qalxıb axtarışa başladı. İri bir paket tapıb, qəzet parçalarına bükdüyü videomaqnitafonu qoydu. Otaqda toxunduğu bütün əşyaları nəm dəsmalla silib təmizlədi.
 Pərdəni aralayıb pəncərədən aşağı baxdı. Bir müddət gözlədi, sonra cəld videomaqnitofonu qoltuğuna keçirdi, qapını açıb boylandı. Mənzildən çıxanda ona elə gəldi ki, qadın onun arxasınca çağırıb nəsə dedi, ona görə də tez yerindən götürüldü. Görünür, içəridə soyuducunun gurultusunu qadının səsi kimi qəbul etmişdi.
 Küçəni keçəndən sonra uzun müddət bir istiqamətdə addımladı. Yeridikcə ona elə gəlirdi ki, başına çəkiclə döyəcləyirlər. Yaxınlıqdan dairə vurub çınqıllı yolla şəhərə tərəf döndü. İlan kimi qıvrılaraq ağacların arası ilə uzanan yol, qəfildən o qədər xoşuna gəldi ki, gözlərini yumub bu yol bitənə qədər qaçmaq istədi.
 Birdən sanki somsoyuq, güclü bir külək onun iliyinə işlədi. Bu külək həm çox sərt, həm çox yumşaq idi; bütün ehtiras və ruh düşkünlüyünü, ümidsizlik və acını, bihudə xəyalları saman çöpü və yaxud qupquru yarpaq kimi bir andaca havaya sovurub apardı. Ona elə gəldi ki, bu külək onun özünü də götürüb bir andaca geriyə, iki həftə bundan, o qadınla hələ rastlaşmadığı dövrə atdı- içindəki bütün acı-sıtqını bir andaca göyə sovurdu, onu arıdıb durultdu. Dərhal nəsə eləmək istədi, amma bu istəyi sadəcə istək deyil, ondan da üstün bir şey- sakit, sarsılmaz bir qətiyyət idi. Beyni hansı əmr verdiyini hələ dərk etməmiş, yoldan çıxıb saralmış yarpaqlarla dolu olan aşağıdakı çökəklə yeriməyə başladı. Yoxuşun başına az qalmış gördü ki, getdiyi çığırdan çıxıb, çınqıla tərəf yaxınlaşıb. Özünü yenə kollara sarı verdi, indi çınqıllı yola paralel olaraq yeriyir, aradakı məsafəyə ciddi riayət etməyə çalışırdı. Sanki dünyada bundan savayı heç nə mövcud deyildi- ən azı onun üçün...
 Dayanacaqda şəhərkənarı avtobusa minərək tramvayın son dayanacağına gəldi. Şəhər mərkəzinə gedən avtobuslardan birinə oturdu.
 Bir qədər getdikdən sonra fikir verdi ki, lap təkərin üstündə oturub, bükülünü də qoltuğuna elə sıxıb, ayaqlarını da rahat aça bilmir. Yükünü götürüb arxa oturacağa keçdi ki, həm yeri rahat olsun, həm də lazım gələndə alnını şüşəyə söykəyib mürgüləyə bilsin. Boylanıb yan güzgüdən sürücünün gözünün içinə baxdı, amma sürücü bunu görmədi. Qabaq şüşənin üstündəki şüşəsilənlərin hərəsi bir tərəfə baxırdı.
 Bükülünü dizinin üstünə rahatlayıb bir müddət arxada qalan yola baxdı. Açılıb bağlanan yaylı qapılar silkələndikcə bərkdən cırıldayırdı.
 Daha bir marşrut dəyişərək özünü azərbaycanlı nəşəsatanın evinə çatdırdı. Əslən Tovuz rayonundan olan alverçi ona videomaqnitafonu nəşəyə dəyişmək təklif etdi. Uzun çənə-boğazdan sonra iki min manata razılaşdılar. Bu pul ona qonşu şəhərdə yaşayan, uzun müddətdir zəngləşdiyi sinif yoldaşının yanına getməyə bəs eləyirdi.
 Yolda acdığını hiss etdi. Havanın soyuqluğuna baxmayaraq, şəhərdəki üstüaçıq yay kafeləri hələ də işləyirdi. O, bunlardan birinə girdi. Ani tərəddüddən sonra stol arxasında əyləşib özünə pivə sifariş verdi. Lakin on beş dəqiqədən çox gözləsə də, pivədən bir xəbər çıxmadığına görə qalxıb kafeni tərk etdi.
