Страницы

22.04.2012

Təşəkkürlər, Xədicə!


Rasim Qaraca
Bu yaxınlarda Turkiyə səfərim zamanı yola oxumağa götürdüyüm iki kitabdan biri Xədicə İsmayılın tərcüməsində Xalid Hüseyninin “Çərpələng uçuran” romanı idi. Daha öncə Nərmin Kamal bu kitabı oxumağımı tövsiyə etmişdi, həm də yazarın dünyaca ünlü olması mənim bu kitabı oxumağıma öncəlik tanımışdı.
Bəri başdan deyim ki, qeyri-adi dinamikası olan bu kitabı böyük maraqla oxudum, bəlkə də son illərdə oxuduğum ən sürükləyici əsər idi deyə bilərəm.
Əfqanıstan faciəsinin tam aydın mənzərəsini yansıtması baxımından bu roman ideal sayıla bilər; müəllifin baxış bucağı, səmimi yanaşması, dolayı yolla olsa belə özünü idealizə etməyə çalışmaması oxucuda ilk səhifələrdəcə ona simpatiya doğurur, hadisələrin dramatikliyi və realist təsvirlər əvvəldə sona qədər oxucunu gərginlikdə saxlayır və əsərin uğurlu olmasını şərtləndirir…
Əsər haqqında analitik bir yazı yazmaq fikrində deyiləm, qısacası, bu əsəri oxumağı hər kəsə tövsiyyə edirəm.
Bu kiçik yazını yazmaqda məqsədim isə, istedadlı qələm dostum Xədicə İsmayıla çəkdiyi zəhmətdən dolayı öz təşəkkürümü bildirməkdir.
Son dövrlərdə çoxlu bədii əsərlər rus, ingilis və qeyri dillərdə çevrilərək ana dilimizə qazandırılır. Yeni tərcümə əsərləri haqqında, – bu tərcümə kitablarının bəzilərini də mən nəşr edirəm – eşitdiyim iradlardan ən birincisi tərcümənin bəzən yetərli və ya dolğun olmaması ilə bağlıdır.
Xalid Hüseyni
Əlbəttə, təcüməçilik özünəməxsus incəlikləri olan mürəkkəb bir peşədir, burada professional olmadan uğur qazanmaq mümkün deyildir, hər bir tərcüməçinin də, yazıçı kimi, öz üslubu vardır və bu üslub uzun illər ərzində formalaşır.
Xədicə İsmayılın daha öncələr bədii əsər tərcümə etməsi haqqında biliyim olmasa da, haqqında danışdığım bu romanın tərcüməsi onun qələmində son dərəcə axıcı və zövqlü təsir bağışladığını söyləmədən keçmək istəmədim.
Ayrı-ayrı detallara varmadan, tərcüməçinin dil duyumunun çox yüksək olduğunu, öhdəsinə götürdüyü işi qonorar xatirinə deyil, can yanğısıyla yerinə yetirdiyini hər cümlədən hiss etmək olur. Bundan ötrü Xədicəyə böyük təşəkkür düşür!
Gözəl romanından dolayı Xalid Hüseynini tapıb ona minnətdarlıq bildirmək imkansız olsa da, gözəl tərcüməyə görə Xədicəyə minnətdarlığımı bildirmək sanıram heç də yersiz olmaz. Həm də çox əyləncəli Türkiyə səfərimə rəng qatmağa vəsilə olduğu üçün, bu yazı ilə ona təşəkkür borcumu qaytarıram.
Yeni tərcümələrini və yeni əsərlərini gözləyirik Xədicə!
ann.az

Комментариев нет:

Отправить комментарий