Страницы

30.05.2012

Anar Qara Qarayev haqqında danışır

 Bir zamanlar onun möhtəşəm musiqisinin sədaları Avropanın, Amerikanın, Türkiyənin, Polşanın, Moskvanın musiqi salonlarını titrədib, milyonlarla insan qəlbini ovsunlayıb. Bu dahi insanın həyatı da, dünyaya gəlişi də bir möcüzəydi bu xalq üçün.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda, məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Anası Sona xanım yüksək musiqi təhsili görmüş, sayılıb-seçilən kübar xanımlardan idi. Ana babası İsgəndər bəy Axundov Şamaxının məşhur nəsillərindən olub.
Balaca Qaranın hələ uşaqlıqdan musiqiyə böyük həvəsi vardı. O, saatlarla Fatmayıdakı bağlarında, «Benkerov» royalında ata və anasının çaldığı həzin musiqiləri dinlərdi. Sonralar böyük Üzeyir Hacıbəyovdan və Dmitri Şostakoviçdən dərs alan Qara Qarayev bir sıra misilsiz əsərlər yaradır. Bu əsərlərdə biz həm də Azərbaycan muğamlarının dərin fəlsəfi nidalarını, milli xalq havalarının sədalarını duyuruq. Bəstəkar məşhur “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, onlarla simfonik qravürlərin, simli kvartet üçün əsərlərin, kinofilmlərə yazdığı musiqilərin müəllifidir. Hələ uşaqlıqdan sevə-sevə baxdığım “Uzaq sahillərdə” filminin musiqisini dinləyəndə qəlbimdə həmişə qəribə hisslər oyanırdı. Filmdəki möhtəşəm musiqisi ilə elə zamanında çox sözlər deyirdi Qara Qarayev. Sanki gələcəklə bağlı haray, çağınış vardı onun bütün musiqisində.
Deyilənə görə, ruslar ona Qara Qızılov, yaxud da Qızıl Qızılov deyirlərmiş.  Düşünürəm ki, o bizim xalqa Ulu Tanrı tərəfindən göndərilən bir dürr, bir inci idi. Nə yazıq ki, elə sağlığında ona qarşı çıxanlar, böyüklüyünü qəbul etmək istəməyən paxıllar da vardı. Hörmətli yazıçımız Anar müəllimin dediyi kimi, onun «sənətinə ağız büzənlər az deyildi». Bu isə bəstəkarın səhhətinə mənfi təsir göstərirdi.
Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada gözlərini əbədi olaraq yumur. Tabutu Bakıya gətirilir, çox sevdiyi doğma vətənində - Fəxri Xiyabanda dəfn edilir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı hörmətli Anar müəllimin Q.Qarayevlə bağlı çox təsirli və maraqlı xatirəsini sizə təqdim edirik. 

 Yaşasaydı indi Qara Qarayevin 94 yaşı olardı. Düz 20 il bundan qabaq onu itirdik. Amma böyük sənətinin və təkrarsız şəxsiyyətinin işığı hələ də gəlməkdədir. Bu, sönmüş uzaq ulduzlardan gələn işıq kimi deyil, bu, keçmişdən çox, gələcəkdən gəlir. Sənət tariximizdə Qara Qarayev gələcəyin elçisi, sabahın səfiri idi. Onunla ətraflı söhbətlər etmək səadəti mənə də nəsib olub. Qarayevin bütün varlığı işıq saçırdı. Zahiri görünüşü belə işıqlı idi - eynəyinin qalın şüşələri ardında iti, ildırım kimi çaxan baxışları, bir qədər ironik, bir qədər təəccüb dolu, amma həmişə isti, mehriban baxışları. Müsahibini diqqətlə, maraqla, xeyirxah bir həvəslə dinləmək bacarığı. Bütün bunlardan müdrikliyin, həssaslığın, həqiqi ziyalıların işığı gəlirdi.
Qara Qarayevin surəti mənim nəzərimdə bir çox çalardan, o cümlədən ilk baxışdan çox adi, xırda, əhəmiyyətsiz görünə biləcək çalarlardan yarandı: özəlliklə onun bir xüsusiyyətini həmişə xatırlayıram - dəruni və həqiqi nəzakətini.