 Yaxınlıqdakı binanın alt mərtəbəsində də kafe vardı, xatırladığına görə buranı azərbaycanlı oğlan icarəyə götürmüşdü. İçəri daxil olanda döşəməni silən ofisiant qızla rastlaşdı. Günəş şüaları pəncərədən içəri elə düşürdü ki, təmiz silinmiş döşəmə, stollar qəribə bir tərzlə parıldayırdı. Piştaxtın yaxınlığında bir neçə nəfər oturub televizora baxırdılar. Əyləşməmişdən qabaq pivə sifariş verdi. Qız qaldırıb stolun üstünə qoyduğu stullardan birini aşağı endirdi, o isə digər stulu götürdü, yerini rahatlayıb oturdu. Əllərini stolun üstünə qoyub əsnədi.
 Qız piştaxtın arxasına keçdi, altdan bir şüşə pivə götürüb, dəmir qapağını açdı. O, pivənin bokalda verilmədiyini görüb təəssüfləndi, yadına düşdü ki havalar soyuduğundan süzmə pivəni çox yerdə yığışdırıblar. Qız külqabını kənara çəkib pivəni onun qabağına qoydu, sonra yenə də başını qaldırmadan döşəmə silməkdə davam etdi.
 Bir azdan balacaboy bir alkoqolik içəri daxil olub, ardınca qapını da örtmədən piştaxtaya tərəf cumdu. Qızarmış burnu, qırışmış, nəmli yanaqları onu qoca kişiyə oxşadırdı. Ofisiant qız onu geri qaytarıb ayaqlarını silməyi və qapını örtməyi tapşırdı.  
 Pəncərənin qarşısından bir dəstə məktəbli keçdi. Onlardan biri üzünü bir anlıq kafenin pəncərəsinə sıxıb içəri boylandı, amma yoldaşlarından kimsə onu səslədiyindən düşüb qaçdı.
 Çaqqıltı səsi eşitdi, geri çönəndə ofisiant qızın əlindəki stəkanı yerə salıb sındırdığını gördü. Səsə mətbəxdən icarədar çıxdı. Onu tanıdı, hansı rayondan olduğunu yadına salmağa çalışdı. İcarədarın bir yerli kimi ona salam verəcəyini gözlədi, lakin o iri qarnını irəli verib qıza tərəf baxırdı. Qız heç nə olmamış kimi arxayınca çevrilib xiyar dolu boşqabı soyuducuya qoydu. Piştaxtın yaxınlığında oturanlardan biri durub televizorun səsini azaltdı. İcarədar yenidən mətbəxə qayıdan kimi səsi artırdı. Bir azdan icarədar əlində dəftər bir də salonda göründü.
 Başını irəli uzadıb icarədardan bu kafe üçün nə qədər icarə haqqı verdiyini soruşdu. Bu sualı eşidən icarədar ayaq saxladı, üzünə donuq bir ifadə verdi. Ofisiant qız stəkanın qırıqlarını xəkəndaza yığırdı. İcarədar heç nə cavab verməyib mətbəxə döndü. O, başa düşdü ki, ədəbsiz hərəkət edib, ofisiantı çağırıb yenidən pivə və fıstıq sifariş verdi.
 Bir azdan pivəxananın qarşısında çörək maşını dayandı, içəri qəribə qaranlıq çökdü. Sürücü iki yeşik çörəyi maşının yük yerindən çıxarıb salonun qapısı qarşısına qoydu. İcarədar ofisiantı çörəkləri gətirməyə göndərdi.
 Daha bir pivə içəndən sonra durmaq qərarına gəldi. Açıq qapıdan mətbəxə diqqət edib, çirkli ağ xalat geyinmiş aşbazı gördü. O, qapıya söykənərək əllərini sinəsinə cütləyib icarədara nəsə danışırdı.   
 Nahardan sonra bilet almaq üçün vağzala getdi. Bilet pulunu kassir qızın qarşısına qoyanda büzüşmüş kağız dəmir nimçənin qırağına ilişdi; onun qıza nəsə deməsi üçün əsas yarandı. Kassir qız cavab verdi. O, yenə nəsə mızıldandı. Bu hal bir qədər qeyri-adi olduğundan qız pulları kənara qoyub diqqətlə müştərisinə baxdı. Bu söhbəti davam etdirmək üçün ona bir daha bəhanə vermiş oldu.
 Vağzaldan çıxandan sonra, uzun müddət boş telefon köşkü axtarmaqla məşğul oldu, tapdı, amma bu köşkdəki telefonun da dəstəyi qırılıb döşəməyə düşmüşdü. Yoluna davam etdi.
 Tini burulanda binaların arasından patrul maşınının çıxdığını gördü. Özünü sakit göstərmək istəsə də, qeyri-ixtiyari yanından ötdüyü marketin qapısına tərəf addım atdı, tutacaqdan yapışanda əllərinin əsdiyini hiss elədi. Milislər öndəki yaraşıqlı binanın qarşısında maşını saxlayıb düşdülər, qapısı bağlı olduğundan, pəncərəni döyüb içəridən kimisə çağırdılar.
