Страницы

26.05.2012

DÜŞÜNMƏYƏ DƏYƏR MƏNCƏ...

 Afaq Şıxlı


Qəribə zamanda yaşayırıq, dostlar! Tarazlığı pozulmuş, yaxşısı pisinə qarışmış, doğrusuyla yalanı arasındakı sərhədləri itmiş kimi görünən bir zamanda... İnsanlar bəzən özləri də həyatdan nə istədiklərini, nə umduqlarını bilmirlər. Əlbəttə ki, bu xaos, bu natarazlıq ədəbiyyatımıza təsir etməyə bilməzdi. Ədəbiyyat böhran içərisindədir.
Öz dövründə dahi Füzuli belə yazırdı: “Öylə bir dövrdəyəm ki, nəzm olub xar!“  Bax, indi biz də demək olar ki, buna çox bənzər hallar yaşamaqdayıq.
İnsanı mühit yetişdirir, əzizlərim. Sağlam mühit sağlam insan, bulaşıq mühit isə xəstə insan yetişdirir. Bu mühit öz meşşanlıq, şöhrətpərəstlik, qorxaqlıq, yaltaqlıq, şəxsiyyətəpərəstiş mikroblarını yetişdirmələrinə də yoluxdurur.

Baş, tutaq ki, təqdim edirik: Azərbaycan Yazarlar birliyinin üzvü, Dünya Yazarlar birliyinin üzvü, Beynəlxalq Yazarlar birliyinin üzvü,
Azərbaycan Şeir Akademiyasının akademiki, Dünya Şeir Akademiyasının akademiki, Beynəlxalq Şeir Akademiyasının akademiki
NİZAMİ GƏNCƏVİ

Necə səslənir? Bayağıdır deyilmi? Sizcə dahi NİZAMİyə tanınmaq üçün bu kimi adlar silsiləsi lazım olmuşdumu?
Əlbəttə ki, yox! Belə adların heç biri olmadan o Azərbaycana və ondan kənarlara səs salmışdı və indi də bütün dünyada əsil şair timsalıdır.
NİZAMİ şair və filosof olub, var və olacaq!
Neçə yüz illərdir şeirləri, poemaları, qəzəlləri onun adından danışır və onun Kim olduğunu bildirir.
Bir fidan torpağa bağlı olan kimi, şəxsiyyət də mənəviyyatına tabedir. Vətəndaş öz ədəbiyyatından qidalanır, ruhu ondan su içir.
İnsanı insan kimi yetişdirən yazarlar, onların tərbiyəvi-əhəmiyyətli əsərləri, hər sözü bir dərsliyə bərabər yazılar olmadıqdan sonra daha nə olsun? Qəlbin üsyan etdiyində, kövrəldiyində şairlərin aldığı adlarımı oxuyacağıq, yoxsa əsərlərinimi?
Kimsə pul verib şeir yazdırır, kimsə pul alıb şeir yazır. Beləcə, biri fikrini satır, biri fikri satın alır. Ədəbiyyat "zənciləri" dünyanı başına götürüb. Biz buna susaqmı? Mən, sən, o... haraya qədər?
Hər zaman həkimlərin ədəbiyyata ehtiyacı olub, amma bu gün ədəbiyyatın həkimə çox böyük ehtiyacı var... xəstədir!
Xəstə ədəbiyyat isə könülləri oxşaya bilməz, əzizlərim.
Bu barədə düşünməyə dəyər məncə...

Afaq Şıxlı              Moskva                 26.05.12

Комментариев нет:

Отправить комментарий