Moskva Konservatoriyasında Qarayevin 50 illiyinə həsr olunmuş təntənəli gecəni xatırlayıram. Salon artıq dolub. Qarayev içəri girir və heç kəsin diqqətini çəkmədən üçüncü, ya dördüncü sırada yerinə keçmək istəyir. Mən də həmin sırada oturmuşam. Mənimlə bir sırada yaşlı ər-arvad əyləşib. Moskvalıdırlar, Qarayevi üzdən tanımırlar. Qarayev onları narahat etdiyi üçün üzr istəyərək yerinə keçir. Bir qədər sonra hansı iş üçünsə durub çıxmalı olur və yenə də üzr istəyir. Onlar artıq bu üzrü soyuq qəbul edirlər. Gecənin səbəbkarı yenidən öz yerinə keçərkən üzr istəyəndə ər-arvad artıq heç nə demir. Konsert başlayır, əsərlər bir-bir ifa olunur, salonu gurultulu alqışlar bürüyür və görünməmiş uğurdan sonra orkestr, dirijor və dinləyicilər israrla müəllifi səhnəyə dəvət edirlər. Qarayev ayağa qalxır və daha artıq xəcalət çəkirmiş kimi yenə də yaşlı ər-arvadı narahat etdiyi üçün üzr istəyir. Həm də bu elə-belə əda xatirinə deyil, daxili tələbatı və üzvi nəzakətinin göstəricisidir. Doğrudan da sinli adamları bir daha narahat etdiyindən bəstəkarın rəngi də dəyişib. Amma neyləyəsən ki, səhnəyə qalxmalı, baş əyməlidir. Yaşlı moskvalılar isə yalnız indi başa düşdülər ki, sıra qonşuları kim imiş!
Təbii, üzvi sadəlik, o sadəlik ki, binədən Qarayevin ziyalı günlərindən gəlir - həm böyük, həm də misal çəkdiyim xırda məsələlərdə aşkar olurdu, o cümlədən onda göründü ki, mən dəfələrlə böyük bəstəkarla müxtəlif mövzularda söhbətlər etmişdimsə də, bir dəfə də onun özü, xidmətləri, şöhrəti haqqında kiçik bir işarə də eşitməmişdim. Yəqin, bir də ona görə ki, sənət uğurları göz qabağında olanda, daha onların bəyan edilməsinə ehtiyac qalmır, nigaranlıq çəkmirsən ki, aya, xudanəkərdə, birdən kimsə mənim bu uğurlarımdan bixəbər qalar. Qarayevin buna, hər hansı şəkildə özünüreklama, özünütərifə ehtiyacı yox idi. Ləyaqət hissi və anadangəlmə kübarlıq imkan verməzdi ki, mənəm-mənəmliyə qapılsın. O, yalnız öz istedadıyla təsdiq edirdi özünü və əlavə təsdiqlər ona gərək deyildi. Bir dəfə özünün dediyi kimi, bütün adlar, mükafatlar, təltiflər yalnız yaradıcılığının yol-yoldaşları idi. Nə az, nə çox…
Qarayev işığı onun sinəsindən asılmış, ya asıla biləcək zınqırovlardan deyil, dostu Cəfər Cəfərovun təbirincə desək, qılınc kimi kəsən istedadından gəlirdi.