 Ona elə gəlirdi ki, bütün bu görüntülər, milis işçiləri, bu şəhər, bu yaraşıqlı binalar- bir sözlə, ətrafda olan hər şey ona yaman tanışdır. Elə bil hadisələr nə vaxtsa baş vermişdi və indi hər şey təkrar olunurdu.
 İçəridən kimsə milis işçilərinə binanın bağlı olduğunu dedi. Milislər bir neçə dəqiqə yanaşı dayanıb zarafatlaşandan sonra, «uazik»ə minib getdilər. O, başını çevirib çiyinləri üstündən laqeydliklə onların ardınca boylandı. Bununla sanki özünün heç kimdən qorxmadığını hiss etdirmək istəyirdi. 
 Vaxtını öldürmək üçün qarşısına çıxan kafeyə girib ayaqüstü kotlet ilə püre yedi, üstündən bir neçə bokal pivə içdi. Kefi kökəldi, qarşısındakı qabları yığışdıran ofisinant qıza tələsik bir lətifə danışmaq istəsə də, qız qulaq asmayıb getdi. Sözünü yarımçıq kəsməli oldu, yediklərinin pulunu verib bayıra çıxdı.
 Mərkəzi meydanının yaxınlığında millətçi əhval-ruhiyədə olan iki yerli gənclə sözü çəp gəldi. İçkili və aqressiv idilər, biri onu gödəkçəsindən tutub saxladı, ikincisi isə çənəsinin altına möhkəm bir yumruq vurdu. O, azca aşağı əyilib hücum edənlərin birinin dizinə möhkəm təpik ilişdirdi. Uzun çapışmalardan sonra onu şirniyyat köşkünün arxasına sıxışdırdılar və birtəhər yerə yıxdılar, bir az təpikləyib sakitləşdilər. Öz aralarında nəsə danışandan sonra çıxıb getdilər. Bir azdan çətinliklə də olsa, ayağa qalxa bildi, yenidən vağzala qayıtdı.
 Özünü birtəhər ayaqyoluna çatdırıb üz-gözünü və üst-başını təmizlədi. Əl-üz yuyanda özüylə gəzdirdiyi birdəfəlik «Jilet» ilə üzünü qırxdı. Güzgüdə fikir verdi ki, bir əli ilə üzünü qırxdığı müddətdə, o biri əlini qəribə şəkildə sinəsinə sıxıb. Vağzalın salonundan kiminsə ətürpədici çığırtısı eşidildi.
 Gödəkçəsini çıxarıb yüngülcə yaxalandı, saçını qaydasına sala-sala zümzümə etməyə başladı. Hiss etdi ki, əhvalı xeyli yaxşılaşıb, beyni durulub. Ayaqqabısının burnuyla taxta divara yüngül bir təpik ilişdirdi. Divarın danqıltısı, deyəsən, qapının ağzında oturub giriş pulları yığan qadını narahat etmişdi.
 Qadın qaraların ünvana bir neçə söyüş söydü, cavab almadıqda isə dəsmalını, ya nəsə ayrı bir parçanı- bunu o dəqiq bilmədi- qapının cəftəsinə çırpıb uzaqlaşdı. O, tualetin gözlərindən birinə girmişdi, damağında siqaret özünü elə göstərirdi ki, guya peşov etməklə məşğuldur.
 Sakitlik idi, tavandakı pəncərədən içəri gün işığı düşürdü. Bir müddət hərəkətsiz dayandı. Divara bir də təpik vurdu, bu dəfə əsəbdən, həm də möhkəm vurdu. Yenidən içəri girən qadın onu milis çağıracağı ilə hədələdi, amma o əllərini sakitcə dəsmalla qurulayaraq qadına əhəmiyyət vermədi. Nəhayət, qadın tualeti tərk etdi.
 Vağzalın içində oyun avtomatları da olmalıydı. Soruşub tapdı, başını qarışdırmaq üçün avtomata bir neçə dəmir pul atdı, heç nə udmadı. Dodağının altında doğma dilində bu şəhərin ünvanına bir neçə yağlı söyüş işlətdi. Qonşu avtomatın qarşısında oturan, sikkələri ataraq fikir vermədən düymələri basan və hər dəfə heç nə udmayan kök oğlan ona təs-tərs baxdı.
 Damağında siqaret bayıra çıxanda yaxınlıqdakı milis patrullarını görüb çaşdı, lakin cibində bileti olduğunu yada salıb azca rahatlaşdı. Bileti açıb bir də diqqətlə baxdı. Saat 23.30-da yola düşməliydi. Artıq şəhəri tərk etmək vaxtı gəlib çatıb. Uğur bu şəhərdə də sənin üzünə gülmədi.
