Страницы

28.05.2012

BİRİNCİ HAL

 Əsəd Qaraqaplan

“Üçüncü hissə” hekayəsinin halı

Qapının zəngi çalınanda, Me, yeni hekayəsinin üçüncü hissəsini yazmağa hazırlaşırdı, gələn həmin qadınıydı,  buna əmindi.
Men son vaxtlar bütün dost-tanışlarından, yaxınlarından uzaqlaşıb, tək, çoxlarına yeknəsək görünəcək həyat yaşayır, öz düşüncələrinin, xəyallarının arxasıyca getməyə çalışırdı...
bəzən hər kəsdən uzaqlaşmasının səbəbini özünə bir türlü başa sala bilmirdi, sadəcə onu duyurdu ki, hər kəsdən qaçmaq, uzaqlaşmaq istəyir, bəzən də düşünəndə ağlına belə bir fikir gəlirdi ki, ətrafındakılar onu sevmir, sadəcə ona qarşı mərhəmət hissi duyurlar, Men də bunu görəndə özünü zəif, zavallı, yazıq birisi kimi hiss edir və içdən sarsılırdı, odu ki, son zamanlar həyatda mərhəmətli olmaqdan daha çox, ədalətli olmağa çalışır, ətrafındakılardan da yalnız bunu gözləyirdi…
Bu haqda düşünəndə bəzən ağlına oxuduğu romandan bir fikir gəlirdi: «əsl güclü adam mərhəmət və şəfqətdən yüksəkdə durmalıdı, bu hisslər kölələrin yaratdığı yeraltı mağaralarda doğmuş, yalnız zəif və bədbəxt insanların nəsibi olmuşdu» …ama son vaxtlar başa düşməyə  başlamışdı ki, heç kəs onun istədiyi kimi ola bilməz… Men bununla öz bədbəxtliyini duyur, qəribə olsa da, bundan zövq alır, özünü bu cür daha xoşbəxt və özgür hiss edirdi.
Belə anlarda, indiki halıyla üst-üstə düşən bir fikri də xatırlayardı; «…bu dəqiqə möhkəm bir qənaətə gəlmişdi ki, öz mühitindən aralanmasaydı, kitab bilikləri və özlərini ondan yüksək bilən adamların dalınca düşməsəydi, daha da bəxtiyar olardı»… ama indi bu fikirlərin elə də önəmi yox idi, bütün bunlar olub keçmiş, geriyə yol qalmamışdı…
Son vaxtlar bu qadından başqa heç bir tanışı və yaxını Menin qapısını açmırdı, odu ki, qapını açmağa tələsmirdi.
Əvvəlcə yarımçıq əlyazmasını qatlayıb köhnə kitabların arasına qoydu, sonra stolun üstündə axşamdan qalma çirkli qabları, içki şüşələrini, siqaret kötükləri ilə dolu külqabını mətbəxə apardı, bu mənzərəni görən adam, həməncə axşam burda qonaqlıq olduğunu anlayardı, ağ siqaret kötüklərinin bəzilərində qırmızı dodaq boyası izlərini görən burada bir qadının olduğunu da təsdiqlərdi…
Men bütün bunları ona görə yığışdırmırdı ki, gələn qadın bundan şübhələnə bilər, yox, ona görə yığışdırırdı ki, qapını açmağa tələsməsin, bəlkə qadın evdə adam olmadığını zənn edib, çıxıb gedər deyə.
Ama heç də Onun düşündüyü kimi olmadı, qadın inadla qapının zəngini basır, elə bil onu təqib edən kimlərdənsə yaxa qurtarmağa çalışırdı…
O, qapını açanda qarşısında dayananın əvvəlki qadın olduğuna inanmadı, indi onun gözləri sevincdən par-par yanırdı... əvvəllər həmişə bu evə gələndə üzündə bir qorxu, təlaş, dərin rahatsızlıq ifadəsi olardı, indisə universiteti bitirib diplomunu alan tələbə kimi sevinir və özünü çox sərbəst, rahat hiss edirdi, əlində tutduğu kağızları da diploma bənzətmək olardı, ancaq O, qadının əlindəki kağızların nədən ibarət olduğunu da anladı; boşanma ərizəsi və onun təsdiqini sübut edən sənədlər toplusuydu.
Qadın özünü çox sərbət aparırdı, hətta dəvət gözləmədən içəri girmək istəyirdi, ama əvvəllər gələndə qapıda durar, içəri dəvət olunanda da bir müddət tərəddüd edərdi, otağa girdiyində də özünü sərbəst apara bilməzdi, yalnız yataqda, Menin əli bədənində gəzişəndə özünü sərbəst aparar, qorxusu, təlaşı yox olardı, yataqdan qalxarkən getməyə tələsər, eyni qorxu-təlaşla evdən çıxardı.