Qarayev musiqisinin kosmosu sonsuzdur və kainatın özü kimi daim hərəkətdə, təbəddülatdadır. Qarayev zamanı bir il, beş il, bəlkə bir qərinə, yarım əsr, bir əsr qabaqlamış sənətkarlardandır. Və zamanı qabaqlamış başqa böyük sənətçilər kimi o da, özəlliklə gənclik illərində anlaşılmazlığın sal divarı qarşısında qalmalı olurdu, bəyənilmirdi, qəbul edilmirdi. Sənətinə ağız büzənlər az deyildi. İllər keçməliydi ki, hamı olmasa da, çoxları Qarayev musiqisinin dərin milli köklərini qavraya və qiymətləndirə bilsin. Çünki onun sənətinin millilik xüsusiyyətləri xalq musiqisindən bol-bol sitatlar gətirməklə səciyyələnmirdi; o, bəstəkar təfəkkürü, musiqi düşüncə tərzi ilə milli idi. Bu cəhətdən hər novator sənətkar kimi, Qarayev yaşadığı zaman içində gələcəyin girovu idi. Daim hərəkətdə, daim inkişafda olan Qarayev yaradıcılığında hər yeni mərhələ özündən qabaqkı mərhələni inkar etməsə də, onunla mübahisə edir. Öz musiqisinə görə Qarayev başqasıyla deyil, ilk növbədə, özü-özüylə höcətləşirdi, gərgin axtarışlar nəticəsində əldə etdikləri isə yalnız öz yaradıcılığı üçün deyil, ümumən musiqi sənətimiz üçün yeni zirvə, yeni aşırım, yeni üfüqlərin açılması idi. Bəzən öz keçmiş yaradıcılığına qarşı həddən ziyadə sərt, barışmaz mövqedə də olurdu. İş o yerə çatırdı ki, köhnə əsərlərini dinləmək belə istəmirdi. Həqiqətən də Qarayev musiqisi dilinin get-gedə mürəkkəbləşməsi daha əvvəlki əsərlərinin sadəliyini “sadəlövhlük” kimi qəbul etməyə sanki əsas verirdi. “Üçüncü simfoniya” “Yeddi gözəl”in partiturasını (partitura - çoxsəsli musiqi əsərinin bütün əsas partiyalarının məcmusu - red.) həddən ziyadə “məlahətli”, “qulağa yatımlı” edir. Skripka konsertindən sonra “Üçüncü simfoniya”nın özü belə daha şəffaf, hardasa saya görünür. Ancaq Q.Qarayev dühasının bənzərsizliyi ondadır ki, daim dəyişərək hər zaman özü olaraq qalır.
Və başqa bir cəhət də var. Qarayev milli melosunun zahiri səslənmələrindən nə qədər uzaqlaşsa da, onu bu musiqi sərvətiylə, Azərbaycan xalq musiqisinin dərin kökləri ilə bağlayan tellər heç zaman qırılmır.
Sənətkar axtarışlarını müəyyənləşdirmək üçün bəzən çox bəsit bir sxemdən istifadə edirlər - milli melodik əsasla müasir bəstəkarlıq texnikasının vəhdəti. Böyük Şostakoviçdən parlaq peşəkarlıq dərsləri almış Qarayev üçün belə bir sxem dar və məhdud görünür. Bəlkə bu iki yönü uzaqlaşdırmaq cəhdləri üzvü, təbii vəhdətə deyil, daxili və üzücü ziddiyyətlərə gətirib çıxarır. Bəlkə doğma musiqi mühitinin səslərini, nəvalarını, sədalarını müasir bəstəkarlıq texnikasının şərtləriylə uyğunlaşdırmaq çətin yaradıcılıq axtarışlarının iztirablı yollarından keçirdi? Ancaq Qarayev son dərəcə mürəkkəb problemi də layiqli şəkildə həll edə, çözə bildi. Ona görə ki, bunu qarşısına məqsəd kimi qoymamışdı, ona görə ki, o öz fitri istedadının səsinə səs verərək yaradırdı. O, musiqini ilk dinləyişdən qulağa tanış gələn milli ünsürləriylə naxışlamaq istəmirdi. O, hər zaman bir Azərbaycan bəstəkarı, muğamların, dahi Üzeyir bəyin mənəvi varisi və davamçısı kimi qalırdı. Milli özünəməxsusluq Qarayevin bütün əsərləri, hətta coğrafi cəhətdən Azərbaycandan çox uzaq ölkələrə həsr olunmuş əsərləri üçün səciyyəvi cəhətdir. Bunu özü də dərk edirdi: “Milli ənənələr yaradıcılıqda bəzən təhtəlşüurla ortaya çıxır. Mən ispan, bolqar, Vyetnam mövzularında da əsərlər yazıram, mənə isə deyirlər ki, bu əsərlərdə də azərbaycanlı barmaqlarının izi var. Bu necə olur - izah edə bilmirəm: heç bu barədə düşünmürəm də”.
Qarayev musiqi təfəkkürünün bu üzvü və dəruni zəmini haqqında sözlərinin qəribə təsdiqi - “Üçüncü simfoniya”nın ikinci hissəsində - aşıq səslənmələrindədir. Önəmlisi odur ki, bəstəkarın öz etirafına görə, o, dodekafoniya sisteminə heç də aşıq ritmlərinin, saz ifaçılıq prinsiplərinin tətbiq edilməsini qarşısına məqsəd kimi qoymayıbmış. Bu, birdən-birə elə-belə alınıb. Elə-belə alınıb, çünki ayrı cür alına da bilməzdi. Hətta belə alınandan sonra da bəstəkar özü bunun fərqinə varmırmışdır. Yalnız başqaları onun diqqətini bu cəhətə çəkəndən sonra belə alındığını dərk edib. İnsan nəfəs alanda düşünmür ki, nəfəs alır. Müasir dünya bəstəkarlıq texnikasının ən yeni vasitələrini mənimsəmək Qarayevin qarşısına qoyduğu yaradıcılıq məqsədi idi.
