Страницы

02.04.2012

Yaradıcı adamın tərkidünyalıq məsələsi...


Sevda SULTANOVA


Və bizim yazıçıların sərxoş halları 


Kulis.azda Andre Moruanın yaradıcı insanın qondarma imic formalaşdırmasından bəhs edən “Pyer Duş necə məşhurlaşdı” hekayəsini oxudum. 
Dünyada siyasətçidən tutmuş şou biznes təmsilçisinə kimi hər kəs fərqli, diqqət çəkməyə yönəlmiş obraz sərgiləməkdən ötrü imicmeykerlərlə çalışır. 
Elə adamlar da var ki, artıq istifadə olunmuş klişelerlə imicini özü fərdi şəkildə qurur. 
Onlardan biri amerikalı rejissor Malik Terrensdir. 

Kino tənqidçiləri Terrensi Selincerlə müqayisə edir və onu “kinematoqrafiyanın Selinceri” adlandırır.
Terrens də Selincer kimi zahiddir, cəmiyyət içərisinə çıxmır, müsahibə vermir.
İxtisasca filosof olan rejissorun 38 ildə ekranlaşdırdığı 5 filmini izlədim, haqqında oxudum, davranışlarını analiz elədim və belə nəticəyə gəldim ki, Terrens tamaşaçıları da, jurnalistləri də, kino aləmini də ələ salan mistifikatordur.
O şöhrətlənmək, haqqında sirli, maraqlı adam obrazını gücləndirmək naminə bu vasitələri seçib. 
Əgər Selincerin asketizmi onun gerçək yaşam tərzi, ruh halı ilə bağlı idisə, Terrens üçün bu sadəcə imic məsələsidir.
Selincer 1965-ci ildən başlayaraq, çap olunmayıb, özü üçün yazıb. 
Publikanın, jurnalistlərin, kino mütəxəssislərinin fikrini önəmsəmiyən, onlarla ünsiyyətdən qaçan, guya tənhalığa çəkilən, filmləri nümayiş olunanda zala ancaq işıqlar sönəndə təşrif buyuran Terrens nədənsə həvəslə çəkdiklərini nüfuzlu festivallara göndərir və mükafat almağa can atır.
Yaradıcıığına gəlincə isə Terrensin filmləri haqda daha ətraflı “Fokus” kino jurnalı üçün yazmışam.
Sadəcə bir –iki qeydlə kifayətlənəcəm. 
Kino məhsullarında təbiət təsvirlərinin poetik ifadəsiylə, meditativ musiqidən ifrat istifadə etməklə Terrens tamaşaçıda yaradıcılığına (və güman ki, həm də öz şəxsiyyətinə ) sakral münasibət yaratmağa can atır. 
Başqa sözlə desək, tamaşaçının şüuruna özünün dahi, fərqli olduğunu yeridir. 
“Həyat ağaçı” dramında qadın-kişi başlanğıcı, ata-oğul, insan-kosmos, dünyanın genezisi mövzusunda yeni yozum, baxış təklif etmir və heç bir informasiya verməyən poetik vizuallığın, basmaqəlib simvolların altında tavtalogiya mürgüləyir. 
Bu film haqda daha dəqiq Amerika kino tənqidçisi Maykl Atkinson deyib. Onun fikrincə, “Həyat ağacı” edip konfliktinin trivial situasiyasında ilişib qalmış uşağın primitiv idealizasiyasıdır.
Bu mənada Terrensin kinematoqrafiyası kino biliklərimə nəsə vermədi. 
Üstəlik, Selincer tənhalığa çəkiləndən sonra heç bir yazısını çap etdirmədi, Terrens isə tərkidünyalığında belə dalbadal filmlər çəkirdi. 
Madam ki, söhbət yaradıcı adamın imicindən düşdü, bir-iki kəlmə də milli ədəbiyyat aləmindəki yazıçı-şairlərdən deyim. 
Bir qrup yazıçı-şair (istər yaşlı, istər orta, istərsə də gənc nəsil) var ki, naşıca, səliqə-sahmansız ənənəvi imic düzəltməyə çalışır. Hər gün içir, içkini yaradıcı adamın vacib keyfiyyəti sayır, tənha, hədsiz azad, üsyankar obrazını ictmai fikrə sırıyır.
İçəndən sonra isə meydana çıxan alt eqolarının diqtəsi ilə özlərinin çox böyük yazar, başqalarının isə zir-zibil olduğu haqda cəfəng, lokal bəyanatlar verir, böyük ideyalardan məişətə, üsyankarlıqdan maddiyyata enir, epataj, banal davranışları ilə müzakirə predmeti olmaqdan zövq alır. 
Əlbəttə, bu onların şəxsi məsələsidir. 
Amma içkinin təsiri altında elə məsələlər haqda bəyanat verilsin ki, heç olmasa nəsə ictimai-siyasi, ədəbi yükü olsun. 
Məsələn, Mel Gibson. 
Avtomobili sərxoş vəziyyətdə sürdüyünə görə onu saxlayan milliyyətcə yəhudi polisə dediyi və “tarixdəki bütün müharibələrin səbəbkarı yəhudilərdir” cümləsi Amerikanı bir-birinə qatdı. 
Gibson bunu “gündəmdə olum” deyə etməmişdi. 
Çünki, o əvvəllər də antisemit mövqeyini müxtəlif formalarda bildirib. 
Həm də hadisə İsrailin Livana soxulduğu gün baş vermişdi.
Bir də ki, təkcə “İsanın əzabları” filmi kifayətdir ki, Gibson tarixdə qalsın.


kulis.az

Комментариев нет:

Отправить комментарий