İndi həmin qadından əsər-əlamət qalmamışdı, üzünün ifadəsindən, elə bil Menə demək istəyirdi ki, “bax, sonunda mən yenidən sənə qayıtdım, özü də bu dəfə qəti və ömürlük, al məni, öz qadının elə, səndən başqa heç bir kişiyə könül verə bilməyəcəyimi sonunda anladım... düzdü, bu, mənə asan başa gəlmədi, mən bununçün səni atıb getməli, sözün əsl mənasında, bir həyat məktəbi keçməli oldum, ama yenə səni unutmadım, ərdə olduğum zamanlar səninlə yaşadığım anları da ərimə xəyanət hesab etmədim, çünki mənimçün əsl xəyanət ərinə deyil, sevdiyinə xəyanətdi, mən də bundan zərrə qədər vicdan əzabı çəkmirdim, necə ki, indi də çəkmirəm, ancaq yox, indi sənə etdiyim xəyanətə görə vicdan əzabı çəkirəm, artıq buna da son vermək üzrəyəm, mən sənə qovuşmağa, xoşbəxt olmağa gəlmişəm… bax, mən sənə bir vaxtlar deyirdim ki, bəzən belə şeylərdə adam heç düşünmək də istəmir, elə mən də düşünmədən sənə gəldim, burda düşünməyə də ehtiyac yox idi, biz bir-birimizi sevirik, bu, mənə bəsdi…”
Qadının sevincdən parlayan gözlərindən bu fikirlər oxunduğu zaman, Menin ağlı yeni hekayəsinin üçüncü hissəsinin yanında idi, hekayənin sonluğunu fikirləşir, işlədəcəyi ifadələri, yazacağı sözləri çək-çevirə salır və epizodların nə dərəcədə tutarlı olacağını düşünürdü.
Bəlkə bu hekayəyə görə çoxu Meni qınayacaq, əxlaqsız, vicdansız adlandırıb lənətləyəcəkdi, ama bu, vecinə deyildi, çünki Men kim olduğunu bilir, heç vaxt özgələrin mənasız fikriylə razılaşmır, ətrafına görə yaşamaqdan daha çox, başqalarının “əxlaqsızlıq” adlandırdığı kimi yaşamağı üstün tuturdu, belə anlarda Men yaxşı başa düşürdu: “özgəsinin ağlıyla həqiqəti danışmaqdansa, öz ağlınla yalan danışmaq daha yaxşıdı”…  lakin bütün bunlara hələ ki, əsas yox idi, hələ hekayə bitməmişdi, nə vaxt çap olunacağı da məlum deyildi…
Bu qadının qəfildən gəlib çıxması hadisələri özündən asılı olmayaraq canlandırır, düşüncələrinə yeni rəng qatırdı, bunları düşündükcə sevinci artır, həyata bir yazar olaraq daha çox yırtıcı baxışlarla baxdığından üzündə təbəssüm oyanırdı, qadına isə elə gəlirdi ki, Men onun gəlməsinə sevinir və nəhayət, öz xoşbəxtliyinə nail olub.
Bu qarşılaşma qatillə qətlə yetirilənin, yəni caniylə qurbanın hadisədən qabaq qarşılaşmasına bənzəyirdi, qurban caninin qapısına öz ayağıyla gəlməklə caninin onu öldürməyəcəyinə, bağışlayacağına inanır, onun üzündə təbəssüm görüb, onların barışığına və hətta dostluğuna da ümid edirdi, yəni ölənlə öldürənin dostluğu… qatilin də üzündə ona görə təbəssüm oyanır ki, “ovunun” özü öz ayağıyla gəlməsinə sevinir, işini asanlaşdırdığına görə ürəyində qurbanına minnətdarlıq duyurdu, bu da qurbana elə görünürdü ki, hər şey düşündüyü kimi gözəl olacaq…
Ama burda ciddi fərqlər də vardı, məsələn, Menin qatilə oxşarlığı həyata yazar olaraq yırtıcı baxışlarla baxmağındaydısa, fərqi heç vaxt qatil olmaq istəmədiyində, öldürməyi zəiflik saymağında, qadına qarşı çalışdıqca ədalətli davranmaq, ona laiq olduğu qiyməti verməyə çalışmağında idi... qadının da “ova” oxşarlığı bütün həyatını, xoşbəxtliyini Menin yanında görməyində idisə, fərqi də heç vaxt “ov” olmayacaq bir yaşantıya, düşüncəyə sahib olmasında, Menə məlum olmayan daha başqa qaranlıq tərəflərindəydi…
Menin fikri hələ də yarımçıq qalmış hekayəsinin üçüncü hissəsinin yanında idi, birdən ağlına maraqlı bir fikir gəldi; mərhumun qatilin qapısına öz ayağılayla gəldiyi kimi, mövzu da özü öz ayağıyla onun qapısına gəlmişdi, deməli, Men yarımçıq qalmış hekayəsinin üçüncü hissəsini yazmaq üçün əsl olayla qarşılaşmışdı... ama burda bir məsələ də var idi; indi Men düşünürdü ki, necə hərəkət etsin, bu həm yazıda, həm də həyatda inandırıcı olsun, odu ki, qadın bu xoş şeylər haqqında düşünəndə, Men da bu barədə düşünür və qərar qəbul etməyə çalışırdı.