Musiqiçinin milli ruhu isə - bu ruhu onun ən müasir üsullarla yazdığı əsərlərdə də var - Abşeron oğlunun nəfəs alması kimi təbii bir hal idi. Kəhrəba qumlu, çılpaq, sərt mənzərəli və Xəzərin saf rüzigarlarının məkanı olan Abşeron torpağının, doğma Azərbaycanın koloriti Qarayevin bütün əsərlərinə hakimdir, rayihəsi bütün yaradıcılığına çöküb.
Mən yeniyetməlik və gənclik illərimdən Qara Qarayev musiqisinin heyranıyam.  Xüsusilə də “Leyli və Məcnun” simfonik poemasının, “Yeddi gözəl” baletinin musiqisini dinləməkdən doymaz idim. “Yeddi gözəl”ə bizim teatrın quruluşunda 20 dəfədən çox baxmışam, musiqisini dinləmişəm. Mən demək olar ki, hər tamaşaya gedər, səhnədə göstərilənlərə biganə qalar, yalnız və yalnız ecazkar musiqini dinləyərdim. Birinci adajio - arfalar aramla, ahəstə-ahəstə onun ilk taktlarını çalır… Sonra simli alətlər fikirlərimizi, xəyallarımızı uzaqlara - çox-çox uzaqlara çəkib aparır, sonra bütün orkestr çılğın bir eşqdən danışaraq gur-gur gurlayır. Və qəfildən hər şey bitir, orkestr susur, alətlər bir-birilə pıçıldaşıb səslərini qısır, hər yan tam və qatı səssizliyə, dinməzliyə qərq olur. Adama elə gəlir ki, hər şey qurtardı, bitdi. Daha heç nə olmayacaq, heç bir ümid qalmayıb, heç yerdən iynə ucu boyda işıq gəlmir. Sükut və qaranlıq dünyası içindəsən. Və birdən - məhz bu ümidsizlik anlarında sükutun, qaranlığın ən dərin dibindən həmin o musiqi temasının ürkək və kövrək səsləri eşidilməyə başlayır. Skripkalar yenidən xəyallarımızı uzaq üfüqlərə aparır və bədbinliyin ən gizli guşəsindən ümid fidanı baş qaldırır. Qarayev musiqisinin sönməz işığı neçənci dəfədir ki, ümidsizliyə, bədbinliyə, inamsızlığa qalib gəlir. Q.Qarayevin ömrü boyu qarşısına çıxan dəhşətli yoxluq kabusuna zəfər çalır.
Uzaq yeniyetməlik illərimdə mən Q.Qarayevi bütün xalqların və bütün zamanların ən böyük bəstəkarı sayırdım.
Sonralar, əlbəttə, başa düşdüm ki, bu belə deyil. Amma bəlkə də heç bir başqa sənətçiyə Qarayevə borclu olduğum qədər borclu deyiləm. Yəqin ki, yeniyetməlik çağında, ruhun söz aldığı məqamlarda yaşanıla biləcək səadətə, sonralar heç zaman təkrar olunmayacaq mənəvi xoşbəxtliyə görə mən Qarayev musiqisinə borcluyam və minnətdaram. “Yeddi gözəl”dəki son adajionu qəlbimin kardioqramı kimi qavrayırdım, istək və xəyal qırıqlığı, ümid, zil qaranlıq və haradasa çox uzaqlarda işıldayan işıq zərrəcikləri Qarayev musiqisinin işığı ümid, inam, təsəlli işığı.
Son adajio əbədi itirilmişlər üçün qəribsəmədir, nostaljidir. Ancaq adajionun möcüzəsi də elə budur, bəli, heç nəyi qaytarmaq olmaz, amma hər halda dalğalar kimi yanıb-sönən səslərin son sahilindən nə isə qayıdır. Sənə elə gəlir ki, bu, axırdır, sondur, hər şey dağılıb, tar-mar olub gedib, amma birdən, qəfildən, yenidən məhkum olunmuş duyğunun yeni qığılcımı çırtlayır.
