Страницы

14.04.2012

Təzahürlər

Əli Şirin Şükürlü


nədi o ağac
kimdi o adam
nə deyir o quş

ağac – gövdəsi torpaqda.budaqları var, yarpaqları var paylanıb
səmada. budaqları - əlləri, yarpaqları - ürəyi, həm də gözləri.
ürək-gözləri əllərində. quruyar budaqları, saralar yarpaqları.
dolar gözləri ağacların, süzülər yarpaqlardan damcılar – göz yaşı
buludlardan ərməğan. ağac bitən yerdə torpaq, torpaq tükənən yerdə
ağac,ağac qurtaran yerdəsəma başlayar.

quş – oturub ağacın budağında. qanadı var, uşar. qonar budaqdan
budağa, uçar ağacdan ağaca. uçar ağac qurtaran yerlərə, sevgi daşıyar,
həsrət daşıyar, nisgil daşıyar.ölər, quşlar da ölər. bəzən uça-uça,
bəzənsəmasız – ağac bitən yerlərdə. uzadar əllərin ağaclar,
açar qolların ölən quşlara. 

adam – dayanıb baxır. gözu var yarpaq rəngində, əlləri var – qanadı yoxdu.
ağlı var, ürəyi var,uça bilmir. uçanda uçar təyyarələrlə, süzər səmada –
təsəlli tapar ağac qurtaran yerlərdə.ölər adamlar da. ölər ya səmada,
ya dənizdə,ya da torpaqda. adam quş kimi ölər bəzən, quş adam kimi.
adam ağac kimi qocalar,ağac adam kimi ağlayarhərdən.

orta statistik yaşama müddəti
hesablayırlar
ağaca
adama
quşa.
hərənin öz zamanı var
bir-birindən fərqlənər;
ağacın öz zamanı
adamın öz zamanı
quşun öz zamanı.
hərə öz vaxtının içində
yaşayar
öz vaxtının içində ölər.

bəzi təzahürlərindən danışdım
sizə, əziz oxucu,
ağacın, quşun, adamın.
bir az keyfiyyətdən söz açdım,
bir az da kəmiyyətdən.
bir az da fantaziya qatıb
şeir kimi söylədim
söylədiklərimi. amma
deyə bilmədim çox şeyi,
ya mən bacarmadım,
ya onlar
açmadı sirrin.

görən öz-özlüyündə
nədi o ağac
kimdi o adam
nə deyir o quş

Комментариев нет:

Отправить комментарий