Ama bir hal da var idi ki, Men son vaxtlar əsl sərgərdan həyat sürür, içir, çəkir, fahişələrlə gəzir, bir sözlə, heç vaxt sınaqdan keçirtmədiyi bu yaşamın da “dadına” baxmağa çalışırdı... onun artıq sevgi haqda təsəvvürü də dəyişmiş, ağlı hisslərini üstələmişdi, – bəlkə də yaşadıqlarından soyuqqanlı olmuşdu, – Men daha qadınlara pərəstiş etmirdi, tez-tez evinə gətirdiyi qadınlar onun gözündə qadınları adiləşdirirdi.
Bir də bu cür yaşamağa istəyərək başlamamışdı, Menin bu duruma düşməsinin səbəbkarı da qadınlar idi, onları evinə gətirib başına min cür oyun açmaqla, gözündə adiləşdirməklə sanki onlardan qisas almaq istəyirdi, çəkdiklərinin müqabilibdə, Men də qadınlara çəkdirmək istəyirdi.
Ama indi qarşısında duran qadın təsadüfi qadınlardan deyil, tələbəlik illərindən bütün varlığıyla sevdiyiydi... bu da var idi ki, Menin xəstəhal yaşamına səbəbkar olan qadınlardan  biri, bəlkə də birincisi bu qadın idi, onların son vaxtlar tez-tez görüşmələri də ruhi ehtiyacdan daha çox, bəlkə  fiziki ehtiyacdan doğurdu... belə halda tez-tez düşünürdü ki, bu qadın onu atıb getməsəydi, Men də bu cür həyat keçirməyəcəkdi yəqin...
Birdən Menin beynində yeni bir fikir doğdu, fikirləşdi ki, axı deyirlər, sevgi axırda qalib gəlir, görəsən, bu, doğrudanmı belədi... yoxsa indi qarşısında dayanan qadın bunun əyani sübut deyilmi... “yox, əgər, doğrudan da, sevgi axırda qalib gələcəkdisə, niyə bu qadın məni atıb getdi, mənim bu cür miskin həyat seçməyimin  səbəbkarı həm də o, deyilmi... yox, yox, sevgi başlanğıcda qalib gəlməlidi... ama bir məsələ var ki, bu qadın məni həqiqətən sevir, əgər belə olmasaydı evliykən nə mənimlə görüşər, nə də həyati risk eləyib ərindən boşanıb yenidən mənə dönərdi... ancaq onun mənimlə görüşməsi, ərindən ayrılıb yenidən mənə dönməsi məni həqiqətən sevməsi anlamına gəlirmi... bəlkə o, məni sevdiyi üçün deyil, ərini sevmədiyindən, ondan uzaqlaşmaq istədiyindən yenidən geri döndü... bəlkə də...”
Men beynini qarışdıran bu ziddiyyətli fikirlər arasında qəti bir qərara gələ bilmirdi, ama necə olsa da, bir qərara gəlməliydi, artıq vaxt keçir, qadın da qapının astanasında onun dəvətini gözləyirdi, öz xoşbəxtliyinə nail olduğuna şübhə belə etməyən qadın, sanki bu halıyla, bu duruşuyla illərlə durub Meni gözləyə bilərdi, vaxtın uzanmasından, dəvətin gecikməsindən qəti rahatsız olmadan yalnız qəbul olunmağı gözləyir, Men də bunu yaxşı duyurdu, lakin daxilindəki ikili fikirlər Meni qadının arzusunu həyata keçirtməyə tələsdirmirdi.
İndi özü də çaş-baş qalmışdı, bu halı Menə ilk dəfə bu qadına, hələ bu qadın qızkən, aşiq olduğu vaxtları xatırladırdı, onda da bu hisslərin nə olduğunu anlamır, çaş-baş qalırdı... ama o zaman Meni çaşdıran saf-təmiz sevgi hissləri idisə, indi bu dolaşıq vəziyyətə salan saf-təmiz hisslərdən əsər-əlamət belə olmayan qarışıq fikirlər idi... Men indi, sözün əsl mənasında, hisslə ağıl arasında çırpınır, hansının daha önəmli olduğunu ayırd etməkdə çətinlik çəkirdi, axşamkı içkinin təsiri hələ getməsə də, bu dolaşıq fikirləri aydınlaşdırmaqda Menə mane olan bu deyildi, bəs nəydi... hələ də çıxılmaz haldaydı...
Birdən Men qəti qərar çıxaran hakim kimi, hərəkət etməyə tələsdi, tərəddüdsüz-filansız, vicdan əzabı çəkmədən qapını açdığı kimi də qadının üzünə bağladı, bu vaxt dərindən bir ah çəkib rahatladı, üzündəki təbəssüm də əsl sevincə  çevrildi, elə bir sevincə ki, hətta bu dəqiqə otaqda oynaq bir musiqi səslənsəydi əl-qol açıb oynaya da bilərdi...
Qapının arxasını bərkirdikdən sonra bayırdan gələn qadın fəryadına fikir vermədən, sevinə-sevinə yazı masasının yanına qaçdı, oturub yarımçıq qalmış hekayəsinin üçüncü hissəsini yazmağa başladı...

Комментариев нет:

Отправить комментарий