“Yeddi gözəl”dəki valsın xalça əlvanlığı, şərq miniatürləri kimi zərif, lətif rəqslər, qızların rəqsi, yürüşün müdhiş mexaniki həmləsi baletin musiqi dünyası onun bəsit librettosunun süjet sxemlərindən çox-çox zəngindir. Qarayevin musiqi dramaturgiyasını hər hansı süjet, proqram çərçivəsinə salmaq da zor işdir - ədəbi əsaslarını klassik əsərlər Nizaminin, Servantesin yaratdıqları təşkil etsə belə.
Etiraf edirəm ki, “Leyli və Məcnun”un, “Yeddi gözəl”in, “İldırımlı yollarla”nın, “Alban rapsodiyası”nın, “Don Kixot”un və R.Karmenin filmlərinə yazılmış musiqi parçalarının estetikasına aludə olduğum üçün “Skripka konserti”ni və hətta “Üçüncü simfoniya”nın dilini ilk dinləyişlərdən nə duya, nə sevə bilirdim. Bu əsərlərin bütün əzəməti mənə bircə gecə ərzində, nə yazıq ki, böyük ustadın ölümündən sonra açıldı. Azərbaycan Konservatoriyasında keçirilən bu gecə 1983-cü il fevralın 8-də idi.  Qarayevin 65 illiyinə həsr olunmuşdu. Bu gecə “Üçüncü simfoniya”, “Skripka konserti” və Fərəc Qarayevin atasının xatirəsinə həsr etdiyi təsirli rekviyem - “Vida simfoniyası” ifa ounurdu.
“Skripka konserti” Bakıda ilk dəfə, Moskvadakı ilk ifasından 15 il sonra çalınırdı. Mən bu əsəri dinləyir və düşünürdüm ki, Qarayev musiqisinin bir xüsusiyyəti də onun son dərəcə əyani, görümlü olması, canlı anımlar oyada bilməsidir. Əlbəttə, musiqini hərə öz duyduğu kimi, subyektiv qavrayır, mən də öz şəxsi, fərdi hisslərimdən bəhs edirəm. “Skripka konserti”nin mənim təsəvvürümdə oyatdığı səhnələrdən danışıram. Mənim üçün bu əsər böyük kosmik faciənin obrazıdır, həyat büsbütün dağılıb məhv olandan sonra insansız, canlısız qalmış yer üzündə tək bir son insanın tənhalığı, müsibətidir. Bu musiqidə dünyanın gələcəyi haqda təşvişə düşən sənətkarın ürək təlaşları, qəlb həyəcanları ifadə olunmuşdur. Burada da Qarayev çoxlarından daha öncə dəhşətli bir görüntünü vəhmlə öncədən duya və ifadə edə bilmişdi, sükutun musiqisini, ölü dünyanın musiqisini bəstələmişdi. Mümkün olan gələcəyin vahiməsinin, qorxusunun harayını çəkmişdir. Həm də bu haray boğuq bir fəryaddır, səsi qısılmış bir imdad, çağırışdır.
“Skripka konserti”ni dinləyərkən düşünürdüm ki, bəzən Qarayevin həqiqi varlığı necə də kasıblaşdırırdı, çoxları üçün rəsmi sənətkarlardan biri idi. Amma onun xüsusilə son dövr əsərləri, “Üçüncü simfoniya” da, “Skripka konserti” də yaralı bir qəlbin etirafıdır, bu qəlbdə ümumi bəşəri faciələrin həyəcanlı önduyumu var, həm də öz şəxsi, gecə vahimələrinin qorxunc kabusu. Yoxluğun, əbədi heçsizliyin qorxusu. “Skripka konserti” - qarabasmalarda olduğu kimi, insanın müc olub qalmasından, addım belə ata bilməməsindən, bir kəlmə söz deyə bilməməsindən, bu gücsüzlükdən, iqtidarsızlıqdan doğan ağrı, əzab var. Amma bütün bu dəhşətlərin içində yenə də yenilməz Qarayev işığının zərif pöhrələri, ümid işaqrtıları da görünməkdədir. Mistik, irreal, ibtidai qorxuya etiraz var.