 Rusiyanın şəhərlərinə əsasən Azərbaycanın əyalətlərindən gəlirlər. O da belələrindəndi. Bu şəhərə gələndən bəri əbəs yerə həyat işartısı axtarmağa çalışmışdı. Heç yanda, heç kimdə tapa bilmədi. Nə kasıbında, nə də varlısında…
 Sakitləş, qoca, daha vaxtına çox qalmayıb. Birdən yadına düşdü ki, onun cavan olduğu o ölkədə heç kəs məhbuslar qədər həyatı sevməyib. «Elə ona görə də sən mənim son ümidimsən. Sən məni azadlığa buraxacaqsan. Məhbəs susur! Eşidirsən?.. Sən azadsan!»
***
 Vağzalın qarşısındakı meydanda yerlisi ilə rastlaşdı. Yaxın kəndlərdən birinə ət gətirmək üçün gedirdi. Bu adam mərkəzi bazarda ət alveri ilə məşğul olurdu, ötənlərdə isə onun qonşuluğunda meyvə dükanını icarəyə götürmüşdü. Yaxşı vaxtlarında bu adama borc pul da vermişdi. Hal-əhval tutdular. Yerlisi yalandan da olsa, ona qulluğunda durmağa hazır olduğunu bildirdi, ancaq hiss olunurdu ki, indi səfil kökünə düşmüş bu adamdan tezcə yaxasını qurtarmağa çalışır.
 Yerlisi bir az aralanmışdı ki, arxaya çönüb «Hara gedirsən?- soruşdu. Acı-acı gülümsünərək: «Adam var, onu gözləyirəm»- dedi. Onun mindiyi qatarın ardınca xeyli baxdı, içində qəribə bir narahatçılığın yarandığını hiss etdi.
 Vağzalın içindəki telefon köşkünə girərək İjevskə, orada maşın ehtiatları satan sinif yoldaşının evinə bir də zəng etdi. Telefonu sinif yoldaşının arvadı götürdü, ərinin evdə olmadığını dedi. Qadın hal-əhval soruşmadan, xudafizləşmədən dəstəyi asdı.
 Elə bu vaxt iki cavan milis işçisi yaxınlaşıb onun sənədlərini tələb etdi. Uzundraz serjant sənədlərini alandan sonra dodaqaltı mızıldandı ki, onun barəsində tualet nəzarətçisi məlumat verib, xuliqanlıq elədiyini deyib. Nə cavab verəcəyini özü də bilmədiyindən, sadəcə susmağa üstünlük verdi. Ona elə gəldi ki, dediyi sözlər onun əleyhinə istifadə oluna bilər.
 Arxada cingilti səsləri eşidildi. Çönüb baxdı: fəhlələr boş şüşələrlə dolu yeşikləri qəlyanaltıdan çölə daşıyırdılar. Serjant sənədlərdəki fotonu və bileti diqqətlə nəzərdən keçirəndən sonra ondan xahiş etdi ki, bir daha belə hərəkətlər etməsin, əlindəkiləri ona qaytardı və aralanmaqda olan yoldaşına çatmağa çalışdı.
 Vağzalın içindən özünə bir buterbrod və bir neçə qəzet alaraq perrona çıxdı. Azca aralıda bir ailə dayanıb astaca, sanki pıçıltıyla söhbət edirdilər. Skamyada oturub buterbrodunu yedi, amma yanındakı qəzetləri açmadı, uzun yolda vaxtını öldürməkçün saxladı. Axşamçağı olmasına baxmayaraq hiss etdi ki, günəşin istisi onun belini qızdırır. Qarşısından qucağında çığıra-çığıra uşaq olan bir kök qadın ötüb keçdi. Kənarda dayanıb birtəhər uşağı sakitləşdirməyə nail oldu və yenidən yoluna davam etdi.
 Vağzalda paltar satan çinli qızı görüb yaxınlaşdı, özünə bir cüt qalın corab və alt paltarı aldı. Pulun qalığını qaytarmaqçün göbəyindəki pulqabında eşələnən çinli qeyd etdi ki, təzəlikcə onlara yüksək keyfiyyətli tifin şalvar da gəlib. Pulu qaytaranda isə əlavə etdi ki, yaxşı cib dəsmalları, qalstuklar, yun jiletlər də vardır. Lakin o, daha heç nəyə ehtiyacı olmadığını bildirdi.
 İçindəki qəribə bir narahatçılıq onu heç cür tərk etmək istəmirdi. Gedəcəyi yerdə qəfildən peyda olmağını əsaslandırmaq üçün özündən nəsə bir hadisə quraşdırmalı idi. Cibindəki pulları çıxarıb saymağa başladı; başını qaldırıb ətrafı gözdən keçirdi.
 Nəhayət, qatar gəlib çıxdı. Öz kupesini tapıb botinkalarının ipini açmadan birtəhər dartıb ayağından çıxardı və stolun altına atdı. Yatağa sərildi və dərhal yuxuya getdi.

Комментариев нет:

Отправить комментарий