Страницы

08.04.2012

"Süd ziyandır, alkoqol xeyirli"

Şəbnəm Xeyrulla


Hər səhər yuxudan telekanallarımızdan birinin səhər verilişinin səsinə ayılıram. İşə yollanmağa hazırlaşdığım müddətdə səhər xəbərlərini, proqramda yayımlanan maraqlı faktları, məlumatları izləməyə çalışıram. Bəzən həqiqətən lazımlı, faydalı informasiyalarla rastlaşsam da, şou xətrinə mənasız faktların da proqrama daxil edildiyinin şahidi oluram.
Bu günlərdə həmin televiziya proqramında eşitdiyim ardıcıl iki xəbər isə doğrusu, məni həm çaşdırdı, həm də proqramı hazırlayanlar haqqında dərindən düşünməyə vadar etdi. Belə xəbərlərdən biri südün ziyanı haqqında hazırlanmış süjet idi. 

Adətən südün xeyirli, sağlamlığa faydalı məhsul olduğunu eşitdiyimiz halda, birdən-birə ziyanlı tərəflərinin qabardılması həqiqətən də qəribə göründü. Əlbəttə, qəbul edirəm ki, istənilən məhsul, ümumiyyətlə, həyatda hər şey həddindən artıq istifadə edildikdə ziyanlı nəticə verir. Bu mənada süd də istisna olmamalıdır. Lakin süjetin məqsədi heç də həddindən artıq istifadəni deyil, elə südün özünü tənqid etməklə məşğul idi.
Təsəvvür edin ki, səhər süfrəsi ətrafında onsuz da könülsüz əyləşib yemək yeyən balacalar bu süjeti görəndən sonra neyləyəcəklər. Məlumdur ki, həmişə valideynlərin ən böyük çətinliyi uşaqlara faydalı məhsulların yedirdilməsi ilə bağlı olub. İndi əlində "televizor deyib ki, süd ziyanlıdır" kimi arqumenti olan uşağa görüm, necə süd içirirlər.
Süjetin ən anormal hissəsi isə bu fikirdə öz əksini tapdı: "Ana südünün tərkibində qadın hormonları çox olduğu üçün oğlan uşaqlarının onu qəbul etməsi gələcəkdə onların cinsi yetişkənliyində problemlərə səbəb ola bilər."
Bəli, bu da indiyə qədər təbliğ etdiyimiz ana südünün "fəsadları". Sən demə, ölkəmizdə gündən-günə gözə çox dəyən qıza oxşayan məxluqların artmasına səbəb məhz ana südü imiş. Neçə vaxtdır təbliğatını apardığımız, "Qurani-Kərim"də belə, müsbət tərəfləri göstərilən ana südünü hələ tanımırmışıq. Bəli, neçə vaxtdır Milli Məclisdə müzakirəsi gedən, həkimlərin analara dönə-dönə övladlarını məhrum etməməsi tapşırılan ana südü oğlanların yetişməsinə təsir edirmiş. Bu məntiqə deməyə söz belə qalmır. İşə baxın, iynələrlə böyüyən broyler toyuqları, əqrəb geni vurulmuş meyvə-tərəvəzlər, içinə nə qatıldığını bilmədiyimiz konserv məhsulları ziyanlı olmadı, amma ana südü zərərverici oldu.
Proqramın ikinci xəbəri faydalı məhsula həsr olunmuşdu. Süjet belə təqdim edildi: "Alkoqolun xeyirli tərəfləri". Verilişə baxmayanlar elə biləcək ki, bunları özümdən deyirəm. Amma sizi inandırıram ki, süjetlər həqiqətən bu ardıcıllıqla təqdim edilmişdi. Alkoqolun hansı xəstəliklərin dərmanı olması, necə qəbul edilməsi haqqında olan süjet az qala reklam xarakteri daşıyırdı.
Belə süjetləri verilişə daxil edən prodüserlərin hansı məqsəd güddüyünü bilmirəm. Lakin insanların, xüsusilə də hələ həyatın nə olduğunu bilməyən, özünə düzgün yol axtaran azyaşlıların, yeniyetmələrin şüuruna təsir göstərə biləcəyi danılmazdır. Bu cür veriliş hazırlayanlardan xahişim var: süjetlərinizi, təbliğatınızı dayandırmısınızsa, heç olmasa, proqrama "18+" işarəsi əlavə edin. Nə olsun ki, səhər verilişidir...

Комментариев нет:

Отправить комментарий