“Skripka konserti” bu janrın xüsusiyyətləri baxımından da ənənəvilikdən uzaqdır. Skripka partiyası texniki cəhətdən kamil olsa da, zahirən effektli deyil, orkestrlə skripkanın ənənəvi dialoqu yox kimidir. Skripka - bu, simfonik freskanın yalnız bir ünsürü, bir səsidir.
Onu da gizlətmirəm ki, Moskva konsertində bu əsərin ilk dinləyişindən sonra mənə elə gəldi ki, Qarayev hardasa yaradıcılığının milli əsaslarından da bir qədər uzaqlaşmışdır, lirik mahiyyətindən də. Ancaq neçə illər sonra bu fevral axşamında, artıq böyük sənətkarın aramızdan getdiyi bir vaxtda, bəlkə də elə ona görə, Qarayev haqqında bir növ yekun düşüncələrinə dalarkən, tam qətiyyətlə anladım ki, o, heç nədən uzaqlaşmayıb - nə milli özəlliyindən, nə lirik varlığından. O, sonsuz, sərhədsiz daxili aləminin daha da dərin qatlarına enib.
Məqalələrində, müsahibələrində nikbinlik haqqında “rəsmi sözlər” söyləməsi o qədər önəmli deyil. Qarayev ondan istənilən və gözlənilən sözləri deyirdi, amma musiqisini yalnız özü istədiyi kimi yazırdı: ram olunmaz və satın alınmaz istedadının tələbiylə, bircə xaric xal vurmadan yaradırdı. Əslinə qalsa, “rəsmi sözlərində” də Qarayev saxtakarlıq etmirdi - o, hər bir böyük sənətkar kimi öz iztirablarından, tənhalığından, ümidsizliyindən və bədbinliyindən əbədi və cazibədar sənət örnəkləri yaradırdı, deməli, son nəticədə insanlara nikbinlik, yaşamaq həvəsi təlqin edən, insanı hər bəladan qalib çıxarmağa sövq edən əsərlər gətirirdi meydana. “Skripka konserti”ndə də Qarayevin bütün yaradıcılığını işıqlandıran bir ziya var - bu gah parlaq gün işığıdır, gah zülmət gecədə görünən uzaq, tənha bir çıraqdır, gah rüzigarlar önündə titrəyib əsən, amma keçməyən bir şam şöləsidir. Qarayevin qələbəsi də bundadır: rəsmi təqdir olunmuş, amma sonunadək dərk olunmamış, yüksək mükafatlarla mükafatlandırılmış, amma layiqincə dəyərləndirilməmiş, başı sığallanmış, amma başını heç vaxt əyməmiş Qara Qarayev şəxsiyyətinin təkrarsızlığı da, böyüklüyü də, faciəsi də bundadır.
Bir sıra səbəblərdən bir müddət Bakıdan uzaqlarda yaşamalı olan Qarayev vətəni üçün çox qəribsəyirdi. Ömrünün son illərində ağır xəstəykən, həkimlər deyəndə ki, bu yaxında Bakıya gedəcəksiniz, səhhəti xeyli yaxşılaşmışdı.
Amma Bakıya tabutda qayıtdı. Şöhrət tapdığı, uğurlar, hörmət qazandığı, amma həm də anlanılmamaq dərdinə, tənhalıq iztirablarına, etibarsızlıq acılarına məruz qaldığı torpağa qayıtdı. Və ana torpaq müvəqqəti gedib əbədi qayıtmış oğlunu ağuşuna aldı.
Tez-tez Fəxri Xiyabanda Q.Qarayevin özü və həyatı kimi sadə olan məzarı qarşısında dayanıram. Və bu anda qəlbimə işıq dolur.
Və mənə elə gəlir ki, “Leyli və Məcnun” simfonik poemasında simli alətlərin çatdığı tema səslənməyə başlayır - ölümsüz məhəbbət teması.
Biz müasirləri onun şəxsən özünü gördüyümüzlə, söhbətlərini dinlədiyimizlə, yeyin, bir az kəskin, bir az əsəbi danışıq manerasını, gülüşünü, eynək altından parıldayan iti baxışlarını xatırlamağımızla öyünəcəyik. O, müvəqqəti getmiş və həmişəlik qayıtmışdır. 

ANAR                       Xalq yazıçısı, AYB-nin sədri               EL dərgisi

Комментариев нет:

Отправить комментарий